Modern.az

Azərbaycan xalqı üçün hər gün Qurban bayramıdır

Azərbaycan xalqı üçün hər gün Qurban bayramıdır

9 Sentyabr 2016, 14:28

Emin Akif


İlin günün bu çağında barmaqlarını klaviyaturaya bərkidib hansısa bir mövzudan yazmaq biraz çətindir. Ətrafda o qədər hadisələr cərəyan edir ki, hamısını yazmaq istəsəndə bir qucaqlıq köşəyə sığmaz. Elə bir vəziyyətə gəlib çatmışıq ki, bizim üçün hər yeni problem, hər yeni hadisə sadəcə ironiya hədəfidir. Yaxşı, elə mən də el ilə palaza bürünüb diqqətinizə bir-iki hadisəni çatdıracam.
Gənclərin işsizlik epoxasında boğulduğu bir zamanda ciblərimdə quruyan barmaqlarımı klaviyaturaya qoyub yaza bilərəm ki, uşaqlarınızı işıqlı gələcəyə doğru apara bilirsinizsə, ailənizin "milli qəhrəman"ısız. Valideyn tanıyıram ki, oğluna qaşını qaldırıb "bala, sən universitetə qəbul ol, qalanı mənnihdi" sözlərini elə arxayınlıqla deyir ki, bəlkə də Rusiya öz hərbi qüdrətinə bu qədər güvənmir. Övladlarınızın xüsusi istedadlarını, hansı sahəyə marağının olması sizi maraqlandırmayanda, həmin binəva uşaqlar da ev xatirinə, qohum "dığdığı"nın ucbatına bədbəxt olur.

Əgər ətrafınıza baxsanız görərsiz ki, universitet bitirən gənclərin çoxusu diplomu Quran kimi atır evin ən uca zirvəsinə. Ki, onsuz da bu diplom kağız parçasından başqa bir şey deyil. Çünki, bu binəvalar, Adəmülzad valideynlərin təkidinin qurbanına çevriliblər. Bayaqkı “nümunəvi” atanın vədinə xilaf çıxmayıb, imtahanları biraz tapşırığın, biraz da pulun hesabına yola verib, diploma yiyələniblər. Əlbəttə ki, onlar kimi yüzlərlə belə ixtisas sahiblərinin diplomu köhnə "şirvan, məmmədəmin əskinazları"na tay bir kağız parçası olacaq, mənəvi dəyəri olan, amma bir işə yaramayan kağız. Bu, problemin bir barmağı olsa da, beş barmağın beşi də bir deyil. Şəhərə "iş axtarıram" adlı təkadamlıq səyahətə çıxanda marketlərin və ya müxtəlif iş obyektlərinin şüşəsi üzərindəki iş elanları adamın üzünə qayıdıb söyür ki, "ə, yekə oğlansan, sənə kimdir iş verən, bizə yekə qız lazımdır" ya da "ə, bə qaqili, 200 manata 3 nəfərin işini görmək istəyirsənsə gəl, problem dəyil". Bir vaxtlar qızların işləməyinə pis baxılırdısa, indi bu normal hala çevrilib, xub. Bəs, yaxşı, biz qəlbi-qırıq kişilər hansı tikintinin daşını tökək başımıza?

Heç bilirsinizmi, sayı günü-gündən artan çay evlərində, pub-larda, nə qədər qız öz bakirəliyini uduzur? Mən bilirəm. Müdir tanıyırdım ki, həftədə ən azı iki qız işçi dəyişirdi, yəni, işlərini görüb 3-4 günə işdən çıxarırdı, işsizlik haqqı. Bəs niyə Azərbaycanda bu qədər universitetpərəst insanlar varkən, onların son pənah gətirdiyi yerlər çayxanalar, marketlər, tikinti fəhləliyi və s. olur? Məncə, başqa şərhə ehtiyac yoxdur. Yadımdadır ki, 10 gün qabaq marketdə işə düzələndə səhrada su tapan ərəb kimi sevindiyimdən “feysbuk”da bir status qonaqlığı da açmışdım. Pəhhhh, neçə-neçə işsizin özgə birisinin sevincində necə pay götürdüyünü görmək elə bir mənzərədir ki, adam bir dişləyib on yemək istəyir. 14 saatlıq, istirahətsiz, cəmi-cümü 200 manatlıq bir işə həyətindən neft fontan vuran birisi kimi sevinirik. Bu da çox pakizə. Bilirsiniz ki, biz millət olaraq "işə girim, səni də arxamca dartacam" vədlərinə toxuq. İndi gəl, bir ömrü məmur vədlərinin toxluğu kimi yaşa.

Yaz ha yaz, çifayda. Bütün səmimiyyətimlə deyirəm ki, mən bütün ömrümü AzTV-dəki ölkəmizdə yaşamaq istəyirəm, həm də Almaniyaya lağ eləmək həvəsilə. Bütün qəmgin notlara barmaqlarımı kökləyib deyirəm ki, mən Space TV-də “Mikayıl şou”nun tamaşaçıları kimi dünyadan bixəbər qafil olmaq istəyirəm. A başına dövr eləyim, baxırsan ki, bi cıqqan əvvəl Manafın mərsiyəsinə ağlayan adam, bir dıqqan sonra Cavad Rəcəbovun "a budu budu budu, mübarək olsun" mahnısına tullaır-düşür. Belə yerdə adamın bütün hissiyatı həftəbecər olar. Yaxud da, televiziyada gedən bütün seriallarda hamı villada yaşayır, hamı cip sürür, hamı ofisdə işləyir, hamını istəmədiyi adama ərə verirlər. Bəli, məhz istəmədiyi adama ərə verirlər, çünki, seriallarda məcburi başqa qızla evləndirilən oğlanların tarixçəsi nadir hallarda canlandırılır. İndi bu günlərdə NASA-da oturduğu yerdən xəbər yayır ki, bürclərin yerləri dəyişib. Ay kosmosuna qurban, guya qız bürcü olan biri dəyişib şir bürcü olsa, nəsə dəyişəcəkmi?

Biz illərdir ki, şəhid veririk, övlad itiririk, nəsə dəyişibmi? Ya da o lətifədəki kimi meşəyə qulaq kəsənlər gəlib bir-bir camaatı işdən çıxarırlar, el dilində desək çoxları "sakraşenaya” düşür, nəsə dəyişibmi? Ki, indi bir bürcün dəyişməyi bizi dəhşətə gətirsin? Olsa-olsa 2 günlük “feysbuk” mövzusu olacaq, vəssalam. Bir neçə günə Qurban bayramı da gəlib qapımıza qırmızı lentini bağlayır. Yenə də eyni senari, yenə də qurban kəsib kasıb-kusuba yox, yeyib-içən qohumlara paylayacaqlar. Yenə də, efirlərdə hacılar eyni suallara eyni cavablar verəcək.
Xülasə, yazının bu dəmində yazmaq istəyirəm ki, Azərbaycan xalqı üçün hər gün Qurban bayramıdır, sadəcə ildə iki-üç gün qoyun-quzudan intiqam alırıq. Diplom da, iş də, bürc də sizin bir telinizə qurban. Çalışın, Koroğlunun heykəlindəki atın vəziyyətinə düşməyin, sınmayın.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?