Modern.az

Bakıda tikilən binaların sayı 476-dan 456-a enib

Bakıda tikilən binaların sayı 476-dan 456-a enib

29 Oktyabr 2009, 22:17

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, 2009-cu ilin sentyabr ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikilililərin sayı 456-dır. Bu, əvvəlki aydakından 20 ədəd azdır. Ay ərzində 22 binada satış tamamlandığına görə siyahıdan çıxarılıb, 2 yeni bina isə monitorinq siyahısına əlavə olunub.

Qeyd edilən 456 binanın inşası 154 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, əvvəlki ay 476 binanın tikintisi 177 inşaat şirkəti tərəfindən həyata keçirilirdi.

Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdədir. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,4% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti avqust ayı ilə müqayisədə sentyabr ayı ərzində daha 0,8% artaraq 1 kv metr üçün 948 dollardan 956 dollara qalxıb. Qiymət artımı qiyməti nisbətən ucuz olan binalarda qeydə alınıb. Qiymət artımının əsas səbəbi kimi isə monitorinq qrupunun siyahısına daxil olan binaların əksəriyyətində tikinti işlərinin başa çatması göstərilir. Bundan başqa nisbi artıma mövsümi amillərin də müəyyən təsirləri var. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı kimi 121,8 kv.m qalıb. Orta blok göstəricisi ötən ayla müqayisədə artaraq 2,4 blok, orta mərtəbə göstəricisi isə ötən aydakı kimi 14,9 mərtəbə təşkil edib.

Ay ərzində qiymət artımı Yasamal rayonu üzrə 2,6%, Nərimanov rayonu üzrə 2%, Nizami rayonu üzrə isə 1,1%, Nəsimi rayonu üzrə 2,8% olub.

Qiymət azalması isə Səbail rayonunda 2,9%, Suraxanı rayonu üzrə 10,6%, Binəqədi rayonu üzrə 2,8%, Sabunçu rayonu üzrə 11,1%  olub. Qalan rayonlarda isə qiymətlər stabil qalıb.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər