Modern.az

Çingiz xanın yurduna səyahət - Azərbaycanlı jurnalistin Monqolustan TƏƏSSÜRATLARI

Çingiz xanın yurduna səyahət - Azərbaycanlı jurnalistin Monqolustan TƏƏSSÜRATLARI

1 Sentyabr 2016, 18:12

Türkoloqların, tarixçilərin  kitablarında, sonra isə internet səhifələrində həsrətlə baxdığım Kutluq xaqanın, Kultegin xaqanın, Bilgə xaqanın, Tonyukukun daşlara çəkilmiş şəkilləri... izlədiyim sənədli filmlər...  Heç vaxt ağlıma gəlməzdi ki, nə zamansa, mən də o yerləri gedib görə bilərəm. Üfüqlər qədər uzaq, xəyallar qədər yaxın arzularımı Tanrı eşidibmiş.


Karvan yola düzəlir...


Atam sağlığında mənə bir dəfə dedi ki, “qızım get sən də Kəbəyə ziyarətə... Qayıdıb atama nə desəm yaxşıdır... “Ata, mən ziyarətə 50 yaşımdan sonra gedəcəyəm... Hələ vaxtım çatmayıb... Gəl səni göndərim...”.
Ürəyi xəstə olduğundan bizim insanların və milyonların bu günə qədər  ziyarət etdiyi həmin torpaqlara gedə bilmədi atam. Onlar üçün ən qutsal yer Məkkə, Mədinə idi. Mənim fotolarına heyran olduğum Kultegin, Bilgə xaqan, Tonyukuk məktublarından tam xəbərdar deyildi. Çünki bizim şanlı türk tariximizi, bütün kitablardan əvvəl yazılan  o daş məktublardan ayırmaq istəmişdilər. Türk dünyaya  yenidən hakim olmasın deyə...

O babalardan daşlara yazılıb qalan məktubları kim oxusaydı türk qeyrəti, türk qanı vuruşlara, yeni  döyüşlərə, zəfərlərə səsləyəcəkdi. Göy səmalar altında Azadlıq döyüşünə.  Bizim çox həqiqətlərdən xəbərimiz olmadı... Türk xaqanlarınin ruhları  uca Tanrıya qovuşandan sonra.

... İki ay əvvəl Beynəlxalq Türk Akademiyasından Türklərin Kəbəsi  Ötüken  ərazilərinə ziyarətə dəvət alanda bilmədim ki, sevincimdən neyləyim... Dəvətdən iki gün əvvəl ailə daxilində bir  sınağımız var idi. Gecəykən əllərimi Tanrıya açdım. İlteriş xaqanın, Bilgə xaqanın, Tonyukukun,  atamın və babalarımın ruhlarını köməyə çağırdım. Və Tanrıdan o ruhları mənə sarı döndərməsini istədim. Və dualarımda  Tanrıya vəd verdim ki, sınağımız, həyəcanımız keçsin, o babalarımı  bir gün ziyarətə gedərəm. Səhəri gün,  işimiz avand oldu. İşimiz düzəldi. Bir gün sonra isə... Bir gün sonra isə Beynəlxalq Türk Akademiyasından aldığım dəvət məni  çaşdırdı.  2 gün əvvəl Tanrıdan istədiyimi mənə göndərmişdi.

     
İntizarla gözlədiyim gün gəlib yetişdi.  Bakıdan Astanaya uçub, Monqolustana viza alandan bir neçə gün sonra, avqustun 19-da karvanımız yola düzəldi: Beynəlxalq Türk Akademiyasının əməkdaşı, arxeoloq Nurbolat Boqenbay,  “Qorqud ata” Beynəlxalq  İncəsənət Universitetinin  Elmi araşdırmalar mərkəzinin müdür yardımçısı, Semey Dövlət Universitetinin  professoru Amantay İsin, “Egemen Kazakstan” dövlət qəzetinin əməkdaşı Nurlubek Dosıbay, “Türk-media” portalının  ölkələrarası koordinatoru, tanınmış türkoloq, media eksperti Askar Kumyran (Umarov), “Kazakstan” Dövlət Televiziyasının peportyorları Almat Abduraman və Muratbek  Almasxan, İTV-nin Azərbaycandan olan Qazaxıstan və Mərkəzi Asiya respublikaları üzrə müxbir postunun rəhbəri Füzuli Məcidli ilə Astana hava limanından Almatıya uçduq. Oradan isə yolumuz Qırğızıstanın Bişkek şəhərinə idi. Monqolustana uçan təyyarəyə yetişmək üçün  bir gecə Bişkekdə  qalmalı idik.  
Axşam saat 19-da Bişkekdə təyyarədən endik. Şəhərə doğru yolumuz var idi. Manas aeroportundan Bişkekə gedən yolu bu dəfə az qala tanımadım. İnanılmayacaq dərəcədə abadlaşmış və beynəlxalq standartlara uyğun şüşə kimi bir yol salınmışdı. Yol mədəniyyətdir. Türk dünyasına gələn yollar dostlar üçün hər zaman belə açıq, gözəl olmalıdır. Hələ yolboyu yamyaşıl qocaman ağaclara, yaşıl ormanlara baxdıqca, adamın ürəyi açılırdı.

Səhər  açılar-açılmaz yol çantalarımızı götürüb Manas aeroportuna üz tutduq.  Yerli vaxtla 04:55-də  Monqolustanın paytaxtı Ulan-Batora uçan təyyarəni gözləyirdik ki, sıramıza daha iki nəfər alim qoşuldu. Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun  şöbə müdiri, doktor Ahat Salihov. Bu sarışın türk oğlu Manas hava limanına Moskvadan uçmuşdu. Həmin dəqiqə hər birimizə öz vizit kartını verib, yüz ilin tanışı kimi görüşdü.  Sıramıza qatılan digər dəyərli insan isə  Tatarıstan Elmlər Akademiyası A.Halikov adına Arxeologiya İnstitutunun direktoru, professor, dr. Ayrat Sitdikov idi. Çox ciddi və sakit, məsum görkəmi ilə digər danışıb-gülən yol yoldaşlarımızdan həmin andaca seçildi.


Bişkek-Ulan-Bator reysi 1 saat gecikdiyindən təyyarə yerli vaxtla 05:15-də havaya qalxdı. Səhərin gözəl alatoranında bu təyyarə göy səma ilə bizi, göy türklərimizin xaqan olduğu torpaqlara aparırdı.

                            


 Havası sərt, ürəyi isti Ulan-Bator      

     
5 saatlıq uçuşdan sonra, yerli vaxtla saat 11:30-da Ulan-Batorun Çingizxan hava limanında yerə endik. Bizi burada monqol dilini gözəl bilən, bu yerlərdə böyüyüb-başa çatmış tanınmış qazax əsilli arxeoloq alimlər Napil Bazılxan və Akadil Toyşanulı qarşıladılar. Hər iki alim həm də Beynəlxalq Türk Akademiyasının professorlarıdır. Akademiyanın rəhbəri, professor, dr. Darhan Kıdıralı onları dəyərləndirərək, beynəlxalq  türk  elm və birlik  ocağına dəvət edib.

Çingiz xan hava limanından Ulan-Bator şəhərinin mərkəzinə qədər olan yolboyu Napil Bazılxan bizə monqolların maraqlı məişət və milli adətlərindən, torpağa, təbiətə bağlılıqlarından danışdı. Onu da bildim ki, burada 17-ci əsrə qədər daha çox Tanrıçılıq dini mövcud olub. Xan Boqda hakimiyyətə keçəndən sonra insanlar məcburi və ya könüllü şəkildə buddizmi qəbul ediblər.

Şəhərə gələn dar avtomagistral yolda bəzən tıxaca da düşdük. Yol boyu təpəyəbənzər dağlar, yaşıl biçənəklər diqqətimizi cəlb etməyə bilməzdi. Doktor Napil dedi ki, buranın havası çox dəyişkən və sərt kontinentaldır. Yol boyu  parakəndə salınan evlərin həyətlərinin hamısında  böyük damlı evlərdən əlavə, həm də bir ağ çadır var idi. Monqol kim olursa-olsun, o əski və qədim həyatını unutmamalıdır. Mütləq yurdunda, həyətində köçəriliyini xatırladan bir çadırı olmalıdır.
       

Gəlib şəhərə çatdıq, şəhərdə müasir evlərlə yanaşı, Sovet illərindən qalmış və tikilmiş binalar bir-birinə qarışmışdı. Lap Azərbaycandakı kimi, kim harada boş yer tapmışdısa, orada özünə ya hündür müasir bina, biznes mərkəzi, ticarət mərkəsi ucaltmiş, özünə yeni mərkəz açmışdı.  Monqolustan Sovet hakimiyyətinin ilk illərindən demək olar ki, Rusiya ilə müttəfiq olub. Və bunun nəticəsidir ki, burada Sovet-Monqolustan birliyini əks etdirən yazılar, oraq və çəkic nişanələri hələ də qalmaqdadır. İnsanları indi də rus dilində danışır, rus mahnılarını həvəslə dinləyirlər. Lakin dövlət səviyyəsində işlədilən dil əsasən ingilis və monqol dilidir.


3 milyon əhalisi olan  Monqolustan parlament respublikasıdır. Paytaxt Ulan-Batorun küçələrində bir dənə də olsun yol polisi, mühafizəçi polis gözə dəymirdsi. İnsanlar çox rahat və problemsiz həyat sürürlər. Hətta onların əksəriyyətinin korrupsiya deyilən anlayışdan xəbərləri belə, yoxdur. Şəhərdəki bu xaotik tikililəri də 10 il bundan əvvəl Yaponiyaya və başqa inkişaf etmiş ölkələrə getmiş 500 min monqol başa gətirib. Həmin 500 min monqol həm özləri, həm də xarici vətəndaşları bu ölkəyə investisiya qoymağa sövq ediblər. Bu gün ölkədəki inkişafı və insanların həyat tərzini görəndə, fikirləşmək olar ki, 10 ildən sonra Monqolustan yeni bir inkişaf modeli ilə  dünyaya meydan oxuyacaq. Yəqin ki, hələ sovet passivliyindən çıxa bilmədikləri üçün  mühüm layihələrdə iştirak etməyə həvəs göstərmirlər.

Bizim səfərimizi təşkil edən Beynəlxalq Türk Akademiyasının rəsmiləri ölkənin görkəmli qurumları ilə bir necə memorandum imzalayaraq, Monqolustanın tarixində ilkə imza atdı. Monqolustan Dövlət Arxivlər İdarəsi ilə imzalanan memarandumun şərtlərinə görə, Akademiya bundan sonra Monqolustanda olan qədim türk tarixini əks etdirən bütün sənədlərdən istifadə edə biləcək. Monqolustan Milli Elmlər Akademiyası ilə imzalanan sazişə görə, Türk ölkələrinin akademikləri ilə birgə elmi işlər  həyata keçirmək və yeni elmi mərkəzlərin yaradılması da mümkün olacaq. Monqolustanın Milli Muzeyində imzalanan  memorandumun şərtlərinə görə, Beynəlxqalq Türk Akademiyasının tərkibində olan ölkələrin alimləri və arxeoloqları ilə birlikdə yeni layihələr işlənəcək. Bundan başqa, muzeyin qədim və yeni eksponatlarını Türk Akademiyası bir çox ölkələrdə nümayiş etdirə biləcək. Bütün bu məqamlar Türk dünyası üçün də, sayı az, ürəyi geniş olan monqol xalqı üçün də gözəl fürsət oldu.


Oğuz oğlu Çingiz xaqan və 7605 ölçülü uzunboğaz çəkmə


Ulan-Bator şəhəri ilə tanışlığımızın ikinci günü Napil Bazılxanın rəhbərliyi ilə Çüngiz xan və Tonyukuk abidələrini ziyarətə çıxdıq. Çingiz xanın muzeyi və heykəli həqiqətən də heyrət doğurur.  “Ginnesin rekordlar kitabı”na düşən bu heykəlin  başa gəlməsi üçün 6 ölkənin memarı iştirak edib. Heykəlin hündürlüyü 40 metr, ağırlığı 250 tondur. Günəşin zərli şəfəqləri altında, göy buludların hərəkət istiqamətində bu heykələ ayrı-ayrı rakurslardan diqqətlə baxanda Çingiz xanın da sifət gizgilərinin dəyişdiyini görürsən. Muzey kompleksin içərisindəki uzunboğaz çəkmə isə dünyada ən böyük çəkmə kimi “Ginnesin rekordlar kitabı”na düşüb. Bu çəkmənin  ağırlığı 3 tondur, hündürlüyü 9 metr, başa gəlməsində isə 225 ədəd inək dərisindən istifadə edilib, ölçüsü isə 7605-dir. Belə ölçüdə isə heç kimin çəkməsi olmayıb. Monqolların ayaq geyimlərinə və bu çəkməyə baxanda diqqətimizi maraqlı bir detal cəlb etdi. Bütün çəkmələrin burnu yuxarıdır. Bunun səbəbini isə belə izah etdilər. Burnu aşağı olan çəkmələr torpağa dəyəndə torpağı incidə bilər. Monqollar torpağı, təbiəti heç zaman incitmirlər. Onlar Göylərin qəzəbindən qorxurlar. Belə sivri uclu çəkmələrlə atın üzəngizini basmaq, onu minmək də asan olur. Bir də ki, keçmişdə bu çəkmələri əsasən  ölkədən–ölkəyə göndərdikləri casuslara geynidirirmişlər ki, keçdikləri yollarda izləri itsin. Torpağı incitməkdən qorxan monqollar hətta ölkədə geniş sənaye mərkəzləri kimi təşəkkül tapmış daş kömür yataqlarında da işləmirlər.
Çünki onlar torpağın bu dərinlikdə qazılmağını günah hesab edirlər. İnanırlar ki, ulu ruhlar, Göylər və budda torpağı qazıb, dərinliyinə getdiklərinə görə onları cəzalandıra bilər. Bu səbəbdən də Monqolustanın daş-kömür yataqlarında ancaq köçəri qazaxlar işləyirlər. Qazaxlar buraya əsasən 20-ci əsrin əvvəlində ölkədə Stalinin başlatdığı aclıqdan sonra gəliblər. Ancaq tarixi araşdırsaq, qazaxların da bu torpaqlarda qədimdən yaşadığının izlərini tapmaq olar. Çünki hər iki xalqın ortaq məişətində və mədəniyyətində oxşar keyfiyyətlər, hətta danışıq dillərindəki sözlərdə belə uyğunluq var.

 

Tonyukuk məktub yazıb...


Çingiz xan muzey kompleksini ziyarət edəndən sonra, bizi  daha bir möcüzə gözləyirdi.  Ekspedisiyaya daxil olan nümayəndə heyəti türk millətini məsləhətləri ilə bir araya gətirən Tonyukukun daş kitaba yazdıqlarını  görəcəkdik. Bu kitabələri biz filmlərdə izləmiş, kitablarda oxumuşduq. İndi ulu babalarımızın əli dəyən, imzası qalan o daşlarla həmruh olacaqdıq. Tonyukuk abidəsinə çatdıq. Bu abidə Ulan-Batordan 50 kilometr uzaqda, Bayn Çokto bölgəsindədir. Türkiyənin TİKA təşkilatı bir neçə ildir ki, bu yerləri himayəyə götürüb və artıq Tonyukukun daş kitabları hasara alınaraq qorunur. Əslində təbiətə və daşlara ziyan vurmayan monqollar burada da heç bir daşı zədələməyiblər. 6 əsrdən indiyə kimi qalan Tonyukük məktubları hələ də oxunur və Tanrı da onun pozulmasına imkan yaratmayıb. Hər birimiz hasarı adlayıb professor Napil Bazılxanın şərhlərini dinlədik. Napil uzun illərdir ki, Monqolustan səhralarında, Ötükəndə gizlənən daşlarla yatıb-durur, bizim üçün adi görünən daş parçasından, o tarixin sirlərini oxuyur. Babalarımızdan bizə qalan məktubları şərh edir.
Tonyukuk yazıları iki daş kitabədə yer alıb.  Birinci daşın hündürlüyü 243 santimetr, ikinci  daşın hundürlüyü isə 217 sm-dir. Araşdırmalar və hesablamalara görə Tonyukuk (646-731 illərdə ) 85 yaşında vəfat edib. O Kutluq xaqanın dayısı, İlteriş  xanəgahının və ikinci Göytürk dövlətinin diplomatı, həm də baş vəziri olub. Bütün həlli çətin məsələlərdə Bilgə xaqana  məsləhətlər verib, xarici dövlətlərlə danışıqların aparılmasında birinci şəxs olub. Bir neçə dil bilib. Lakin ömrünün son illərində Ötükəndən köçərək Urqaya gəlir. (İndiki Ulan-Bator). Bu daş kitabələrdəki yazılar isə  araşdırmaçıların gəldiyi nəticələrə görə, 716-cı ildə, Tonyukukun vəfatından sonra yazılıb. Dr.Bazılxan Tonyukukun məktublarından sevdiyi cümlələri bir də xatırladı:

“Gece uyumadı, gündüz oturmadı. Kızıl kanımı dökerek, kara terimi akıtarak işimi gücümü hep ona verdim. Öncüleri yine uzaklara gönderdim; hisarları, gözcüleri çoğalttım; basılan düşmanı getirdim; kağanım ile seferlere çıktık. Tanrı korusun, bu Türk milletinin içinde silahlı düşman dolaştırmadım, damgalı at koşturtmadım. İlteriş Kağan kazanmasaydı, onun ardından ben kazanmasaydım il yine, millet yine yok olacaktı. O kazandığı için, ardından ben kazandığım için il yine il oldu, millet yine millet oldu. Ben artık yaşlandım, kocadım. Her hangi bir yerdeki kağan sahibi bir millete benim gibisi olsa ne sıkıntıları olabilir? Türk Bilge Kağan ilinde yazdırdım. Ben Bilge Tonyukuk.”

Hər birimiz o daş məktubları qucaqlayıb, boyumuz çatan yerindən yazılardan öpdük. Hər kəin qismətinə bir cümlə düşdü. Mənim nəsibimə düşən  “Ben Bilge Tonyukuk’um. Çin ülkesinde doğdum. Türk milleti Çin’de tutsak idi. Türk milleti hanını bulmayınca Çin’den ayrıldı, han sahibi oldu. Hanını bırakıp yine Çin’e tutsak düştü. Tanrı şöyle demiş: Han verdim, hanını bırakıp tutsak düştün. Tutsak düştüğün için Tanrı öldürdü. Türk milleti öldü, bitti, yok oldu. Türk Sır milletinin yerinde boy kalmadı. Ormanda, dışarıda kalmış olanlar toplanıp yedi yüz er oldular” cümlələri oldu.  Bunu Ulan-Batorda ekspedisiyamızın sırasına qoşulan Ege Universiteti Ədəbiyyat və Türk dili fakültəsinin əməkdaşı Hatice xanım Şirin oxudu. Filoloq-alim Haticə xanım Türk dünyasında Orhon-Yenisey abidələrini oxuya bilən tək-tək alimlərimizdəndir. Beynəlxalq Türk Akademiyasının bu ilin may ayından başlanan ekspedisiyasında çalışır. Xanım dedi ki, xeyirə işarədir.  

Ekspedisiyamızın digər üzvü, gənc, lakin türk dünyasının tanınmış arxeoloqu, Tüfa Humanitar Araşdırmalar İnstitutu Arxeologiya və Etnoqrafiya bölümünün rəhbəri Dəmir Tutaş bu ərazilərlə artıq tanışdır. O Tonyukuk abidələrinin  baş tərəfində torpaqdan boy verən 30-40 sm hündürlükdə düzülən daşlarıdan danışaraq, dedi ki, bunlara “Bal-bal daşları” deyirlər. Tonyukuk abidəsindən üzü şimala sarı sıralanan daşlar 1 kilometr 237 metr məsafədə qurtarır. Və bu daşların sayı 152 ədəddir. Bu daşlar  ya öldürülən düşmənlərin, ya da qazanılan qələbələrin sayını göstərir.

 Biz bu məktub daşların, o başına-bu başına keçib dürlü-dürlü şəkillər çəkdirərkən, Monqolustan turizm şirkətindən icarəyə götürdüyümüz  xüsusi xidmət briqadası kənarda günorta yeməyi hazırlayırdı. Tonyukuk babamızın məktublarına toxunub, onun arzularını öz cismimizə həkk edəndən sonra, yemək süfrəsi ətrafında yeyib-içib, şənləndik. Burada isə diqqətimi bir məqam cəlb etdi. Açılıb-yığılan süfrədən çıxan çıxıntıların hamısını bir iri torbaya yığdı xidmətçilər.  Bir qayda olaraq, bu yerlərin insanları, getdikləri yerdə özlərindən sonra zibil buraxmırlar. Deyirlər ki, təbiəti çirkləndirmək  olmaz. Özlərini daşdan, ağacdan, buluddan, Aydan-Günəşdən, Göy Səmadan aşağı sayırlar. Heç zaman əldə etdikləri uğura öyünmürlər. Kimsənin üzərinə səs qaldırmırlar. Deyirlər ki, Göy Səmanın, təbiətin acışığna gələr. Deyirlər ki, inasan özünü dağdan uca saya bilməz. İnsanı təbiətdən sonra, yaradandan sonbra ən son planda görürlər. Heç vaxt heç nəyə  iddialı olmurlar.

 



İmzalar xeyirə yol açır....


Beynəlxaql Türk Akademiyası ilə Monqolustan Milli Elmlər Akademiyası Arxeologiya və tarix institutunun  sürprizləri isə bitmirdi. Avqustun 23-də 2016-cı ildə ekspedisiyamızın digər maraqlı marşrutuna start verildi:

“Tyan-Şandan-Ötükenə qədər: Böyük çöl xalqlarının tarixi-mədəni dəyərləri”. Bu gün həm də ona görə sevinirdik ki, bizim hamımızı bir araya yığan, ellər, insanlar arasında seçim edib, ata-babalarımızın qədim torpaqlarını və yurdlarını bizə görməyi nəsib edən akademiyanın prezidenti, professor, dr. Darhan Kıdıralı sıramıza qoşuldu. Ekspedisiyanın ilk günündən sıralarımıza qatıla bilməməyinin səbəbi o idi ki, işləri çoxalıb. Professor iki aydır Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə,  həm də dərin jurnalist və tarixi bilgilərinə görə “Егемен Қазақстан" qəzetinin rəhbəri təyin edilib.  Ölkənin birinci qəzetinin rəhbərliyinin nə qədər ağır yüklü olduğunu, jurnalistlərimiz və siyasi xadimlərimiz yaxşı bilirlər. Lakin işinin çoxluğuna baxmayaraq, o bizi bu ekspedisiyada tək buraxmadı.


Monqolustanın Arxivlər İdarəsində Türk Akademiyası və türk xalqları üçün çox önəmli olan  memorandum imzalandı. Sonra isə Monqolustan hökumətinin, Nazirlər Kabinetinin formalaşmasında, Monqolustan Konstutisiyasının yazılmasında danılmaz əməyi olan, tanınmış ictimai xadim  Turar Rıskulovun həyat və yaradıcılığından bəhs edilən, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə monqol dilində çap olunan iki kitabının təqdimatı oldu.
 Monqolustan  Dövlət arxivinin rəhbəri, tarix elmləri doktor İşjamtş Saruul Turar Rıskulovun monqol xalqının dövlət quruculuğundakı tarixi rolunu heç zaman unutmayacaqlarını söylədi.  Bu arada onu deyim ki, artıq sıralarımıza Türkiyədən olan alimlər və jurnalistlər də qatılmışdılar. Qazaxıstanın Monqolustanda olan böyük elçisi Kalıbek Koblandin,  TİKA-nın Qazaxıstandan olan təmsilçisi Abzal Saparbekulı,  Türkiyə Elmlər Akademiyasının professorları Əhməd Cavad Acar,  Nuri Yurdusev, Türkiyə Tarix İnstitutunun rəhbəri, professor Rafik Turan, NTV kanalının məşhur juranalist və reportyorları Ahmet Yeşiltəpə və kameraman Ahmet Uçar,  “Yeni çağ” qəzetinin köşə yazarı Gurşad Zorlu,  türkoloq dr. Rısbek Alimov, özbəkistanlı arxeoloq  Qaharbek Ömürov,  türkoloq, İzmir Katip Çelebi Universiteti Soial və Dünyəvi elmlər fakültəsinin dekanı  Risbek Alimov, Monqolustan Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun arxeoloqu,  professor Çuluun Sampildonov, Ukanbator Universiteti Arxeologiya fakultəsinin rəhbəri dr.Erdene Baatar da ekspedisiya qrupumuzu zənginləşdirdilər. Bu qədər alimin içərisində özümümzü çox rahat hiss edirdik. Hər dəqiqə nəsə öyrənir, könül kitabımızı yeni bilgilərlə zənginləşdirirdik.

 
Daş döşündəki ağ çadırlar


Günorta saat 3 radələrində maşın karvanımız Şiveet Ulan – yəni Qırmızı qala kompleksinə tərəf üz tutdu. Ulan Batordan  Bu kompleksə qədər olan yol 500 kilometrə qədərdir. Proqramımızda yazılanlara görə, gecə saat  22-də  Monqolustanın  Bulqin aymakındakı (qəsəbəsində) Bayan –Aqt  kəndində turizm bazasına çatacaqdıq. Yollarda Tanrının yaratdığı  bir-birinə bənzəməyən nə qədər  gözəlliklərlə rastlaşdıq. Yamyaşıl dağların ətəyində çiçəkli-güllü yamaclar, sulu gölləri, bu yamaclarda bir-birindən yaraşıqlı heyvanları arxada qoyurduq. Yağışdan sonra dağlara  gözəllik verən göy qurşaqları...
Monqolustanın 3 milyon əhalisi olduğu halda, qeyri-rəsmi hesablamalara görə, 60 milyon mal-heyvanı var. Bu mal heyvan sırasına dəvə,  iri buynuzlu qaramal, qoyunlar və keçilər də aiddir.  Nədənsə Ümumdünya Ərzaq Təhlükəsizliyi Təşkilatı Monqolsutanın  ət-süd məhsullarının ölkədən çıxarılmasına çox icazə vermir.  Problem ondadır ki, onlar heyvanı bizim adət etdiyimiz kimi  kəsmirlər, monqollar budda dini  adət-ənənələrə uyğun olaraq, heyvanın ürəyindən iti bıçaqla vurub, bir neçə saniyənin içərisində öldürür, bu qan torpağa axmasın deyə , mal heyvanın qanını qarnının  içərisinə axıdırlar. Deyirlər ki, torpağa qan tökmək olmaz. İndi ölkədə fəaliyyət göstərən bir neçə türk iş adamının sayəsində buradakı qeyri dindən olan  insanlar Monqolustanın mal-heyavının ətindən istifadə edir. Buna baxmayaraq, zaman-zaman bu ölkədə kök salmış qazaxılar qoyun -quzunu elə bizim adətlərə uyğun kəsiblər.

Monqolustan təbii şəraitinə və coğrafi yerləşməsinə görə dünyanın ən soyuq ölkələrindən sayılır.  Günəş batandan sonra, yol boyu bu soyuğu hamımız hiss etdik. Getdikcə uzanan yollarda çox az yaşayış məntəqələri gözə dəyirdi.  Dağ döşündə və yamaclarında bir-birindən  500- 1000 metr aralıda ağ  yumru çadırlar gözə dəyirdi. Həm də bələdçimiz olan Napil Bazılxan dedi ki, monqollar bu yerlərə yaylağa çıxırlar. Çadırlar bir-birindən uzaqda olsalar da,  insanlar bir-birindən uzaq deyillər. At, motosiklet, bu yerlərin şəraitinə uyğun “Jeep” avtomobilləri ilə bir-birindən xəbər tutur, heyvanı örüşdən qovub gətirirlər, burada hələ də  heyvan nobatı tutmaq adəti yaşayır. Haradansa pulla çoban gətirmirlər. Çox mehriban qonşuluq şəraitində yaşayırlar.


Əfsanəvi Orhon çayı


Təqribən 300 kilometr yolu  qət edəndən sonra,  Orhon çayının sahilində  dayandıq.  Tanrı bu yerləri necə gözəl yaradıb. Orhon çayı haqqında Kulteginin və Bilgə xaqandan qalan daş kitabələrdə yazılır. Bu çayın ətrafında Böyük  Göytürk İmperiyasının əsgərləri, əhalisi yaşayıb. Tanrının əhvalının ən gözəl vaxtında yaranıb bu yerlər.  Orhon çayı, onunla üzbəüz dağ və onun yamacları buralara elə bir gözəllik bəxş edib ki, insan gözü baxdıqca doymur.  Çayın sahilində yeyib-içdik, dincələndən sonra yolumuza davam edirik.

Hava qaralar-qaralmaz Erdenet şəhərinin yaxınlığından keçirik. Şəhərin yaxınlığında görünən  metallurgiya kombinatını xəbər alırıq. Napil bəy deyir ki, 1974-cü ildə Sov.İKP MK-nın baş katibi L.İ.Brejnev  bu ölkəyə səfər edərkən burada dağ-mədən  kombinatının haqqında iki   müttəfiq və dost ölkə arasında saziş imzalanır. O gündən sonra qəsəbə şəhər statusunu alır. 1978-ci ildə kombinatın açılışı olur. Elə həmin ili burada dəmir yolu xətti də fəaliyyətə başlayır.


Yollar bizə yol verin


Gecə saat 01:12-də bizim olduğumuz avtobus asfalt yolu  arxada qoyub,  dərə-təpə, dağ yamaçları ilə Bayan-Aqt qəsəbəsinə yol alıb. Yollarda heç bir işarə yoxdur. Hərdən bir  sürücü  Suxbattardan  mənzilə nə zaman çatacağmızı soruşanda deyir ki, 1 saat qalıb.  Bir az dağ yolları ilə gələndən sonra güclü yağışa düşürük.  Qara-qara buludlar göy üzündə yolları seçməyə imkan vermir. Arxamızca gələn digər avtobus və avtomobillərin də sürücüləri   bir-birinin işığına yol gedirlər. Maraqlı orasıdır ki,  Yağışla dolu gölməçələrdə, yollarda  avtomobillərin təkəri batmır. Deyirlər ki, Suxbattar bu yolları gözüyumulu tanıyır. Birdən hiss edirik ki, gecənin bir aləmində yolu azmışıq. Karvanımız gəldiyimiz yolu geri dönür. Bizim avtobusda olan sərnişinlərin kefi çox yixarıdır, lətifə danışırıq. Hətta azıb  qalacağımız halda, bu kimsəiz-səssiz və  rabitə, işıq olmayan yerdə nə ilə qidalanacağımız haqqında düşünəndə, zarafat edərək belə qərara gəlirik ki, hər dəfə bir adamı kəsib yeyəcəyik. Ən çox narahat olduğumuz isə odur ki,  avtobusun yanacağı qurtarsa, +3 dərəcə soyuq havada  səhəri necə açacağıq.

Bizim olduğumuz avtobusda narahatçılığımız zarafatla ötüşdüyü vaxtda, sən demə Türkiyədən olan  qonaqların araında  sözün əsl mənasında narahatlığı yaranıb. Burada yeri gəlmişkən bir məqamı da qeyd edim ki,  fərqli statusa malik Darhan bəy bu səfərdə özünü  qonaqların hər biri ilə eyni səviyyədə tutur, hətta arxada gələn rahat “Jeep” avtomobilinə də otura biləcəyi halda, o hər birimizlə bərabər olub, avtobusda gəlməyə üstünlük verib.





 Sveet Ulan-Kutluq xaqan məbədi- Türklərin ilk məbədi


Sürücü səhər saat 7-nin yarısında bizi Bayan Aqt turist  mərkəzinə gətirib çıxaranda, hamımız onu əl çalmaqla, alqışlayaraq maşınlardan yerə endik. Ətrafda  həzin bir sakitlik var idi.  Avqust ayının gəlişi otların üzərinə səhər şehi salıb. Ətrafda elə bir hava var ki,  insan ciyərlərinə çəkdikcə rahatlanır. Bizi çadır evlərdə yerləşdirirlər. Çadırların ortasından odun sobasının tüstüsü çıxırdı.  Ekspedisiyada cəmi iki qadın olduğumuzdan  mən və Haticə Şirin üçün yataq yeri ən birinci həll edildi. Buraların sahibəsi lap bahalı otellərdə işlədilən ağ döşəküzü və örtüklə yatağımızı  hazırladı. Odun sobasının qarşısına da xüsusi qabda odun gətirildi. Və bir anın içərisində çırta-şırtla yanan odunun istisinə qızındıq. Yol boyu üşüməyimiz də yaddan çıxdı. 

Günorta saat 11-də bizə xidmət edən briqada yenə çay süfrəsi hazırladı, yeməyimizi yeyib  Şviit Ulana üz tutduq. Bu kompleksin varlığını ilk dəfə olaraq Monqolustan Milli Elmlər Akademiyası ilə birlikdə Beynəlxalq Türk Akademiyası üzə çıxarıb. Çoxluq Monqolustan tərəfdən olmaqla, türk dünyasının da bir neçə arxeoloqu buradakı qazıntılarda işə başlayıblar. İlkin nəticələri dünyaya çatdırmaq, dünyanı xəbərdar etmək üçün professor Darhan Kıdıralı bizi yığıb bu müqəddəs məkana gətirib.
 Kompleksə çatanda bizi  yerli əhali milli geyimlərdə və ətrafda qalanmış iki tonqalla qarşıladı. Bu yerlərdə xoş məramlı qonaqları belə qarşılayarlar. Od yandırmaq həm də təmizlənmək adətindən irəli gəlir. Yerli inanclara görə, pis niyyətli insanlar bu ocaqların arasından keçib gedə bilməzlər. Biz uyğun ayinlərə əməl edib, Qırmızı Qala-Şiveet Ulan kompleksinin üst hissəsinə çıxdıq. Məbədin aşağısında iki üzbəüz dağın ətəyində həm Xanuy dərəsi yerləşir, həm də bu dərəni iki hissəyə bölən Xanuy çayı axır. Bu çay Selengə qoluna birləşərək, gedib Orhan çayına  tökülür. Məbədin hansı tərəfinə dönürdüksə, gözəllikdən gölzərimiz qamaşırdı. Tanrı  Yer üzünə bu qədər gözəlliyi verməyə xəsislik etməyib. Bəlkə elə ona görə də bu yerlərin insanları belə səxavətli, açıq ürəkli, mal-dövlətə  biganədirlər. Onlar 40 dəqiqəyə söklüb yığılan bir çadırla kifayətlənərək, sahibləri olduğu mal-heyvana baxmaqdan başqa  heç nəyin fərqinə varmırlar. Onlar üçün bir mütləq həqiqət var: Təbiəti və Göyləri incitməmək! 

Məbəd kompleksin ətrafını gəzirik. Bələdçi  girişidə 10 ədəd iri daş parçalarından olan hörmə divarların nişanələrini göstərir.  Bu daş parçalarına dairəvi kompleksin hər tərəfində keşikçi kimi düzləniblər.  Bundan əlavə isə məbəd və ya müqəddəs məkan adlandıracağımız bu yerdə  insan formasında yonulmuş 8 ədəd balbal daşı, 2 şir heykəli, 2 it heykəli, 5 ədəd isə  daşlardan yonulmuş qoyun heykəli var. Heykəllərdən birinin yanında anasına sığınmış quzu abalası da dayanıb. Və bir də ki, yerdə uzadılmış həmin o Məngu Daş. Bu daşın üzərində  63 tamqa (damğa) var. Bu damğalar  Türk soylarının varlığını yenidən yaşadan Aşina evinə məxsusdur. Aşina einin sahibi isə Kutluq xaqan olub. 6-cı əsrin sonlraında türk ellərini bir araya yığaraq, qurultay keçirib. Qurultayı keçirən Kutluq xaqana bu xeyirxah əməlinə görə o zaman Elteriş də deyərdilər. Yəni eli bir araya yığan.


Professor Darhan Kıdıralının fikrincə, kompleks  Göy Türklərin  birinci dövlətçiliyi zamanından mövcud olub:


- Buralar türkün daş məktublarında, yazılı mənbələrdə adı keçən Ötükənin özüdür. Çünki indi məbəd adlandırdığımız bu  dairəvi kompleksin ortasında dayananda, uzanana üfüqlərin, görünən dağların hər yerinə olan məsafə eyni ölçüdə görünür. Və tam arxayınlıqla demək olar ki, dayandığımız nöqtə dünyanın mərkəzidir.  Ən maraqlı hadisə isə odur ki,  bü yuksəkliyin üzərindən buludlar yerə baxıb keçərlər, bu məbədin üzərində  yağmazlar. Arxeoloqlarımızın üç ay ərzində apardıqları axtarış nəticəsində isə həmin tarixin  kiçik bir pəncərəsini aça bilmişik.  Bu məbədin ətrafında qurbangah, ocaq qalamq üçün yer ondan xəbər verir ki,  Tanrıçılıq dini hələ İkinci Göytürklərin zamanından mövcud olub. O zamandan qalan daş kitabələrdə də bu dinin mövcudluğuna işarələr var. Burada arxeoloji qazıntılar zamanı tapılan bütün hər şey, dünyada beşinci din kimi tanınacaq  Tanrı dininin daha əvvəl mövcid oldiuğuna  sübutdur. Dünyada  3000 danışan  dil var, onların təkcə 200-nün əlifbası mövcuddur.  Bu gün biz də  bu nadir tapıntılarımızla, türklərə “Sizin kitabınız olmayıb” deyənlərin də cavabını vermiş oluruq. Məlum olur ki, bizim kitablarımız və yazılarımız daha qədimdir.  Burada yeni  aşkar olunan tapıntıları görən ekspedisiyada iştirak edən alimlərin hər biri belə qənaətə gəldilər ki, Ötükəndə qədim türklərin çox güclü bir dövləti və imperiyası olub.

Darhan Kıdıralı onu da dedi ki, İslam dinini türk torpaqlarına yaymağa gələn  missionerlər türklərdən onların allahlarının harada olduğunu soruşanda, qədim türklər onlara “Allahı təsəvvür etmək olmur” deyə göyləri göstərmişdilər. Bəlkə elə buna görə də, türklər İslam dinini belə asanlıqla qəbul edə bilmişdilər. Bütün bu sübutlara baxmayaraq, bizim burda çox uzun və  sanballı araşdırmalarımız olacaq. Məbədin içərisində hələ çox sirrlər yatır.

Məbədin baş arxeoloqu Napil Bazılxan daş heykəllərə diqqət çəkərək bildirdi ki, bu heykəllərdən qoyun və şir füqurlarından bütün türk ölkələri ərazilərində mövcud olub. Yerli əhali isə bu gün  Tanrının və Göylərin onlara acığı tutmasın deyə, bu daşların yerləşdiyi yerə gəlib onların yanına süd və düyü də qoyurlar. Bu məkana ziyarətə gələndə  burada pis fikirləşmək, bəd sözlər danışmaq olmaz. Tanrı belə inanları sevməz. Bir çox insan füqir və heyvan füqurlarının başlarının bədəndən ayrılmasını isə, o çinlilərin bu yerlərə yürüşü zamanı fəlakət gətirdikləri ilə əlaqələndirdi. Dedi ki, çinlilər belə hesab ediblər ki, bu daşların ruhu var. Belə heykəllərdən qorxublar və onları sındıraraq, mövcud heykəldəki gücləri özlərinə çəkiblər. Bundan əlavə isə 18-ci əsrdə bu yerlər aşkar olunana qədər isə ərazidə 15 dəfədən çox talan və çapqınlar olub. Buraya gəlib gedənlər məbədin bir çox sirlərini və eksponatlarını daşıyıb aparıblar. Biz indi, daha çox daş yazılar tapmağa ümidliyik. Və yəqin ki, Sveet Ulan- Kutluq Xaqan Məbədi bundan sonra bir çox sirrlərini bizə açacaq, biz isə dünyanı təccübləndirə biləcəyik.




Səhrada seminar... bayram tonqalları

Geniş tərkibli  ilk ekspedisiyamız başa çatandan sonra Bayan-Aqt qədəbəsinin bələdiyyəsi və  ətrafda yaşayan yerli əhalinin iştirakı ilə “Böyük Çölün köçəriləri: tarixi və mədəni oxçarlıqlar” adlı səhra seminarı keçirildi. Səhra seminarında Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı  köçəri xalqlarının oxşar həyatından danışaraq, bu yerlərdə xaqanlıq, xanlıq etmiş Çingiz xanın irsi haqqında geniş və yeni açıqlamaqlar verdi, Çingiz xanın  oğuz nəslindən olduğunu, onun  şəcərəsindəki  ardıcıllıqlarda  türk və qazax adlarının olmasını isbat etdi. Və çıxışın sonunda,  Bayan Aqt  Bulqan aymakının akimi  Erdene Bildeqtə  Sviit Ulan-Kutluq xaqan məbədini ona etibar etdiklərini dedi.  Ərazidə aparılan  arxeoloji qazıntıların baş tutmasında yaxından köməyinə görə, Beynəlxalq Türk Akademiyasının 15-ci Qızıl medalını  Erdene Biqdeqtə  təqdim etdi. Öz növbəsində Bayan Aqt  Bulqan aymakının akimi  Erdene Bildeqt  videoçarxla gələcəkdə məbədin hansı özəlliklərə məxsus olacağını açıqladı. Və dedi ki, gələn il burada məbəddən və ətraf ərazilərdən tapılan arxeoloji eksponatların muzeyini quracaqlar. Türk Akademiyası ilə birlikdə qurduqları yeni əməkdaşlıq nəticəsində, doğma torpaqlarında gələcəkdə saysız hesabsız turistləri qarşılayacaqlarından məmnun olduqlarını söylədi.

 Seminar bitdikdən sonra, qonaqalar məbədin  aşağısında qurban kəsib, Tanrıya dualar etdilər.  Bayan Aqt mahalının sakinləri isə bizi öz bəzəkli çadırlarında  açdıqları süfrəyə dəvət etdilər. Toy –bayram libaslarında  qonaq qarşılayan ev sahibləri bildirdilər ki, bişirilən qoyunu müsəlman qaydalarına uyğun olaraq qazax əsilli kişiyə kəsdiriblər. Bu geniş qəlbli insanların geniş süfrələrindən pay aldıq, bizim üçün piyalələrə süzülən kumısdan da, araq dadı verən  ağ sudan da doyunca içdik. Qeyd edim ki, bayram mərasiminə gələn ev sahibləri evdəki 2 aylıq uşaqlarından tutmuş, bütün ailə üzvləri ilə başımıza toplaşmışdılar. 
Sonra isə qonaqlar üçün bayram konserti çalındı. Onların ifa etdikləri monqol rəqsləri və mahnıları da qonaqların marağına səbəb oldu. Və bu gecənin sonunda  yol üstündə qalanan tonqalın ətrafında hamı rəqs etdi. Yerli camaat çox sevinirdi. Bizdən ayrılanda uşaqdan böyüyə hamısı bir-bir gəlib, bütün qonaqlara ehtiram göstərərək, “Yaxşı yol” arzuladılar. Biz də onu bildik ki, bu yerlərə  çox az hallarda qonaq gəlir. Gələn qonağa isə insanlar çox evinirlər. Qonaq qarşılamaq onlar üçün əsil bayram əhval ruhiyyəsidir. Yuxarıda qeyd etdiyim ki, bir birindən ən azı 500 metr məsafədə aralı yaşayan bu insanlar, hamısı bir yerə toplaşmağa məqam axtarırlar. Bələdçimiz dedi ki, burada xəbərlər sanki simsiz teleqraf vasitəsiylə yayılır. Bir saat  ərzində, atlar və çaparlar vasitəsiylə   bu ucu bucağı görünməyən çöllükdə baş verən bütün hadisələrdən xəbər tuturlar. Belə bir əlaqə isə hər zaman  köçərilərin həyat tərzi olub.

 30-dan artıq ekspedisiya üzvü ilə birlikdə xoş əhval-ruhiyyəylə yenə hər kəs öz çadırına qayıdır. Mən də Xədicə xanım ilə qədim türk tariximizin  sirli məqamlarına ekskurs edir, monqolların bir  köçəri xalq kimi bu günə qədər öz adət-ənənlərini necə qayğı ilə saxlamalarına heyranlığımızdan danışırıq. Gecənin ulduzlarla dolu işıq selində, Ay parlaqlığında çölə çıxıb bir az da ətrafdakı düzənləri, dağları seyr edirik. Hardansa axan çayın səsi elə bil ki, gecəyə layla çalır... Gecənin belə səssiz gözəlliyin seyr edəndən sonra, çadıra girib, odunu yanıb qurtaran sobaya yenə də odun atırıq. Və çırtaçırtla yanan ocaq qəlbimizi və içərisində tərtəmiz hava olan çadırımızı  daha da isidir.

                               
Öge Noour-Ana Göl


... Gultəkin və Bilgə xaqandan qalan daş məktubları oxumaq üçün yola çıxırıq. Gəldiyimiz yolları geri qayıtmırıq.  İrəliyə gedirik.  Yol insanı yolda qoymazmış. Təki amalın, məqsədin, arzun  saf olsun.  Bir xeyli gedəndən sonra böyük bir gölün yanında dayanırıq.  Deyirlər ki, bu gölün adı Öge Noourdur. Türkcəyə tərcümə ediləndə “Ana göl” kimi səslənir. Ana gölün ətrafında yenə də su içən atlar, çimən, dincələn insanlar var.  Tək-tək yerlərdə  kafe tipli köşklərin də olduğu gözə çarpır.   
Dövrümüzün Kultəkini adlandırdığımız  Darhan Kıdıralı bizə yaxınlaşır. Üzündə elə bil ki, günəş yanır . Qəlbinin işığı bizi də işıqlandırır.  Gözləri gülə -gülə deyir: “Bu göldə Kulteginin 10 min atı suvarılırdı. Bu yerlərin hakimi o xaqan idi”.
... Zaman –zaman etdiyimiz söhbətlərimizdən də bilirəm ki, Darhan bəy  böyük türk birliyinin yaranması, qədim türk tarixini dünyaya tanınması üçün oxumadığı əsər, baş vurmadığı dərinlik qalmayıb. O  bu abidələr, bu qazıntılar barədə danışanda hiss edirsən ki, danışan cismi deyil ruhudur. Mən dəfələrlə hiss etmişəm ki, Darhan Kıdıralı Göy Tanrıya ən yaxın bəndədir.  Kulteginin   Ana nohuruna salam verib, yenə yolumuza düzəlirik.


Kultegin nə yazdı? Tanrı nə yazdı?


Kultegin kompleksində bizi yenə monqol nümayəndələri böyük səxavət və qonaqpərvərliklə qarşılayırlar. Hətta açdıqları monqol süfrəsinə böyük tabaqlarda gətirdikləri qoyun ətindən hazırlanan yemək haqqında da məlumat verirlər. Məlum olur ki, bu qoyunu da qazax kəsib, daha sonra  böyük qazanın içərisinə çay daşlarını düzərək, doğranmış ətləri onun üzərinə yığılıb, söğan, ədviyyat vurandan sonra, 4-5 saat ərzində  ocaqda bişirib. Tərifini eşitdiyimiz yeməyi yedik, elə deyilincə var imiş. Dadlı yeməkdən sonra dəvə südündən hazırlanmış kumısa qonaq etdilər. 


...Muzeyi seyr edirik. Muzeydə iki böyük daş kitabədən əlavə həm də  eyni dövrün yəni 624-735-ci illəri əks edən zamanlardan, və sonrakı əsrlərdə tapılan  muzey eksponatları, başsız bədənlər, bədənsiz başlar, heyvan heykəlləri,  daş ovdanlar, zinət və bəzək əşyaları və bir də ki, Bilgə xaqanın qızıldan baş tacı var. Bu baş tacı 2001-ci ildə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Muzeyin bələdçisi xanım əfəndi, bizə məlumat verərək deyir ki, Kultegin və Bilgə xaqan  və Kapağan Kutluq  xaqanın oğulları olublar. Bu daş kitabələr isə Tonyukuk kitabəsindən 360 mm uzaq məsafədə tapılsa da eynı  əsrə təsadüf edir. Fərq ondadır ki, Bilgə xaqan və Kulteginin yazıları Orhon çayı sahillərində tapılıb. Yazılarda türk dili, tarixi, ədəbiyyatı, sənəti, nəsli, şəcərəsi haqqında  mühüm bilgilər var. 
Tonyukuk yazıları 716-cı ildə, Kultegin yazıları 732-ci, Bilgə xaqanın yazıları isə 735-ci ildə  bu daşlara həkk olunub.  Kulteginin daş kitabəsi tapılan yerdən  düzülən 272 ədəd  bal-bal daşlarının ərazisi 3 kilometr uzanır. Yazılardan da məlumdur ki, xaqan Kultegin 47 yaşında ölüb. Onun dünyadan köçməsini daşa belə yazıblar: “Tanrıya uçdu”. Bu da onu deməyə əsas verir ki, o gözəl əməllər sahibi olduğundan , ruhu indi də Tanrı dərgahındadır. Muzey kompleksdə onu da öyrənirik ki,  ilk dəfə bu abidələri 1889-cu ildə  rus tarixçisi  Nikolay Mixayloviç Yadrintsev  Monqolustanın Şimalında Orhon çayı sahillərində aşkar edib. Runi yazıların oxunmasında isə fin və rus alimləri böyük səy göstəriblər. Aksel Olay Geykel və Vasili Vasileviç Radlov bu  yazıları ilk dəfə oxumağa başlayan alimlərdir. Danimarkalı alim Vilhelm Tomsen isə bu yazıların içərisində ilk dəfə 1893-cü ilin  dekabr ayının  əvəllərində “türk” sözünü oxuyandan sonra, kitab öz sirrlərini açıb. Və bu haqda Kral akademiyasına xəbər göndərib.  Sonradan tədqiqatçılar bu daşlar üzərində olan hər bir nöqtənin mənasını da öyrənməyə başladılar. Kultegin yazısı yazılan daş lövhənin hündürlüyü 3,35 metrdir. Daşın arxa tərəfində yazılar Çin əlifbası ilə həkk olunub.  Daşın aşağı hissəsinin eni 132, yuxarıya doğru isə daralaraq 122  satimetrə bərabər olur.  Yan tərəflərindəki bu ölçü  44-46 sm arasındadır.  O da məlumdur ki, Kultegin 732-ci ildə vəfat edəndən sonra,  qardaşı Bilgə xaqan  onun haqqında yazıları daşa həkk etdirib:

“Öyle kazanılmış, düzene sokulmuş ilimiz, töremiz vardı. Türk, Oğuz beyleri, milleti, işitin: Üstte gök basmasa, altta yer delinmese, Türk milleti, ilini töreni kim boza bilecekti? Türk milleti, vazgeç, pişman ol!... Babamızın, amcamızın kazanmış olduğu milletin adı sanı yok olmasın diye, Türk milleti için gece uyumadım, gündüz oturmadım. Küçük kardeşim Kül Tigin ile, iki şad ile öle yite kazandım. Öyle kazanıp bütün milleti ateş, su kılmadım. Ben kendim kağan oturduğumda, her yere gitmiş olan millet öle yite, yaya olarak çıplak olarak dönüp geldi. Milleti besleyeyim diye, kuzeyde Oğuz kavmine doğru, doğuda Kıtay, Tatabı kavmine doğru, güneyde Çine doğru on iki defa büyük ordu sevk ettim, … savaştım. Ondan sonra, Tanrı bağışlasın, devletim var olduğu için, kısmetim var olduğu için, ölecek milleti diriltip besledim…”.


Bu məktubların hər biri türk xalqının konstitusiyasıdır, desək yanılmarıq. Bilgə xaqanın məktubu isə  735-ci ildə  oğlu Tenri xaqan tərəfindən yazılıb. Yazılarda dövlətin necə qurulub başa gəlməsi haqqında bilgilər yer alıb. Bu daş məktub 375 sm-lik lövhədə həkk olunub.  Burada türk oğluna  ibrətamiz məsləhətlər də yer alıb: “… Dokuz Oğuz beyleri, milleti! Bu sözümü iyice işit, adamakıllı dinle: Doğuda gün doğusuna, güneyde gün ortasına, batıda gün batısına, kuzeyde gece ortasına kadar, onun içindeki millet hep bana tâbidir. Bunca milleti hep düzene soktum. O şimdi kötü değildir. Türk kağanı Ötüken ormanında otursa ilde sıkıntı yoktur...”.
 6-cı əsrdə yazılan, və  o böyük xaqanların Tanrıdan istəkləri nəticəsində gəlib bu günümüzə qədər çatan məktubların qorunmasında da bir sirr var.  Tanrıya qovuşan həmin böyük ruhlar, bilirdilər gələcəkdə türk dünyası viran olub, talan olub, dağıla bilər. Və bir gün kimsə bu məktubları oxuyub, bu yazılara əməl edib, eli yenə də bir yerə yığa, toplaya bilər. Gün o gün olsun ki, Göy Tanrını da, o uca ruhları da sevindirək!


Aida Eyvazlı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...