Modern.az

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun iclasına dəvət edildi

 Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun iclasına dəvət edildi

Aktual

30 Avqust 2016, 18:11

 

Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Azərbaycanın Energetika Nazirliyində olub.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumu ilə əməkdaşlığı təqdir edilib. Ölkəmizin bu qurumda müşahidəçi kimi iştirakı və əlaqələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

S.M.H.Adeli bu ilin noyabrında Qətərin paytaxtı Dohada Qaz İxrac edən Ölkələr Forumuna üzv olan dövlətlərin energetika nazirlərinin növbəti görüşünün keçiriləcəyi barədə məlumat verib.

Bildirilib ki, nazirlərin görüşündə qaz ixrac edən ölkələrin yeni inkişaf modelinin müəyyən edilməsi, 2040-cı ilə kimi bu dövlətlərin imkanlarına baxış və yaxın gələcəkdə qaz bazarına yeni oyunçuların qatılması perspektivləri kimi əsas üç məsələ nəzərdən keçiriləcək.

 

Qaz bazarının inkişaf tendensiyaları və yeni təkliflər müzakirə olunacaq. Azərbaycanın da bu tədbirdə təmsil olunması vacib sayılaraq, ölkəmiz Qaz İxrac edən Ölkələr Forumuna üzv dövlətlərin energetika nazirlərinin görüşünə dəvət edilib.

 

Qeyd edək ki, Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda (GECF) müşahidəçi statusunu 21 noyabr 2015-ci il tarixində GECF-in energetika nazirlərinin 17-ci görüşündə alıb. Qaz İxrac edən Ölkələr Forumunun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir.

 

Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərun təhlili Forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

 

Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı