Modern.az

Azərbaycan vilayətlərə və ya quberniyalara bölünə bilərmi? (Deputatın cavabı)

Azərbaycan vilayətlərə və ya quberniyalara bölünə bilərmi? (Deputatın cavabı)

8 Fevral 2011, 15:57

«Azərbaycanın vilayətlərə və ya quberniyalara bölünməsi barədə təkliflər ara-sıra mətbuatda, bu və ya digər dairələrdə gündəmə gəlib. Hətta, vaxtilə bəzi deputatlar tərəfindən bu yöndə fikirlər səslənib, ancaq onlar özünə nə parlamentdə, nə cəmiyyətdə geniş dəstək qazanıb, tezliklə də gündəmdən çıxıb. Yəni, bu məsələ heç də təzə məsələ deyil. Bununla belə, idarəetmənin müxtləif texnologiyaları, metodları da var».

Modern.az-ın məlumatına görə, bu fikirləri parlamentin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəbli qonşu Gürcüstanda və ya Rusiyada olduğu kimi, Azərbaycanda da idarəetmənin yaxşılaşdırılması, təkmilləşdirilməsi istiqamətində bir addım olaraq ölkənin vilayətlərə, yaxud, quberniyalara bölünməsi yönündə səslənən fikirlərə münasibətini bildirərkən söyləyib. Komitə sədrinin sözlərinə görə, bu yerdə dövlət başçısının Azərbaycan üçün modernləşmiş dövət quruculuğu addımlarını vurğulamaq mütləq gərəkdir:

«Azərbaycanda demokratik cəmiyyət quruculuğu prosesi gedir, həm iqtisadiyyatda, həm də cəmiyyətin özündə  İlham Əliyev dövlət quruculuğu modelində modernləşmə elementləri var. Bu modernləşmənin bir qolu regional iqtisadi idarəetmədir. İkincisi, proqramlarla sahələrdə idarəetmədir. Üçüncüsü, hadisələri qabaqlamaqdır, səbəblə mübarizə aparmaqdır, nəticəylə yox! Məsələn, biz sutəmizləyici qurğular qururuq. Bildiyiniz kimi, bizdə gemodializin bir əməliyyatının dəyəri ən ucuz halda 50 dollardır. Görün, bu gün Azərbaycanda 12 bölgədə həmin gemodializ qurğuları qurulub və əməliyyat mərhəmət xarakteri daşıyır. Bu əməliyyat insanı sağaltmır, insan son nəticədə ölür. Buna qoyulan milyonlarla vəsaitin əvəzinə min manatlara ölçüləcək vəsaiti yönəldirik sutəmizləyici qurğuların qurulmasına. Nəticədə su təmizlənir, insanın böyrəyi də xəstələnmir. Bax, budur İlham Əliyev dövlət quruculuğu modeli, siyasəti. Mərkəzi-kliniki xəstəxana tikilir ki, profilaktik tədbirlər həyata keçirilsin. Uşaq - idman məktəbləri, kompleksləri tikilir ki, uşaqlar, insanlar sağlam olsun. Məktəblərdə kompüterləşmə gedir ki, savadlı nəsil, insanlar böyüsün. Gənc ailələrin sosial müdafiəsinə fikir verilir ki, cəmiyyətdə ailə sağlam olanda bütövlükdə cəmiyyət özü də sağlam olur və sair. Demək istəyirəm ki, bu proseslərin özünün içərisində də regional idarəetmənin elementləri var».

Komitə sədrinin dediyinə görə, vaxtilə  Azərbaycanda vergi inspeksiyaları demək olar, hər rayonda var idi:
«Rayonun rəhbəri vergiyə müdaxilə edirdi. İndi həmin vergi  inspeksiyaları, idarələri zona, regional vergi idarələrinə çevrilib. Artıq onlar zona, regional idarələr olduğu üçün heç kim də onların işinə müdaxilə edə bilmir. Onlar konkret nazirliyə tabedirlər, öz işlərini görürlər. Ekologiya ilə bağlı bu gün regional idarələr mövcuddur, kənd təsərrüfatı ilə bağlı regional idarələr var. Yəni, idarəetmədə regional elementlər indi həmin qurumları yerli, primitiv məmur təzyiqindən xilas edib. Belə olanda, işlərimiz bir az da yaxşı gedir. Bu baxımdan, ola bilər ki, gələcəkdə  təhsil şöbələri də regional şöbələrə çevirilsin. Maliyyə şöbələri, səhiyyə şöbələri də həmçinin. Bunun nəyi pisdir ki? Təsəvvür edin, hər rayonda prokurorluq da, digər hüquq-mühafizə orqanları da mövcuddur. Hər rayonun bir prokuroru, bir polis rəisi, bir məhkəmə sədri və sair var. O gedir ondan şikayət edir, bu gedir ondan şikayət edir. Ona görə gələcəkdə ola bilər ki, bu istiqamətdə də regionallaşma, zonallaşma getsin. Son illər uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramı da bunun ilk addımı, başlanğıcıdır. Deməkdə məqsədim odur, yəni, mümkündürmü ki, gələcəkdə bu məsələ bir az da inkişaf etsin, bir az da püxtələşsin. Nə qədər məmur azdır,  o qədər rüşvət azdır, nə qədər məmur azdır, o qədər bürokratiya yoxdur, nə qədər məmur azdır, bir o qədər get-gəl yoxdur, olmayacaq. Məmurları azaltmaq üçün regional idarəetmədən daha səmərəli şəkildə istifadə etmək olar».

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?