Modern.az

Bağçaların TALEYİ: Nazirlik yoxsa Bakı Şəhər İcra Hakimiyyəti?

Bağçaların TALEYİ: Nazirlik yoxsa Bakı Şəhər İcra Hakimiyyəti?

2 Sentyabr 2016, 10:11

 

Uzun müddətdir ki, paytaxtdakı məktəbəqədər təhsil  müəssisələrinin, bağçaların Bakı Şəhər  İcra hakimiyyətindən alınıb Təhsil Nazirliyinin tabeliyinə verilməsi ətrafında fikirlər dolaşır.

Hətta, cəmiyyət belə düşünür ki, dəyişikliyin gerçəkləşməsi  məktəbəqədər təhsil müəssisələrinin səliqəli fəaliyyət göstərməsinə  səbəb olar.

Çoxlu müzakirələr aparılsa da, hələ ki, bir nəticə yoxdur.

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli  Modern.az-a açıqlamasında  deyib ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinə bu maddənin salınmasını düşünmürlər.

 

“Elm və Təhsil komitəsinin mövqeyi budur. Bu məsələ barədə Azərbaycan cəmiyyətində müxtəlif fikirlər var. Yekun qərar isə müvafiq icra hakimiyyətinin  istəyindən asılıdır. Necə qərar qəbul olunarsa, o cür də idarə olunmalıdır”.

Deputat əlavə edib ki,  “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi  çərçivəsində işlər gedir.

 

“Burada məktəbəqədər təhsilin formaları, inkişaf istiqamətləri, mahiyyəti,  idarə olunması,  əlaqələri  kimi məsələlər öz əksini tapacaq. Hələ ki, bunlar ilkin hazırlanma  mərhələsindədir. 

Milli Məclisin Elm və təhsil komitəsi  belə hesab edir ki, bağçaların hansı icra hakimiyyətinə tabe olması məsələsi  “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin predmeti  deyil.  Bu barədə yalnız müvafiq icra hakimiyyəti qərar qəbul edə bilər”.

 

İsa Həbibəyli  həmçinin, məktəbəqədər təhsil müəssisəsi ilə  bağlı  dünya tıəcrübəsindən yararlandıqlarını da dilə gətirib.

“Biz bu haqda qanun layihəsi hazırlayarkən dünya təcrübəsinə də baxdıq.  Məktəbəqədər təhsillə bağlı dünya təcrübəsində müxtəlif cür yanaşmalar var.  Təxminən,  14 ölkənin təcrübəsini öyrənmişik.  

 

Dövlət bağçaları haqqında ən yaxşı model  Finlandiyada, özəl bağçalar haqqında isə ən mükəmməl  nümunə Estoniyada fəaliyyət göstərir. Bundan başqa  İsveç dövlətinin və postsovet məkanına daxil olan ölkələrin də təcrübəsini öyrənirik.  Müxtəlif yanaşmalar var ki, bu da hər bir ölkənin daxili reallığından və qəbul etdiyi qərardan asılıdır”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir