Modern.az

“Bakı gözəllik salonundan çıxan gəlinə bənzəyir”

“Bakı gözəllik salonundan çıxan gəlinə bənzəyir”

2 Sentyabr 2016, 14:04

 

“Bakının indiki durumu uzaqdan gələn qonaqlar üçün çox cazibədardır. Yaşayanlar isə bu fikirdə deyil”.

 

Bu sözləri Modern.az-a Beynəlxalq Şərq Memarlıq Akademiyasının müxbir üzvü Hacıəmi Atakişi bildirib.

 

Memar deyib ki, qonaqlar şəhərin içində yaşamadıqlarına görə gözəl görünüşlü binaların istiyə, soyuğa qarşı davamlılığından xəbərsizdirlər:

 

“Binanı bəzəməklə, estetik görkəm verməklə deyil. Bina funksional olmalıdır. Binada insanların yaşaması üçün normal şərait olmalıdır.

 

Bakı bilirsiniz nəyə oxşayır? Bəzən toylarda gəlini elə bəzəyirlər ki, adam heyran qalır. Toy qurtarıb gəlini evə aparanda tamam başqa cür görünür. Ona görə də, Bakını gəlin köçəcək qıza bənzədirəm. Sanki bu dəqiqə gözəllik salonundan çıxıb. Hər vasitə ilə qonaqların xoşuna gəlsin deyə “gəlin”ə bəzək vururlar.

 

Məsələn, bu gün Bakıya doluşan ərəblərin turist kimi, yoxsa qalıcı olaraq gəldiyi də bilinmir. Onların tərifləməyilə biz Bakını tərifəlayiq saya bilmərik. Biz Bakının sakinləriyik”.

 

Küləkli şəhərə şüşəli binalar yaramır...

 

H.Atakişi paytaxda şüşəli binaların genişlənməsinə də toxunub:

“Paytaxtdakı bəzi binalar normal görkəmdədir. Bakıda olan “Şirvanşahlar”ın bir dənə də olsun böyük şüşəsi yoxdur. Bizdə olan qədim qəsrlər, binaları da böyük şüşələrlə, dəbdəbə ilə bəzəməyiblər. Bakının iqlimi isti və küləkli olduğuna görə binaların fasadlarının şüşədən ibarət olmasına çalışmaq lazım deyil.

Şüşə həm soyuğu, həm də istini tez keçirir. Məsələn, Dubayda şüşəli binalar həddindən çoxdur. Amma binanın arxitekturasını elə qurublar ki, isti havada şüşələrin arasından soyuq su buraxılır. Nəticədə binada havanın temperaturu tənzimlənir. Bir çox ölkələrdə binaların damı ikiqat qoyulur, arasından hava işləyir ki, bina qızmasın. Yəni, bu isti iqlimi olan ölkələr xüsusi proyektlər həyata keçirməklə həm şəhəri gözəlləşdirir, həm də normal yaşayışı təmin edirlər.

Mən İordaniyaya gedəndə müşahidə etdim ki, bütün binalar ağ daşdandır, kiçik də pəncərələri var. Amma birinci mərtəbədə böyük şüşələrdir. Çünki, binanın kölgəsi aşağı düşür və birinci mərtəbəni isti etmir.

Mən 50-dən çox ölkədə olmuşam və özüm üçün müəyyən qeydlər etmişəm. Məsələn, Filippin dənizin içində yerləşdiyindən güclü küləklər müşahidə edilir. Ona görə də ərazinin xüsusi memarlığı var”.

 

““Gülüstan” sarayında çatlar əmələ gəlib”

 

Memar hesab edir ki, bu gün Bakıda yenidən tikinti aparmağın mənası yoxdur:

 

“Bakını kənarda yeni, modern şəhər kimi salmaq lazım idi. Onun memarlığı, plastikası Bakıya tamam yad olmalı idi. İndiki Bakı isə qədimliyini qorumalı idi. Bu gün Bakının içində nə oyun desəz çıxarırlar, kim nə istəyir tikir. Heydər Əliyev prospektindəki 5-6 hündür binadan heç biri bir-birilə uyuşmur. Hərəsi bir formadadır. Bunların uyğunluğu üçün bir sistem, stil olmalıdır.

 

Xaricdən çağırılan mütəxəssislər, memarlar Bakının xüsusiyyətlərini bilmirlər. Məsələn, bir dənə buta görür, onu memarlığa çevirir. Öz-özlüyündə mili memarlıq yaratdığını düşünür.

 

Milli memarlıq o demək deyil ki, biz ora naxış, dekor vuraq. Millik onun içində, funksiyasında olmalıdır.

Binanı daşla hörüb, ikinci qat qoyaraq içindən işıq da vermək olar. Xüsusi formalarla gecə işıqlandırmaları ilə istənilən gözəl effekti almaq olar. Bu memarlıq deyil.

 

Yeni tikililərdən olan və hamının heyranlıqla izlədiyi “Alov qülləsi” şəhəri tamam əzir. Əvvəllər Kirovun heykəli vardı. Həmin ərazilərin hamısı sürüşmə zonasındadır. Əgər kiçik bir zəlzələ baş versə, sel olsa o binalar aşa bilər.

“Gülüstan” sarayında müəyyən çatlar yaranıb, relyefdə sürüşkənlik var”.

 

Bakı ağır tikinti üçün təhlükəli, sürüşmə zonasıdır

 

Memar qeyd edib ki, ümumiyyətlə, Bakı sürüşmə zonasındadır:

 

“30 il əvvəl apardığım araşdırmalar zamanı məlum oldu ki, Bakıya iki tərəfdən-qərbdən və şimaldan güclü su sistemi gəlir. Yadımdadır ki, metronun “Nizami” stansiyasının yeri qazılan vaxt oradan çox böyük təzyiqlə su şırnağı qalxdı və aləmi basdı. Təsəvvür edin ki, həmin sular indi kəhrizlər vasitəsilə “İçəri şəhər”in içi ilə keçir. İnsanlar o sulardan istifadə edir. İki mərtəbəli karvansaranın içində suların qapanma mənbəyi var. “İçərişəhər” stansiyası və “Qoşa Qala Qapısı”ndan gələn su ikimərtəbəli karvanasarnın içinə yığılıb oradan dənizə axır. Təsəvvür edin ki, yerin altında bir sızma olsa, böyük təzyiqlə gələn su gil üzərində yerləşən Bakının torpaq qatlarına girsə, islanmış sabuna dönəcək. Binalar gil qatının üzərində zəlzələ olmadan oynamağa başlayacaq”.

 

““Sovetski”də ağac əkmək də təhlükəlidir”

 

Bakının bu problemlərini nəzərə alıb mərkəzi hissəsini abidələri saxlamaqla boşaltmaq lazım idi. Bizdə isə əksinə proses müşahidə olunur.

 

Lazım oldu-olmadı hündürmərtəbəli binalar tikərək şəhərin relyefini daha da ağırlaşdırırlar. Bunların hamısı şəhərin görkəmini dəyişmək xatirinə baş verdi. İndi “Sovetski” deyilən yer sökülür.

 

Hələ məlum deyil yerində nə olacaq. Bir də gördüz hündürmərtəbəli, ağır binaları orada oturtdular.

 

Hətta həmin yerə ağac əkilməsi də doğru deyil. Onlar su mənbələrinə girəcək və başlayacaq qərbdən gələn kəhriz sularını dağıtmağa. Şəhər amfiteatr olduğuna görə sürüşməyə başlayacaq. Ona görə problem çoxdur. Hələ ki, tikirik, gələcək Allahın ümidinədir. Təəssüf doğuran odur ki, memarlığı, şəhərsalma prinsiplərini öyrənmədən kim necə istəyir, o cür də tikinti aparır”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir