Modern.az

Media hədəfləri dəqiq vurdu

Media hədəfləri dəqiq vurdu

Aktual

5 Sentyabr 2016, 13:17

Aprel döyüşlərində mətbuat peşəkarlıq göstərdi

 

 
Bu ilin aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət son dərəcə kəskinləşdi. Və cəbhədə intensiv döyüşlər başladı. Üstünlüyü ələ alan ordumuz düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasını məhv edib, çoxsaylı müdafiə istehkamlarını dağıtdı. Əlbəttə, cəmiyyətin cəbhədə baş verənlərə marağının böyük olması fonunda medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbulediləndir. Ancaq ictimaiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mətbuatın bu mövzuya tam peşəkar şəkildə yanaşması mütləqdir. Çünki 2014-cü ilin avqust ayında cəbhədə yaranan gərginlik zamanı bir sıra media qurumları hərbi texnikamızın hərəkət trayektoriyası, tankların sayı, nömrələri, bir sözlə, hərbi sirr sayılan, dövlətin milli maraqlarına və milli təhlükəsizliyimizə uyğun olmayan materialları yayımladılar.
 
Lakin dövlət rəhbərliyi və aidiyyəti qurumlar onların bu addımına laqeyd qalmadı. Cəbhədə vəziyyət səngiyəndən sonra bir sıra media təmsilçilərinin, ekspertlərin iştirakı ilə maarifləndirici tədbirlər keçirildi və onlara zəruri tövsiyələr verildi. Bildirildi ki, medianın vətəndaş mövqeyinə söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Müdafiə Nazirliyinin (MN) və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. Bir sözlə, bütün media quruluşlarını və ayrı-ayrı jurnalistləri cəbhə xəbərlərinə həssas yanaşmağa, həmin məlumatlara dair ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırdılar. Şübhəsiz ki, bu çağırışlar və tövsiyələr 4 günlük aprel savaşında öz müsbət effektini verdi. Bir neçə baş redaktor, millət vəkili, media və hərbi ekspertlər arasında keçridiyimiz sorğudan çıxan ümumi qənaət də deməyə əsas verir ki, aprel savaşında mediamız çox yaxşı "silah”lanıb.
 
Mediamız peşəkar davranıb
 
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, ekspert Qulu Məhərrəmli qeyd edib ki, 2014-cü ilin avqust hadisələrinə baxanda ölkə mediası, televiziyalar bu dəfə daha peşəkar davranıb: "Düzdür, bəzi saytların xəbərləri təsdiqləməyə səbri çatmadı. Müəyyən problemlər yaşandı. Tez-tələsik yayılan məlumatları yerləşdirdilər. Avqust ayında cəbhədə yaşanan gərginlik zamanı müxtəlif dezinformasiyalar yayılırdı, insanlar yanlış məlumatlandırılırdı. Mediamız öz səyi və Müdafiə Nazirliyinin təşəbbüsü ilə insanları düzgün məlumatlandırdı. Mediamız qeyri-peşəkarlıqdan çəkindi, sosial şəbəkədə yayılan yanlış informasiyalar diqqətdən kənar qaldı. Problemin ciddiliyini dərk elədilər, məsuliyyət məsələsi ön plana çıxdı və peşəkarlıq öz sözünü dedi. Bilirsiniz ki, fövqəladə şərait informasiyanın düzgün idarə olunmasını tələb edir. Bu baxımdan sosial şəbəkələrin fəaliyyəti də əvvəlki illərə baxanda xeyli dəyişib. Müharibə xəbərlərinə son dərəcə diqqətli və ehtiyatlı yanaşıldı”.
 
Sağ adamı ölmüş kimi qələmə verirlər
 
Şəhidlərimizlə bağlı xəbərlərin tirajlanmasına toxunan Q.Məhərrəmli deyib ki, operativlik nümayiş etdirmək üçün bu cür xəbərləri bəh-bəhlə verməyə xüsusi hacət yoxdur: "İtkilərlə bağlı Müdafiə Nazirliyinin yaydığı xəbərlər həqiqəti əks etdirir. Media nümayəndələri də bu reallığa söykənməlidir. Şəhidlərlə bağlı dəqiqləşdirilməyən xəbərlərin verilməsi qeyri-peşəkarlıqdır. Bəzi saytların sağ adamı öldürməsi halı ilə ilk dəfə rastlaşmırıq. Amma başa düşmürəm, həmin jurnalistlər bu cür xəbərləri tez verəndə nəyə nail olurlar? İP-ləri artır, ya oxucularının sayı çoxalır? Nəzərlərində olsun ki, bu cür xəbərlər heç bir halda təqdir olunmur”.
 
Mediamız xeyli təkmilləşib
 
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da qeyd edib ki, aprel döyüşləri Azərbaycanın siyasi, hərbi, psixoloji və mətbuat həyatında çox ciddi hadisə oldu və ölkəmizdə yüksək əhval-ruhiyyə yaratdı: "Biz medianı ictimai institut kimi nəzərdən keçirəndə onu sosial ictimai təsisat kimi dəyərləndiririk. Ona görə ki, medianın davranışları cəmiyyətin ümumi ictimai münasibətlərinə təsir göstərən davranışa çevrilir. Media ictimaiyyəti cəbhədə baş verən hadisələrə məhz medianın gözü ilə baxmağa təşviq edir. Düşünürəm ki, aprel döyüşlərində artıq medianın təcrübəsi vardır. Bununla bağlı hələ 2014-cü ilin avqust ayında xüsusi iş aparılmışdı. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin yanında buna dair məxsusi toplantı keçirildi. Tövsiyələr verildi. Ötən dövr ərzində media xeyli təkmilləşdi. Öz vəzifəsini və milli borcunu dərk etdi. Əvvəlki dövrlərlə müqayisədə aprel döyüşlərində özünü təmkinli və soyuqqanlı apardı. Düşünürəm ki, aprel döyüşləri mediamızın inkişafında keyfiyyət mərhələsi kimi yadda qaldı”.
 
Jurnalistlər yetərincə maarifləndirilib
 
Hərbi ekspert Üzeyir Cəfərov da vurğulayıb ki, 2014-cü ilin avqust hadisələri ilə müqayisədə indi xeyli işlər görülüb. Ekspertin qənaətincə, aprel savaşı zamanı Azərbaycan mətbuatında nəzərəçarpacaq dərəcədə dəyişikliklər müşahidə olundu: "Mətbuatımız 2014-cü ilin avqust hadisələrində buraxdığı kobud səhvləri aprel döyüşlərində təkrarlamadı. Bu da deməyə əsas verir ki, jurnalistlərlə yetərincə maarifləndirmə işi aparılıb. Jurnalistlər dövlət və dövlətçilik maraqlarından çıxış edirlər. Ən böyük problem bəzi həmkarlarımızın sensasiya və İP arxasınca qaçmasıdır. Təəssüflər olsun ki, bazar iqtisadiyyatı öz təsirini bu sahəyə də göstərib. Bəzi yazılı və elektron KİV-lər sensasiya xatirinə bəzən ölkənin milli maraqlarına, təhlükəsizliyinə zidd məlumatlar tirajlayırlar. Təbii ki, hərbi sirri yaymaq olmaz. Bununla yanaşı, qeyd edək ki, 2015-ci ilin 4 günlük aprel savaşında Azərbaycan mətbuatı özünü kifayət qədər peşəkar obrazda göstərməyi bacardı. Açığını deyim ki, 2014-cü ilin avqust hadisələri zamanı Müdafiə Nazirliyinin (MN) bir qədər passivliyi 2016-cı ilin aprel hadisələrində əks mənzərə ilə əvəzləndi. MN mətbuat xidməti operativ olaraq məlumatları verdi və Ermənistan təxribat maşınının istehsal etdiyi dezinformasiya bizim mətbuata və cəmiyyətə yol aça bilmədi. Bu çox yaxşı haldır”.
 
Tank-top olan yerdə ölüm də var
 
Ü.Cəfərov diqqətə çatdırıb ki, hər şeydən öncə jurnalist vətəndaşdır və ona görə də, ölkənin və dövlətin maraqlarını müdafiə etməlidir: "Aprel savaşı zamanı şəhidlərimiz olanda bəziləri sosial şəbəkələrdə müxtəlif korporativ maraqlardan çıxış edib, lazımsız fikirlər səsləndirirdilər. Təbii ki, iş olan yerdə nöqsanlar da olur. Müharibə, güllə, tank-top olan yerdə ölüm də olmalıdır. Olur da. Bu, müharibənin qanunudur. Bütün bunlarla yanaşı deyim ki, aprel döyüşlərində mediamız yetərincə peşəkar davrandı. Şəhidlərimizin yola salınmasını ən yüksək səviyyədə işıqlandırdı. Bu da qəhrəmanlarımıza olan ehtiramın göstəricisidir. Bir sözlə, aprel hadisələri Azərbaycan mediası və jurnalistikası üçün təcrübə rolunu oynadı və bu da çox sevindirici haldır”.
 
Tövsiyələr nəticə verib
 
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin qənaətincə, Azərbaycan mediasının əhəmiyyətli hissəsi 2014-cü ilin avqust hadisələrindən nəticə çıxara bilib: "Bu tendensiya xüsusilə də ənənəvi və peşəkar medianın timsalında öz təsdiqini tapıb. Hesab edirəm ki, həmin dövrdə akademik Ramiz Mehdiyevin keçirdiyi görüşlər, bu istiqamətdə görülən işlər, Mətbuat Şurasının atdığı addımlar mediamızın peşəkar təmsilçilərinin bu məsələdə nümayiş etdirdiyi mövqe və maarifləndirici tədbirlər öz nəticəsini qabarıq şəkildə büruzə verib. Təbii ki, istisnalar da vardı. Reytinq dalınca qaçan, media anlayışının mahiyyətindən xəbəri olmayan, müxtəlif adlar altında sayt yaradaraq özünü kütləvi informasiya vasitəsi kimi sırımağa cəhd edən bəzi qurumlar mövcud situasiyadan yararlanmağa çalışdılar. Amma ümumilikdə Azərbaycan mediasının vahid vətəndaş mövqeyi nümayiş etdirdiyinin şahidi olduq”.
 
Dezinformasiyalarla "reputasiya” qazanırlar
 
E.Mirzəbəylinin sözlərinə görə, dəqiqləşdirilməmiş xəbərləri yayan jurnalistlər xalqın orduyla, cəbhə ilə bağlı xəbərlərə həssaslığını görüb, bundan önə çıxmaq üçün istifadə edirlər: "Bəzilərinin isə peşəkarlıqdan xəbəri yoxdur, təsadüf nəticəsində bu sektora düşmüş insanlardır. Bir qismi isə xaricdən idarə olunan, ola bilsin ki, Ermənistanın ayrı-ayrı kəşfiyyat qruplarının nəzarəti altında olan, xarici maraqları ifadə edən insanlardır. Nəzərinizə çatdırım ki, belə saytların heç də hamısı Azərbaycandan idarə olunmur”.
 
Satqınlar qanunun ən sərt üzünü görməlidirlər
 
Baş redaktor deyib ki, ölkə daxilində fəaliyyət göstərərək cəbhə xəbərləri ilə bağlı yanlışlıqlara yol verən saytlara qarşı maarifləndirici missiyadan yanaşıb, danışıqlar yolu ilə onları islah etməyin zamanı keçib: "Onlara qarşı konkret və sərt addımlar atmaq lazımdır. O kəslər ki, ölkənin mənafeyinin əleyhinə informasiyalar yayır, təxribat xarakterli məlumatları ötürürlərsə, o insanlar qanunun ən sərt üzü ilə rastlaşmalıdırlar. Bizim əsgər və zabitlərimiz öz canlarını təhlükə qarşısında qoyub, erməni işğalçılarına qarşı mübarizə aparırlar, xalqımızı müdafiə edirlər. Müqəddəs torpaqlarımız uğrunda şəhid veririk. Buna rəğmən baş verənlərə qeyri-əxlaqi münasibət nümayiş etdirən media qurumlarına qarşı güzəştə getmək olmaz. Onlar birmənalı olaraq, Azərbaycan xalqının düşmənləri elan edilməlidir”.
 
Mediamız qalib gəlib
 
Modern.Az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı söyləyib ki, Azərbaycan mediası bu sınaqdan üzüağ çıxdı: "Ermənistanın informasiya maşını hər zaman Azərbaycana qarşı təxribat törədir: "Bunu 90-cı illərin əvvəllərində də görmüşük, indi də görürük. Onlar insanlığa yaraşmayan addımları Azərbaycanın üzərinə yükləməyə çalışırlar. Hətta indi də məhv edilən əsgərlərinin sayını gizlədirlər. Buna rəğmən Azərbaycan mediası uduzmadı. Hətta deyərdim ki, son 30 il müddətində Azərbaycan mətbuatı özünü belə ciddi aparmamışdı. Düzdü, xırda istisnalar var. Onlar da aradan qalxacaq. Təzə yaranmış, qeyri-peşəkar saytlar yanlış yol tuturlar. Amma çox sevindirici haldır ki, aparıcı media Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdi. Azərbaycan dövlət maraqlarından çıxış etmək mediamızın borcudur”.
 
Mətbuat eyni hədəfə külüng vurmalıdır
 
Hərbi jurnalist Rahib Qərib də vurğulayıb ki, Azərbaycan mediası cəbhə xəbərləri ilə bağlı diqqəti tam hədəfə yönəldə bilmir və bu da təəssüf doğurur: "Bəzi jurnalistlərimiz cəbhə xəbərlərinin əhəmiyyətini dərk edəcək dərəcədə peşəkar deyillər. Azərbaycan jurnalistikasının normal vəziyyətdə olduğunu düşünmürəm və yaxın gələcəkdə olmayacaq da. Mən hələ hərbi jurnalist olmağa çalışıram. Azərbaycanda hərbi ekspert yoxdur. Hərbi ekspert hansısa ehtiyatda olan generallar ola bilər. Onlar da məsələlərə müdaxilə etmirlər. Hansısa baş leytenant, kapitan, orduda normal xidmət etməyib, tərxis olur. Sonra gəlib özünü cəmiyyətə ekspert kimi sırıyır. Orduda normal xidmət edə bilməyən adam necə ekspert ola bilər? Adam normal xidmət apara bilməyib. İndi gəlib müharibə və cəbhə xəbərləri ilə bağlı proqnoz verir. Olmaz axı. Baxın, telekanal üçün hərbi veriliş hazırlayıram, amma hərbi ekspert kimi fikir bildirmək istəyən adam tapmıram. Azərbaycanda hərbi ekspert və hərbi jurnalistlərin sayı az qala yox səviyyəsindədir. Rusiya mətbuatına baxın. Yalanı da elə yazır ki, cəmiyyət hiss eləmir. Bizdə isə səviyyə çox aşağıdır. Aprel döyüşləri haqqında KİV-də tirajlanan materiallara diqqət yetirsəniz, şahidi olarsınız ki, biri digərini tamamlamır. Biri digərinə uyğun gəlmir. Bizim media cəbhədə hələ ki, bir hədəfə vura bilmir. Əksər media quruluşu sensasiya arxasınca qaçır və bu da ümumi işə xələl gətirir. Gərək hər şeyə dövlətmi müdaxilə edib, düzəldə. İnsanın öz vicdanı və öz senzurası olmalıdır. Siyasi mövqeyindən asılı olmayaraq hər kəs ölkənin ərazi bütövlüyü məsələsində eyni hədəfə külüng vurmalıdır”.
 
Ayyət Əhməd
 

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır