Modern.az

Tədqiqatin sirləri

Tədqiqatin sirləri

5 Sentyabr 2016, 13:29

yaxud ƏDƏBİYYATIN MİSTİK ÜZÜ


Könül AYDIN Nəhmətova
filologiya üzrə fəlsəfə doktoru

 

 Səhər "OVQAT" verilişində Azər Turandan maraqlı bir söhbət dinlədim. Adının Azər olması, Hüseyn Cavidin sürgündə olduğu vilayətdə hərbi xidmətdən keçməsinin CAVİDŞÜNASLIĞA gəlməsinin mistik əlaqələrindən danışırdı. Bu, ədəbiiyatşünaslıqda rast gəldiyim üçüncü hekayədir.

İkincisi, AMEA-nın Ədəbiyyat İnstitutnda Elmira xanımın MOLLA NƏSRƏDDİNÇİLİYƏ gəlişidir. Bir dəfə mənə bu söhbəti etdi:

 Mir Cəlal Paşayev Elmira xanımın Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuduğu zaman müəllimi və sonra diplom işinin rəhbəri olub. Təzə dərs ilnin başında Mir Cəlal müəllim Elmira xanımı hər görəndə soruşarmış: "Necə oldu işlərin, "Molla Nəsrəddin"in tədqiqatı bitdimi?" Bu, uzun müddət belə davam edib. Tam təsadüfdən Elmira xanımın diplom işi "Molla Nəsrəddin"dən olub... Akademiyaya da məhz "Molla Nəsrəddin"i transfoneliterasiya etmək üçün işə götürülmüşdü... Bu günə qədər də "Molla Nəsrəddin"in tədqiqatçısı olaraq davam edir fəaliyyətinə. MOLLA NƏSRƏDDİNÇİLİYİN sonuncu mogikanıdır.



Üçüncüsü isə öz hekayəmdir: SEYİD HÜSEYN yaradıcılığının tədqiqatına başlamağım. 2006-cı ildə plan işimi müəyyənləşdirmək ixtiyarı özümə verildi. AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri mərhum alimimiz Əflatun Saraçlı plan işimi  müəyyənləşdirməyi özümə tapşırdı:

- Get bax ədəbiyyat tarixi kitablarına. Yetərincə işlənmədiyini  müəyyənləşdirdiyin mövzunu gəl plan işi kimi təqdim elə.


Mən də araşdırıb Seyid Hüseyn yaradıcılığının üzərində dayandım. O ildən iki il müddətinə Seyid Hüseynin həyat və yaradıcılığının tədqiqatına başladım. Amma hələ xəbərim yox idi ki, mən hər gün evdən çıxanda Sabunçu qəsəbəsində Seyid Hüseyn küçəsindən keçib işə gəlib-qayıdıram. Bir gün hasarın üzərində Seyid Hüseynin adı yazılmış lövhə diqqətimi çəkdi. Bu, artıq mənim tamamilə Seyid Hüseynin ruhu ilə dolu olduğum bir zaman idi. Sonra da öyrəndim ki, Seyid Hüseynin Sabunçu ilə sıx münasibəti olubmuş. Demək, mən hər gün onun izlərini də təqib edirmişəm... Hətta çalışdığım 67 nömrəli məktəb də, Sabunçuda yerləşən Mədəniyyət Mərkəzi də mənim üçün yazıçının canlı xatirəsinə çevrildi. Seyid Hüseynlə bağlı araşdırmalarım məni onun övladının – mərhum yazıçı, tərcüməçi Qumral Sadıqzadənin evinə qədər gətirib çıxardı. İlk övladı olan mərhum rəssamımız Oqtay Sadıqzadəni tanıdım.


Ən maraqlı faktlardan biri budur ki, Seyid Hüseynin bir dərin sızısı, yarası vardı ürəyində. Yəqin ki, dünyanı elə bu sızı ilə də dəyişibmiş: özündən iki yaş kiçik qardaşı Mir Paşanın ermənilər tərəfindən qətli. Öz təbirincə desək, “hələ get-gedə unutdurulmağı”... Seyid Hüseynin ruhunun təsri ilə oldumu, bilmirəm, mən yazıçının tədqiqatçısı olmaqdan daha çox Mir Paşanın məruz qaldığı cinayətin müstəntiqinə çevrildim sanki. Bu da öz iradəm daxilində deyil, sanki kənar müdaxilələr sayəsində yönləndirildi.

Seyid Hüseyn haqqında monoqrafiya üzərində işləyirdim. İşin çoxu görülmüşdü. Amma bir gün belə oldu ki, tam təsadüf görünə biləcək bir qəza səbəbindən fayl kompyuterdən itdi. Nə qədər axtardım, tapa bilmədim. Bu halda adamın nə hala düşə biləcəyini tədqiqatçılar bilər...

Bu hadisədən sonra bir müddət mövzuya yaxınlaşa bilmədim.

Amma təkrar işə başlayanda yenə qeyri-ixtiyari məni Seyid Hüseyn deyil, Mir Paşa maraqlandırmağa başladı. İsrarlı araşdırmalar Mir Paşa haqqında “Bir ömrün qəlpələri” kiabımla nəticələndi. Sanki Mir Paşanın tanıtdırılması Seyid Hüseynin ruhu qarşısında bir vəzifəyə dönmüşdü mənim üçün.

Ən maraqlı məqamlardan biri də Seyid Hüseynin evini heç kimin yardımı olmadan intuitsiyamın gücü ilə tapmağım oldu. Yazıçının kürəkəni Aydın Hüseynzadənin məqalələrindən oxumuşdum ki, Seyid Hüseynin evi İşərişəhərdə Şirvanşahlar sarayının arxasında 74 nömrəli ikimərtənbəli qədim, kiçik bir binadır. Qumral xanımdan da eşitmişdim ki, indi o evdə öz qızı yaşayır, bioloqdur. Bu qədər məlumatım vardı o ev haqqında. Qumral xanımın vəfatından sonra çox təəssüfləndim ki, niyə salığında gedib o evi ziyarət etmədim. Özümü qınayırdım. Dəfələrlə oldu ki, Şirvanşahlar sarayının dörd bir tərəfini gəzdim, tapa bilmədim.


Amma bir gün... AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutnda çalışdığım zaman idi. İş otağımızda əyləşdiyim zaman yenə Seyid Hüseyn məhəbbəti işğal etdi ürəyimi, fikrimi yalnız onunla bağlı oxuduğum xatirələr, faktlar məşğul edirdi. Axır dayana bilmədim. Tərk edib binanı yenə üz tutdum Şirvanşahlar sarayına tərəf. Amma hara gedəcəyimi bilmirdim. Küçələr özü aparırdı məni. “Ayağım hara, başım ora” deyərlər, bax tam o vəziyyətdə... Axır gəlib bir dalanla bir dar küçənin kəsişməsinə çatdım: “Kiçik qala” döngəsi... Bir bu dalana baxım, dedim. Heç bir səbəb, düşüncə olmadan, başqa edə biləcəyim nə vardı ki əlimdə?! Dalanın içərisinə tərəf keçəndə ikimərtəbəli köhnə bir binanın üstündəki lövhə məni heyrətə gətirdi: “74”... Dərhal həyəcanla qapını döyüb öyrəndim ki, bu ev Seyid Hüseynin olub.


Daha bir fakt: İSMAİLİYYƏ binası ilə bağlı maraqlı bir xatirəm var.
On il öncənin söhbətidir. Yuxuda gördüm ki, İçəri Şəhərin Qala divarlarının kənarıdır.  Qala divarlarından sonra qumsallıq, töküntülükdür... Bir bina tikilməkdədir, məscid olmalı idi, amma məscid deyil... Bu yuxu uzun müddət düşündürsə də məni, bir nəticəyə vara bilmədim.


Bir gün Seyid Hüseyinin qızı mərhum yazıçı Qumral xanım Sadıqzadə mənə öz romanını verdi oxumaq üçün: "SON MƏNZİLİ XƏZƏR OLDU"... Roman Seyid Hüseynin həyatının sənədli salnaməsidir. Kitabı göz yaşlarım heç dayanmadım oxudum evdə, metroda, işdə... Bir səhər yenə işə gedərkən əsəri oxuyurdum metroda, göz yaşlarım da dayanmaq bilmirdi. Hətta o dərəcədə ki, hər kəs mənə baxırdı. Mən də kitabı gözümün önünə qaldırıb dayanmadan oxuyurdum. Elə o anda bir səhifə səksəndirdi məni. İsmailiyyənin tarixi haqqında idi. Bu bina Hacı Zeynalabdin tərəfindən məscid olaraq tikdirilmiş. Sonra müəyyən səbəblərdən Ağa Musa Nağıyev onu alıb oğlu mərhum İsmayılın xatirəsini əbədiləşdirmək məqsədi ilə Müsəlman Xeyriyyə Cəmiyyəti üçün tikdirir.

Bütün bunlar təsadüfdürmü, zərurətdirmi, bilmirəm. Bircə onu hiss edirəm ki, qələm yalnız mənim təfəkkürüm sayəsində yazmır. Yəqin ki, bu gün bunları yazmağım da təsadüf deyidi. Xatirələrimi yazıb bitirdiyim son dəqiqədə yenə xatırladım ki,  növbəti il Seyid Hüseynin anadan olmasının 130-cu ildönümüdür: 25 yanvar 2017-ci il...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?