Modern.az

Lideri xalq seçir, xalq yetişdirir...

Lideri xalq seçir, xalq yetişdirir...

9 Fevral 2011, 10:41

Milli Məclisin üzvü

Azərbaycanın müstəqilliyinin  bərpa  edildiyi tarixdən 20 ilə yaxın bir vaxt keçir. Tarix sübut edib ki, müstəqilliyi qorumaq və gələcək nəsillərə ötürmək onu qazanmaqdan, əldə etməkdən hər zaman daha çətin olub.

Müstəqilliyin bərpasından sonra elə bir dövr yaranmışdı ki, bu müstəqilliyin lazımi şəkildə qorunması, möhkəmləndirilməsi, istər beynəlxalq arenada, istərsə də  daxildə bununla bağlı təminatlar sisteminin yaradılması  ölkə üçün, xalq üçün taleyüklü bir məsələyə çevrilmişdi. Hər birimizin canlı şahidi olduğumuz həmin mürəkkəb, ziddiyyətli hadisələrin yaşandığı dövrdə bütün çətinliklərin öhdəsindən müdrikcəsinə gələrək, Azərbaycanı və Azərbaycan xalqını yox olmaqdan xilas edən, onu dünya siyasəti müstəvisinə çıxardan yeganə şəxsiyyət Heydər Əliyev oldu. Xalq da çox haqlı olaraq onu Ulu Öndər, ümumumilli lider adlandırdı.

Ulu öndər Heydər Əliyevin  Azərbaycan xalqı qarşısındakı xidmətləri, onun bu yolda çəkdiyi zəhmətlər ölçüyə gəlməz dərəcədədir və təbii ki, o dünən də, bu gün də olduğu kimi, heç bir zaman unudulmayacaq  və  bütün dövrlərdə gələcək nəsillər tərəfindən də  ehtiramla anılacaqdır.

Çox təəssüflər olsun ki, bundan bir müddət əvvəl  ölkənin sərhədlərindən kənarda,  adını belə çəkmək istəmədiyim birisi tərəfindən başdan başa böhtan və iftiradan ibarət bir kitab dərc edilib və bu kitabda xalqın liderinə dil uzadılıb. 

 Həmin çirkabı atan bir həqiqəti unudur ki, lideri özünə xalq seçir. Lideri xalq yetişdirir, lider xalqın içərisindən çıxır. Azərbaycan xalqı da öz liderini – Heydər Əliyevi seçib və özünün milli lideri élan edib. Bu adı ona öz xalqı qoyub. Lideri xaricdən idxal etmirlər. Lider xalqın içərisindən çıxır və onun şərəfi, ləyaqəti bütün bir xalqın şərəf və ləyaqəti hesab olunur. Onun haqqında ölkənin sərhədlərindən kənarda fikir yürütmək, bu ada layiq olub-olmadığını müzakirə etmək hüququnu xalq kimsəyə vermir. Xalqın seçiminə, sevgisinə sayqıyla yanaşmaq lazımdır. Bu hədyanlara təbii ki, təəssüflənirik və qəzəblənirik. Ən azından ona görə ki,  bu sətirlərin yazıldığı  dost və qonşu ölkənin özündə lider vətən qədər, torpaq qədər, bayraq qədər müqəddəsdir. Və ölkənin qurucusunun, xalqı daxili və xarici təhlükələrdən xilas edən  liderin hüquqları həmin ölkədə qanunlarla qorunur.

Düşünürəm ki, Azərbaycanda da belə bir qanun mütləq olmalıdır. Heydər Əliyevin statusunun, şərəf və ləyaqətinin toxunulmazlığının qorunması üçün onun adının, nüfuzunun hər cür haqsız iddialardan, iftiralardan hifz edilməsini təmin edəcək  xüsusi bir qanuna ehtiyac yaranmışdır və bu bizim Ulu öndər  qarşısındakı mənəvi borcumuzdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu