Modern.az

«Azərbaycan dili», «Azərbaycan türkcəsi», yoxsa, «Türk dili?» (Professorun cavabı)

«Azərbaycan dili», «Azərbaycan türkcəsi», yoxsa, «Türk dili?»  (Professorun cavabı)

Parlament

8 Fevral 2011, 15:50

«1995-ci ildə Azərbaycanın rəsmi dövlət dilinin – türk dilinin dəyişdirilməsi məsələsi gündəmə gələrkən o zaman mərhum dövlət başçımız Heydər Əliyev bunun əhəmiyyətini nəzərə aldı və özünün iştirakı ilə geniş müzakirələr apardı. Təsəvvür edin ki, biz o zaman həm Konstitusiyamıza səs verirdik, həm də Anayasamızın ayrıca bir maddəsinə.  Eyni zamanda, məlum müzakirələrdə akademik-elmi fikir də səsləndi, siyasi fikir də. Doğrudur, burada siyasi fikir daha çox  önə çıxarıldı, çünki o zaman Azərbaycanın rəsmi dövlət dilini – danışdığımız, yazdığımız dili bizim əlimizdən heç kim alası deyildi. Bu, ümumiyyətlə, mümkün olası bir məsələ deyildi. Amma müstəqilliyimizi əlimizdən ala bilərdilər».

Modern.az-ın məlumatına görə, bu fikirləri parlamentin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov Azərbaycanın rəsmi dövlət dilinin 20-ci əsrin əvvəllərində, eləcə də, 1992-95-ci illərdə olduğu kimi, yenidən «Türk dili» adlandırılması yönündə son illər tanınmış ziyalılar, elm adamları, siyasilər, bəzi parlamentarilər tərəfindən səsləndirilən fikirlərə münasibətini bildirərkən dilə gətirib.

 N.Cəfərovun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin yenidən əlindən alınması təhlükəsi ərəfəsində bu məsələ ilə bağlı siyasi qərarın qəbul olunması çox mühüm məsələ idi və o zaman dövlət başçısı da imkan yaratdı ki, dillə əlaqədar müzakirələrdə ən müxtəlif fikirlər səslənsin. Çünki həmin fikirlərin səslənməsi artıq o demək idi ki, belə bir məsələ də var:
«O zaman akademik-elmi fikir ondan ibarət idi ki, bəli, uzun illər dilimiz türk dili adlanıb. Amma sonradan – ötən əsrin 30-cu illərinin sonlarında xüsusi təzyiqlə – tək dilimiz yox, teatrımız türk teatrı, ədəbiyyatımız türk ədəbiyyatı, mədəniyyətimiz türk mədəniyyəti, fəhləmiz türk fəhləsi və sair, belə adlanırdı – dilimiz dəyişdirilərək Azərbaycan dili adlandırıldı. Bunun müqabilində  Türkiyədə də baxmayaraq ki, o zamana – 20-ci illərə qədər rəsmi dövlət dili Osmanlı türkcəsi adlanırdı, orada da dilin adını dəyişdirib türk dili etdilər. Amma dil məsələsinə, xalq məsələsinə gələndə biz -  bütün elm adamları onu dəqiq bilirik ki, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi fərqlidir. Türkiyə  dövlət quruluşu, cəmiyyəti ilə Azərbaycanın dövlət quruluşu, cəmiyyəti fərqlidir. Xalq artıq 17-ci əsrdən ayrılıb. Necə ki, türkmənlər var, necə ki, Azərbaycan türkləri var, necə ki, Türkiyə türkləri var və sair, onlar  elə bu şəkildə ayrılıblar. Lakin təbiidir ki, bunlar çox yaxın və qohum xalqlardır. Ona görə elmi fikir bundan ibarət idi ki, hər halda əgər orada  - Türkiyədə artıq Türkiyə deyirlərsə, türklər deyirlərsə, türk dili deyirlərsə və elmi ədəbiyyatda Türkiyə türkcəsi yaxud Osmanlı türkcəsi adlandırırlarsa, bizdə də mütləq Azərbaycan sözü olmalıdır».

N.Cəfərova görə, çünki burada  məlum fərqlilik var: «Təsəvvür edin ki, Avropanın hansısa bir universitetində bizimkilər o zaman gəliblər, cəhd ediblər ki, orada  türk dili, türk ədəbiyyatı şöbəsi açılsın, onlara deyiblər ki, artıq belə bir şöbə var. Bu zaman bizimkilər deyiblər ki, yox, biz ayrıyıq, deyiblər, ayrısınız, onda ayrı adınızı gətirin. Yəni, istər-istəməz ziddiyyət ortaya çıxır. Odur ki, elmi baxımdan Azərbaycan türkcəsi və ya Azərbaycan – türk dili, Azərbaycan türkləri, Azərbaycan türk xalqı, bax, bu cür olmalıdır. Tarix belə demək mümkünsə, bizi bu vəziyyətdə gətirib təqdim edib. Ona qədər də bizlərə Zaqafqaziya türkləri, Qafqaz türkləri, hətta, müsləman tatarlar deyirdilər. Xalqların adları eyni qalıb, amma coğrafiyalar fərqli olduğuna görə, onları coğrafiyalarla ayırıblar. Bu gün nə qədər tatar xalqı var, ancaq fərqlilikləri də xeyli artıb. Məsələn, Kazan tatarları, Volqaboyu tatarları, Krım tatarları, Sibir tatarları və sair. Bunlar gerçəklikdir, bunlarla razılaşmaq lazımdır. Sözümün əvvəlinə qayıdaraq qeyd etmək istəyirəm ki, o zaman ümumilli liderimiz bu məsələdə onu da nəzərə aldı ki, hətta, Azərbaycan-türk dili, Azərbaycan türkcəsi, Azərbaycan türkləri deyəndə də müəyyən qıcıqlanmalar əmələ gəlir. Halbuki bizə nə lazım idi? Bizə belə qıcıqlardan ibarət bir cəmiyyət lazım deyildi ki? Bizə bütöv Azərbaycan respublikasının o zamankı bütün cəmiyyətinin bir yerdə olması lazım idi. Odur ki, o zaman belə bir qərar qəbul edildi.  Bununla yanaşı, yenə ümummilli liderimiz həmin müzakirələrdə dedi ki, Azərbaycan xalqı türk mənşəli bir xalqdır, Azərbaycan dili də türk dillərindən biridir. Həltta, belə bir söz də əlavə etdi ki, kimin ağlında başqa bir fikir varsa, onu başından çıxarsın. Yəni, o zaman konyukturaya da imkan vermədi.  Çünki, orada konyuktur münasibət də ola bilərdi.  Bu mənada, əlbəttə, biz bu adı saxlayırıq və saxlayacağıq. Daha təzədən mexaniki şəkildə  türk dilinə qayıtmaq da mümkün deyil. Amma elmi əsərlərimizdə, tariximizi yazanda, hətta, bugünkü dillərimizi müqayisə edəndə, orada Azərbaycan türkcəsi də yazırıq, Türkiyə türkcəsi də yazırıq».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar