Modern.az

Rusiyanın Azərbaycandakı səfirləri - KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ...

Rusiyanın Azərbaycandakı səfirləri - KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ...

Reportaj

5 Sentyabr 2016, 14:03

Rusiya Federasiyası 1992-ci il aprelin 4-də Azərbaycanın müstəqilliyini rəsmən tanıdı. Həmin gün Azərbaycanın xarici işlər naziri Hüseynağa Sadıqov rusiyalı həmkarı Andrey Kozlovla iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalamışdı.

 

1992-ci il martın 2-dən Rusiyanın Bakıdakı diplomatik missiyasına rəhbərlik edən Valter Şoniya diplomatik münasibətlərin qurulmasından sonra Moskvanın ölkəmizdəki ilk rəsmi səfiri olub.

 

24 illik diplomatik münasibətlər tarixində Rusiyanı ölkəmizdə ümumilikdə, 5 səfir təmsil edib.


Modern.az
saytı Rusiyanın Azərbaycandakı səfirlərinin siyahısını təqdim edir.

 
1. Valter Şoniya (1992-ci il 2 mart – 1995-ci il 26 iyun)

Valter Aleksandroviç Şoniya 1936-cı il martın 22-də Moskvada anadan olub. Moskva Beynəlxalq Əlaqələr İnstitutunu və SSRİ Diplomatik Akademiyasını bitirən Şoniya 1964-cü ildən diplomatik fəaliyyətə başlamışdı.

1964-1975-ci illərdə SSRİ-nin Orta Şərq şöbəsində, SSRİ-nin İstanbul Baş konsulluğunda çalışıb. 1980-1986-cı illərdə isə Laosda və Moskvadakı diplomatik idarələrdə işləyib. Orta Şərq regionu üzrə ekspert kimi 1988-1992-ci illərdə SSRİ-nin Türkiyə səfirliyində müşavir olub.

1992-ci il martın 18-də Boris Yeltsinin sərəncamı ilə səfir statusu alıb və Bakıya göndərilib. Valter Şoniya 1995-ci il iyun ayının 26-na qədər Azərbaycanda səfir kimi çalışıb. O, ölkə tarixində həmin illərdə baş verən ən önəmli ictimai-siyasi hadisələrin şahidi olub, danışıqlarda iştirak edib.

Valter Şoniya Moskvaya geri çağrıldıqdan sonra qısa müddətdə təqaüdə çıxıb. Hazırda Rusiyanın Azərbaycanda ilk səfiri olmuş 80 yaşlı diplomat Moskvada yaşayır. O evlidir, 2 övlad və 3 nəvə sahibidir.

 

2. Aleksandr Bloxin (1995-ci il 26 iyun – 2000-ci il 6 yanvar)

Aleksandr Viktoroviç Bloxin 1951-ci il yanvarın 12-də İvanovo vilayətinin eyniadlı şəhərində anadan olub. O, əmək fəaliyyətinə “İvtorfmaş” zavodunda adi işçi kimi başlayıb, paralel olaraq İvanovo Energetika İnstitutunda təhsil alıb. 1974-cü ildə Kirov şəhərində “Fizpribor” zavodunda baş mühəndis və sex rəisi çalışıb. Sonralar doğma universitetində aspirantura təhsili alan Bloxin 1983-cü ildən Moskva vilayətində yerləşən Şelkov biokombinatının baş mühəndisi olub.

1990-cı ildə Rusiya parlamentinə deputat seçilib. O 1992-ci ilə qədər Rusiya Ali Sovetinin Katibliyində çalışıb, sonradan isə Rusiya Xarici İşlər Nazirliyində xidmətə başlayıb. Səfir statusunda xidmətə başladığı ilk ölkə Azərbaycan olub. O, Şoniyanı əvəzləyərək 1995-ci il iyunun 26-da Bakıda diplomatik fəaliyyə başlayıb. Aleksandr Bloxin 2000-ci ilə qədər ölkəmizdə çalışıb və Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfə verib.

Azərbaycandan geri çağırıldıqdan sonra o, Rusiyanın federasiya və milli məsələlər üzrə naziri təyin olunub. 2001-ci il oktyabrın 17-də həmin nazirliyin ləğv olunması səbəbilə postunu tərk edib. Sonralar Aleksandr Bloxin Rusiyanın Belarus (2002-c il 26 iyul- 2005-ci il 14 iyul) və Avstraliyadakı səfiri (2005-ci il 10 noyabr – 2010-cu il 20 iyun) olub. Hazırda onun sonuncu iş yeri Türkmənistandır. Prezident Vladimir Putinin 2011-ci il 5 may tarixli sərəncamı ilə Aleksandr Bloxin Rusiyanın Türkmənistandakı səfiri təyin olunub.

65 yaşlı Bloxin evlidir və 2 övlad sahibidir.

 

3. Nikolay Ryabov (2000-ci il 9 sentyabr – 2004-cü il 19 oktyabr)

Nikolay Timofeyeviç Ryabov Rostov vilayətinin Salsk şəhərində anadan olub. O, Salsk Kənd Təsərrüfatı Texnikumunu bitirib və 1966-cı ildən Budennı adına at zavodunda traktorçu kimi çalışıb. 1973-cü ildə isə texnikumda pedoqoji fəaliyyətə başlayıb. 1979-cu ildə Rostov Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1990-cı ildə Rusiya Ali Sovetinə deputat seçilib. 1992-ci il dekabrın 14-də isə Nikolay Ryabov Rusiya Ali Soveti sədrinin müavini seçilib. Onun növbəti iş yeri Rusiya Mərkəzi Seçki Komissiyası olub. 1993-cü il sentyabrın 24-dən 1996-cı il 14 noyabr tarixinə qədər bu postda çalışıb. 1996-cı ildə keçirilən prezident seçkilərində də namizədliyini önə sürən Nikolay Ryabov Boris Yeltsinin sərəncamı ilə 12 noybar 1996-cı ildə fövqəladə və səlahiyyətli səfir statusunda Çexiya Respublikasına göndərilib.

2000-ci il sentyabrın 9-da isə bu ölkədə diplomatik fəaliyyətini bitirib və bu dəfə prezident Putinin sərəncamı ilə Azərbaycana səfir göndərilib. Maraqlıdır ki, Aleksandr Bloxinin 2000-ci ilin yanvarında Moskvaya çağırılması ilə Ryabovun Bakıya səfir təyin olunması arasında 9 ay vaxt keçib.

Nikolay Ryabov Bakıda 4 ildən bir qədər artıq qalıb və aktiv diplomatik fəaliyyət göstərib. 2004-cü il oktyabrın 19-da isə o bu dəfə Moldova Respublikasına səfir göndərilib. 2007-ci il iyulun 27-də Moskvaya geri çağırıldıqdan sonra isə təqaüdə çıxıb.

Hazırda Nikolay Ryabov anadan olduğu Salsk şəhərində yaşayır. Onun 1 oğlu var.

 

4. Vasili İstratov (29 may 2006-cı il – 2009-cu il 24 fevral)

Rusiyanın Azərbaycandakı sayca 4-cü səfiri Vasili İstratov 1954-cü il dekabrın 30-da Moskvada andan olub. Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1980-c ildə isə həmin fakültənin aspiranturasını da bitirən İstratov Britaniya tarixindən dərs deyib.

Sovet İttifaqının dağılması ilə diplomatik fəaliyyətə keçib. Uzun illər SSRİ-nin Böyük Britaniya və İrlandiyadakı səfirliklərində, Nazirliyin müvafiq departamentlərində çalışıb. O 1999-2003-cü illərdə Rusiyanın İrlandiyadakı səfirliyində müşavir, 2003-cü ilin mayından 2006-cı ilin mayına qədər isə Rusiya XİN-nin Şimali Amerika departamentində direktor müavini vəzifələrində çalışıb.

2006-cı il mayın 29-da Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunub. Bu təyinata qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsi 19 ay boş qalmışdı. Vasili İstratov 3 ilə yaxın Azərbaycanda səfir kimi çalışdı və 2009-cu ilin fevralında prezident Dmitri Medvedevin sərəncamı ilə Moskvaya geri çağırıldı.

Hazırda İstratov “Rus Dünyası” ictimai birliyinin sədr müavinidir və eyni zamanda Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus “AzNar” şirkətinin direktorlar şurasının üzvüdür.

Vasili İstratov Moskvada yaşayır. O, evli və 1 qız atasıdır.

 

5.Vladimir Doroxin (2009-cu il 24 fevral - )

Rusiyanın Azərbaycanda hazırki səfiri Vladimir Dmitriyeviç Doroxindir. O 1948-ci il dekabrın 19-da Həştərxan şəhərində anadan olub. Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirdikdən sonra 1971-ci ildən diplomatik fəaliyyət başlayıb. 1977-1991-ci illərdə SSRİ-nin xaricdəki diplomatik səfirliklərində çalışıb. 1991-ci ildən sonra Rusiyanın Macarıstan səfirliyində müşavir, Rusiya XİN-nin YUNESKO və mədəniyyət departamentində çalışıb.

 2001-ci il avqustun 28-də Zambiyaya səfir təyin olunub və 2005-ci ilə qədər bu statusda çalışıb. 2009-cu il fevralın 24-də isə öz etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmişdi.

Kremlin Azərbaycana təyin etdiyi sayca 5-ci səfir olan Vladimir Doroxin artıq 7 ildən artıqdır ki, Bakıda çalışır və bu baxımdan ən uzunömürlü rusiyalı diplomat sayılır.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu