Modern.az

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılacaq

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılacaq

5 Sentyabr 2016, 12:41

Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin növbəti mövsümdə Milli Məclisdə müzakirəyə çıxarılacağı ehtimalı var. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

 

Qanun layihəsi qəbul olunacağı təqdirdə  məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil  Nazirliyinə qaytarılması bağçalarla bağlı nəyi dəyişəcək?

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr  müavini Jalə Əliyeva Modern.az-a açıqlamasında  deyib ki, bağçaların Təhsil Nazirliyinə qaytarılması  daha səmərəli ola bilər.

“Məktəbəqədər  təhsil müəssisələri ilə bağlı  aparılan siyasət ürəkaçandır.  Bilirik ki,  uzun illər bu müəssisə Təhsil  Nazirliyinin  tabeliyində olub. 

 

Sonrakı dövrlərdə rayon üzrə İcra hakimiyyətlərinə verildi. Hər halda, bunun da səbəbləri vardı.  Bir təhsil işçisi kimi düşünürəm ki,  əgər söhbət təhsildən gedirsə  və   bir müəssisənin adının qarşısında “təhsil” ifadəsi səslənirsə, bu, birbaşa Təhsil Nazirliyinin və əlaqədar təşkilatın məşğul olacağı  bir  məsələdir. Mənə  elə gəlir ki, əlaqədar qurum daha effektli, daha  səmərəli  işləyə  bilər.  Söhbət təhsildən gedirsə,  təhsil  işçiləri  təlimçilər,  maarifçilər  bu sahədə işləsələr, uşaqlarla məşğul olsalar, daha  yaxşı olar. Bu baxımdan o fikirdəyəm ki,  bu müəssisələr yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır”.

 

Xanım deputat məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların yaş məsələsinə də aydınlıq gətirib.

“Vaxtilə  1 yaşına  yaxın uşaqlar  bağçaya götürülürdü. Həmin  azyaşlılar  “yasli” deyilən qrupda  toplanırdı.  Təbii ki, bu da çox əhəmiyyətlidir.  Çünki hər bir qadın işləyir. Olur ki, övladını  harasa qoymağa yer olmur.  Evə əlavə dayələr  dəvət etmək maddi baxımdan çətin olur.  Bu da başqa bir söhbətin mövzusudur. Evə çağırılan dayə nə dərəcədə  etibarlıdır?!  Əlbəttə,  geniş ictimai nəzarətin altında uşağı  hansısa   quruma  yerləşdirib orada  müəyyən  vərdişlərə  yiyələnməsi,  tərbiyə alması  həm uşaq üçün, həm də maddi baxımdan ailə  üçün   daha  faydalıdır. Ona görə də həmin qrupların canlandırılması əhəmiyyətli  məsələdir.  Düşünürəm ki,  görülən işlər yaxın zamanlarda  öz bəhrəsini  verəcək”.

 

Namidə  BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir