Modern.az

Azərbaycanın keçmiş baş psixiatrı: “Allaha inanmayan nadandır” - MÜSAHİBƏ

Azərbaycanın keçmiş baş psixiatrı: “Allaha inanmayan nadandır” - MÜSAHİBƏ

2 Sentyabr 2016, 14:28

Nadir İsmayılov: “Məni hipnoz etmək asan məsələ deyil”


“Efirə çıxanlar içərisində psixi xəstələr var”

 

Azərbaycan Psixiatriya Assosasiyasının prezidenti, Tibb Universitetinin professoru Nadir İsmayılov Modern.az saytının suallarını cavablandırıb.
N.İsmayılov çap olunmuş 160 elmi əsərin, 6 kitabın, o cümlədən Bakıda və İstanbulda çap olunmuş “Psixiatriya” dərsliyinin müəllifidir. Psixoterapiya sahəsində bir sıra orijinal metodlar (kütləvi hipno-suqqestiv terapiya, qısamüddətli Autogen məşq və Autoanalitik psixoterapiya) təklif edib. Bu yeniliklər ixtira kimi qəbul edilərək patent alıb.
1984-93-cü illərdə Azərbaycanın baş psixiatrı olub.

 

-Psixiatrsınız. İstərdim ilk olaraq psixi xəstəliklərin təsnifatı haqqında məlumatla söhbətə giriş edəsiniz.

 

-Psixiatriya ruhi əsəb xəstəlikləri haqqında elm sahəsidir. Klinik təbabətə aiddir. Tibbdə psixiatriyanın önəmli yeri var.

 

-Psixiatriya çox dərin və mürəkkəb sahədir. Bu kateqoriyaya daxil olan xəstəliklərin yaranma səbəblərini öyrənmək tibb üçün hələ də çətin olaraq qalır. Çünki sırf insan ruhu ilə bağlı problemdir.

 

-Psixi xəstəliklər mərkəzi sinir sisteminin ali şöbəsinin patologiyasıdır. Sinir xəstəlikləri çoxdur. Nevropotoloqlar, neyrocərrahlar, narkoloqlar, göz həkimləri bu işlə məşğuldurlar. Psixiatriya isə ruhi əsəb xəstəliklərindən bəhs edir. Siz dediyiniz kimi, mürəkkəb və dərin sahədir.

 

-Ən ağır xəstəliklərdən biri də şizofreniyadır. Hətta deyərdim ki, xərçəng xəstəliyindən də ağırdır. Çünki burada səbəb və səbəbin doğurduğu nəticəyə qarşı mübarizə aparmaq çətindir. Ona görə ki, sırf insanın daxili aləmi ilə bağlı məsələdir. Müasir dövrün araşdırmalarına görə, şizofreniyanın qaynağı nədir?

 

-Şizofreniyanın səbəbini, müalicəsini, xəstəliyin gedişatını öyrənmək üçün dünyada çoxlu elmi iş aparılır. Dünyanın 3 ölkəsində böyük institutlar var və onlar şizofreniyanın yaranması və aradan qaldırılması istiqamətində tədqiqatlar aparırlar. Moskvada böyük bir psixi sağlamlıq mərkəzi var. Oranın 4 min işçisi var.

Orada 200-300 professor var. Onlar ilboyu şizofreniya problemləri ilə məşğul olurlar. Ancaq siz düz vurğulayırsınız ki, şizofreniyanın yaranma səbəbləri, müalicəsi hələ də dəqiq tapılmayıb. Amma xəstələrə müəyyən köməkliklər olur. Belə olmazsa, aləmi xəstələr bürüyər.

Mən özüm şizofreniyanın əlamətləri haqqında çoxlu sayda elmi məqalələr yazmışam.

-Qadınları şizofrenik olmaq riski daha çoxdur, yoxsa kişilərin?

 

-Risk tam bərabərdir.

-Nadir müəllim, şizofreniklərin cəmiyyət üçün böyük təhlükə olması fikri ilə tam razılaşmaq olarmı?

 

-Bu mənada ki, şizofreniyaya tutulan xəstələr əksər hallarda anlaqsız vəziyyətdə olurlar. Anlaqsız halda olan insanların hamısının cinayət etmək riski çoxdur. Cinayət edəndə də məsuliyyət daşımır. Buna görə də, əlbəttə ki, təhlükəlidir.

 

-Azərbaycanda nə qədər şizofrenik xəstə var? Mən bildiyimə görə, hər bir ölkədə əhalinin 1 faizinin şizofreniyaya tutulmaq riski var.

 

-Bəli, düz deyirsiniz. Bütün dünyada statistika belədir. Azərbaycanda 10 milyon əhali varsa, deməli 100 minə qədər şizofreniya xəstəsi var.

 

-Şizofreniklərin hamısının ruhi xəstəxanaya yerləşdirilməsinə ehtiyac var?

 

-Xeyr. Şizofrenik xəstələrin cəmi 2-3  faizi ruhi xəstəxanaya  yerləşdirilir. Kəskin, xroniki vəziyyətdə olanlar ruhi xəstəxanaya yerləşdirilir.

 

-Bildiyimə görə, hər bir insanda şizofreniyanın əlamətləri var. Amma bu, hamıda aşkara çıxmır, sanki yatıb. Aşkara çıxanda isə fəsadlar yaranır. Yanlış da düşünə bilərəm.

 

-Bu cür demək olmaz. Hər bir insanın xasiyyəti var. Xasiyyətin isə standartı, ölçüsü yoxdur. Kimisi ona xəstəlik, kimisi isə norma kimi baxa bilər. Elə adam var ki, onun xasiyyəti cəmiyyətin qanunlarına uyğun gəlmir. Amma bu o demək deyil ki, həmin adam xəstədir. Bu cür halları artıq psixiatrlar müəyyən edirlər ki, o xəstədir yoxsa yox.

 

-Qorxan, stress yaşayan insanlarda hallüsinasiyalar olur. Bunların hamısını şizofreniya əlamətləri kimi də xarakterizə etmək düzgündür?

 

-Hallüsinasiyalar şizofreniyanın əlamətləri sayıla da bilər, sayılmaya da. Şizofreniyada çox miqdarda əlamətlər var. Bəziləri bir xəstədə, bəziləri digər xəstələrdə təzahür edir.

 

-Şizofreniyanın yaranmasının yaşam tərzi ilə bağlı ola bilməsi ehtimalı nə qədərdir?

-Belə bir şey yoxdur. Şizofreniya nə qadına, nə kişiyə, nə də onların harada yaşamasına baxır. O xəstəlik hamını tuta bilər.

-Cinsi oriyentasiyası biseksual olan şəxslər var. Belələrinin həm öz cinsinə, həm də qarşı cinsə cinsi meylləri olur. Belə cinsi oriyentasiya ilə şizofreniya arasında əlaqə qurmaq olarmı?

-Xeyr. Onun şizofreniya ilə əlaqəsi yoxdur. Şizofreniya çox dərin və  geniş sahədir. O xəstəliyin ki, instrumental diaqnozu var, onun müalicəsi asandır. Şizofreniyada isə belə bir şey yoxdur. Burada nə laboratoriya, nə də  USM aparatının rolu var. Bir xəstəni apararsan həkimin yanına,  ona şizofreniya diaqnozu qoyar, başqa birisi isə yox. Bu şiş deyil ki, rentgenə salasan və aşkarlayasan.

-Tibb bu qədər inkişaf edir. Bununla belə, bildiyimə görə, şizofreniya xəstələrinin tam sağalması mümkün deyil.

-Bəli, düz deyirsiniz. Tibb hələ ki, buna cavab tapa bilmir. Amma xəstələrə köməkliklər edilir, onların vəziyyəti yaxşılaşır, cəmiyyətə uyğunlaşır. Bunlar olmasa, heç yaşamaq olmaz. Deyək ki, 100 min adamda bu xəstəlik var. Onlara hər yerdə rast gəlmək olar. Bazarda, mağazalarda, metrolarda və s. Amma onların əksəriyyəti elə sakitdir ki, adi adamlardan fərqlənmir.

-Bu xəstəlikdən danışanda adətən şəxsiyyətin ikiləşməsi təsəvvür olunur. Bəs üçləşmə ya da dördləşmə ola bilməzmi?

 

-O da ola bilər. Bu, elə bir xəstəlikdir ki, orada hər şey ola bilər. Psixiatriya o  qədər mürəkkəb bir sahədir ki! Biz 40 ildir bu işlə məşğuluq, amma hələ də tam dərinliyinə gedə bilməmişik.

-Psixiatrların ən çox müraciət etdiyi və bəhrələndiyi alim, psixoanalitik Ziqmund Freyddir. Sizcə onun nəzəriyyəsindəki kodlar tam açılıbmı?

 

-Freydin dedikləri də analitik bir nəzəriyyə idi. Onun nəzəriyyəsi şizofreniyanı tam aça bilməz. Freyd bir tərəfdən də müəmmalı məsələləri aydınlaşdırmağa çalışır.

 

-Deyək ki, yanınıza çox ağır şizofrenik xəstə gəlib. Təbii ki, seanslarda olmadığıma görə bu sualı verəcəyəm. Elələri ilə ilk təması necə qurursunuz?

 

-Bu,sırf bizim ixtisasa aid olan professionallıqdır. Hansı xəstə gəlirsə, xəstəliyin dərəcəsinə görə, onlarla münasibət qururuq. Məqsəd isə diaqnoz qoymaq, müalicə etməkdir. Hamı eyni xəstəliyi eyni cür keçirmir. Özünəməxsus şəkildə keçirir.

 

-Psixi xəstəliklərin anadangəlmə olmaq ehtimalı da var. Məsələn, ata, ana psixi cəhətdən normal deyilsə, təbii ki, onlardan dünyaya gələn övladda da qüsurlar olacaq. Mən isə istəyirəm ki, bir mütəxəssis kimi daha aydın izah verəsiniz.

-Yaxın qan qohumları arasında şizofreniyaya tutulmaq riski yüksəkdir. Ən yaxın qan qohumları təkyumurtalı əkizlərdir. Bu əkizlərdən biri xəstəliyə tutulursa, o birinin də həmin xəstəliyə tutulmaq riski 90 faizdir. Bu, o deməkdir, bu xəstəlikdə, genetikanın, irsiyyətin də rolu var. Ata, ana xəstədirsə, uşaqların 40 faizi xəstə olur. Məsələn, 10 uşaqdırsa, onlardan 4-ü xəstələnir.

 

-Bir az da dəqiqləşdirək. Fərz edək ki, ata-ananın psixi problemi yoxdur. Amma onların övladı erkən yaşlarda, heç bir qorxu, stress yaşamadan belə psixi xəstəliyə düçar olur. Bunu necə izah edəcəksiniz?

 

-Deməli, həmin şəcərədə kimsə, nə zamansa ağır psixi xəstə olub. Bəlkə ulu babadan keçib?! Biz belə təsəvvür edirik ki, nəsildə kimsə  nə zamansa belə xəstəliyə tutulub.

 

-Bir psixiatr kimi özünüzün hipnoz olmaq riskiniz varmı? Mən bilən psixiatrların özünü hipnoz vəziyyətinə salmaq asan deyil.

 

-Əlbəttə ki, psixiatrları hipnoza salmaq çətindir. Çünki biz bu işin sirlərini bilirik. Mən bütün həkimlik həyatımın çox hissəsini hipnoza həsr etmişəm. Ona görə də, məni hipnoz etmək asan məsələ deyil.

-Hipnoz həm də müalicənin bir üsuludur. Bəzən isə bunu insanda olan enerji ilə, qeyri-adi güclə izah edirlər. Mən istəyirəm ki, siz hipnozun mistik mənasından uzaqlaşıb, tibbi tərəfindən danışasınız.

-Hipnologiya ilə maraqlanıb, dərinə getmək, professionallar üçün belə, çətindir. Bu işin dərinliyinə getmək elə də asan məsələ deyil. Hipnoz elmi cəhətdən sübut olunmuş, təbabətdə istifadə olunan tədqiqat və müalicə vasitəsidir. Hipnozu telepatlar, öncəgörənlər, falçılarla qarışdırmaq olmaz. Hipnoz elmdir və onun başında duran alimlər olub. Rusiyada Bexterev, bayaq adını çəkdiyiniz Freyd hipnoz elimi ilə məşğul olublar.

-Bəlkə də, qəfil keçid edirəm. Amma indi ağlıma gəldiyinə görə, bu sualı səsləndirməyi zəruri hesab edirəm. Psixiatrlar adətən dinə meylli olmurlar, Allaha inanmırlar. Siz də beləsiniz?

-Dinə, Allaha inanmayan adam nadandır.

-Maraqlıdır. Hardan bu qənaətə gəlmisiniz? Mən elə bilirdim ateistsiniz.

-Mən heç zaman ateist olmamışam. İkinci kursda olan mənə “Din və elm” adlı mövzu vermişdilər. Bu işi yazıb axıra çatdırmadım. Müəllimə də dedim ki, burada çox dolaşıq məsələlər var. Dinə, Allaha necə inanmamaq olar? Təbiətin bu qədər sirləri var. Onlar nəticədə harasa bağlanır. Elm bu sirləri aça bilmirsə, deməli, dünyanı yaradan və onu idarə edən qüvvə var.

 

-Ancaq alimlərin çoxu ateist olub. Elə sizin oxuduğunuz, müəyyən mənada bəhrələndiyiniz Freyd də ateist idi.

-Freydin ateist olması haqqında məlumatım yoxdur. Heç yerdə bu haqda məlumata rast gəlməmişəm. Ona sadəcə ateist donu geyindirirlər. Pavlov isə deyib ki, elmlə nə qədər çox məşğul olursa, bir o qədər dinə inamı artır.

 

-İbadət də edirsiniz?

 

-Xeyr. Amma Allaha inamım böyükdür. Çalışıram ki, Allahın qoyduğu qanunlarla yaşayım. Oruc tutmaq, namaz qılmağı isə ritual sayıram. O qədər insan var ki, namaz da qılır, oruc da tutur, amma insanları aldadır.

 

-Otaqda mərhum baş psixiatr Ağabəy Sultanovun şəklini görürəm. Bu yaxınlarda psixoterapevt Elmir Əkbərdən müsahibə almışdım. O, Ağabəy Sultanovu sərt bir dillə tənqid etmişdi. Demişdi ki, Ağabəy Sultanov Azərbaycan tibbinə çox böyük zərbələr vurub...

 

-Görünür, Elmir Əkbərdə Ağabəy Sultanov haqqında zəngin məlumatlar var. Ağabəy Sultanov mübahisəli şəxsiyyət idi.

Amma bəzən ictimaiyyət qəbul etdiyini məcbursan ki, sən də təkrar edəsən. İctimaiyyət onu qəbul edirdi. O  populyarlaşmışdı. Ağabəy Sultanovun müəllimi Əhməd Abbasquliyev rəhmətə gedəndə, heç onu institutdan da basdırmadılar. Ancaq Ağabəy Sultanovu Fəxri Xiyabanda dəfn etdilər. Halbuki, elm sahəsində bu 2 adamı müqayisə etmək olmaz. Bəzən görürsünüz ki, heç bir xidməti olmayan adamları elə yüksəklərə qaldırırlar ki, sanki onun tayı-bərabəri yoxdur.

 

-Hardasa Elmir Əkbərin fikirlərini bölüşdünüz. Bu, öz yerində. Mənim isə fikrimə şizofreniya ilə bağlı daha bir sual gəldi. Bilirik ki, canlı aləm təkcə insanlardan ibarət deyil. Bəs heyvanlarda necə, şizofreniya olurmu?

 

-Heyvanlar psixi proseslərin öyrənilməsində ən başlıca obyekt olub. Hətta itin şərəfinə heykəl qoyublar. Heyvanlar üzərində çox eksperiment aparılır. İtlər, meymunlar kimi ali sinfə daxil olanlar üzərində təcrübə aparılıb, onlardan psixiatriya sahəsində istifadə olunub.

 

Deyək ki, taraksein adlı toksik maddəni ilk dəfə heyvanlar üzərində təcrübədən keçiriblər. Onun toksik təsirə malik olmasını, şizofreniya əlamətləri yarada bilməsini yoxlamaq istəyirdilər. Belə düşünürdülər ki, şizofreniyanın amili tarakseindir.

Bu maddəni vurandan sonra, heyvanların hamısı dəli olub. Yoxlayandan sonra tapılıb ki, bu maddə hamıya eyni dərəcədə təsir göstərmir. Məlum olub ki, taraksein heç də şizofreniyanın amili deyil, sadəcə bir imunoqlabindir.

 

-İnsanlarda gedən prosesləri öyrənmək üçün təcrübələr heyvan üzərində aparılır. Son gəlinən elmi qənaət nədir? Heyvanlar da bizim kimi düşünürmü?

 

-İnsana məxsus olan bütün psixi proseslərin zəif forması heyvanlarda da var. Heyvanların düşüncəsi də, yaddaşı da, intellekti də var. Ancaq insanla müqayisə olunmaz dərəcədədir.

 

-Yəqin ki, yerli televiziya kanallarına baxırsınız. Efirlərdə görünən, siyasətçilərdən, müğənnilərdən hansındasa şizofreniya əlamətləri sezirsiniz?

 

-Olsa da, biz onu demərik. Onu deməyə ixtiyarımız yoxdur.

-Amma aralarında belələri də var yəqin...

 

-Əlbəttə, efirə çıxanlar içərisində psixi xəstələr var. Şərt o deyil ki, şizofrenik olsun. Şizofrenik deyil, psixopatdır, nevrotikdir. Başqa-başqa pozuntuları olan adam o qədərdir ki. Amma bu o demək deyil ki, hamısını uçota almaq lazımdır. Kim həyatda özünə mövqe tutub yaşayırsa, ona  imkan vermək lazımdır. Daha onu diaqnoz qoyub, xəstəxanaya almaz lazım deyil.

 

Söhbəti apardı: Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı