Modern.az

Deputatdan baş həkimə ETİRAZ: “Bunu necə hesablayırlar?!”

Deputatdan baş həkimə ETİRAZ: “Bunu necə hesablayırlar?!”

6 Sentyabr 2016, 11:37

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyevin bəzi çağırışların ödənişli edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Deputat Modern.az-a bunun mümkünsüz olduğunu açıqlayıb:

 

“Ödənişli təcili yardım xidmətini təsəvvür edə bilmirəm”

 

“Baş həkimin dediyi kimi onlara aid olmayan, yaxud təkrar çağırışlara, VİP xidmətlərinə görə xidmət pullu ola bilər. Amma bizim qanunvericiliyə görə səhiyyə xidmətləri pulsuzdur və dövlət vəsaiti hesabına həyata keçirilir. Amma bu sadalananları hansı şəkildə ödənişli edəcəklərini düşünə bilmirəm.

Özəl tibbi xidmət yaratmaq mümkündür ki, özəl qaydada fəaliyyət göstərsin. Amma bu gün dövlətdə bütün tibbi xidmətlər pulsuzdur. Müəyyən dövrlərdə poliklinikalarda müayinələr pullu olsa da, sonradan onlar da ləğv edildi.

 

Əsassız çağırışlara nəzarət etmək üçün elektron hökumət səviyyəsində formalar tapmaq mümkündür.

Yəni, hər bir xəstənin ambulator kartasında olan məlumatları hər hansı cip vasitəsilə əlaqələndirə bilər və təkrar çağırışın nə ilə bağlı olduğunu aydınlaşdıra bilərlər.

Amma ilkin, təcili təxirəsalınmaz çağırışlarda “sən pul ödə, mən gəlim xidmət göstərim” mümkün deyil və bunu doğru da hesab etmirəm”.

 

“Tibbi sığorta bu problemləri həll edəcək”

 

M.Quliyev icbari tibbi sığortanın tətbiqindən sonra bu məsələlərin öz həllini tapacağını deyib:

“Yaxın vaxtlarda icbari tibbi sığortanı qəbul edəcəyik. Bu zaman isə təkrar və ixtisaslaşmış çağırışlar paketə daxil ediləcək.

 

Ümumilikdə təcili yardımla bağlı pullu xidməti mən təsəvvür edə bilmirəm. Bu, həm qanunvericiliyə uyğun gəlmir, həm də insanların sosial vəziyyəti buna imkan vermir.

Azərbaycan sosial dövlətdir, təcili və təxirəslınmaz yardımlar həmişə dövlətin vəsaiti hesabına həyata keçirilməlidir”.

 

"Belə bir hesablama sistemi yoxdur"

 

M.Quliyev R.Nağıyevin “İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir” fikrinə cavab olaraq deyib ki, bu hesablanma mexanizmi ona qəribə görünür:

 

“Bunu necə hesablayıblar?! Mənə çox maraqlıdır. Yəni, belə çıxır ki, bura həkim və tibb bacısının zəhmət haqqını, istifadə olunan dərmanların, nəqliyyatın xərcini daxil ediblər. Amma belə bir hesablama sistemi yoxdur. Ola bilər ki, baş həkim özəl tibb müəssisəsinin təcili yardımı ilə müqayisəli bunu deyib. Amma bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda təcili tibbi yardım pulsuz olduğuna görə, onun özəl qaydada kalkulyasiyası mümkünsüzdür”.

 

BŞTTYS-nın baş həkimi Rauf Nağıyev fins.az-a deyib ki, gün ərzində təcili yardıma daxil olan 2 minə yaxın müraciətdən yalnız 40 faizi onlara aiddir. Qalan hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində poliklinika və xəstəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.

Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyib.

 

Gülşən RAUFQIZI

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi