Modern.az

“9 ayda avtomobilimi saxlamadılar” – ABŞ-la Azərbaycanın MÜQAYİSƏSİ

“9 ayda avtomobilimi saxlamadılar” – ABŞ-la Azərbaycanın MÜQAYİSƏSİ

Aktual

31 Avqust 2016, 16:20

 

Qayda pozuntularının hər gün artması cərimələmə mexanizminin səmərə verməməsinin göstəricidir. Modern.az xəbər verir ki, bu haqda fikir bildirən iqtisadçı Qubad İbadoğlu ölkəmizdə tətbiq edilən cərimə sistemini ABŞ-la müqayisə edib. Buna səbəb onun 1 il ərzində həmin ölkədə yaşamasıdır:

 

Mövcud dəyişikliklər yol polisini tozlu yollardan sərin kabinetə daşımalı idi...

 

“İl ərzində təxminən 9 ay avtomobil idarə etdim. Malik olduğum avtomobillə bu dövr ərzində 30 min mildən (48 min kilometrdən) çox məsafə qət etsəm də, yol polisi bir dəfə də olsa avtomobilimi saxlamadı.

 

Bir neçə ay avtomobil idarə edəndən sonra özüm də maraqla gözləyirdim ki, nə vaxtsa polis saxlayıb, sənədlərimi yoxlayacaq. Nəticədə cəmisi 10 dollar rüsum ödəməklə  1 saat 20 dəqiqə vaxt sərf etdiyim imtahan vasitəsilə qazandığım ABŞ sürücülük vəsiqəsini təqdim edib, sürücülük hüququmu təsbit edəcəyəm.

 

Amma, bu günün həsrəti ilə 9 ayda 1 dəfə də olsun avtomobilim saxlanılmadı. ABŞ-da yol polisi ilə daha çox avtomobillərin hərəkətinin sıx olduğu, eləcə də şagirdlərin məktəbə giriş-çıxış saatlarında yolların kəsişməsində rastlaşırdım.

Onların xidməti vəzifələrini əsasən belə icra etdiyinin şahidi oldum.

Digər tərəfdən, ABŞ-da yollar və yol hərəkətin nişanları elə qurulub ki, qaydaları pozmağa ehtiyac qalmır. Avtomobillərə U dönüşü, sağa, sola burulmaq üçün imkanlar yaradılır, sürət həddi yollara adekvat olaraq tənzimlənir və magistral yollarda hərəkət kosmosdan peyk vasitəsilə müşahidə olunur. Bu ölkədə sürücülər də öz növbəsində qaydaları təqib etməklə həm rahat, həm də təhlükəsiz şəraitdə avtomobillərini idarə edə bilirlər. Belə olan halda yollarda da çox nadir hallarda qəzalarla rastlaşmaq olur.


Bakıya gəldiyim son 4 ayda özüm avtomobil idarə etməsəm də başqalarının avtomobillərinin dəfələrlə saxlanmasının, cərimə meydançalarına daşınmasının, reydlərin artdığının şahidi oldum. Baxmayaraq ki, bununla yanaşı son illər yollarda müşahidə, nəzarətedici və hərəkət sürətini ölçərək qeydə alan çoxlu sayda kameralar quraşdırılıb. Əslində bu infrastrukturun inkişafı yol polislərinin işini asanlaşdırmaqla onları bu isti havada tozlu yollardan sərin kabinetlərə daşımalı idi”.

 

“Çıxış yolu cəza deyil, islahatlar olmalıdır”


Q.İbadoğlu son günlər geniş müzakirə mövzusu olan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) cərimə yığımının artmasına münasibət də bildirib:

 

“Yol polisinin əsas vəzifəsi büdcəyə pul toplamaq deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilidir. Amma, BDYPİ-nin açıqladığı rəqəmlərə görə, bu ilin 8 ay ərzində qeydə alınmış 2,1 milyon qayda pozuntusu nəticəsində 8,5 milyon manat cərimə toplanıb.

 

Müqayisə üçün deyim ki, 6 ayın yekunlarına görə, 1,38 milyon qayda pozuntusuna görə 40,2 milyon manat cərimə hesablanmışdı. Beləliklə də orta hesabla bu ilin ilk 6 ayında hər gün 7625, bu ilin ilk 8 ayında hər gün 8678 qayda pozuntusu qeydə alınıb. 1 qayda pozuntusuna görə hesablanan cərimə ilk 6 ayda 28 manat 96 qəpik, 8 ayda 27 manat 85 qəpik təşkil edib. Əslində qayda pozuntularının hər gün artması BDYPİ-nin işinin düzgün qurulmamasının, cərimələmə mexanizminin səmərə verməməsinin və yeganə vasitə kimi özünü doğrultmamasının göstəricidir.

 

Fikrimcə, BDYPİ yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların təkmilləşdirilməsi sahəsində işini müasir tələblərə uyğun qurmalı, sürücülərin diqqətini cəlb edən sosial reklamlar yayımlamalı, piyadaların maarifləndrilməsi üçün məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə şagirdlər, universitetlərdə tələbələr arasında zəruri izahat işlərini gücləndirməlidir. Çıxış yolu cəza deyil, islahatlar olmalıdır”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır