Modern.az

Hökümətin korrupsiyaya qarşı mübarizəsi nə ilə nəticələcək?

Hökümətin korrupsiyaya qarşı mübarizəsi nə ilə nəticələcək?

8 Fevral 2011, 15:06


Ötən həftə bir sıra nazirliklərin anti-korrupsiya müşavirələri ilə yadda qaldı. Azərbaycan reallıqları üçün xarakterik olmayan  bu iclasların nəticəsi olaraq bir sıra dövlət qurumlarında kadr islahatları həyata keçirildi və daxili nəzarət gücləndirildi. Eyni zamanda gömrük, vergi sistemində əlavə ödənişlərin aradan qaldırılması isitiqamətində islahatlara start verildi.

Məlumatlara görə,  müşavirələrdən sonra gömrükdə idxal qiymətləri qanunvericilikdə nəzərdə tutulan rüsumlar üzrə sənədləşdirilməyə başlanılıb. Sual doğuran  məqam isə bu islahatların istehlak, eləcə də bazarın digər seqmentlərinə təsirlərinin nədən ibarət olacağıdır. Çünkı müstəqil ekspertlərin araşdırmalarına görə, bəzi məhsulları üzrə üzrə idxal, gömrükdən çıxış və pərakəndə satış qiymətləri arasında 6-12 dəfəyədək fərqlər var. Belə ki, əgər kərə yağının gömrük dəyəri 1,89 manatdırsa, gömrükdən çıxış dəyəri 2,56 manat, pərakəndə qiyməti 3,95 manatdır. Hansıki, burda kənarlaşma 153,84 faiz  təşkil edir.

Onu da qeyd edək son bir ildə ölkədə inflyasiyanın tempi artmağa başlayıb. Bu ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,5 faiz qalxıb. Bu arada nəzərə alsaq ki,  dünya bazarında taxıl, ət, süd, yağ  və digər ərzaq məhsullarının qiyməti  bahalaşıb və təkcə şəkərin qiyməti son 30 ildə rekord həddə çatıb, antikorrupsiya tədbirləri gücləndirilməzsə, Azərbaycanda istehlak qiymətləri daha yüksək  ola bilər.

İqtisadçı-alimVüqar Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizənin aparılması Azərbaycanın  pioritet məsələlərindən hesab edilir. Azərbaycan  korrupsiya səviyyəsinə görə, beynəlxalq şəffaflıq təşkilatının hesabatlarında ən çox korrupsiyaya uğramış ölkələrdən biri kimi qiymətləndirilir. Eyni zamanda ölkədə aparılan sorğular da göstərir bəzi dövlət qurumlar praktik olaraq korrupsiyalaşmış qurumlara çevriliblər. Korrupsiyaya qarşı mübarizənin aparılmasında müəyyən çatışmazlıqlar hələ də qalmaqdadır”.

V.Bayramov qeyd edir ki, antikorrupsiya tədbirləri, eləcə də bu sahədə atılan addımlar iqtisadiyyatın sağlamlaşdırılmasına xidmət edə bilər. O ki qaldı korrupsiyaya qarşı mübarizənin  istehlakçıların sosial rifahına  təsirlərinə, iqtisadçı deyir ki, korrupsiya, rüşvətxorluq birmənalı şəkildə vətəndaşların sosial vəziyyətinə təsir göstərir:

“Bu yalnız onunla bağlı deyil ki, vətəndaşlardan bir sıra hallarda  ödənişlər tələb edilir və ya korrupsiya əlavə xərclər yaradır. Korrupsiya iqtisadiyyatın, xüsusilə kiçik biznesin inkişafını tormuzlayır. Eyni zamanda korrupsiya real sektorda istehsal edilən məhsulların maya dəyərinin süni şəkildə yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda korrupsiyanın və ya qeyri-rəsmi ödənişlərin, eləcə də inhisar səviyyəsinin çox olmas nəticəsində  istehlak bazarında qiymətlər nəinki qonşu ölkələr, hətta Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə yüksəkdir”.

Mütəxəssisin fikrincə,  korrupsiyaya qarşı mübarizənin aparılması təkcə iqtisadiyyatın sağlamlaşdırılması deyil, istehlak bazarında qiymətlərin aşağı salınması baxımından da əhəmiyyətlidir:
“Əgər antikorrupsiya tədbirləri  davam   edərsə və bu proses sistemli şəkildə aparılarsa,  o zaman istehlak bazarında qiymətlər kəskin azalacaq. Tədqiqatlar göstərir ki, korrupsiya, qeyri-rəsmi ödənişlər istehsal edilən ərzaq və qeyri ərzaq məhsullarının dəyərinin süni şəkildə kəskin yüksəlməsinə gətirib çıxarır. Konkret olaraq, pomidor istehsal edən rayonlarda apardığımız tədqiqat bu məhsulun maya dəyərinin təxminən 30 faizinin, yəni 3/1-nin  qeyri-rəsmi ödənişlər təşkil etdiyini deməyə əsas verir”.

Ekspertin sözlərinə görə, bir sıra məhsulların istehsalında korrupsiya və rüşvətin payı 50 faizə yaxındır: “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, qeyri-rəsmi ödənişlərin aradan qaldırılması istehsal edilən məhsulların maya dəyərinin azalmasına, süni şəkildə yaranan xərclərin aradan qalxmasına gətirib çıxarar. Nəticədə ölkə daxilində qiymətlər azalar. Eyni problem idxal edilən məhsullarla da bağlıdır. İdxal ediləın məhsullarda qeyri-rəsmi ödənişlərin payı kifayət qədər yüksəkdir. Bu da istehlak bazarında xaricdən gətirilən məhsulların qiymətinin baha olmasını əsaslandırır”.

V.Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizə həm idxal, həm də yerli istehsal məhsullarının qiymətinin 30 faiz azalmasına səbəb olacaq: “Nəzərə alsaq ki, 2011-ci ildə dünya bazarında ərzaq qıtlığının olması və qiymət artımlarının olacağı proqnozlaşdırılır bu baxımdan da antikorrupsiya tədbirlərinin gücləndirilməsi vacibdir. Ümumiyyətlə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi Azərbaycanı dünya bazarında gözlənilən  qiymət artımlarından müəyyən qədər sığortalaya bilər”.     

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı