Modern.az

“Azərbaycan cəmiyyətində özəl və dövlət universitetlərinə ögey-doğmalıq var” - MÜSAHİBƏ

“Azərbaycan cəmiyyətində özəl və dövlət universitetlərinə ögey-doğmalıq var” - MÜSAHİBƏ

Təhsil

7 Sentyabr 2016, 09:20

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev ali təhsil müəssisələrinə builki qəbul prosesi ilə bağlı Modern.az saytına müsahibə verib.

 

- Eldar müəllim, uzun illərdir ki, ali təhsil müəssisəsinə rəhbərlik edirsiniz. Necə hesab edirsiniz, bu gün Azərbaycanda insanların ali təhsillə bağlı düşüncələri doğrudurmu?


- Burada birmənalı fikir bildirmək doğru olmaz. Çünki hər bir fərdin fərqli dşüncəsinin olması normaldır.

Təhsillə bağlı ümummilli liderimizin bir kəlamı var. O, deyirdi ki, təhsil millətin gələcəyidir. Sözsüz ki, ölkənin inkişafı, gələcəyi üçün təhsil bir nömrəli məsələ sayılır.

Azərbaycanda təhsilin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Həm müstəqilliyimizin bərpasından öncə, həm də sonra da təhsilə böyük dəyər verilib. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda ilk növbədə universitetlərin fəaliyyətinə, təhsilin keyfiyyətinə xüsusi diqqət yetirib. Bu o qədər də uza tarix deyil və o zamanlar tələbə olanlar bunu yaxşı bilirlər. Buna paralel olaraq o vaxt Azərbaycan gəncləri təhsil almaq üçün Rusiya, Ukrayna universitetlərinə göndərilirdi və həmin gənclər Azərbaycana mütəxəssis kimi qayıdırdı.  Bu gün də onlar alim kimi, mütəxəssis kimi ölkəmizə xeyir verirlər. Bunları xatırlatmaqda məqsədim odur ki, o dövrdən başlayaraq Azərbaycanda təhsilə diqqət ayrıldığını hər kəs bir daha bilsin.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra yenə də təhsilə xüsusi diqqət ayrıldı. Təhsildə də  özəl sahələrə yer verildi, bir neçə özəl təhsil müəssisələri açıldı.

- Qeyd etdiniz ki, təhsil müəssisələrinin əsas vəzifələrindən biri də cəmiyyət üçün insan yetişdirməkdir. Bu gün orta məktəblərdən gələn gənclərimizin düşüncə, davranış səviyyəsindən razısınız?

- İndiki vaxtla bizim dövrü müqayisə etsək, əlbəttə böyük dəyişikliklər var. Səviyyəyə gəldikdə isə deməzdim ki, bu günki gənclər səviyyəsizdir. Hər dövrün öz tələbi, necə deyərlər öz qanunauyğunluqları olur.

İndiki gənc nəslin əlində kompüter, telefon var, internet var, dünyada baş verən proseslərdən xəbərdardılar, informasiyalıdırlar, həqiqətləri bilirlər. Keçmiş dövrdə nəinki dediyimiz vasitələri, dərsliklər tapmaq belə, çox çətin idi. Bu gün 5-ci sinif şagirdi internet vasitəsilə istədiyi məlumatı ala bilir. İndi sadəcə olaraq mənə elə gəlir ki, bir qədər tənbəllik var. Bilirsiniz, yeni nəslə təhsili sevdirmək lazımdır. Əgər uşaq təhsili sevməsə, diplom, qiymət xatirinə oxuyursa, sözsüz ki, gələcəkdə nə ondan yaxşı mütəxəssis, nə də alim olacaq. Mən həmişə gənclərə deyirəm ki, diplom bir kağız parçasıdır. Biliyiniz olmasa, gələcəkdə bunun əziyyətini çəkəcəksiniz. Ali savadlı bir insan kimi öz sahənizi bilməsəniz, necə inkişaf edəcəksiniz...
Bu gün insanın inkişafı onun bilik və bacarığı ilə ölçülür və bunlardan çox asılıdır. Bu günki dövrdə diplomla birlikdə biliyin də olmalıdır. Hətta ola bilər ki, diplomun olmasın, ancaq savadın olsun. Hər halda gənclərdən ciddi narazılığım yoxdur. Amma arzularımız böyükdür. Təbii ki, mən indiki Azərbaycan gəncliyinin bütün dünyada qabaqcıl yerdə olmasını istəyirəm. Belə nümunələr var. Biz bunun kütləviləşməsinə çalışmalıyıq.

- Builki ali təhsil müəssisələrinə qəbul prosesini geridə qoyduq. Cəmiyyətdə proseslə bağlı müəyyən anlaşılmazlıqlar yaşandı sanki... sizcə, nə baş verdi ki, müəyyən narazılıqlar oldu?

- Bizdə özəl universitetlər müstəqilliyimizin bərpasından sonra yaranıb, Koorperasiya Universiteti isə 1964-cü ildən fəaliyyət göstərir. İlk vaxtlar Moskvanın Koorperasiya Universitetinin filialı kimi öz işinə start verən bu təhsil müəssisəsinin dövlət statusu var idi. İndiyə qədər də o status qalır. Mən sizə dünya üzrə 5-6 aparıcı universitet adı çəkə bilərəm ki, onlar özəl universitetlərdir və dünya birinciləridir.

Bu gün reytinqinə görə dünyada birinci yeri Harvard Universiteti tutur. 1636-cı ildən bu günə qədər fəaliyyət göstərir. 21 min tələbəsi, 10 min müəllim heyəti var. İllik gəliri 3 milyard 700 milyon, illik xərci də elə o qədərdir. Çikaqo Universiteti də özəldir.

Bizdə isə 1991-ci ildən sonra bir neçə özəl universitet açılıb.

Bizim universitetə gəlincə, ümumilli lider Heydər Əliyev 2001-ci ildə Koorperasiya Universitetinin yenidən təkmilləşməsi ilə əlaqədar fərman verdi. Fərmana əsasən, biz müəyyən təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etdik və bunlar da təsdiqləndi. İnstitut universitet edildi. Bu gün 18 ixtisas üzrə mütəxəssis hazırlayırıq. Universitetimizdə təhsilə aid sahə 10 min kv. metrdir. Normativ uzrə hər tələbəyə 5 kv metr ərazi düşür.

Azərbaycanda təhsil sahəsində xeyli irəliyə doğru yeniliklər var. Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra təhsil daha müasir şəkildə inkişaf etməyə başladı. Mikayıl Cabbarov nazir təyin edildikdən sonra yeni tədris standartları qəbul olundu. Təhsil strategiyası hazırlandı. Bu sənədlər ölkə Prezidentinə təqdim olundu və təsdiqini tapdı.

Qəbulla əlaqədar isə onu deyə bilərəm ki, Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu məsələdə heç bir günahı yoxdu. Əksinə, onlar da istəyirlər ki, tələbələr boş yerləri tutsunlar. 2 il bundan öncə Milli Məclisdə “Təhsil haqqında” Qanun qəbul etdik. Bu qanunu qəbul edəndə universitetlərə sərbəstlik vermək üçün belə bir bənd salındı ki, hər bir universitet özünün maddi texniki bazasını nəzərə almaqla istədiyi qədər tələbə sifariş verə bilər. Hər bir universitet ilin əvvəlində və ya ilin sonunda sifariş verir ki, hansı ixtisas üzrə nə qədər tələbə lazımdır. Biz bunları Təhsil Nazirliyinə, daha sonra isə Nazirlər Kabinetinə veririk.  Dövlət universitetləri 2-3 il öncəyə qədər dövlət tərəfindən maliyyələşdirilirdi. Ancaq dövlət universitetləri də indi artıq ödənişli əsaslarla tələbə qəbul edir və özlərini özləri maliyyələşdirirlər.  Müəyyən tələbələr istisna olmaqla, tələbələrə güzəşt edilmir. Dövlət müəyyən sifarişlər verir ki, mütəxəssislər hazırlanmalıdır. Bakı Dövlət Universiteti, İqtisad Universiteti, ADA-da və s. dövlət üçün mütəxəssislər hazırlanır və dövlət tərəfindən onlara ödəniş edilir. Dövlət universitetlərində qaçqın, köçkün uşaqları pulsuz təhsil alırlar. Ona görə də bəzi dövlət universitetlərindən fərqli olaraq özəl universietlərdə təhsil haqqına görə məcburi köçkün uşaqlarının təhsil almasında problemlər yaranır. Hətta imkanlı ailələr də övladlarının dövlət universitetlərində təhsil almasının tərəfdarıdırlar. Siz fikir versəniz görərsiniz ki, ümumən bizdə əvvəlki illərlə müqayisdə tələbə qəbulu ilə bağlı say eynidir. Hər il bu göstərici 3-5% artır. Təxminən 32-35 min insan ali təhsil müəssisələrinə qəbul olunur. Amma boş yerlərin sayı kifayət qədərdir. Ona görə ki, dövlət universitetləri öz sifarişlərində tələbə qəbulu sayını artırırlar. Bunun nəticəsində boş qalan plan yerləri olur. Bu il dövlət ali təhsil müəssisələrində ödənişlər daha yüksəkdir, nəinki özəl universitetlərdə. Bizdə sistem belə qurulub ki, tələbə universitetə qəbul olan zaman ödənişi edib, daha sonra qeydiyyatdan keçməlidir. Amma biz bu il təlimatda güzəştlər tətbiq etdik və imkansız ailələr üçün müəyyən vaxt limiti qoyduq. 2-ci kursdan etibarən isə təhsil haqqı aybaay ödənilə bilər. Məcburi köçkünlərə isə çalışırıq ki, daxili imkanlarımızdan istifadə edərək əlimizdən gəldiyi qədər kömək göstərək. Çünki cənab Prezidentin fərmanında da bu göstərilib ki, möcburi köçkünlərə gözəştlər edilsin. Təhsil haqqının sayəsində biz universiteti ayaqda saxlaya bilirik. Burada təkcə müəllimlərin əmək haqqından söhbət getmir, universitetin bir sıra xərcləri var, məsələn, laborotoriya avadanlıqlar, ictimai işlər, təmir işləri...

Qeyd etdiyim kimi, biz universitetimizdə tələbələrə xeli güzəştlər edirik. Məsələn, ən yüksək nəticə göstərən tələbələri təhsil haqqından tam azad etmişik. Onlara bildiririk ki, siz yaxşı nəticələr göstərin, biz sizə öz köməyimizi göstərəcəyik. Əlavə olaraq belə tələbələrə ayda 100 manat təqaüd də verilir.

- Bütün özəl universitetlərdə qəbulla bağlı gözləntilər doğrulmadı. Sizcə, belə bir şəraitdə özəl universitetlər sonrakı mərhələdə nə kimi çətinliklərlə üzləşə bilər?

- Əgər tələbə qəbulu olmazsa, universitet bağlana bilər. Biz bununla əlaqədar olaraq müəyyən tədbirlər görürük. Başqa universitetlərə nisbətən bizdə tələbə sayı yetərincdir. Bu il Kooperasiya Universitetinə 400-dən çox tələbə daxil olub. Azərbaycan universitetlərində fəaliyyət göstərən tələbə gənclər təşkilatı arasında bizim universitet ən qabaqcıl yerlərdən birini tutur. Bizim tələbələrimiz ictimai aktivlərdir. Universitetdə tələbə-müəllim münasibəti çox yüksək səviyyədə qurulub. Digər universitetlərdən bizə tələbə axını kifayət qədərdir. Təhsil Nazirliyinin rəsmi icazəsi ilə bu proses gerçəkləşdirilir və ölkə daxili universitetlərdən bizə tələbələr köçürülür.

Tələbələri düzgün istiqamətləndirmək və ictimai aktivlyini təmin etmək əsas iş prinsiplərimizdən biridir. Onlar dövlətimizə, dövlətçiliyimizə xidmət etməyi özlərinin ən əsas vəzifələri bilməlidirlər və biz bunun üçün çox böyük işlər həyata keçiririk.

- Problemlədən çıxış yolu kimi təklifləriniz varmı?

- Mən təhsil naziri  və TQDK sədri ilə əlaqə saxlamışam. Onlar bizə öz köməkliklərini göstərəcəklər. Biz təkliflər hazırlamışıq. Bu qurumlar bizim təkliflərimizə etiraz etmədilər və hesab edirəm ki, məsələnin həlli üçün komissiya yaradılmalıdr. Həmin komissiyanın mexanizmi elə hazırlanmalıdır ki, daim işlək vəziyyətdə olsun. Hər il Azərbaycanda təxminən 32-34 min şəxs tələbə adını qazanır. Bu gün dövlət universitetləri artıq müstəqil şəkildə 3 minin yerinə, 5 min tələbə qəbul edir. Hər bir valideyn universitet seçimində öz övaldına öncə dövlət universitetlərini yazmağı tövsiyə edir, digər boş qalan yerlərdə isə özəl universitetləri qeyd edirlər. Bizdə özəl universitetlərlə dövlət ali təhsil müəssisələrinə fərq qoyan valideynlər hələ də var. Yəni cəmiyyətin özündə bu fikir formalaşıb. Onlar düşünürlər ki, övladları özəldə oxuyacaqsa,  o yaxşı təhsil almayacaq, gələcəyin savadlı mütəxəsisi kimi yetişməyəcək. Cəmiyyətdə özəl, dövlət ali təhsil müəssisələrinə ögey, doğma münasibətlər var. Halbuki, xaricdə üstünlüyü özəl universitetlərə verirlər.

Digər tərəfdən, bizdə məcburi köçkün ailələri övladlarının təhsil haqqları dövlət tərəfindən ödənildiyi üçün onlar məhz dövlət universitetlərində təhsil almaq istəyirlər. Bu da ilk növbədə onların maddi imkanları ilə bağlıdır. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm, bizdə bəzi təhsil ekspertləri var ki, inanın onların problemdən xəbərləri yoxdur, cəmiyyəti çaşdıran fikirlər səsləndirirlər. Məncə, bu yanlış yanaşmadır. Bir problemi bilmədən ondan danışmaq düzgün deyil.

 

- Yaranmış problemlərlə bağlı özəl ali təhsil müəssəsilərinin rəhbərləri ilə əlaqələr necədir?

- Mənimlə əlaqə saxlayıb, fikir mübadiləsi aparan özəl ali təhsil müəssisə rəhbərləri var. Öz aramızda müzakirələr aparırıq, gördüyümüz işlər barədə biri-birimizi məlumatlandırırıq. Biz hesab edirik ki, yuxarıda qeyd etdiyimiz bir komissiya yaradılsa, o zaman təkliflərimiz işlək vəziyyətə gətirələcək. Müxtəlif təkliflərimiz var. Düşünürük ki, II qrup üzrə 230-dan yuxarı bal toplayanlar dövlət universitetlərini, 200-230 arası bal toplayanlar isə özəl universitetləri seçə bilərlər. III qrup üzrə isə 330 dan yuxarı bal toplayanlar dövlət universitetlərini, 300-330 arası bal toplayanlar isə özəl universitetləri seçə bilərlər. Digər qruplar üzrə də analoji təsnifatlanma aparmaq olar. Yəni tələbələrin topladığı ballara əsasən, bu işləri tənzimləmək olar. Abituriyentlər üçün bu, həm də stimul olar.

- Bu il Azərbaycanda özəl ali təhsil müəssisələrinə ümumilikdə götürsək, 2 min tələbə qəbul olunubb. Bu, onu göstərirmi ki, gələcəkdə abituriyentlər ümumiyyətlə özəl universitetləri seçməyəcəklər? Gələn il üçün proqnozlarınız nədir?

- Bilirsiniz, bu, doğru yanaşma deyil. 2014-cü ildə bizim universitetin 50 illiyi, kollecimizin isə 75 illiyi qeyd edildi. Cənab Prezident o zaman təhsil sahəsindəki xidmətlərinə görə 14 əməkdaşımıza müxtəlif medal və fəxri adlar verdi. Hesab edirəm ki, bu addım Prezidentimizin, dövlətimizin özəl təhsilə verdiyi yüksək qiymətdir.

Bizim universitetin yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu da işimizə müəyyən çətinliklər yaradır. Öz yataqxanamız olsa, xaricdən həm tələbələr, həm də müəllimlər cəlb edə bilərik. 2015-ci ilə qədər bu məsələ həllini tapmalı idi. Məsələni müvafiq qurumlar qarşısında yenidən qaldıracağıq.

Özəl təhsil müəssisələrinə münasibətə gəlincə, deyə bilərərm ki, cəmiyyətdə dövlətin özünün özəlləşdirmə proqramı var. Dünyada tanınmış özəl təhsil müəssisələri var. Bu gün özəl sahənin qarşısını kəssək ki, inkişaf etməsin, bu düzgün olmaz. Müstəqil dövlətin bütün sahələrində özəl sektorun çəkisi ağır olmalıdır. Ölkə Prezidenti bütün sahələrdə yeniliklərə, inkişafa imza atır. O cümlədən təhsilin də inkişafı prioritet sahələrdəndir. Buna görə hesab edirəm ki, cənab Prezident daha müasir, çevik, hadisələri düzgün qiymətləndirən bir kadrı təhsil naziri təyin edib. Bu gün ölkə Prezidentinin bir tapşırığı var: Neft kapitalını insan kapitalına çevirmək... Bu, dövlət başçımızın təhsil strategiyasıdır və bunun alternativi yoxdur. Ona görə də əminəm ki, təhsil daha da inkişaf edəcək, burada özəl sektora hər zaman yer veriləcək. 

 

Ulduz İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir