Modern.az

ABŞ-ın Bakıdakı səfiri azərbaycanlı şahmatçılarla görüşdü

ABŞ-ın Bakıdakı səfiri azərbaycanlı şahmatçılarla görüşdü

Aktual

31 Avqust 2016, 16:13

42-ci Şahmat Olimpiadasının başlanması münasibətilə 31 avqust tarixdə Respublika Şahmat Mərkəzində təşkil olunmuş tədbirdə Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycana səfər edən ABŞ milli şahmat komandasının üzvləri və yerli şahmatçılarla görüşüb.

Bu barədə Modern.az ABŞ səfirliyindən məlumat verilib. Bildirilib ki, səfir Olimpiadanın keçirilməsi üçün Bakı şəhərinin seçilməsi münasibətilə öz təbriklərini çatdırıb və Bakıda səfərdə olan ABŞ komandasının üzvlərini salamlayıb.

Bir qrup şahmatçı tələbə qarşısında çıxış edən Sekuta bildirib  ki, şahmat məntiqi təfəkkür üçün lazım olan önəmli bacarıqların formalaşmasına kömək edir.

“Şahmat qərarlar qəbul etməyi öyrədir, yaddaşı inkişaf etdirir, iradə qüvvəsini möhkəmləndirir, uşaqları qələbəyə həvəsləndirir və onlara məğlubiyyətin öhdəsindən gəlməyi öyrədir. Bu cür bacarıqlar sərhədləri aşır və bu kimi yarışlar dünyanın müxtəlif yerlərindən olan oyunçuların bir araya gəlməsinə kömək edir”.

 Birləşmiş Ştatlarda şahmatın inkişafına Bencamin Franklindən başlayaraq ABŞ-ın keçmiş təhsil naziri Terrel Bellə qədər bir sıra müəllimlər tərəfindən dəstək verilib. Səfir Sekuta Azərbaycanda şahmatın inkişafı istiqamətində Azərbaycan hökuməti və Azərbaycan Şahmat Federasiyası tərəfindən həyata keçirilmiş fəaliyyəti qeyd edib və ölkələrimiz arasındakı əlaqələrin qurulması baxımından bu cür tədbirlərin və təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, tədbirə dəvət olunduğuna görə Respublika Şahmat Mərkəzinə təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb.    

“ABŞ Səfirliyi dünyanın müxtəlif ölkələrindən olan 1,600-dən çox oyunçunun iştirak etdiyi bu Olimpiadada Amerikanın kişilər və qadınlardan ibarət olan komandalarını dəstəkləməkdən qürur duyur. Fabiano Karuana, Hikaru Nakamura və Uesli So (hazırda dünyada müvafiq olaraq 3, 6 və 7-ci reytinq göstəricilərinə malikdirlər) kimi oyunçuların başçılıq etdiyi ABŞ-ın kişilərdən ibarət komandası açıq rəqabətdə bu günə qədər ən yüksək reytinqə malik olan komandadır və onlara böyük ustalıqla Sem Şankland və Rey Robson dəstək verir. Bakıda səfərdə olan Amerika komandası Birləşmiş Ştatlarda bu günə qədər olan ən gənc komandadır, belə ki, bütün oyunçuların yaşı 30-dan azdır və orta yaş həddi 24-dür. Hər ikisi dünyanın 40 aparıcı qadın şahmatçısı arasında yer alan İrina Kruş və Anna Zatonskihin başçılıq etdiyi ABŞ-ın qadınlardan ibarət komandası altıncı yerdə qərarlaşıb və 2008-ci ildə evə bürünc medal ilə qayıtdıqları möhtəşəm oyunu yenidən təkrarlamağı hədəfə alıblar”,-deyə səfirliyin açıqlamasında qeyd edilib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır