Modern.az

Komada olan yazıçı ilə bağlı aksiya başlanır

Komada olan yazıçı ilə bağlı aksiya başlanır

6 Sentyabr 2016, 12:43

Keçirdiyi avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alan və yeddi aydır komada olan yazıçı-publisist Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabı təkrar nəşr edilib. Modern.az xəbər verir ki, sentyabrın 9-10-da paytaxtda, Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzində kitabın satış aksiyası həyata keçiriləcək.

Sentyabrın 9-u saat 15-dən başlanacaq aksiya “Park Bulvar”ın ikinci mərtəbəsində təşkil olunacaq. Kitabın satışından toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf ediləcək, müəllifin hazırda müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın hesabına köçürüləcək. Əli Əliyev həmin xəstəxananın reanimasiya şöbəsindədir.

Əli Əliyevi bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metrostansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub.

Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşən ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var.
Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Kitabın ilk tirajının bütün nüsxələri oxuculara pulsuz paylanıb.

Qeyd edək ki, Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yarandığından son günlər yardım kampaniyasına başlanıb.

“Əlli dörd gün erməni mühasirəsində” kitabının təkrar nəşri və kitabın “Park Bulvar”da iki günlük satışı aksiyası bu kampaniyanın tərkib hissəsidir. Hər kəs aksiyada iştiraka dəvət olunur.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi