Modern.az

Məşədi İbad mənfi surətdirmi?!

Məşədi İbad mənfi surətdirmi?!

1 Sentyabr 2016, 09:18

Qabil


(Mülahizələr)

 

– Xeyr!

Görürsən ki, bəzi tamaşalarda dramatik vəziyyətə, hadisələrin gedişinə görə, ya quruluşçu rejissorun verdiyi mizana görə aktyor necə deyərlər, məclisin şirin yerində səhnədən düşüb zala girir, cərgələrin arasıyla keçib gedir və ya əvvəlcədən boş qoyulmuş hər hansı bir kresloda, hər hansı bir tamaşaçınınsa yanında saymazyana əyləşir. Bəzən də tərsinə olur. Aktyor və hətta aktyorlar foyedən girib bütün salon boyu addımlayaraq, qrimi, rekviziti, xülasə bütün dəmdəsgahıyla, səhnəyə qalxır. Buna deyirlər tamaşayla tamaşaçının canlı təması, əlaqəsi, bir-birinə qaynayıb-qarışması. Bir də belə mizanların simvolik mənası, əslində elə əsl mənası budur ki, hər şeyin başlanğıcı, mənbəyi, mayeyi-cövhəri həyatdır. Sözümün canı bir qədər başqadır. Səhnə-mizan söhbəti saldım ki, mətləbə qaranəfəs, hövlnak yox, ustufca – televiziya-kino operatorları demişkən “plavnı” keçim.


Az qala yüz ilə yaxındır ki, Məşədi İbadın adı, sözü-söhbəti, məzəli rişxəndli, ibrətli zərbi-məsəlləri, canlı bənzətmələri, heç vaxt yersiz, köhnəlmiş görünməyən kəlamları dilimizin əzbəridir. Görəsən, bu ölməz, əvəzsiz, dadlı-duzlu surət həyatdan Üzeyir sənətinə gəlib? Yoxsa onun söz və saz (saz musiqi mənasında) çarpazlaşmasından doğulub dünyaya atılıb? Bunu necə ayırmaq olar? Heç necə! Heç bir böyük sənətkar (hələ böyüklük qalsın bir qıraqda) barmağını sora-sora əsər yaratmayıb, Üzeyir bəy də Məşədi İbadı uydurmayıb, quraşdırmayıb, heç bir sənətkar surətci, surətçıxaran olmayıb. Həyatdan aldığını, götürdüyünü öz iztəyincə, qayəsincə bəzəyib-düzəldib. Üzeyir bəy də həmçinin-dühasının nadir fırçası, musiqisinin nadir e`cazı ilə həyatdan aldığı Məşədi İbadı bir şəkildə, elə bir nəfəsdə, elə bir əlvanlıqda həyatın özünə qaytarıb, qovuşdurub ki, buyur baş tap – Məşədi İbad həyatdan əsərə gəlib, yoxsa əsərdən həyata?


Şəxsən mən, əsəri səhnədə (müəyyən parçaları, epizodları, səhnəcikləri, konsert, yumor proqramlarına daxil edilmiş nömrələri istisna etməklə) professional səviyyədə, sənətkar, peşəkar, aktyor ifasında görüb-görməməyimi yaxşı xatırlamıram. Bunu ümumiləşdirməsəm də, hər halda ömrünün yeddinci onluğunu xırdalayan böyük bir nəsil bu zövq-səfadan məhrum olub.


Məşədi İbadı biz əsasən, fitri, dahi komik aktyorumuz Mirzağa Əliyevin iştirakıyla lentə alınmış radio-tamaşadan, bir də yazıçı-dramaturq Sabit Rəhmanın ssenarisi əsasında çəkilmiş “Məşədi İbad” (“O olmasın, bu olsun”) filmindən tanıyırıq. Bu saat ssenarini təhlil etmək, ona qiymət vermək fikrində olmasam da, onu deyə bilərəm ki, Sabit Rəhman hətta heç bir şey yazmamış olsaydı belə, təkcə bu əsəriylə öz adını filmin titrinə yox, xalqımızın yaddaşına yazmış olardı və yazdı da!


Mən də çox-çox kinoya baxmış, əlvan-əlvan, növbənöv filmlər ekran şedevrləri, təkrarsız, misilsiz aktyor oyunları, operator tapıntıları, müşahidələri, rejissura zirvələri görmüşəm. Ancaq Məşədi İbad bunların heç birinə bənzəməz. Saymamışam, mübaliğəsiz deyə bilərəm ki, “N” qədər baxmışam. Həmişə də təzə, tərəvaətli, dadlı-duzlu, müdrik, könülaçan, dövr, mühit və  zaman panoramlı və bunların hamısından əfzəl, öncə, kaloritli, doğma, səmimi, inandırıcı və bir az xəyala dalıb, dərinə gedəndə düşündürücü...


Bütün nəhrlərin, böyüklü-kiçikli, dərinli-dayazlı, köpüklü, lal axarlı çayların mənbəyi var. Mənbə Üzeyir Hacıbəyovun “Məşədi İbad” musiqili komediyasıdır. “Musiqili komediya” sözləri janr və forma cəhətdən yaraşsa da, vallah, nə deyim, saymaqla, sadalamaqla, açıqlamaqla bitib-tükənməyən səbəb, cəhət və min bir bədii möcüzə, tapıntı və ümumiləşdirmələrinə görə, zahirən, asan görünən (yəni bunu yazmağa, deməyə, quraşdırmağa nə var ki...) dahiyanə bayatı sadəliyinə görə “Məşədi İbad” hara, musiqili komediya hara? Xüsusilə də srağagünkü, dünənki, bügünkü musiqili komediyalarımızın hələ lap yaxşılarını gözümüzün qabağına gətirəndə!


Uzatmaq istəmirəm. Hər şey, hər gediş, hər hərəkət, hər jest, hər monoloq, dialoq, duet, solo, kütləvi səhnə, konflikt, zərbi-məsəllər, atmacalar, sözdən yox, hərəkətdən doğan, əhvalatdan yaranan gülməli, təəssüflü vəziyyətlər nə qədər təbii, yerli-yerindədir. Bütün bunları müşayiət edən, əzbər bildiyin musiqi:

 

“Mən nə qədər, nə qədər qoca...”

“Ey, kimsən orda...”

“Hamamın içində...

İçində və çölündə...”

“Mən qalmışam bu tayda, hambal ilə...”

“Bə mənim bir abbasım hara getdi?..”

“Qoca kaftar sənə on beş

Yaşında qız nə gərək?”

“Məşədi İbad, sən bizə

Xoş gəlib, bizi yad elədin...”

“Sən qızı mənə verginən,

Gör səni necə şad edərəm...”

 

və sairə. Bu sətirlərlə mən musiqini yada salıram. Hesab edin ki, bunlar not işarələridir.


Sabit Rəhmanın ssenarisi mənbəyə sadiq qalıb, ona şor qatmayıb. Çünki, mərhum ədibimiz başa düşmüşdü ki, bala şəkər qatmazlar, onu yaraşıqlı qablarda, yaraşıq və zövqlə süfrələrə düzərlər ki, camaat nuş edib feyziyab olsun. Sabit müəllim kinonun geniş imkanlarından istifadə edərək “Məşədi İbad”ın kütləvi ekran taleyini, ekran ifadəsini yaratdı. Yuxarıda dediyim kimi, bu çox böyük iş idi. Ssenari müəllifinin bir-iki yerdə gətirdiyi əlavə xırda-xuruş detalların, səhnələrin (xüsusən “Molla Nəsrəddin” jurnalı redaksiyasındakı ziyalı görüşləri) özü də mənə təbii görünür. Məşədi İbadın düşdüyü vəziyyət nifrət, kin, qəzəb yox, əksinə, təəssüfedici gülüş doğurur. Həmin əlavələr guya sağlam, mütərəqqi mühitin ştrixləri, abi-havası kimi verilib, nə olar ki, əgər hər kəsə zəif, qondarma, yamaq kimi görünürsə, bu da təbiidir. Çünki, ideal bəyazlıqda ağ da ağ kimi görünməyə bilir. İdeal bəyazlıq Üzeyir bəyin istedadıdır. Ona qalsa, əsl gülüş hədəfi bir az da dərinə getsək rəzil, həqir adam, müflis düşmüş, qumarda əli gətirməyən, bircə qızı Gülnazı Məşədi İbada satan, bəli, sözün hərfi mənasında satan

 

Gəl sənə mən qız verim,

Nə işin vardır dul ilən – 

 

deyən Rüstəm bəydir. Ancaq, heç adam onun özünə də nifrət edə bilmir. Nəinki Rüstəm bəyə, yəni əsərin ikinci qəhrəmanına, ümumən Məşədi İbadı əhatə edən tiplərin, adamların, personajların heç birinə adam nifrət eləmir. Əşşi, siz nə danışırsınız? Adam da heç Qoçu Əsgərə, hambala, qulluqçuya, hamamçıya, qəzetçi Rza bəyə, nə bilim daha kimə, kimə kin-kudurət bəsləyə bilər?


Bəs onda Məşədinin özü? Özü deyir ki, bir eybi var, o da eyibsizliyidir. Doğrudan da onun eybi nə idi? Eyib bizimki idi. Eyib bizim buxovlanmış, damğalanmış, axtalanmış düşüncəmizdə, təfəkkürümüzdə idi. Bizim beynimizə, qanımıza, canımıza, iliyimizə, sümüyümüzə bütöv bir sistem, təlim şəklində yeritmişdilər ki, “bəy oğlusan, köpək oğlusan”. Bunun əksinə, adamlar, övladlar babalarının, atalarının, əmilərinin, dayılarının, uzaqlı-yaxınlı qohum-əqrabalarının kasıblığlyla, yoxsulluğuyla, dilənçiliyilə, çobanlığıyla, hamballlığıyla, ələ­ba­xan­lığıyla, ac-yalavaclığıyla az qala fəxr etməyə başlamışdılar.
Bayram Bayramov “Üzlü-astarlı dünya” adlı tərcümeyi-hal romanında ac-yalavaclığı ilə qürrələnən, cır-cındırını gözə soxanlardan elə lap yerində söz açmışdır. Səxavətli, çörəkli, fərasətli, işgüzar, qazanan adamları qolçomaq adıyla məhv etmək kampaniyası göydən düşməmişdi. Bəy, xan, tacir, axund, molla, ağa, seyid, dərviş, baqqal, hətta falçı, rövzəxan, mərsiyəxan, hətta qüdrətli mərsiyə şairləri düşmən idilər, vəssalam! Mətbuat tariximizin təməl daşı, ictimai demokratik və xəlqi fikrimizin qaranquşu hesab edilən “Molla Nəsrəddin” jurnalının səhifələrindəki karikaturalar da bu işdə – Məşədi İbadlara verilən qiymət işində az mənfi rol oynamışdır. Ola bilər, mən haqsızam, zamanı, tarixi, şəraiti, dövrü nəzərə ala bilmirəm. Ola bilər. Buradaca soruşa bilərsiniz ki, bəs “Hophopnamə”, bəs dahi Sabirimiz və onun canlı, ölməz tipləri?! Sabir başqa. O, konkret adamların, konkret eybəcərliklərini, konkret detallarla ifşa edirdi, necə deyərlər adını qoyurdu. Sabir otuzuncu illərdə, bəlkə də bir az əvvəl başlamış qan qoxulu, qandal cingiltili, barmaq çərçivəli süni, ictimai-sosioloji ucdantutma ümumiləşdirmə, qarayaxma, məhkəməsiz-filansız divara söykəmək yoluyla getmirdi. Sabir öz şəxsində sübut etmişdi ki, adam dindar ola-ola, namaz qıla-qıla, xalqın böyük, işıqlı, ziyalı... vətəndaş oğlu ola bilər. Axı böyük şair dindar idi.

 


Yox bir dinə yəqinim mənim,

Qaili qur`anam, a şirvanlılar.

 


Elə böyük Mirzə Cəlilin – Cəlil Məmmədquluzadənin özü də. Bir də gördü ki, ona Allahsızlar cəmiyətinin üzvü olmağı təklif edirlər. Dedi ki, mən axı belə deməmişdim və çox çəkmədi ki, kişinin ürəyi partladı. Nə isə.


Nə qədər ki, yadımdan çıxmayıb sizə – əziz oxucular, kövrək, incə bir mətləbi xatırlatmaq istəyirəm. Heç ağlınıza gəlirdimi ki, “Məşədi İbad” filmi təxminən qırx ilə yaxın bir vaxt ərzində xalqımızın, elimizin-obamızın, camaatımızın nisgil, qubar dolu ürəyində, həsrət dolu intizar gözlərində sanki zülmət içində yeganə şüaya çevrilsin? Necə yəni? “Necə yəni”si budur ki, Bakıda televiziya işə düşəndən bəri o zamanlar ki, nəinki Novruz bayramı, heç bahar bayramı da demək mümkün deyildi efirdə, ekranda, mətbuatda. Novruza cüzicə bir işarə etmək də qadağan idi. Bax onda, hər il martın 20-si, ya da 21-i axşamı televiziyada “Məşədi İbad” göstərilirdi. Bu zamanın Novruz salamı idi, “Bayramınız mübarək!”. Bu, millətə şən, şux, xoş oynaq, əlvan bayram sovqatı idi. Məşədi İbadın yandırdığı şamlar... xalqın yandıra bilmədiyi bayram şamları idi... Mərhum dostum Teymur Məmmədov köks ötürə-ötürə, kövrələ-kövrələ deyərdi:


“Neyləsinlər, necə eləsinlər, ayrı əlacımız yoxdur, bu əziz günlərdə gücləri “Məşədi İbad”a çatır. Onu göstərməklə elə bil vicdan əzabından xilas olurlar”.  


“Gücləri Məşədi İbada çatır” sözləri fikrimi-düşüncəmi bir az da görükləməyə, qığılcımlandırmağa səbəb oldu. Nə qorxulu, düşər-düşməzli şeymiş, Məşədi İbaddı də ... onu istəməmək də olar, rəğbətləmək, halına qalmaq da olar. Şamaxılılar demişkən, araya qoyub lağ etmək, istehza etmək, lap antipod kimi ifşa etmək də olar. Bunlardan ötrü əsərdə – lap Üzeyir bəyin müəllif mətnində zahirən tutarlı dəlillər, lap ilişkilər və ya ilişmələr, bəhanələr çoxdur.


Məşədi İbada qarşı xoş, xəlqi münasibətlə yanaşı, onun sözünün-söhbətinin, zərbi məsələrinin (“heç hənanın yeridir”, “papağımı elə qoysam, belə qoysam” və s.) dillərdə gəzməsiylə yanaşı, dövrün canlı, ala-bəzək mənzərəsinin tən ortasında dayanmış Məşədi İbada qarşı kütləvi hüsn-rəğbətlə yanaşı, yazılmamış stereotip münasibət də var idi... bəlkə də var. Bu ikinci münasibətin isə birinci əlaməti yenə də camaatın içində gəzən “Məşədi İbad kimi nə özündən çıxırsan?” ifadəsidir. Səmimiyyəti, ümumiləşməsi, canlılığı ilə surət, obraz çərçivəsindən çıxıb həmişə aramızda olan bu adama köhnəliyin, geriliyin, feodalizmin, dindarlığın nümayəndəsi kimi istehza etmək səhv yox, günahdır. Onu avamlıqda, məişət pozğunluğunda, ömrünün bu sinində eşqə düşməkdə, puluna-malına güvənib, namaz qılıb, dua edə-edə, hamballara, zəhmətkeşlərə, aclara, yalavaclara, kimsəsizlərə həqir baxmaqda, acizin zalımı olmaqda günahlandırmaq səhv yox, böyük insafsızlıqdır, ədalətsizlikdir.


Gəlin bir anlığa müasir, bugünkü, bu saatkı şərəfsizləri, pozğunları, haram milyonerləri, rüşvətxorları, nə babasını, nə atasını, nə anasını, nə xalqını, nə dinini, nə dilini tanımayan, İsmayıl Şıxlı demişkən “sapı özümüzdən olan baltaları” və onlarla yanaşı Məşədi İbadı gözümüzün qabağına gətirək. Əli Kərim demişkən “Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə.” Doğrudan da bu barədə bəlkə də heç fikirləşən olmayıb. Bu saat Məşədi İbad vaxtıdır? Özü demişkən, heç hənanın yeridir?


– Yox yeridir! Elə Məşədi İbadlarımıza olan münasibətdən doğub Tağıyevlərə, Nağıyevlərə münasibətimiz.


İnanın ki, məni çoxdan bir məsələ, bir sual, zahirən bir az da gülməli, qeyri-ciddi görünən bir sual düşündürürdü: bu yazıq – əslində mərd, qürurlu, bütün varını-yoxunu zövq-səfası yolunda, mənliyi, şəxsiyyəti, ləyaqəti yolunda hamının başına (Hambaldan başqa, bu da elə-belə deyil) şabaş kimi səpələyən Məşədi İbadın günahı nə idi? Cavan qız almaq sevdasına düşməyimi?! Bah atonnan, nə böyük qəbahət imiş bu.


1975-79-cü illərdə “Azərbaycan” jurnalı redaksiyasında əməkdaşlıq edirdim. Yazıçı İsi Məlikzadə də nəsr şöbəsinin müdiri işləyirdi. Söhbətimiz tuturdu, indi də tutur və o bizim təzə qonşumuzdur. Elə müqəddiməsiz-filansız soruşdum:

–  Ay İsi, Məşədi İbad mənfi surətdirmi?

–  Qabil müəllim, bizim Məşədi İbadı deyirsiz?

–  Hə də.

–  Vallah yox, necə bəyəm?

–  Elə belə soruşuram də.

– Yox, Siz elə-belə soruşmazsınız. Ancaq arxayın olun ki, Məşədi İbad halal, təmiz, gül kimi adam, əsl kişidir. Siz sözlü adama oxşayırsınız.


Bəli, ədib dostum düz deyirdi, mən sözlü idim və illər boyu ürəyimdə, fikrimdə gəzdirdiyim bu sözü, bu qənaəti bu gün, bu saat nəhayət, kağıza köçürməyi lazım bildim. Axı ömür də keçir, şair də ki, əla deyib:

 

Söz qəlbdə, gül qönçədə, mey şişədə qalmaz.

 


Məşədi İbad tacirdir. Etibarsızdan, həlləm-qəlləmdən, səbirsizdən, dəlibaşdan və dələduzdan tacir olmaz. Məşədi İbad halal adamdır, qazancı sələm faizindən gəlmir, sərmayəsindən gəlir. Keçmişdə yüz manat pulu olanın, özü də halal pulu olan adamın boynuna ziyarət düşərmiş. Məşədinin isə minləri var. Ziyarəti qəbuldur, batil deyil.


Məşədi İbad dindardır, namaz qılandır, ağzı dualıdı, nəinki şəriətlə qadağan edilmiş şərab işmir, heç şərab içənlərlə məcburən bir məclisə düşsə də bir cərgədə oturmur, onların əlini çuxasının ətəyiylə, iyrənə-iyrənə, ikrahla sıxır.


Məşədi İbad xalq adamıdır. O, canlı danışıq dilindən savayı heç bir qatqarışıq, əllaməli, ibarəli nitqləri, yad ləhcələri, öyrəşmədiyi ifadə tərzini, danışıq ədasını qəbul etmir. Nəinki qəbul etmir, hətta ələ sala-sala deyir:


– Ay Rza bəy, ay rəhmətliyin oğlu, mən “Tarix Nadir”i yarıyacan oxumuşam, yenə səni başa düşmürəm. Bu zavallılar neynəsin?


Burada yadıma Mirzə Cəlilin “Anamın kitabı” pyesi və Gülbaharın qardaşlarına xitabı düşdü.


Məşədi İbad əlli yaşında dul kişidir. Özü demişkən, onun harası qocadır. “Qoca ona deyərlər ki... mən ki, namxuda, maşallah...” O, nə zorakıdır, nə şarlatandır, nə indiki dilnən desək məişət pozğunudur, nə də aciz, xəyalpərvərdir. “Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları yığacam bura.” Söhbət təkcə onda deyil ki, Məşədi İbad qoçulara haqq verir, bu öz yerində. Söhbət ondadır ki, Üzeyir bəy onu mühitinə, mühitini də ona qarşı qoymur, əksinə onlar bir-birini tamamlayır. Məşədi İbad, Rza, Həsənqulu bəylərə, Qoçu Əsgər və Baloğlanlara gülür və onlar da Məşədi İbada gülür, bu gülüşdə nifrət yoxdur, rəğbət var. Qızın ikinci namizədi Sərvər peyda olanda həmin mühit xorla deyir:

– Axı, belə olmaz, bu kişinin həm pulu getsin, həm də el içində rüsvay olsun. Gedək Rüstəm bəylə haqq-hesab çəkək.

 

Ey, kimsən orda, aç qapını,

Aç apını gələk səni öldürək.

 

Burada – sözlərdə böyük zarafat, doğmalıq və insafın-mürvətin səsi-sədası var. Məşədi İbad əllərini bir-birinə sürtüb müştəri gözüylə qulluqçu Sənəmə baxıb,  – “Dəli şeytan deyir ki...” Elə bil kişinin ürəyinə damıbmış ki, axırda “razıyam, razıyam” deyib Sənəmi alacaq:

 

Gedin, gedin, qazıya deyin,

Qoy kəbini kəssin.

 

 Ancaq o, realistdir. Rüstəm bəy:

– Məşədi, istəyirsən bir min də ver, elə Sənəmi də verim sənə. 

Məşədi:

– Yox, o sonranın işidir.

Sözə fikir verin, demir ki, istəmirəm, əlyeri qoyub deyir: “o sonranın işidir”.

Deyirlər ki, Üzeyir bəy əlli yaşına qədəm qoyanda: öz-özünə təəssüflə məzəmmətləyib ki, bəs nə üçün Məşədi İbadı bu yaşda eşqə düşdüyünə görə dilə-dişə salmışdır.

Yenə də Məşədinin ən çətin, ümidsiz bir məqamda sərvaxt olmağına, hadisələrə açıq gözlə baxmağına bir misal: Əvvəlcə hamıya səxavətlə, hətta saymazyana pul paylayan Məşədi İbad, “gəlin kişi çıxandan sonra” təzədən onu dilə tutub, heç olmasa az da olsa pul qoparmaq istəyən həmən tiplərə başının işarəsiylə rədd cavabı verir:


O ki, qaldı hambalın bir abbası da istəməsinə:


“Məşədi, belimi şikəst eləmisən, bir abbası da verəcəksən” və cavabında yediyi qapaza “mən nə haydayam, sən nə haydasan” eşitməyi bu da çox təbiidir. Bunun xəsisliyə, istismarçı sinfin nümayəndəsi olmağa dəxli yoxdur. Bu həm yumor idi, həm İrandan, xüsusən Cənubi Azərbaycandan bir tikə çörək dalınca Bakıya gələn qardaşlarımıza kütləvi şəkil almış həqir, münasibətə yanıqlı işarə idi. Məşhur “Məktub yetişmədi” hekayəsini yadınıza salın. Mərhum yazıçımız Ənvər Yusifoğlunun çox maraqlı “Hamballar” povestini varaqlayın və s. Bir də bədii, dramatik kontras məsələsi də var axı. Mərhum professor Əli Sultanlı bizə Molyerin yaradıcılığından, onun “Tartuf” əsərindən mühazirə oxuyanda deyərdi ki, ən səxavətli adamda da xəsislik var, ən xəsis adamda da səxavət var.


“Qız qarıyanda dayısına qismət olar” məsələni nahaq yerə belə yozurlar ki, guya qızı heç kəs almayanda məcbur olub dayısı alır. Əşşi, belə də şey olar. “Qız qalası” əfsanəsini yozanlar kimi xalqın da adına belə ləkə vurmaq olar. “Qız qarıyanda dayısına qismət olar və ya dayısına çatar” o deməkdir ki, axı söhbət doğma bacı balasından gedir. Eləcə də Məşədi İbad deyəndə ki, başıalovlu haray salanda ki, “gəlin kişi çıxdı, o da qaçdı” bunu onun ayağına iyrənc bir pozğunluq, çirkinlik adıyla yazanlar səhv edirlər və daha böyük səhvə onda yol verirlər ki, bunu Məşədinin – lap obraz da olsa şəxsində ümumiləşdirib keçmişimizə, namuslu-qeyrətli ata-babalarımıza ləkə vururlar. Deyə bilərsiniz bəs Sabirin:

 

Ay nənə, bır qırmızı saqqal kişi,

Ağzı dualı qoca baqqal kişi,

Gah başımı, gah üzümü əlləyir,

Gah budumu, gah dizimi əlləyir.

 

sözlərini hara yazaq?!


Sabir konkret şəraitdən, konkret hadisədən – balaca müştəridən – baqqal dükanına gələn oğlan uşağından və qoca baqqaldan danışırdı. Heç insafdırmı ki, o boyda xərc töküb,  o boyda dəm-dəsgahla, vurçatlasınla toy edən, təkcə elə bəylik hamamında bir ətək pul tökən, qol qaldırıb öz toyunda şahanə bir əda ilə süzən, gərdəkdəki gəlinin – madmuazel Gülnaz xanımın önündə şam yandıran, qüsl namazı qılan, dua oxuyub əsl müsəlman kimi vird edən Məşədi İbadı baqqal dükanının xəlvətində oğurluqla uşaq sığallayan qırmızısaqqalla müqayisə edək?!


Məşədi İbad ona yanıb tökülürdü ki, əgər “bu kişi çıxan gəlin” qaçmasaydı, heç olmasa onun yaxasından yapışıb haqq-hesab çəkər, başına gətirilən bu məhkəmənin nə demək olduğunu, pulunun, malının nə üçün hədər getdiyini kişidən kişi kimi də xəbər alardı.

 

Gəl, gülüm, gəl yanıma

Gəl, a quzum, gəl yanıma.

Qurban edərəm mən canana,

Malımı, pulumu, canımı mən.

 

deyən bir adam haqqında ayrı cür əttökən fikrə düşmək olmaz!


Əsərin bütün ruhunda xalqa, onun adət və ənənələrinə, zövq-səfasına həm böyük və həm də incə bir ehtiram var. Özü də bu ehtiram, bu incəlik ziddiyyətli, kontraslı situasiyalar fonunda verilmişdir.


İki kadrı yadınıza salmaq istəyirəm: (filmdə) Məşədi İbad Gülnaz xanımı ilk dəfə görməyə gəlib, Gülnaz onu görən kimi yanındakı Sənəmə deyir:

– Mən bu kişidən qorxuram.

Sənəm ağzını büzməklə, qaş-gözünü oynatmaqla iki əlli “kül başına” deməklə Məşədi İbadı ələ salır və hər ikisi oxuyur:

 

 

Qoca kaftar sənə on beş yaşı olan

Qız nə gərək,

Qorxmayırsan, axırda gələ başa kələk?!

 


Və bu zaman ki, birdən məşhur həna söhbəti başlayır və Məşədi İbad deyir ki, elə ki, hənanın vaxtı keçərdi, mənim rəhmətlik anamın başı ağrıyardı. “Rəhmətlik anam” sözünü eşidən kimi Məşədi İbada gülən xanımlar adi, ehtiram əlaməti olaraq ayağa qalxıb, “Allah rəhmət eləsin” deyirlər. Bu çox kövrək səhnədir – adam adam olar deməkdir.


İkinci epizod: Rüstəm bəyin evi, Məşədi İbadın şərəfinə məşhur, axırı mərəkəylə qurtaran ziyafət səhnəsi. Elə bu ziyafətə adam dəvət etmək əhvalatları da dəsgahdır. Ümumiyyətlə, əsərdə məşhur olmayan səhnə, lövhə, hadisə yoxdur, hamısı məşhur, hamısı biri-birindən canlı. Sözümün canı başqadır.


Deməli, məclisin şirin yeridir, hamı yeyib-içir, keyf üstündədir. Məşədi İbad da kənarda əyləşib çay içir. Birdən musiqi dillənir, xanəndə oxumağa başlayır. Hamı əlini süfrədən çəkib musiqiyə qulaq asır, xəyala dalır. Təkcə Qoçu Əsgərin qulbeçəsi Baloğlan öz işindədir, yəni qarnının hayındadır. İri bir toyuq budunu qapıb dişinə çəkən yerdə qoçu Əsgər dözmür, nəsihətamiz bir sərtliklə budu Baloğlanın əlindən dartıb atır və onu dümsükləyib musiqiçiləri göstərir və sözsüz deyir: Az tıx də, ruhun olsun də.


Məşədi İbad da, onun dövrəsindəki adamlar da qəti surətdə sırf mənfi, sırf karikatura deyildilər. Onlar canlı, təbii, inandırıcıdırlar. Axar suda ləkə qalmaz. Kiçicik bir sünilik, yersizlik, lazımsızlıq ünsürü, bu əsərə düşmüş olsaydı, nə Məşədi İbad öz ətrafındakıları, nə  əlvan tiplər Məşədi İbadı başa düşə bilərdi, nə  xalq əsəri – Məşədi İbadı bu qədər sevməzdi, nə də Məşədi İbad nəsilbənəsil ürəklərdə yaşamaz, dillərdə, ağızlarda gəzməzdi.


Belə çıxır ki, Məşədi İbada bu saat, bu dəm kimsə, kimlərsə hücum edir. Mən də onu kimdənsə, kimlərdənsə müdafiə edirəm. Yox, mən ürəyimi boşaltdım. Neçə illərdir ki, hər dəfə Məşədi İbadla görüşəndə utanır, özümü o kişiyə borclu bilirdim.


Deyəsən, bir az yüngülləşdim axı... Bir-iki təklifim də var. Məşədi İbad (“O olmasın, bu olsun”) filmində, yəni ssenari mətnində ixtisarlar gedib, bəzi kadrlar kəsilib atılıb. Texniki cəhətdən mümkünsə, onları hökmən bərpa etmək lazımdır. Bu klassikadır, Qızıl Fonddur.

Üzeyir Hacıbəyovun qələmindən çıxan mətn əsasında heç bir redaktəsiz, müdaxiləsiz, sensorsuz “Məşədi İbad”ı tamaşaya qoymaq və tamaşanı ekranlaşdırmaq lazımdır. Beləliklə, camaat istər teatra gələr, istər film-tamaşaya baxar.

–       Məşədi İbad mənfi surətdirmi?

–       Xeyr.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?