Modern.az

Azərbaycanda demoqrafik PROBLEM: hər 100 doğulan qıza 114 oğlan düşür

Azərbaycanda demoqrafik PROBLEM: hər 100 doğulan qıza 114 oğlan düşür

31 Avqust 2016, 12:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələləri müzakirə olunub. İclasda aidiyyəti dövlət qurumlarının, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Ombudsman Aparatının,  BMT-nin Əhali Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.   


Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurlarından biri də ölkəmizdə  müsbət demoqrafik vəziyyətin mövcudluğu, əhalinin sabit artım tempinin müşahidə edilməsidir: “2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faiz artaraq 2016-cı il 1 iyul tarixinə 9755,5 min nəfərə çatıb.  2015-ci ildə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 17,4 nəfərə qədər artıb. Proqnoz hesablamalara əsasən ölkəmizdə əhalinin sayı 2050-ci ildə 12 mln. nəfər təşkil edəcək”.


Müsbət demoqrafik faktorlardan biri də ötən il  əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 2003-cü ildəki 6-dan 2015-ci ildə 5,7%-ə enməsidir: “Eyni zamanda 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Ötən ilin yekunlarına görə isə körpə ölümü göstəricisi hər 1000 diri doğulana 11 təşkil edib”.  


Bu müsbət tendensiyaların eyni zamanda doğulanda gözlənilən ömür uzunluğunun artması ilə də müşahidə edilir: “Belə ki, 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş, o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında  75,1 yaş idisə, 2015-ci ilin nəticələrinə görə bu göstərici 75,2 yaş, o cümlədən kişilər üçün 72,7 yaş, qadınlar üçün isə 77,6 yaş səviyyəsində olub”.


Nazir diqqətə çatdırıb ki, qeyd edilən dövrdə  əmək ehtiyatlarının sayı 29 faiz artaraq 4923 min nəfərdən 6335,9 min nəfərə çatıb: “Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalinin sayı 30 faiz, iqtisadi fəal əhalinin sayı isə 12 faiz artıb. Əhalinin sayında əmək ehtiyatlarının xüsusi çəkisi 2003-cü ildəki 59 faizdən 2015-ci ildə 65,3 faizə çatıb”.


Keçən 25 ildə əhalinin yaşlaşma meyli də müşahidə olunub. 2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan əhalinin sayı 20 faiz artıb: “Bu təbəqənin xüsusi çəkisi 6 faizdən 6,2 faizə qalxıb. Eyni zamanda, 1990-cı illə müqayisədə bu yaşda olan əhalinin say artımı 67 faiz təşkil edib, xüsusi çəkisi isə 4,8 faizdən 6,2 faizə qədər yüksəlib”.

1990-cı illərin əvvəllərində ölkədən miqrasiya axını öz intensivliyi ilə fərqlənirdi: “Sonrakı illərdə respublikada aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişib və 2015-ci ildə +1,1 min nəfər təşkil edib”.  

Bununla belə, ölkədə doğulanlar arasında cins nisbətinin pozulması narahatedici məqamlardan birinə çevrilib:

“Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür. Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər”.

Bu meylin davam etməsi gələcəkdə  demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər:

 “Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və s. tədbirlərin davam etdirilməsinə ehtiyac var. Bununla bağlı olaraq, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Fəaliyyət Planının hazırlanması, ictimai maarifləndirmənin aparılması diqqətdə saxlanılır”.

Çexiyanın Karlov Universitetinin professoru, beynəlxalq ekspert Tomaş Kuçera ölkəmizdə demoqrafik proseslərin inkişafı üçün aparılan məqsədyönlü siyasətin təqdirəlayiq olduğunu bildirib. Daha sonra o, demoqrafik proqnozlaşdırmanın xüsusiyyətləri, bu sahədə dünya təcrübəsi, əhali proqnozlarının hazırlanmasında yanaşmalar, ölkəmizdə əhali üzrə proqnozlar sisteminin yaradılması və s. ilə bağlı təqdimatla çıxış edib.

İclas respublikanın və iqtisadi rayonların əhali proqnozlarının hazırlanması məsələlərinə dair çıxış və müzakirələrlə davam edib, proqnozların hazırlanmasına dair iştirakçılar tərəfindən rəy və təkliflər ifadə olunub.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır