Modern.az

FHN Masallıdakı partlayışla bağlı rəsmi məlumat yaydı: 2 ölü, 4 yaralı var (yenilənib)

FHN Masallıdakı partlayışla bağlı rəsmi məlumat yaydı: 2 ölü, 4 yaralı var (yenilənib)

7 Fevral 2011, 23:05

Bu gün saat 14:40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsi tamamilə dağılıb. Fövqəladə Hallar Nazirliyi hadisə barədə rəsmi məlumat yayıb. Modern.az-ın məlumatına görə, nazirlik bildirib ki, 7 fevral 2011-ci il tarixində "112" zəng mərkəzinə Masallı şəhərində ATS-in yerləşdiyi dördmərtəbəli binanın bir hissəsinin çökməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələrinin mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. İlkin məlumata əsasən, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, 4 nəfər xəsarət alıb. Hazırda dağıntılar altıda qalmış daha 1 nəfərin xilas olunması işləri davam etdirilir.

***
Gecə saatlarında Masallı Rayon Telekommunikasiya Qovşağında baş verən partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi çıxarılıb.
Beləliklə hadisə nəticəsində ölənlər qovşağın texniki şöbəsinin rəisi Asim Əliyev və qovşağının əməkdaşı Kişvər Şahverdiyevadır.
Hadisə zamanı Telekommunikasiya Qovşağının 4 əməkdaşı - İbadət Quliyev, Ziyafət Məmmədov, Natiq Məmmədov, İlkin İbişov isə xəsarət alıb.

Hadisə yerində olan Rabitə və İnformasiya naziri Əli Abbasov tezliklə Masallıda rabitənin bərpa ediləcəyini bildirib. Onun sözlərinə görə, hadisə 24 min 500 abonenti rabitəsiz qoyub.

Hadisənin səbəbləri araşdırılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir