Modern.az

Ermənistan müharibə istəyir, amma...

Ermənistan müharibə istəyir, amma...

Qarabağ

31 Avqust 2016, 12:35

Apreldə cəbhədəki dördgünlük müharibədən sonra düşmən tərəfi fərqli imic formalaşdırmağa çalışır. Sanki iqtisadi məngənədə boğulan Ermənistan silaha sarılıb döyüşmək sevdasındadır.

 

Belə görünür ki, işğalçı Ermənistan danışıqlar masasında qeyri-konstruktiv mövqe sərgilməyə davam edəcək.

 

Bir növ Ermənistan bununla da müharibə istədiyinə işarə edir.

 

Bəs, işğalçı dövlətin reallıqda vəziyyəti necədir?

 

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, aprel döyüşlərindən sonra danışıqların atmosferi dəyişib.

 

“Çünki 20 illik atəşkəsdən sonra Azərbaycan ordusu gücünü göstərdi və bir sıra mövqelərimiz geri qaytarıldı. Həm Ermənistan, həm də dünya ictimaiyyətinə aydın oldu ki,  əgər danışıqlar masasında Ermənistan Qarabağ ətrafındakı torpaqları qaytarmasa, Azərbaycan ordusu yenə də hərəkətə keçəcək. Ermənistanın özündə də Qarabağla bağlı müzakirələr gedir. Sadəcə, sayla bağlı müxtəlif fikirlər səslənir. 2, 3, 5, hətta 7  rayonun geri qaytarılması barədə fikirlər səsləndirənlər var. Özləri də o müzakirəni aparmaqla anlayırlar ki, Qarabağ ətrafındakı torpaqlar boşaldılmadan münaqişənin həllində irəliləyiş olmayacaq. Azərbaycan status məsələsini sonraya saxlayıb. Düşünürəm ki, Ermənistanda böyük ixtilafın yaranması bununla bağlıdır ki, nə qədər rayon qaytarılacaq və qaytarıldığı təqdirdə nə baş verəcək?!”.

 

Ekspertin sözlərinə görə, Ermənistanın Qarabağ məsələsində güzəştə getmək istəməməsi ölkə daxilində mövcud olan münaqişlərlə də bağlıdır.

 

“Burda bir məqama diqqət çəkmək lazımdır. Bu gün Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Konstitusiya dəyişir və əsas səlahiyyət sahibi parlament, parlamentin seçəcəyi baş nazir olacaq. Prezidentin səlahiyyətləri azalacaq. Sarkisyan da öz partiyası ilə parlament seçkilərində daha çox yer almağa çalışmaq istəyəcək ki, baş nazir səlahiyyətlərini ələ keçirsin. Ona görə də müxalifət Qarabağ kartından Sarkisyana qarşı istifadə edir. Hər yerdə belə informasiyalar yayırlar ki, guya Sarkisyan Qarabağı satıb və  Qarabağ ətrafındakı rayonları boşaldacaq. Halbuki, hazırda Sarkisyanın belə bir addım atmaq fikri yoxdur. Qarabağ mövzusu Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə predmetinə çevrilib. Amma hər iki tərəf, həm Ermənistan hakimiyyəti, həm də müxalifəti  başa düşür ki, əgər ilin sonuna qədər Ermənistan hər hansı addım atmazsa və aprel döyüşlərindən nəticə çıxarmayıbsa, müharibənin başlanması ehtimalı yenə də artacaq. Ermənistan cəmiyyəti onu da yaxşı anlayır ki, müharibənin nəticələri onlar üçün xeyirli olmayacaq.

 

Digər tərəfdən aprel döyüşlərində Azərbaycan şəhid övladlarını qürurla dəfn edirdi. Ermənistanda isə bu, gizli şəkildə həyata keçirildi. Çünki onlar başqa bir dövlətin ərazisində ölüblər. Bunun özü də Azərbaycanın psixoloji üstünlüyüdür. Həmçinin, Qarabağda doğulanlarla Ermənistanda doğlulanlar arasında da nifaq var. Bu nifaq get-gedə dərinləşir”.

 

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir