Modern.az

7 yaşlı Modern.az-ın rəhbəri: “Onlar jurnalistikanı zəlil edirlər” - MÜSAHİBƏ

7 yaşlı Modern.az-ın rəhbəri: “Onlar jurnalistikanı zəlil edirlər” - MÜSAHİBƏ

Media

1 Sentyabr 2016, 12:10

Bizi “reket”lərə uduzdururlar”


Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlının AzNews.az-a müsahibəsi:


- Elşad bəy, rəhbərlik etdiyiniz portalın bu gün 7 yaşı tamam olur. 7 il bir sayt üçün kifayət qədər ciddi rəqəmdir. Bu illər ərzində Modern.az saytlar içində nə ilə seçilib?


- Bizə diqqət ayırdığınız üçün rəhbərliyinizə və sizə Modern.az ailəsi adından təşəkkürümü bildirirəm. 7 il tarix baxımından elə də böyük rəqəm deyil. Ancaq saytı bir canlı orqanizm kimi götürsək, demək ki, uşaqlıq illəri arxada qalıb, demək ki, böyümüşük. Dönüb geri baxanda 7 ili belə xarakterizə edərdim: çox çətin böyüdük, yetim uşaqdan da çox əziyyət çəkdik. Ancaq bu əziyyətin qürurunu yaşayırıq. Çünki şərəflə böyüdük, ləyaqətlə addımladıq bu yeddi ili, hamının yanında alnımız açıq, üzümüz ağdır. Kimsə barədə böhtan, şər uydurmadıq, kimsə barədə sifarişli yazı yazmadıq. Ancaq elə tənqidi yazılarımız oldu ki, hətta müxlif mətbuat belə o yazıları tirajlamaqdan çəkindi. Ən əsası isə sözə xəyanət etmədik, jurnalistikaya xələl gətirmədik. Uzatmayaq, necə deyərlər 7 ili şərəfli yaşadıq. Mənə görə bundan böyük mülk, var-dövlət, hörmət yoxdur.

Açığı saytlardan nə ilə seçiməyimizə mən cavab versəm, doğru anlaşılmaz. Modern.az saytının özünəməxsus yolu var. Məncə, kənardan baxanlar bunu bizdən daha yaxşı hiss edirlər.

- Modern.az daha çox ciddi sayt kimi tanınır. Şou xəbərlərdən qaçdığı hiss olunur. Bəziləri bunun peşəkarlıq baxımından doğru olmadığını hesab edir. Düşünürlər ki, KİV bazara işləməlidir, hər təbəqədən, hər zövqlü oxucusu olmalıdır. Siz isə bu deyilənlərə riayət etmirsiniz. Daha çox ciddi xəbərlərə üstünlük verirsiniz. Bəs bu istiqamət saytın fəaliyyətinə necə təsir edir?

- Təbii ki, mən bunun fərqindəyəm. Hətta dəfələrlə redaksiyada əməkdaşlarımız bu məsələyə görə etiraz səslərini ucaldıblar və sizinlə razıyam ki, gerçəkdən də şou xəbərlərlə daha çox İP yığmaq olar. Onu da bilirəm ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da internet istifadəçiləri arasında gənclər üstünlük təşkil edir. Onlar isə daha çox əyləncə xarakterli yazılara, siz dediyiniz kimi şou xəbərlərə üstünlük verirlər. Düşünürəm ki, gəncləri əyləndirmək, şou sevərləri özünə cəlb etmək bizim işimiz deyil. Mən 1 ciddi oxucunu 100 qeyri-ciddi oxucuya dəyişmərəm. Bir daha qeyd edirəm ki, bu, mənim fikrimdir. Amma fərqli düşüncələr də var və mən buna da normal yanaşıram. Hər kəsin öz yolu, öz xarakteri olur. Dad yolsuz, xarakrersizlər əlindən.

- 7 ildir, fəaliyyət göstərməyinizə baxmayaraq, çoxları Modern.az saytını az qala parlamentin mətbu orqanı kimi görür. Bununla bağlı nə deyə bilərsiniz?

- Parlament dövlətin qanunverici orqanıdır. Onun mətbu orqanı olmaq məncə yaxşı bir şeydir. İndi yalnız Modern.az deyil, bütün ölkə mediası parlament xəbərlərini tirajlayır və təbii ki, hər kəs özəl xəbəri birinci yaymaqda çox maraqlıdır. Onu da deyim ki, mən həm də 2004-cü ildən Parlament Jurnalistlər Birlyinin sədriyəm. Bu məsələnin də dediyiniz məqama təsiri var. Çünki parlamentlə bağlı özəl xəbərlər daha çox Modern.az-da olur.

- Elşad bəy, siz baş redaktorlar içərisində “reket” jurnalistikaya qarşı mübarizə aparan əsas isimlərdənsiniz. PJB yaranandan bununla bağlı dəfələlərlə məsələ qaldırmısınız. İndi bu sahədə vəziyyət nə yerdədir?

- İllər öncə bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırdıq və 70 belə adamın akkreditasiyası ləğv olundu. Təəssüf ki, bununla bağlı bizə həmkarlarımızdan dəstək gəlmədi. Halbuki o zaman illərlə məhkəmələrdə vaxt keçirdik. O vaxt akkreditasiyası ləğv olunanlar bizdən əl çəkmirdilər. Bilirsiniz, bir işlə mübarizə aparırsansa, orada şəxsi keyfiyyətlərin, parametrlərin gördüyün işə uyğun gəlməlidir. Bu mənada alnı açıq şəkildə “reket”lərə qarşı mübarizə aparıram. Açığını deyim, “reket” jurnalistlərə nifrət edirəm. Onlar jurnalistikanı zəlil edirlər, sözü dəyərdən salırlar, sevdiyim bir sahəni zibilxanaya çevirirlər. Çox təəəsüf ki, illər öncə yazılı mediada olan “reket”lər indi də internet mediası müstəvisinə köçüblər. Ciddi mətbuat istəsə, onları bir günün içində öz yerlərinə göndərə bilər. Ancaq müşahidələr göstərir ki, “reket” jurnalistlər hələ də kimlərəsə lazımdır. Gözükölgəli məmurlar da daha çox “reket”lərlə işləyirlər. Mənə görə, “reket” jurnalistlərə dən vermək cinayətdir. Çünki kiminsə şərəfini alçaldan, kiminsə ləyaqətinə toxunan, kiminsə barəsində sifarişlə şər, böhtan yağdıran məxluqdan Vətən xeyir görməz. Jurnalistikamızı bu xəstəlikdən çıxarmaq lazımdır.


- Ümumiyyətlə 10 il əvvəlki dövrlə indiki dövrün ciddi jurnalistikayla “reket” jurnalistikasının rəqabətini necə analiz edərdiniz? 


- Ciddi jurnalistika ilə “reket” jurnalistlər arasında heç bir rəqabət ola bilməz. Çünki tamam fərqli fəaliyyətlərdir bunlar. Açığını bilmək istəyirsinizsə, hazırda ciddi jurnalistika “reket” jurnalistlərə uduzdurulur. Ciddi jurnalist görəndə ki, “reket”lər onlardan yaxşı yaşayır və dolanışıqları da şah kimidir, özlərinə də, peşələrində də nifrət edirlər.


- Bu yaxınlarda sizin qaldırdığınız bir məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Jurnalistikayla bağlı olan adamların adlarına təsis edilən mükafatları nəzərdə tuturam. Siz demişdiniz ki, haqqı çatmayan adamlar belə mükafatlar təsis edir. Burada konkret kimi hədəfə götürmüşdünüz? Bu iradların bir nəticəsi oldumu?


- Burada mənim hədəfim kimsə deyil. İstəyim odur ki, dəyərlərimizə naxələf çıxmayaq, mətbuatla bağlı bir əlin barmaqları sayda olan dahilərimizə sayğı göstərək. Vaxtilə “reket” kimi akkreditasiyasını ləğv etdirdiyimiz Xatirə xanım (soyadını unutmuşam) “Zərdabi” mükafatı alır. Bu nə qədər məntiqlidir? Yaxud “Mirzə Cəlil” mükafatı təsis edilir, bu mükafatın təqdimetmə mərasimində baş verənlər (hələ görünəni budur) bizi ancaq məyus edir. Dostlar məndən inciməsin, bu iradlar şəxsi maraqlardan gəlmir. Mən laqeyd insan deyiləm və bütün məqamlarda öz sözümü deməyi bacarıram. Olmaz belə şeylər. Jurnalistikanı bərbad günə salmışıq, indi də o dahilərimizin ruhunu incidirik. Allaha baxın, etməyin! Jurnalistikaya sahib çıxmalıyıq. Yoxsa gələcək illərdə bu sahə ya olmayacaq, ya da tamam fərqli olacaq. Məsələn, jurnalist olmaq istəyən elə biləcək ki, “reket”lik jurnalistikadır. Mənim davam budur. Yoxsa kimsəylə şəxsi ədavətim, problemim yoxdur. Və sözümü açıq deyirəm, sosial şəbəkələrdə, orda-burda onun-bunun arxasınca çamur atmıram, danos yazmıram. Və belələrini bədbəxt hesab edirəm.


- Bu gün jurnalistikanın problemlərindən danışanda “reket”likdən əlavə, əsas nəyi qabartmaq lazımdır?


- Məlumdur ki, bu gün internet mediası həm yazılı medianı, həm də televiziyaları qabaqlayıb. Bunun yaxşı tərəfləri ilə yanaşı jurnalistikamıza gətirdiyi xəstəlikləri də var. Bu gün biz 7 yaşımızı qeyd edirik. İcazə verin, yubiley əhvalımızı saxlayaq. Ancaq qaldırdığınız məsələlər jurnalistikamız üçün çox gərəklidir və biz ciddi media rəhbərləri ilə bu kimi məsələləri müzakirə edəcəyik.


- Bəs sizcə, problemlərin aradan qaldırılması üçün Mətbuat Şurasının fəaliyyəti kifayətdirmi? Sizcə Şura nə etməlidir ki, KİV-lərin problemləri bu qədər diqqət çəkməsin?


- Bunun üçün ilk növbədə Mətbuat Şurasının səlahiyyətləri artırılmalıdır. Bir də çox istərdim ki, hər zaman həm dövlət qurumları, həm məmurlar gerçəkdən hiss etsinlər ki, Mətbuat Şurası əsl jurnalistlərin arxasındadır. İstərdim ki, “reket”lər Mətbuat Şurasının qapısını açmaqdan çəkinsinlər.

- Modern.az həm də jurnalistikaya yeni başlayanlar üçün təcrübə məkanıdır. Jurnalistika fakültələrinin tələbələrinin üz tutduğu əsas saytlardan biridir... Ümumiyyətlə, bilmək istərdim, “Modern.az şineli”ndən çıxan təxminən neçə tanınmış jurnalist var?


- Düzü, hər zaman belə məqamların əleyhinə olmuşam. İnsan hardasa öyrənməlidir, hardasa çalışmalıdır. Deyə biləcəyim odur ki, bu günə qədər Modern.az qapısı bütün gənclərin üzünə açıq olub. Bizdə jurnalistlik fəaliyyətinə başlayanlar desəm ki, 100-ü ötüb, təəccüblənməyin. Bildiyim qədər Modern.az məktəbindən keçə bilənlər istənilən yerdə çalışmağı bacarırlar. Bu, mənə böyük qururdur.


- Təxminən 3 il əvvəl saytda “yarpaq tökümü” oldu. Əməkdaşlar müxtəlif saytlara keçdilər. Sonradan isə bu gedişlərin arası kəsildi. İndi vəziyyət necədir, stabillikdir, yoxsa...?


- Sizin söylədiyiniz “Yarpaq tökümü” bizdə olmayıb. Bizdə elə bir sistem qurulub ki, ilk dəfə olaraq jurnalist kimi işə başlayan 2 aydan sonra formalaşır. Bu baxımdan bizim hansısa işçinin arxasında heç vaxt gözümüz qalmayıb və buna ehtiyac da duyulmur. Amma onu da bilin ki, mənim çalışmaq istədiyim işçi bizdən getmir və istəmədiyim işçi isə bizdə qalmır. 


- Kollektivdə nə qədər əməkdaşınız var və razısınızmı?


- İndi çox kiçik qüvvə ilə çalışırıq. Texniki işçilərlə bir yerdə 7 nəfər qalmışıq. Bir az da konktertləşdirsək, yaradıcı işlə 4-5 nəfər məşğul olur. Təbii ki, bundan razı ola bilmərəm. Amma gerçəklik budur və hələ ki, bununla razılaşmağa məcburuq. Hiss edirəm suallarınız çoxdur, bir daha diqqətinizə görə təşəkkür edirəm. Ancaq bu gün işlər xeyli çox olduğu üçün icazə verin, suallarınızın qalanını sonra cavablandırım. Məni jurnalistikamızın dərdləri ilə bir az da yükləsəniz, gərək 7 illiyimizi qeyd etməyək.


Nigar ETİBAR

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır