Modern.az

Əli Həsənov işçilərinə korrupsiya və süründürməçiliyə qarşı tapşırıqlar verdi

Əli Həsənov işçilərinə korrupsiya və süründürməçiliyə qarşı tapşırıqlar verdi

7 Fevral 2011, 16:59

Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Ə.Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda bildirilib ki, ötən il qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər problemlərin həlli ilə bağlı Prezident tərəfindən 4 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən isə 14 sərəncam və qərar qəbul edilib.

Ə.Həsənov ölkədə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması baxımından həyata keçirilən tədbirlər barədə danışıb və qeyd edib ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlər prinspial xarakter daşıyır və dövlət siyasətinin ən prioritet məsələlərindən birini təşkil edir.

Ə.Həsənov iclasda iştirak edən bütün idarə və şöbələrin, tabe təşkilatların rəhbərlərinə süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yarada biləcək halların qarşısının alınması ilə bağlı konkret tapşırıqlar verib və qeyd edibdir ki, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrası üzrə “Dövlətqaçqınkom”un 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planının icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalıdır.

İclasda qeyd edilib ki, ötən il Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət məhəllənin, Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin açılışı olub, məcburi köçkünlər yeni mənzillərə köçürülüb.

Həmçinin Bakı şəhərində obyektlərdən təcili köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi Abşeron rayonunun Ramana qəsəbəsində tikilmiş beşmərtəbəli yaşayış binasına köçürülüb. Qəbələ rayonunun Zarağan kəndində müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin də 40 mənzilli yeni binaya köçürülməsi təmin edilib. Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli yaşayış binalarının və 360 yerlik məktəbin tikintisi isə başa çatıb.

İclasda qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması baxımından yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində olub. Hesabat dövründə 2360 nəfər məcburi köçkün daimi işlə, 4458 nəfər isə mövsümü işlə təmin olunub. Bundan əlavə, 104 nəfərə işsiz statusu verilib, 123 nəfərə işsizlik müavinəti təyin edilib, 363 nəfər peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bunlarla yanaşı, MKSİF tərəfindən 97 müxtəlif növ icma mikrolayihəsi başa çatdırılıb.

2010-cu il ərzində Komitəyə daxil olan 35203 müraciətə vaxtında cavab verilib. Sədrin qəbulunda 189 nəfər olub. Ümumilikdə isə rəhbərlik tərəfindən 998 nəfər vətəndaş qəbul edilib.

Kollegiya iclasında müzakirə olunan məsələlərə münasibət bildirən Əli Həsənov kollektivin ötən ildəki fəaliyyətini müsbət qiymətləndirib, qarşıda duran vəzifələrlə bağlı müvafiq idarə və şöbələrə konkret tapşırıq və tövsiyyələrini verib.

Kollegiya iclasının yekununda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub