Modern.az

Azay Quliyev: «Qobustan həbsxanasında həmişə gərginlik olub»

Azay Quliyev: «Qobustan həbsxanasında həmişə gərginlik olub»

7 Fevral 2011, 16:34

«İradə Cavadova vəkil olduğu üçün İctimai Komitədə növbəti mərhələyə keçə bilməyib»

Son günlər ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibinin seçilməsi ilə bağlı narazılıqlar mətbuat vasitəsilə ifadə olunmaqdadır. Komitənin yeni tərkibindən kənarda qalan hüquq müdafiəçisi İradə Cavadova tənqidi mövqedə olduğu üçün qurumdan uzaqlaşdırıldığını iddia edir. Komitənin ötən dəfəki tərkibi seçiləndə də buna bənzər narazılıqlar olmuşdu. Bu arada Qobustan qapalı həbsxanasında narazılıqlar davam etməkdədir. Bəzi məhbusların yaxınları həbsxanada özbaşınalıqlara yol verildiyini iddia edirlər. Bu günlərdə Ombudsman Aparatının əməkdaşları da həmin həbsxanada monitorinq keçirərkən məhbuslardan bir neçəsi ciddi narazılıqlar səsləndirib.
Bu və digər məsələlərlə bağlı Modern.az-ın suallarını Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev cavablandırdı.
- Azay müəllim, ədliyyə naziri yanında İctimai Komitədə bəzi narazılıqlar var. Komitənin tərkibindən kənarda qalanlar iddia edirlər ki, onlar çatışmazlıqları tənqid etdikləri üçün qurumdan uzaqlaşdırılıblar. Sizcə, İctimai Komitədə nə baş verir?
- Demokratik fikirli insanların İctimai Komitədən uzaqlaşdırılması ilə bağlı deyilənlər tam yalnış bir fikirdir. Mən hesab edirəm ki, Komitənin üzvü olmuş İradə Cavadova düzgün açıqlıma verməyib. Həddindən artıq yalnış yanaşmadır. Əvvəla ona görə ki, İctimai Komitənin tərkibi ildə bir dəfə dəyişir və rotasiya olunur. Budəfəki dəyişiklik də növbəti bir rotasiyadır. Komitədə İradə xanımla bağlı heç kimin narazılığı, etirazı yoxdur. Mənim bildiyimə görə, İradə Cavadova vəkil olduğu üçün İctimai Komitədə növbəti mərhələyə keçə bilməyib. Ona görə ki, vəkil işi ilə məhbusların hüquqlarının qorunması arasında müəyyən maraqların konflikti yarana bilər. Bu bir ehtimal olaraq səsləndi və nəzərə alındı. Amma Komitənin indiki tərkibinə baxsanız görərsiniz ki, orada kifayət qədər tanınmış hüquq müdafiəçiləri, Azərbaycanı tənqid edən şəxslər var. Həm də nəzərə almaq lazımdar ki, indi hər hansı cəzaçəkmə müəssisəsində monitorinq aparmaq üçün dövlətdən, Penitensiar Xidmətdən hər hansı icazə alınmır. Ona görə də, hər bir hüquq müdafiəçisi istənilən vaxt istənilən həbsxanaya gedib orada müşahidə apara və monitorinq keçirə bilər. Elə bir mexanizm yaradılıb ki, orada subyektivliyə və sui-istifadə hallarına yer qalmır. Bu baxımdan, mən o fikirlə razı deyiləm ki, kimsə tənqidi mövqedə olduğu üçün Komitədən uzaqlaşdırılıb. Digər tərəfdən, İctimai Komitənin üzvü olmadan da hər bir hüquq müdafiəçisi həbsxanalara gedib monitorinq keçirə bilər. Düzdür, İctimai Komitənin üzvlərinə müəyyən imtiyazlar verilib, vəsiqə verilib və onların həbsxanalara birbaşa girmək hüququ tanınır. Amma bu o demək deyil ki, digərləri bunu edə bilməzlər.
- Qobustan qapalı həbsxanasında baş verənlər cəmiyyətə həmişə ziddiyətli formada çatdırılır. Həbsxanadakıların yaxınları vəziyyətin gərgin olduğunu, orada problemlərin mövcudluğunu deyir, Penitensiar Xidmət isə bunu təkzib edir. Amma Ombudsman Aparatı bu günlərdə məlumat yaydı ki, Qobustan həbsxanasında monitorinq keçirilərkən məhkumlar ciddi şikayətlər və narazılıqlar ediblər.
- Mən bu məsələni birinci dəfədir eşdirəm. Əgər belə hallar varsa, bunun qarşısı alınmalıdır. Orada ümumiyyətlə, həmişə gərginlik olub. Çünki Qobustan həbsxanasında ağır kateqoriyalı, dəfələrlə və ağır cinayətlər törətmiş məhkumlar cəza çəkirlər. Onların da əksəriyyəti ömürlük cəzaya məhkum olunanlardır. Bu adamların itirəcəyi heç nə yoxdur. Buna görə də bəzən gərgin vəziyyət yaradırlar. Əgər belə gərginlik varsa, mətbuat bu məsələni qabardırsa, İctimai Komitənin üzvləri mütləq şəkildə Qobustan həbsxanasına getməlidir və məsələni yerindəcə araşdırmalıdırlar. Əgər doğrudan da həbsxanada neqativ hallar varsa, həbsxana rəhbərliyi tərəfindən məhkumlara qarşı qanun pozuntusuna yol verilirsə və məhbuslar işgəncələrə məruz qalırsa, o zaman bunları araşdırıb qəti tədbirlər görmək lazımdır. Əksər təqdirdə, İctimai Komitənin işinin effekti olmaz.
- Ömürlük həbs cəzası çəkən məhbuslardan danışdınız. Sizcə, onların cəzası azaldıla və yaxud və onlar əfv olunub amnistiyaya düşə bilərmi?
- Amnistiya maddələr üzrə verilir. Ağır, xüsusilə ağır cinayətlər törətmiş şəxslərin amnistiyaya düşəcəyinə inanmıram. Bu, mümkün deyil. Əfvə gəldikdə isə, əgər kiminsə törətdiyi cinayətlər ictimai baxımdan hələ də təhlükəli olaraq qalırsa və bu cinayətlərdən kifayət qədər zərər çəkən şəxslər və ailələr varsa, bu cür insanların əfv olunması mümkün deyil. Müvafiq əsasnamə və qaydalar bunu qadağan edir. Dövlət bir vətəndaşını məmnun etmək xatirinə digər vətəndaşının hüququnu poza və ona mənəvi iztirablar verə bilməz. Bunu nəzərə almaq lazımdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir