Modern.az

İsmət Abbasov da kollegiya iclası keçirdi

İsmət Abbasov da kollegiya iclası keçirdi

8 Fevral 2011, 14:46

Modern.az-ın məlumatına görə, fevralın 8-də Kənd Təsərrüfatı Nazirliyində ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib.
Iclasda ötən il görülmüş işlər və qarşıdan duran vəzifələr,  “şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyasının” həyata keçirilməsi müzakirə olunub.

Kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, son üç ildə kənd təsərrüfatının ümumi məhsulunun artım sürəti orta hesabla 2,5 faiz təşkil edib.

Aqrar sahənin inkişaf etdiyini deyən nazir vurğulayıb ki, heyvandarlıq məhsullarının istehsalı 2010-cu ildə sabit şəkildə davam edib, 2009-cu ilə nisbətən ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artıb.
İsmət Abbasov aqrar sektorda bir çox nailiyyətlərin əldə olunduğunu deyib. Bildirib ki, ölkə başçısının imzaladığı bir sıra Dövlət proqramları və sərəncamlar müsbət nəticələr verib və daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olub.  Ötən il kənd təsərrüfatının inkişafı məqsədi ilə hüquqi və mülki şəxslərə 13 milyon 405 min manat məbləğində güzəştli kreditlər verilib. Kreditlərin verilməsi nəticəsində 1066 daimi və müvəqqəti iş yeri açılıb. Ümumilikdə isə ötən il aqrar sahə üzrə 13495 iş yeri açılıb ki, onların 7483-ü daimidir. Qarşıda duran əsas vəzifələr isə toxumçuluq və buğda istehsalının artırılmasıdır. Görülən işlər nəticəsində 3 milyon tondan artıq taxıl məhsulu istehsalı nəzərdə tutulub.

İclasda həm də korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələləri də müzakirə olunub.
Nazirliyin yaydığı məlumata görə, tədbirdə bildirilib ki, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində təsərrüfat fəaliyyətinin araşdırılması nəticəsində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib. Nəticədə, bir neçə şirkətin nümayəndələri işdən azad olunub, həbs edilib.

Məlumatda hansı müəssisələrin nümayəndələrinin həbs olunması barədə xəbər verilməyib.

Kollegiya iclasının sonunda görülən tədbirlərin davam etdirilməsi, korrupsiyaya qarşı qabaqlayıcı, profilaktiki mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə nazirliyin şöbə, Dövlət Agentlikləri və Xidmətlərinin, “Aqrolizinq” ASC-nin rəhbərlərinə tapşırıqlar verilib.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı