Modern.az

ADU-nun 568 tələbəsi qış imtahanlarından kəsilib

ADU-nun 568 tələbəsi qış imtahanlarından kəsilib

8 Fevral 2011, 10:23


Azərbaycan Dillər Universitetində (ADU)qış imtahan sessiyası zamanı xeyli tələbə “2” alıb. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova Modern.az saytına bildirib ki,  2010-2011-ci tədris ilinin qış imtahan sessiyası bir neçə gün öncə başa çatıb.
“ADU-nun rektoru, professor Səməd Seyidovun 2010-cu il dekabrın 15-də imzaladığı əmrə əsasən, qış imtahan sessiyası 2011-ci il yanvarın 5-dən başlamışdı. Fakültə dekanları və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmək, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanlarda plagiat və proteksiya hallarının qarşısını almaq üçün ciddi tədbirlər görmələri, habelə imtahanların nəticələrinin protokollaşdırılmasını və qiymət cədvəllərinin tərtib olunmasını normativ qaydalara uyğun həyata keçirmələri tapşırılmışdı. İmtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah və Qaynar xətt yaradılmışdı”.

Yanvarın 5-dən başlayan imtahan sessiyası 8 fakültədə (1 saylı İngilis dili, 2 saylı İngilis dili, Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) aparılıb. Qış imtahan sessiyasında 3852 tələbə iştirak edib. Alman dili fakültəsində 202, Fransız dili fakültəsində 208, 1 saylı İngilis dili fakültəsində 835, 2 saylı İngilis dili fakültəsinin əyani gündüz şöbəsində 734, axşam şöbəsində 133, Filologiya fakültəsində 600, Tərcümə fakültəsinin əyani gündüz şöbəsində 481, axşam şöbəsində 30, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində isə 625, yeni yaranan Əlavə təhsil fakültəsində isə 4 tələbə öz biliklərini nümayiş etdirib.

İmtahan verən tələbələrdən 620 nəfəri əla, 1016 nəfəri yaxşı və əla, 1549 nəfəri isə qarışıq qiymətlər alıblar. Əla qiyməti üstünlük təşkil edən fakültələr 1 saylı İngilis dili fakültəsi və Tərcümə fakültəsidir (Müvafiq olaraq 222 tələbə və 114 tələbə).

Z.Kazımova deyib ki, imtahanlardan kəsilən tələbələrin sayına gəlincə, onlar ADU-da 568 nəfər təşkil edib. Bunlardan 423-ü bir fəndən, 111-i iki fəndən, 34-ü isə üç və daha çox fəndən kəsilib.   

Qış imtahan sessiyasında apellyasiya üçün müraciət edən tələbələr də olub. 1013 nəfər imtahan zamanı biliyinin düzgün qiymətləndirilməməsini iddia edərək apellyasiya üçün müraciət edib. Apellyasiya şikayətlərinə baxılıb və müvafiq qaydada şikayətlər təmin edilib.

İmtahanlar zamanı tələbələrin ən çox kəsildiyi fənlər də məlum olub. Bunların arasında 1 saylı İngilis dili fakültəsində tədris olunan Üslubiyyat fənni (42 tələbə), Leksikologiya fənni (39 tələbə), həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tədris olunan Azərbaycan tarixi fənni (21 tələbə) üstünlük təşkil edib.

İmtahan sessiyası günlərində universitet rəhbərliyi imtahanın gedişi ilə tanış olublar, normativ sənədlərə baxış keçiriblər. Bundan əlavə, Təhsil nazirliyi Ali və Orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ADU-da qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq aparıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi