Modern.az

Azərbaycan Türklərinin son imperiyasi: Qacarlar Dövləti - V YAZI

Azərbaycan Türklərinin son imperiyasi: Qacarlar Dövləti - V YAZI

2 Sentyabr 2016, 11:09

Dos., Dr. Faiq Qəzənfəroğlu


XVIII əsr Türk (Azərbaycan) tarixində iki tarixi qırılma nöqtəsi var: 1) 1747-ci il; 2) 1797-ci il. Birinci halda, 1747-ci ildə Əfşarlar dövlətinin qurucusu Nadir şah Əfşar sui-qəsd nəticəsində faciəli şəkildə qətlə yetirilmişdir ki, onun ölmüylə yalnız böyük bir Türk (Azərbaycan) dövləti süquta uğramamış, eyni zamanda yarıməsrlik hərc-mərcliyin əsası qoyulmuşdur.  İkinci olaraq da, 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada sui-qəsd nəticəsində faciəli şəkildə qətlə yetirilmişdir ki, onun ölmüylə bir tərəfdən Azərbaycan türklərinin bütünlüyünə (bütün anlamlarda: vətən, millət, mədəniyyət, fəlsəfə, dil) ciddi zərbə dəymiş, digər tərəfdən isə Cənubi Qafqazı, özəlliklə Şimali Azərbaycanı itirməklə Qacarlar dövləti 1925-ci ildəki süqutunun zəminini hazırlamış olmuşdur.

Hesab edirik ki, hər iki sui-qəsddə “sapı özümüzdən olan baltalar” müəyyən rol oynasalar da, ancaq bu sui-qəsdlərin əsas təşkilatçıları xarici qüvvələr olmuşdur. Xüsusilə, Ağa Məhəmməd şah Qacara qarşı sui-qəsdin təşkilatçısının çar Rusiyasının olduğunu açıq çəkildə ifadə edirik. Başqa sözlə, Qacarların qurucusuna qarşı sui-qəsddə Məhəmməd bəylə Sadıq xan Şəqaqi təkbaşına hərəkət etməmiş, onları buna təhrik edən  qüvvə çar Rusiyası olmuşdur. Hər halda Ağa Məhəmməd şah Qacarın əsasən, Şimali Azərbaycanı nəzarət altına alıb Gürcüstana səfərə hazırlaşdığı bir zamanda bunun baş verməsi təsadüfi hesab oluna bilməz. Çünki yalnız Ağa Məhəmməd şah Qacarın öldürülməsiylə Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın Qacarlara birləşdirilməsinə böyük ölçüdə nöqtə qoyula bilərdi. Bunu çox yaxşı anlayan çar Rusiyası gözlənilən təhlükəni önləmək üçün Sadıq xanı Ağa Məhəmməd şah Qacarın qətliylə Qacarların yerinə şahlıq taxtına oturması, Məhəmməd bəyə isə Qarabağ xanlığlının xanı olması vədləriylə sözügedən sui-qəsdə cəlb etmişdir. Qətlin icraçılarının Ağa Məhəmməd şah Qacarın qətlindən sonra atdığı addımlar, eyni zamanda Rusiyanın əvvəlcədən onlara olan münasibətləri də bunu təsdiq edir. Hələ, Ağa Məhəmməd şah Qacarın Şuşaya daxil olmasından bir müddət öncə Sadıq xan Kotlyarevski soyadlı bir rus generalına  göndərdiyi məktubunda yazırdı: “Əlahəzrət General, Şah Şuşanı almaqda israrlıdır. O, buranı alsa, Tehrandan sonra ikinci paytaxt buranı elan edəcək. Daha sonra bütün xanlıqları bir araya gətirəcək. Əmrinizə tabeyəm”. Kotlyarevskinin isə cavab məktub bu məzmunda olmuşdur: “Əlahəzrət Çar sizin bu xidmətinizi böyük dəyərləndirir. Şahın orda qalmasının qarşısını ala bilməsəniz, öldürün. Sadıq xan, İran hökmdarı olacağınıza əminik. Siz narazı Məmməd bəyin köməyindən yararlana bilərsiniz”. Şuşada qaldığı üç gün ərzində Sadıq xanın davranışlarından şübhələnən Qacar sultanı onun evində axtarış aparmağı xəlvət fərraşlara (kəşfiyyatçılar) tapşırıq verir və onun ruslarla yazışmaları ələ keçir. Bakıxanov da yazır ki, “şahın qatilləri onun qılınc, xəncər, bazübənd və sandıqçasını Sadıq xanın yanına aparmışdılar. Sadıq xan Azərbaycanı fəth etdikədən sonra Qəzvin üzərinə gəldi. Lakin şəhərə girə bilmədi, öldürülən padişahın vəlihədi və qardaşı oğlu Fətəli şah Hüseyinqulu xan oğlu ilə olan müharibədə Sadıq xan məğlub olub Səraba qayıtdı”.


Hər halda məhz Moskvanın məkrli planının nəticəsi olaraq Ağa Məhəmməd şah Qacarın qətlindən dərhal sonra Sadıq xanla Məhəmməd bəyin qısa müddətdə olsa, uyğun olaraq özlərini “şah” və “xan” kimi aparmaları təsadüfi olmamışdır. Özəlliklə, Ağa Məhəmməd şah Qacarın qətlinə baxmayaraq, “Qarabağnamə” müəlliflərindən Mirzə Camal Cavanşirin təbrincə desək, “bir para maneələrə görə” İbrahimxəlil xanın üç ay Qarabağa gedə bilməyib Balakəndə qalmasının, həmin müddət ərzində də Məhəmməd bəyin özünü Qarabağ xanı kimi aparmasının  tək səbəbəkarı var: çar Rusiyası.


Bu gün bəzi Azərbaycan tarixçilərinin uydurması ki, İbrahimxəlil xanın Məhəmməd bəydən şübhələnməsi Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin öldürülməsiylə bağlı olmuşdur, heç bir həqiqəti özündə əks etdirmir, çünki bu qətlə şəxsi ədavət səbəb olmuşdur. Əslində İbrahimxəlil xanı sui-qəsd hadisəsindən sonra əsas narahat edən məsələ qardaşı oğlunu xəyanətə sürükləyən çar Rusiyası idi ki, Moskvadan gözlənilməz bir zərbə alan xan hətta, bundan sonra müəyyən qədər Qacarlarla yaxınlaşmağa məcbur olmuşdur. Bakıxanov yazır: “İbrahim xan şahın cənazəsini böyük ehtiram və alimlərin müşayiətilə yola saldı. Səmimiyyət və ixlas tərzilə yeni şahın hüzuruna bir ərizə yazdı və nəvazişə nail oldu. Oğlu Əbülfəth ağanı da padişahın hüzurunda qalmaq üçün göndərdi”. Dünənə qədər düşmən münasibət bəslədiyi Ağa Məhəmməd şah Qacarın cənazəsinə belə bir ehtiram göstərməsi, eləcə də Qacarların yeni hökmdarı Fətəli şaha məktub yazaraq oğlunu onun hüzuruna göndərməsiylə İbrahimxəlil xan bununla da, Rusiyaya etirazını ifadə etmiş olurdu.


Ancaq Ağa Məhəmməd şah Qacarı sui-qəsd nəticəsində aradan qaldırmış olan çar Rusiyası üçün İbrahimxəlil xanın onlardan inciyərək Qacarlara meyil göstərməsinin ciddi önəmi yox idi. Çünki Rusiyayla incikliyin fonunda Qarabağ xanlığıyla Qacarlar arasındakı münasibətlərin istiləşməsi baş verirdi ki, çar ideoloqlarına görə bu da, çox uzun sürməyəcəkdi. Buna səbəb də, Qarabağ xanlığının əvvəllər daha çox çar Rusiyasının yanında yer alıb Qacarlara qarşı ən aktiv düşmənçilik siyasəti yürütməsi idi. Ona görə də, çar Rusiyası İbrahimxəlil xan kimi onlara sadiq bir xanı tamamilə gözardı etməmiş, o da, çox keçmədən yenidən ruslara meyil etmişdir. Belə ki, İbrahimxəlil xan əvvəllər general Qudoviçlə general Zubov vasitəsilə Rusiyaya itaət göstərdiyi kimi, bu hadisələrdən sonra da rus generalları Kavalevski və Sisianovla eyni mövqeyi davam etdirmişdi.


Beləliklə, Rusiya üçün önəmli olan Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsiydi ki, bu da, uğurla yerinə yetirilmişdir. Çar Rusiyası ideoloqları yaxşı hesablamışdılar ki, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra Qacarlar taxtına oturmalı olan Fətəli şah taxt-tacını qorumağa başı qarışacaq ki, beləliklə, ən azı yaxın illərdə Cənubi Qafqaz, o cümlədən Şimali Azərbaycan uğrunda çar Rusiyasına qarşı böyük ölçüdə müharibə açmağa cəsarət etməyəcəkdir.Demək olar ki,Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonrakı bütün proseslər çar Rusiyasının planına uyğun olaraq gerçəkləşmişdir. Belə ki, Fətəli şah 1797-ci ilin payızında Cənubi Qafqaza hərbi yürüş başlasa da, çox keçmədən Rus qoşunlarının da oraya doğru hərəkət etməsi xəbərini alaraq geri çəkilmişdir.


Bizcə, həmin dövrdə Fətəli şah Şimali Azərbaycana hərbi yürüşünü dayandırmaqla ciddi yanlışlığa yol vermiş oldu. Əgər, o, Ağa Məhəmməd şah kimi israrlı şəkildə hərbi yürüşünü davam etdirmiş olsaydı həm Qacarlara birləşməyə meyilsiz olan Şimali Azərbaycan Türk Xanlıqlarının müqavimətini qırmış, həm də çar Rusiyasının özünü toparlayaraq yenidən bu ərazilərə iddia etməsinə ciddi zərbə vurmuş olacaqdı. Sözün açığı,  Fətəli şahın Ağa Məhəmməd şah Qacardan fərqli olaraq ilk vaxtlarda (1797-1803-cü illər) Şimali Azərbaycan məsələsində tərəddüdlü, qətiyyətsiz hərəkətləri çar Rusiyasının işinə çox yaradı. Özəlliklə, Fətəli şah Qacar (1797-1834) bir çox xanlıqlarla, o cümlədən Qarabağ xanlığıyla münasibətləri düzəltmək şansı əldə etdiyi bir dönəmdə (İbrahimxəlil xanın qızı Ağabəyim xanım Fətəli şahın birinci xanımı olmaqla yanaşı, oğlu da Tehran sarayında idi), bundan yetərincə yararlana bilmədi. Doğrudur, Fətəli şah Qacar bir müddət sonra özəlliklə, Qacarların Azərbaycanın paytaxtı Təbrizdə oturan vəlihədi Abbas Mirzənin ağıllı, qətiyyətli fikirlərinin nəticəsi olaraq Rusiyaya qarşı aktiv hərəkətə keçmişdi ki, artıq xeyli dərəcədə gec qalmışdı. Çünki Qacarların, o cümlədən Fətəli şah Qacarın vaxtında görə bilmədiyi bu işi çar Rusiyası, onun çarı 1-ci Aleksandr doğru dəyərləndirərək 1801-ci ildən etibarən Cənubi Qafqazın işğalı siyasətini gerçəkləşdirməyə başlamışdı.


Beləliklə, Azərbaycanın şimal hissəsinin 19-cu əsrin ilk illərindən başlayaraq çar Rusiyasının müstəmləkəsi halına gəlməsində çarizmin də fitnəkarlıqlarıyla Quzey Azərbaycan Türk Xanlıqlarının (Qarabağ, Gəncə, Quba, Şəki, Şamaxı vəb.) öz aralarında birlik nümayiş etdirə bilməmələri ya da Qacarlara tabe olmamaları, digər tərəfdən çar Rusiyasının təşkilatçılğıyla Ağa Məhəmməd şah Qacarın Şuşada sui-qəsd nəticəsində ölümü (1797) həlledici rol oynamışdır. Özəlliklə, Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsiylə Səfəvilərdən sonra Nadir şahın başlatdığı vahid Türk dövləti ətrafında birləşmə ideyaları bir daha yenidən yarımçıq qalmışdı. Bizcə, Ağa Məhəmməd şah Qacarın aqibəti Nadir şah Əfşar kimi olmasaydı, Azərbaycanın şimal hissəsinin çar Rusiyası tərəfindən işğalı böyük ölçüdə baş tutmayacaqdı.


Acı da olsa etiraf etməliyik ki, 18-ci əsrdə baş verən iki faciəli hadisədən, iki qırılma nöqtəsindən sonra, 19-cu əsrin əvvəllərində Qacarların Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana sahiblənməsi reallığı azaldığı halda, bunun tam əksinə çar Rusiyasının bu bölgəni istila etməsi təhlükəsi sürətlə artmışdı. Bunun bariz nümunəsidir ki, 1801-ci ildə Kartli-Kaxetiya çarlığının işğalı haqqında çar manifestinin elanıyla çar Rusiyası faktiki olaraq üçüncü dəfə Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın işğalına start vermiş oldu. Bununla da 19-cu əsrin ilk ilindən “himayəçi” çar Rusiyası işğalçı çar Rusiyasına çevrilərək bəzi Şimali Azərbaycan xanlıqlarını (Quba, Lənkəran) və Qafqazın digər müstəqil hakimlərini (Tabasaran, Qaraqaytaq, Tərki) 1802-ci ilin dekabrın 26-da Georgiyevski müqaviləsi bağlamağa məcbur etdi. Qacarların ciddi şəkildə etirazlarına baxmayaraq,  Georgiyevski müqaviləsinə görə müstəqil xanlıqlar ya da sultanlıqlar sözdə istiqlaliyyətləri naminə yalnız öz xahişləriylə Rusiya himayəsini qəbul etməklə kifayətlənməməli, eyni zamanda Qacarlarla gözlənilən müharibədə də məcburi olaraq rusların yanında yer almalı idilər. Şimali Azərbaycan tarixçiliyi bu günə qədər həmin xanlıqların əksəriyyətinin Georgiyevski (1802), Kürəkçay (1805) kimi müqavilələrə qol qoymalarını Türkiyə və Qacarlar təhlükəsini bəhanə edərək haqq qazandırmağa çalışsalar da, əslində burada bir işğalçı var idi: Rusiya. Beləliklə, işğalçılıq niyyətlərinə “hüquqi” don geyindirən Rusiya 1803-cü ilin yaz-yay aylarında Car-Balakən camaatlığını və İlisu Soltanlığını, 1804-cü ilin yanvarın əvvəllərində isə Gəncə Xanlığını qanlı döyüşlərdən sonra işğal etdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!