Modern.az

Aprel şəhidi Elvin Mirzəyevin narahat ruhu - Həyat HEKAYƏTİ+FOTOLAR

Aprel şəhidi Elvin Mirzəyevin narahat ruhu - Həyat HEKAYƏTİ+FOTOLAR

Reportaj

7 Sentyabr 2016, 17:40

Vətəni qibləgah edən şəhidlər - XXXII


Günün batan çağı idi. Açıq darvazadan içəri girdim.  Üzünü saqqal basmış Azadxan  kişi əllərini üzünə dayayıb,  həyət divarının altında qoyulmuş stulda oturub fikrə getmişdi. Məni görcək diksinib ayıldı elə bil. Durub qabağıma gəldi. Oturduq. Əslində niyə gəldiyimi soruşmadı. Çünki telefonla danışıb, onunla görüşmək istədiyimi demişdim. Xaşmaz rayonunda yaşayan Azadxan kişini və  həyat yoldaşı Gülnaz xanımı  artıq Azrbaycanda hamı tanıyır. Əvvəlcə aprel döyüşlərndə həlak olan 23 yaşlı oğlu Elvin Mirzəyevə görə tanındılar, sonra da  şəhid məzarının götürülməsində onların ailəsi üçün problem yaradanlardan şikayətçi olanda səslərini, sözlərini  dəyərli həmkarlarımız aidiyyatı orqanlara çatdırdılar. Bu səs-küylü hadisələrdə də ailənin acısına şərik oldu insanlarımız. Şəhidliyin uca məqam olduğunu, bu adla spekulyasiyaya yol verməyin mümkünsüzlüyünü yerini bilməyənlərə çatdıra bildik.


Modern.az saytı “Aprel şəhidləri” silsiləsinsən növbəti yazını təqdim edir.


- ... Kaş oğlum sağ olaydı, mənim idarə, rəis qapılarında nə işim var idi ki.. - Azadxan Mirzəyev dedi.  Sonra da söhbətinə davam etdi:

“Elvin evimizin sonbeşiyi idi. Hamımız bu həyətdə yığışıb, onu toy-bayramla yola saldıq. Hamı kimi əsgərlik xidmətini edirdi. 1 illik xidməti bitirib gəlməyinə az qalmışdı. Gəlib hələ işlətmədiyi diplomunun xeyrini görəcəkdi.  Elvin çox çalışqan, tərbiyəli və zəhmətkeş bir oğul idi. Gecə-gündüz oxuyub, zəhmət çəkmişdi. O kitablarda, dəftərlərdə gözünün nuru getmişdi. Arzuları, ümidləri... həyatı yarımçıq qaldı. Atayam... beli sınmış, gözləri yollarda qalan bir ata...   Dünən axşamüstü idi, hava da qaralmamışdı. Gəlib girdi qapıdan, dərsdən qayıtdığı vaxta bənzəyirdi. Gördüm gəlib, soruşdum ki, niyə zəng eləmirsən? Dedi ki, etmədim də... Öz səsimə diksindim, baxdım ki, çıxıb getdi... Ruhu bu qədər yaxın görməmişdim. Elvin sağlığında olduğu kimi göründü gözümə... Mənimlə söhbət də etdi... Səsini də eşitdim... Qapıya tərəf getdi... Ayıldım...  Yoxluğuna sarsıldım. İndi gözüm elə o qapıdadır, elə bilirəm yenə gələcək.


Mirzəyev Elvin Azadxan oğlu 1994-cü il fevralın 13-ü Xaçmaz şəhərində anadan olub. O şəhid Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra, 2011-ci ildə Azərbaycan Texniki Universitetinin Energetika fakültəsinə daxil olub. 2015-ci ildə may ayında təhsilini bitirib. Həmin il ölkəmizdə Avropa Oyunları keçirildiyindən tələbələr təhsil ocaqlarını vaxtından əvvəl bitirdilər.




“2015-ci il iyulun 20-də Elvini əsgər yola saldıq. Dedi ki, hərbi xidməti başa vurub, qayıdandan sonra dövlət qulluğunda işləyəcək. Vətənə, dövlətə xeyir verəcək.

Ailəmizin bütün xoşbəxtliyini o aprel gecəsi pozdu. Televiziya xəbərlərindən eşidəndə ki, Milli Ordumuz Vətən torpaqlarını xilas etmək üçün mücadiləyə başlayıb, qürurlandıq. Ürəyimiz köksümüzə sığmadı... Amma nə biləydim ki, o vətən torpaqlarını xilas edən qəhrəmanlardan biri də mənim qeyrətli oğlumdur.

Mən oğlumun və onunla həlak olan dostlarının, tələbə yoldaşlarının qəhrəmanlığından da danışmaq istəyirəm.

Oğlumla axırıncı dəfə aprelin 1-i axşam 1-2 dəqiqə danışmışdıq. Sonra daha telefon zənglərinə cavab vermədi.  Televiziyanın qarşısından çəkilmirdik.  Televiziya xəbərlərindən şəhidlərimizin olduğunu öyrənirdik.  Artıq dayanmağa səbrim çatmadı. Aprelin 3-də getdim Tərtərə. Tərtərə çatanda gördüm ki, sanki şəhərin içərisində də müharibə gedib. Elvinin xidmət etdiyi hərbi hissə Şıxarx (Marquşəvan) ərazisində idi. Artıq ora çatanda vəziyyətin yaxşı olmadığını bildim. Mənə orada dedilər ki, Elvin itkin düşən 17 nəfərin içərisindədir. Hətta bir nəfər hərbçi dedi ki, Elvin Abdülməcid Axundov, Mahir Quliyev adlı yoldaşları ilə bir yerdə yaralı vəziyyətdə qalıblar. Yenə əliboş, kor-peşiman evə qayıtdım. Kimsəyə bir söz deməsəm də, oğlumun yoxluğunu qəbul edə bilmirdim. Hələ ürəyimdə sonuncu ümidim ölməmişdi.

Aprelin 8-də gecə gözü  gözüm bir az mürgüləyən kimi oldu. Elvini gördüm. Mənə dedi:  “Ata, gəl çıx da... daha məni apar...”. Bu yuxudan sonra kimsəyə bir söz demədən, səhər saat 5 radələrində  Tərtərə yola düşdüm. Səhər o başdan, 8-ə qalmış çatdım hərbi hissəyə. Əvvəlcə dedilər ki, xəstəxanadadır, yaralıdır. Ürəyimdə yenə bir ümid işığı yandı. Fikirləşdim ki, nə olsun ki, bir qolu olmasın, ya bir qıçı, əsas odur ki, nəfəsi var. Təki sağ olsun! 
Çatdım deyilən xəstəxanaya. Bir xəbər öyrənə bilmədim. “Morq”un qarşısında millət yığışmışdı. Ordan balamı tapmadım. Tərtərdən üz tutdum Bərdəyə, Yevlaxa. Bir həkim general var idi. Həm də tibb eksperti idi. Yaxınlaşdım ona. Dedim balamdan mənə bir xəbər de. Dedi oğlin şəhiddir. Dedi ki, əli-ayağı da üstündədir. Dedim balamı göstsərin mənə. Əvvəl göstərmək istəmədilər. Həkim dünyagörmüş adam idi. Göstəriş verdi ki, balamın meyitini göstərsinlər. Sağ olsun, sözümü yerə salmadı. Məni oğlumun üstünə apardı....

 


Azadxan Mirzəyev oğlunun bu halını danışanda sifətinin bütün əzələləri titrədi. Sifəti elə yazıq, elə ağrılı görkəm aldı ki, elə bildim ki, bu dəqiqə yenə oğlunu qarşısına qoyub, başdan-ayağa öpür.  Üzündə məsum uşaqlara məxsus inciklik və ağrı var idi. Danışdıqca, dağ boyda kişinin gözlərinin yaşı sakitcə yanaqlarından süzülürdü:


- Balamın cansız bədənini gördüm. Danışmırdı, dinmirdi. Buz kimi idi. Öpüb-əzizlədim oğlumu başdan-ayağa. Bədəninin bütün əzalarına əl çəkdim. Axı mən onu qucağımda böyütmüşdüm. Bədənindəki bütün nişanələrin yerini bilirəm. Bədənində başqa xəsarəti yox idi.
Danışılanlardan bildim ki, vuruşa-vuruşa şəhid olublar. Həmin gecəni 4-ün yarısından sonra 2 saata 5-6 kilometr yol gediblər. Erməninin qarşıdakı mövqeyini yarıb keçiblər. Hava işıqlaşanda onlara N saylı hərbi hissənin də  cəsarətli və peşəkar əsgərləri qoşulub.  Kişi kimi vuruşublar.
Oğlum bronjiletdə olub, güllə yarasını sağ tərəfdən  böyründən alıb, 5.45 gülləsi ürəyi tərəfdən çıxıb. Hətta güllə yarası alandan sonra da nə qədər hərəkət edib.  Bronjiletinə də ilişib qalan güllərlər var idi. Alınına belə yazılıbmış ki, sən vətəni qoruyub, öləcəksən.  
Elvinin cansız bədənini götürəndə gördüm ki, sağ ayağında zəif əl izi var.  Sən demə  tələbə dostu Abdulməcid ona kömək etmək istəyib, əlinin izi qalıb ayağının topuğundan tutduğu yerdə. Bir-birini qoruyaraq, ikisi də haqqın dərgahına  qovuşublar.

Bilirsiniz nə ilə təsəlli tapıram? Hərbi hissədə müharibədə iştirak edənlər danışırdılar ki, bizim əsgərlər çox şücaətlə vuruşublar. Torpaqlarımızi işğal edən erməniləri qarışqa kimi qırıblar.  Ermənilərin meyiti çox olub. Erməni tərəfəi 150 erməni əsgərinin meyitini quyu qazıb oraya töküb, yandırıb. Biz isə sonuncu əsgərimizin nəşini də orada qoymadıq. Dəfn etdik.


Elvin Mirzəyevin anası Gülnaz xanım boynu bükük bənövşə kimi gəzir həyətdə. Heç o biri oğlanları Namiq və Nərimanın uşaqları, nəvələri də ovundurmur yaralı qəlbini.
“Oğlumun o qədər arzuları var idi ki...” deyir:

- Bu il fevralın 7-si məzuniyyətə gəlmişdi. 17 fevralda qayıtdı. Şirniyyatı çox sevirdi. Gəlinlər onun üçün bir süfrə bəzədilər ki, gəl görəsən. Cürbəcür tortlar bişirdilər. Həm də fevralın 13-də 22 yaşını qeyd etdik. Evimizin son beşiyi idi deyə, hamı istəyirdi ki, onun könlü xoş olsun. Xarakter etibarı ilə də iddial uşaq deyildi. Qonşuluqda hamının kompüter işini həll edirdi. Deyirdi ki, iş tapmasa, əvvəlcə kompüter mütəxəsisi işləyəcık. 

Elvin institutda oxuduğu müdətdə də bizə əziyyət vermədi.  Tez tez yolpulu xərcləməsin deyə, adətən iki həftədən bir 5-ci günlər axşam gələrdi evə. Tələbəlik həyatından danışardı. Deyirdi ki, bir otaqda 4 oğlan qalırlar. Çox pul xərcləməsinlər deyə,  bazarlıqlarını axşamüstü edirlərmiş. Ərzağı elə alırmışlar ki, hər adama bir və ya iki dolma bişirə bilsinlər... Məni 23 illik oğul böyütmək zəhmətim yandırmır, məni oğlumun 23 illik əziyyəti, zəhməti yandırır. 
Son dəfə bizdən ayrılanda ürəksiz getdi. Ayaqları getmirdi. Qapıdan qayıdıb, bir də hamımızla şəkil çəkdirdi. İndi o şəkillər ən əziz yadigarımızdır. Elvinin 4 dostu ilə birlikdə şəkli var. Onlardan bir dostu, şükür Allaha ki, sağdır.



Elvindən sonra növrağımız döndü. Onun qırxı çıxandan bir ay sonra, qaynanam, Azadxanın 77 yaşında sap-sağlam anası, gecə yatıb səhər durmadı. Çəkə bilmədi, nəvəsinin dərdini. 

Elvindən sonra bu həyətə sığa bilmirik.  Elə ki, həftənin beşinci günü gəlir, gözlərimiz zillənir darvazaya.... Elvin gəlmir ki, gəlmir... 90-cı illərdə mənim oğlum hələ dünyaya gəlməmişdi. Allah onu mənə 1994-cü ildə pay vermişdi. Məni o yandırır ki, dünya susur, səsimizi eşitmək istmər. Niyə ermənilər halal torpaqlarımızı boşaltmırlar? Mən bütün erməni əsgərlərin analarına səslənirəm: Uşaqlarınızı yad torpaq uğrunda, bizim torpaqlarda ölməyə göndərməyin! Əvvəl-axır qələbə bizim olacaq, biz haqq savaşında qalib gələcəyik! Ən azı bizim gücümüzü 2-5 aprel günlərində gördü dünya! Bu oyuna qurban getməsinlər. Balalarına yazıqları gəlsin...
Məgər onlar bilmirlər ki, üçüncü qüvvələr təsir göstərməsəydi, mane olmasaydı, bizim əsgərlər həmin günlərdə torpaqlarımızı tamamilə  azad edəcəkdi?


Bu Vətən uğrunda şəhid vermiş, qəhrəman bir ananın harayı idi.  Mən də inanmaq istədim ki, lap yaxın zamanlarda onun səsini DÜNYA duyacaq!

Həyat hekayətlərini eşitdiyim hər bir şəhid anası və atası, müharibə istəyir.  Vətənin azadlığı, torpaqlarımızın  azad edilməsi uğrunda canlarından keçən oğullarımızın arzuları havadan asılı, qanları yerdə qalmasın deyə, ya o müharibə başlanmalı, ya da  o torpaqlarımız sülh yolu ilə geri alınmalıdır. Yoxsa ki, o şəhid ruhları çox narahtdırlar...

Aida Eyvazlı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir