Modern.az

"Sözə heç vaxt xəyanət etməmişik" - FOTOLAR

"Sözə heç vaxt xəyanət etməmişik" - FOTOLAR

Aktual

2 Sentyabr 2016, 10:15

Elşad Eyvazlı: “Oxucu etimadı bizim doğru yolda olduğumuzun göstəricisidir” 

Dünən Modern.az saytının 7 yaşı tamam oldu. Fəaliyyətə başladığı ilk gündən etibarən məşhurlaşmağı bacaran Modern.az hər zaman oxucunun etimadını doğruldaraq internet mediasında özünəməxsus yer tutmağı bacarıb. Biz də həmkarlarımız üçün əziz olan bir gündə saytın baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı ilə söhbətləşdik. 
 
Modern.az Elşad Eyvazlının «Kaspi» qəzetinə müsahibəsini təqdim edir.
 
- Elşad bəy, ilk olaraq  rəhbərlik etdiyiniz Modern.az saytının 7 yaşının tamam olması münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi «Kaspi» qəzeti adından təbrik edir, hər birinizə yeni yaradıcılıq  uğurları arzulayırıq.  İnternet mediasının sürətlə inkişaf etdiyi bir dövrdə saytınızın ölkə mediasındakı rolunu necə qiymətləndirirsiniz?
 
- Bu haqda nə isə demək, yəqin ki, bizə düşməz. Əgər desəm ki, yaxşı  qiymətləndirirəm, bu, bir qədər düz olmaz. Həmçinin pis də deyə bilmərəm. Yəqin ki, bunu oxucularımız daha yaxşı bilər. Hər halda oxucuların etibarını qazana bilmişiksə, bu, bizim uğurlu olduğumuzdan xəbər verir. Təbii ki, qalan məsələlərlə bağlı suallara oxucular cavab versə, daha yaxşı olar.
 
- Bir qədər keçmişə qayıdaq. Necə oldu ki, Modern.az yarandı?
 
- 2009-cu ilin sentyabrın 1-dən fəaliyyətə başlamışıq. O vaxt bu, rəhbəri olduğum Parlament Jurnalistləri Birliyinin bir layihəsi idi. Belə deyək ki, o vaxt Modern.az parlamentin işinin oxucuya çatdırılması məqsədilə yaradılmışdı. Hətta biz düşünmüşdük ki, Modern.az  media evi olacaq. Biz öz hədəfimizə çatdıq. Bu gün Azərbaycanda parlamentin işinin  işıqlandırılmasında ən çevik sayt Modern.az saytıdır. Bir qədər özümüzü tərifləmək istərdim. Digər bir tərəfdən isə biz artıq jurnalistlərin evini yarada bildik. Jurnalist istədiyi yazını bizə yaza bilər. İndiyə kimi  saytımızda heç bir jurnalistə hər hansı bir problemin işıqlandırılmasında qadağa qoyulmayıb. Hətta bununla bağlı saytımızda xeyli ilkərə imza atılıb. Jurnalistin hər hansı problemi olduğu zaman biz bunu ictimailəşdirə bilirik. Bir ilin tamamında gördük ki, bütün sahələrdə fəaliyyət göstərə bilirik. Elə o gündən bəri  bütün sahələrdən yazmağa başladıq. Bu gün fəaliyyətimizin  nəticəsi ortadadır.
 
 
 
 - Modern.az digər internet media qurumlarından nə ilə seçilir?
 
- İlk olaraq onu deyim ki, bu günə qədər heç kim deyə bilməz ki, saytımızda hər hansı bir sifarişli yazı,  yalan, səhv məlumat gedib. Bundan başqa, saytımızda heç kimin şərəf və ləyaqətinə toxunulmayıb. Arxayın şəkildə deyə bilərəm ki, biz bu kimi məsələlərdən tamamilə uzağıq. Hesab edirəm ki, bizi digərlərindən fərqləndirən əsas cəhətlərimiz də məhz bunlardır. Təəssüflər olsun ki, bugünkü internet məkanında qeyd etdiyim parametrlər üstünlük təşkil edir. Eyni zamanda, unudulan məsələlər hər zaman diqqət mərkəzimizdə olub. Elə gün olmayıb ki, saytımızda Qarabağla bağlı, unudulan adət-ənənələr, milli-mənəvi dəyərlərimizlə bağlı yazı getməsin. Lakin bunları mən bir özəllik kimi hesab etmirəm. Çünki bu, bizim borcumuzdur. Bundan sonra da öz fəaliyyətimizi eyni şəkildə davam etdirməliyik.
 
- Fəaliyyət göstərdiyiniz 7 il ərzində nələr sizləri motivasiya edərək gələcəyə köklədi?
 
- Həyatımın əvvəlki illəri ilə müqayisədə bu 7 il mənim üçün ən əzablı illər olub. Çünki hər ayın sonu gəldiyi zaman əməkdaşların maaşları necə veriləcək, kimə çatacaq, kimə çatmayacaq kimi məsələlər daima məni düşünməyə vadar edib. Motivasiya mənbəyimiz isə çox olub. Bizə gələn zənglər, oxucularımızın etimadı bizim ən böyük motivasiyamız olub. Bu, əlbəttə ki, bizi hər  zaman həvəsləndirib. Məncə, ən yaxşı motivasiya da elə  bu olmalıdır. Bu illər ərzində çox çətinliklər çəksək də, şərəfli bir işə imza atmışıq. İndiyə qədər sözə heç vaxt xəyanət etməmişik. Bu, bizim ən böyük işimiz, uğurumuzdur. Oxucu etimadı bizim doğru yolda olduğumuzun göstəricisidir. Əgər sözə xəyanət etmirsənsə, demək ki, jurnalistikada sənə yer var.
 
- Son zamanlar bəzi problemlər internet mediadan da yan keçməyib. Siz bu problemlərin öhdəsindən necə gəldiniz?
- Cəmi iki il bundan öncə bizdə 25 əməkdaş fəaliyyət göstərirdi. Bu gün isə bu rəqəm 6-dır. Yəqin ki, bu kiçik rəqəm sizin sualınızın ən yaxşı cavabıdır.
 
 - Mediada nələri dəyişmək, o cümlədən hansı yeniliklərin olmasını istərdiniz?
 
- İnternet mediasının üstünlüyü ondan ibarətdir ki, dünyanın o biri ucunda baş verən hadisəni bir saniyə içərisində "bura gətirə” bilirsən. Lakin internet mediası bu gün  jurnalistikada ciddi «xəstəliklər» formalaşdırıb. Bu "xəstəliklər” sırasında jurnalistin imzasının itməsi, yazıya istinad verilməməsi, yanlış məlumatların media müstəvisində geniş yayılmasının adını çəkə bilərəm. Təbii ki, bu siyahını bir qədər də uzatmaq olar. Belə olduğu təqdirdə internet mediasında peşəkarlıq bir kənarda qalır. Bu, hətta oxucuların da zövqünü dəyişdirib. Klassik yazılı mediadan tələb olunanlar burada lazım deyil. Əvvəllər oxucu böyük araşdırma yazıları istəyirdi. İnternet medianın istifadəçiləri daha çox gənclər olduğuna görə medianın bu qanadında  daha çox əyləncəyə yer verilir. Ona görə də internet resursları hər vəchlə çalışırlar ki,  İP xətrinə oxucuları əyləndirsinlər. Bəzən bunun üçün şoudan  istifadə etməkdən də çəkinmirlər. Mən bütün bunların əleyhinəyəm. Bu günlərdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da öz çıxışında qeyd etdi ki, Azərbaycanda saytlar media hesab olunmur. Mən çox istərdim ki, bu, qanunvericiliklə qəbul olunsun.  Ümumiyyətlə, məndən olsa, klassik media hansı qanunlarla idarə olunursa, internet mediasında da bu qanunların tətbiq olunmasını istərdim. Çünki jurnalistikada əsas məsələ peşəkarlıqdır. İstərdim ki, mediada insanların şərəf və ləyaqətinə toxunulmasın, hansısa maddi marağa görə yazılar yazılmasın. Bu kimi məsələlər öz həllini tapsa, yaxşı olar.
 
 
- İndiyədək Modern.az-da xeyli sayda qələm sahibləri fəaliyyət göstəriblər. Sizin üçün bu illər ərzində sayta rəhbərlik etmək çətin olmayıb ki?
 
- Bayaq da qeyd etdiyim kimi, biz çalışdıq ki, Modern.az jurnalistlərin evi olsun. Bizə üz tutan bütün jurnalistlərə qapılarımız  hər zaman açıq olub. Heç kimin gəlib-getməsinə mane olmamışıq. Kifayət qədər sayda tanınmış qələm sahibləri saytımızda fəaliyyət göstərib. Bundan sonra da qapılarımız saytımıza gəlmək istəyən jurnalistlərə açıqdır. Çalışmışıq ki,  gənclərə də dəstək olaq. Hesab edirəm ki, gənclər də bizdəki fəaliyyətlərindən məmnun qalıb və qalacaqlar. 
 
 - Sizdən həm də xeyli sayda jurnalist başqa KİV-lərə gedib. Bu Sizi narahat etmir ki? Yaxud hansısa qısqanclıq hissi oyatmır ki?
 
- Mən burada bir məsələni qeyd etmək istərdim ki, mühüm olan idarəetmədir. İdarəetmənin isə müxtəlif formaları var. Bilməyinizi istərdim ki, indiyədək heç kim buranı bizim iradəmizdən kənar tərk etməyib. O cümlədən də bizə gələnlər barəsində eyni şeyi deyə bilərəm. Bu, bir qədər yuxarıda qeyd etdiyim kimi, idarəetmə məsələlərindən asılıdır. Belə deyim ki, mən istəməsəm, çalışdığımız əməkdaşlar buradan gedə bilməz. Təbii ki, bu o demək deyil ki, burada diktatura rejimi var. Sadəcə, əmək haqqı və digər məsələlər var ki, onları həll etməklə çalışaram ki, istədiyim jurnalist heç yerə getməsin. Əgər gedirsə, deməli, o, mütləq getməlidir. 
 
 
- 6 nəfərlə çalışdığınızı qeyd etdiniz. Bunun hansı çətin tərəfləri var?
 
- Əlbəttə, az əməkdaşla işləməyin bir çox çətinlikləri var. İndi bir nəfər 3-4 nəfərin işini görmək məcburiyyətindədir. Mövcud iqtisadi problemlər təkcə jurnalistikada deyil, bütün sahələrdə çətinliklər yaradıb. Biz çalışırıq ki, 6 nəfərlə 20 nəfərin işini görək. Əgər bacaracağıqsa, bu cameədə qalacağıq. Əgər bacarmasaq, gedəcəyik.
 
- Sonda gələcək planlarınız barədə də bilmək istərdik. Sirr deyilsə, yeni mövsümdə Modern.az oxucularını hansı yeniliklər gözləyir?
 
- Yeniliklər çoxdur. Artıq yeni layihələrimiz olacaq. Lakin qeyd etmək istərdim ki, əlahiddə bir dəyişiklik olmayacaq. Çünki mövcud iqtisadi imkanlar buna yetir. Açıq desəm, əldə olanı saxlamağın özü də bir bacarıq tələb edir. 
 
 
Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı