Modern.az

Coğrafiya DƏRSİ

Coğrafiya DƏRSİ

Aktual

31 Avqust 2016, 21:57

Salam, Alik! Necəsən, qurban olum? Papa necədir? Yenə böyütdülər? Allaha şükür! Mamaya mənim adımdan göz aydınlığı ver. De ki, müəlliməm səni bərk-bərk qucaqlayıb, maç eləyir. Uşaqlar, oturun. Alik, əyləş, qurban olum. Ehtiyatlı ol. Oç elə, ayy sağ ol. Malades! Dərsimizə başlayaq, əziz balam? Hə, uşaqlar, Alik deyir başlayaq.

Kim danışmaq istəyir? Sən, Alik? Əziyyət çəkmə quzum, boğazın ağrıyıb eləyər. Onsuz da beş yazacam. Danışmaq istəyirsən? Allah, bunun çənəsinə bax. Bubbulubulu. Sən dayan özüm danışım. İstəmirsən? Di yaxşı, ataş, al çubuğu xəritədə Azərbaycanı göstər. Xəritədə, qurban olum, xəritədə, bax bu bəzəkli kağızda. Göstər görüm. Ay Allah, nə ağıllı baladı bu? Birləşmiş Ərəb Əmirliklərinin yerini nə vaxt öyrənmisən? İndi də Azərbaycanı göstər, qoy yoldaşların da görsün. Ay sağ ol, bu oldu hara? Azərbaycan? Yoxsa… de görüm, de şəkər bala. Demirsən? Müəllimən küssün səndən? Oxu, bu sözləri oxu. Yaxşı, dodağını büzmə. Düz göstərdin, bura Braziliyadır. O ki, kofe gətirmişdin e, mənə, bax, onu burda düzəldirlər. Bəs sən nə bildin ki, bura Braziliyadır? Öyrənmisən? Keç otur, beş. Keçmirsən? Azərbaycanı axtarırsan? Bir az bu yana, bu yana. Xəritənin arxasında yox, Alik, orda heç nə yoxdur. Bu tərəfində axtar. Axtar, ay sağ ol. Oxay! Ağıllı bala, düzdü, bu da İndoniziya. Adam səni yemək istəyir. Alik, beş alırsan. Azərbaycanı? Qoy mən göstərim, Alik. Uşaqlar göstərsin? Ədə, fışfışa, gəl Azərbaycanı Alikə göstər! Tez ol! Yaxşı göstər! Bir də göstər! Gördün, Alik, qurban olum?

Al özün göstər, al göstər. Maşallah! Beş, keç otur. Sən keç, ə, fışfışa kütbeyin! Sənin o mürdəşir yumuş üzünü görəndə beynim çatlayır. Alik, yavaş, Alik, əzilərsən, qurban olum, mamanın təzyiqi qalxar. Yavaş, yavaş, ay sağ ol, mənim quzu balam, ağıllı, kamallı  balam. Əlaçı balam. Qızıl medala namizəd balam. Papasının, mamasının balası balam. Azərbaycanın gələcəyi, ümidi, qeyrəti balam, beş! Neçə istəyirsən? On? Qurbandı, ataş. Bax, iki dənə beş yazıram, olur neçə? Beşin üstünə beş gələndə  neçə eləyər? Yeddi?  Düzdü yeddi. Amma mən sənə on yazıram,  bubbulu! Allah bunun çənəsinə bax, Afrika qitəsinə oxşayır. Nəyə gəlirsən Alik? Afrika qitəsini göstərməyə? Gəl göstər. Göstər görüm. Ayy sağ ol! Bu oldu Hind okeanı, bu Karpat dağları, bu da… Həkəri çayı. Afərin, Alik, zəng çalındı, qalanlarını gələn dəfə göstərərsən. Qoy sənə bir beş də yazım, eləsin on beş. Mamaya salam de. Mənim əvəzimdən papanın üzündən öp. Sağ ol, Alik. Uşaqlar, sağ olun. Fışfışa, xəritəni qoy yerinə…

Alik, neynəyirsən, Alik, orama dəymə qıdığım gəlir. Amazonka çayını? Tapdın? Ay sağ ol! Allah buna qurban olum. Heç özüm də bilmirdim ki, Amazonka çayı buradan axırmış…

 

Hidayət ELVÜSAL

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi