Modern.az

DİN-in  A.Heydərov adına Hospitalı

DİN-in  A.Heydərov adına Hospitalı

Ədəbi̇yyat

11 Sentyabr 2016, 12:09

Mahir Qabiloğlu

 

 

Mən polis deyiləm. Çox heyf. İndiki ağlım onda olsaydı milis orqanlarında işə düzələrdim. Özü də ki, ehtiyatda olan zabit – leytenantam. İndi azı-azı polkovnik-leytenant idim. Bəlkə də istefaya, ya da ehtiyata çıxmışdım. İndi deyəcəksiniz ki, “ay Mahir, səndən polis olar? Sən cinayətkar yaxalayansan? Bunun üçün xüsusi bacarıq, qabiliyyət lazımdır. Polis Akademiyasını bitirməyin vacibdir”. Niyə ki? Polis sisteminin  də sakit, dinc sahələri var: pasport-qeydiyyat, kadrlar  şöbələri, dəftərxana və sairə. Bu sistemdə lap filoloqa da ehtiyac var. “Polis” qəzetində,  nazirliyin mətbuat xidmətində.

İndi deyəcəksiniz ki, 50 yaşında Mahir yeni planlar üzərində işləməkdən, köhnə arzularını yada salıb heyfslənir. Qatar isə çoxdan ötüb, gedib. Son vaqonun qırmızı işıqları görünür. 50 yaşında insan nədir, beton da yumşalmağa start verir.

     Yox. Bir sual da meydana çıxır ki,  axı bu ixtisas seçimi niyə indi Mahirin yadına düşüb? Əlbəttə ki, səbəbi var. Səbəbsiz heç nə olmur. Daha doğrusu bir əlamətdar hadisə bu yazını yazmağıma səbəb oldu. Oxuyub bitirəndən sonra çox uzaqdan mətləbə gəldiyimi deyəcəksiniz.  Qınamayın məni. Məcbur idim. Sonradan danlaq yeməmək üçün. Çünki səbəbkar məni publisist, yazıçı, tərcüməçi kimi tanımır. Yox, yumşaq dedim. Sadəcə qəbul etmir.

 

HOSPİTALLA İLK TANIŞLIQ

 

Hospital sözünə müharibə haqda yazılan kitablarda, çəkilən filmlərində rast gəlmişdim. Sonralar isə əsgəri xidmətdə bildim ki, bizim Sərhəd Qoşunlarının Bakıda hospitalı var. Ora düşən “keyf edir”. Əlbəttə ki, özünü xəstəliyə vura bilsən. İki il əsgərlik dövründə bu “xoşbəxtlik” mənə qismət olmadı. Nə doğurçu xəstələnə bildim, nə də yalançı. Komandirə desəydin ki, qızdırmam var... onda vay halına. 2-3 kilometr qaçırdırdı. Yaxşıca tərləyərdin. Olan-olmayan qızdırman da həmən yox olurdu. Başqa bir səbəb isə tapmaq mümkün deyildi. Çünki Sərhəd Qoşunlarına yalnız sağlam gəncləri götürürdülər. Qol-qıçın sınmağını, sərhədozucusundan güllə yarası almağı isə heç kim arzulamaz. Beləcə mənim hərbi hospital görmək, hospitalın xidmətlərindən “yararlanmaq” arzum ürəyimdə qaldı.

Əsgərlikdən qayıtdım. Yenidən Yazıçıların Poliklinakasında qeydiyyata düşdüm. Nəhayət, 21 yaşında evləndim. Demə bu poliklinikanın belə qaydaları da var imiş ki, evlənən kimi qeydiyyatdan çıxarırlar. Ərazi üzrə şəhər poliklinikasına “uçot”a düşməlisən. Əlbəttə ki, bu rəsmi qaydalar idi. Qabilin oğluna qapılar açıq idi. Çünki o həkimlərin gözü qabağında böyümüşdüm. 21 yaşlı ailəli mən isə heç bir qeydiyyata düşmədim. Sovet hökuməti dağılırdı. İşdən bülleten də tələb etmirdilər. Heç xəstələnmirdim də... Xəstələnmək sərf etmirdi də... Özəl yolla çörəkpulu qazanırdım. Özüm özümün müdiri idim. Bir də ki, həyat yoldaşım həkim idi. Düzdür, uşaq həkimi idi. Amma soyuqdəyməni sağaltmağa, qızdırmanı salmağa və ya iynə vurmağa elə adi tibbi biliklər də yetərli idi.

 

 



QABİLİN SUALLARI

 

Atamın qəribə xasiyyəti vardı. Bir məclisə düşəndə, müxtəlif sənət sahibləriylə həmsöhbət olanda cürbəcür suallar verərdi. Bu sualların cavabından şeirlər də yaranırdı. Yardımlıya gedəndə isə tibbi suallar aktuallaşırdı. Çünki bir vaxt şagirdləri olmuş  Zeyni Adiyev və Şahbaz Əkbərov Yardımlının loğmanı idilər. Onlara “Doktor Zeyni, doktor Şahbaz” adlı yeddi bəndlik şeir də həsr etmişdi.

 

Mən lap cavan, siz lap uşaq...

Geri dönək, geri uçaq...

Zəng səsləri... tanış avaz...

“Çapayev”i əzbər desin

Doktor Zeyni, doktor Şahbaz!

 

Doktor Şahbaz atamın gənclik dostu, sonra isə qudası olan Fəzail Əkbərovun qardaşı idi. Oğlu Ramiz Əkbərov  həkimliyi bitirmişdi. Sonradan bu “sual-cavab”a o da cəlb olundu. Yetkin bir həkim-cərrah, uroloq kimi. Ramizlə artıq yeznə-qayın idik. Yardımlılar da yeznəni çox istəyərlər. Yeznə pis olsa belə dözərlər. Yeznə sözünün o zonada tərifi də var – “Məhv edilməsi mümkün olmayan düşmənə yeznə deyilir”.

Bilirdim ki, Ramiz Nəriman Nərimanov adına Azərbaycan Tibb institutunu Fərqlənmə diplomuyla bitirib. Oxuduğu müddətdə “Lenin təqaüdü” alıb. (Təqaüdün məbləği 100 rubl idi. Bir ali təhsilli mütəxəssisin aylıq məvacibi.) Tələbəlik illərində  seçdiyi ixtisasa yaxşı yiyələnsin deyə gecələr Cavadzadənin klinikasında “medbrat” işləyib. Öz həmyaşıdları kimi boş-boş əylənib, vaxt keçirməyib.

İnstitutu bitirəndən sonra Saatlıya “məcburi təyinat” alıb. Üç il orda çalışaraq, borcunu bitirəndən sonra Bakıya qayıdıb. Cavadzadənin sevimli tələbəsi və uroloq-cərrah kimi fəaliyyətə başlayıb. Təkcə həkimliklə qənaətlənməyib. Elmə böyük marağı olduğundan və aldığı biliyin də bu tələbə cavab verdiyindən sənədlərini Moskvaya – böyük sovet onkoloqu, Sosialist Əməyi Qəhrəmanı, akademik Nikolay Bloxinin rəhbərlik etdiyi (indi onun adını daşıyır) Elmi-Onkoloji Mərkəzə göndərir. Və müsabiqədən keçir. Qalır Moskvaya gedib elmi-cərrahi fəaliyyətə başlaması. Amma ailə vəziyyəti mane olur. Çox da sizə qaranlıq qalmasın deyə izahını verim. Ramiz yeddi bacının qardaşıdır. Həmin illərdə özündən kiçik üç bacısı Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyurmuşlar. Atası da onları, yalnız  Ramizin hamiliyi, himayəsi olduğuna görə Bakıya oxumağa buraxıbmış. Oğlunun Moskvaya getmək qərarını görən və köhnə kişilərdən olan Fəzail müəllim heç nə demir. Sadəcə qızlarından  təhsillərini yarımçıq qoyub geri qayıtmalarını tələb edir. Dilemma qarşısında qalan qardaş-həkim, gələcəyin parlaq alim-loğmanı Ramiz isə bacılarının gələcəyini seçir. Moskvaya gedib, alim olmaq arzusunu boğur. Və Daxili İşlər Nazirlinin Arif Heydərov adına Hospitalında uroloq kimi həkimlik fəaliyyətinə başlayır. Mənim bu hospitalla ilk tanışlığım da elə bu dövrə təsadüf edir.

Qayıdım  atamın ənənəvi sual-cavab şakərinə. Ramizə suallar tamam fərqli olurdu. Çünki o təkcə tibbi yox, ədəbiyyatı da çox sevirdi. Xüsusilə də Nizami Gəncəvinin tibbi-fəlsəfi baxışlarını bir həkim kimi əsaslandırırdı. Amma heç kim bilmirdi ki, gələcəkdə Ramiz təkcə Cavadzadə məktəbinin davamçısı olmayacaq. Demə onda Abbas Səhhətin, Nəriman Nərimanovun, Anton Pavloviç Çexovun ruhu yaşayır. Bu ruhu olan həkimə isə  Hippokrat andı içmək  gərək deyil.

Ramiz yazdığı ilk hekayəsini atama göstərdi. Atama yox, Qabil əmisinə. Gənc yazıçılara qarşı çox tələbkar, hətta qəddar olan atamın hekayə xoşuna gəldi. Onun “Çapa layiqdir” dərkənarı ilə hekayə “Ədəbiyyat qəzeti”ndə – “Ramiz Əkbər” imzasıyla çap olundu. Yox. Çox irəli qaçdım. Axı mövzum Hospitaldır. Qayıdım bir az geriyə – 90-cı illərə.

Əsgərlikdə böyrəklərimə soyuq dəymişdi. Duz mübadiləsi pozulmuşdu.  Yardımlıda olanda atam birdən “ay Mahir, qəynin o boyda uroloqdur. Get bir müayinə etsin də səni” məsləhətini verdi. Ramiz də “bəli, bəli, Qabil əmi, birinci gün gəlsin müayinə edim” deyə məni hospitala çağırdı. Yerini-yurdunu nişan verdi. Hospitalla tanışlığım belə başlandı.

 

 

MÜHARİBƏ

 

Müharibə rəsmi elan olunmasa da Qarabağda döyüşlər gedirdi. Yalnız asayişi qorumaq, cinayətkarlıqla mübarizə missiyası olan milis silaha sarılmışdı. Daxili İşlər Nazirliyi hər gün şəhid verirdi.  Yaralıları isə maşınlarla, vertolyotlarla hospitala çatdırırdılar.  Hospitalda “mən uroloqam, kardioloqam, lorintoloqam...” söhbəti yox idi. Tibb ocağı müharibə qanunlarına əsasən çalışırdı. Hamı hərbi həkim idi. Yaralılar da kateqoriyalara bölünmürdü. Milislərlə yanaşı, yaralanmış mülki şəxslər, əsgərlər də hospitala gətirilirdi. Mənim ilk tanıdığım hospitaldan dərman iyi yox, qan iyi, sızıltı səsləri gəlirdi. Köhnə, imkanları çox da geniş olmayan hospitalın həkimləri bu işlərin öhdəsindən layiqincə gəlirdilər. Qarabağda yaralanmış bir Milli Qəhrəmanın diliylə desək: “Məni qospitalda sümüklərimi, içalatımı bir-bir yığdılar. Allah Ramiz doktorun, Nahidin canını sağ eləsin”.

Beləcə, mən hospitalın şəxsi heyətini tanımağa başladım. Adlarını çəkmirəm. Çünki yadımdan çıxanı olsa inciyəcək məndən. O dövrün tələblərinə uyğun professional mütəxəssislər idilər. Elə indi də... Bunu göydən demirəm. Şahidi olduğum hadisələr o qədərdir ki...

 

HAŞİYƏ: Yoldaşımın ayağı sınmışdı. Əlbəttə ki, birinci kimə zəng etməliydim? Yox, yanıldınız “Təcili tibbi yardıma” deməkdə. Bizim ailənin bir simurq quşu var. O da Ramizdir. Heç onun sahəsi olmasın. Başımız ağrıyanda da onun yanına qaçırdıq. (indi də qaçırıq) Həyat yoldaşımı çatdırdım hospitala. Rentgen elədilər. Çəpəki sınıq idi. Ramiz ora 4 cərrah-travmatoloq dəvət etdi. Hamısı da alim-professor. Onların dördü də cərrahiyyə əməliyyatının  və sümüklərin bir-birini xüsusi dəmirlərlə birləşdirilməsinin vacibliyini bildirdilər. Buna “İlizarov metodu” deyirlər. Alimlərin savadına şəkk-şübhəm yoxdur. Çəpəki sımıqda yalnız bu metod tətbiq olunur. Bu əməliyyatdan sonra xəstə tez ayağa dursa da, metal konstruksiyalar sümükdən çıxarılandan sonra fəsadlar yaradır, yeri gec sağalır, çirk eləyir.

Rentgen otağında bir yaşlı ağxalatlı kişi də vardı. Sonra bildim ki, rentgenoloqdur, orta tibb işçisidir. Adı Zöhrab Mehdiyev idi. Zöhrab Ramizə nə dedi, nə demədi bilmirəm. Amma yoldaşım əməliyyat olunmadı. Zöhrab müalicəni öz boynuna götürdü. Gipsə qoydu. Düzdür sümüklərin bitişməsi 8 ay çəkdi. Amma açıq əməliyyatsız, fəsadsız. Sonralar anamı maşın vuranda da hospitalın rentgenoloqu Zöhrab Mehdiyev düz bir ay anamın əziyyətini çəkdi. Bir ay ərzində hər gün evə gəlirdi. Əlbəttə ki, atamla da söhbəti tuturdu. Və tiblə bağlı atamın ənənəvi sual-cavabı və bu sual-cavabdan doğan şeir də öz yerində.

 




RENTGEN

 

Həkim Zöhrab Mehdiyevə

 

Rentgen şüalarının

Hikməti çoxdan aşkar.

Onu kəşf eləyənin

Ruhuna min dualar.

 

Aydınlıq hasil edir

Rentgen zülmət məkanda.

Dərdindən hali olub,

Əlac gəzir insan da.

 

Xəstənin sahibinə

Qorxunc söz də söylər o.

Adamı həm sevincək,

Həm də peşman eylər o.

 

Bu böyük ixtiranın

Sehriylə işıqlanır.

Bir alimin bəşərə

Mehriylə işıqlanır:

 

Qanımızın şiddəti

Ürəyimiz, bağrımız.

Canımızın illəti,

Sızıltımız, ağrımız.

 

Hara işləmir şüa?

Nə görmür sehrli göz?

Lap gizlənmiş bir zədə,

Lap amansız bir bəla.

 

Saçdan dırnağa kimi,

Dişdən barmağa kimi,

Beyin hüceyrəmizdən

Xırda oynağa kimi...

 

Hər göz baxanda görməz,

Yalnız həkimin gözü!

Nəm-nümlə vədə verməz,

Qətidir hökmün sözü.

 

Soruşdum: – Söylə, həkim!

Nəyi göstərmir o bəs?

Dedi ki, bu sualı

Hələ verməmiş heç kəs.

 

Hər əza düşür ona

Lövhədə canlı-canlı.

Ancaq rentgenə düşmür

Vicdansızla vicdanlı

 

16.10.1998

(SON)

 

Qabili hamı tanıyırdı. Onun üçün bağlı qapı yox idi. Hara gedirdisə ayağa dururdular. Həkimlərimiz də onu çox istəyirdi. Amma nədənsə, barmağına tikan batanda belə, Doktor Ramizə zəng edərdi. Özünü pis hiss edəndə hospitala üz tutardı. Düzdür,  birbaşa Ramizin otağına getsə də sonra ünvan dəyişərdi. Ürəyi ağrıyırdısa İlqar həkimin otağına keçirdilər.

O baxırdı atamın harasının ağrımasına. Bəzən isə 70-dən, 80-dən irəli gələn xəstəliklər də olurdu ki, yaşla bağlı şıltaqlıq və nazla oynamaq da hospitaldakı həkimlərin payına düşürdü. Bu təkcə şıltaqlıq deyildi. Bu, hospitalın tibbi heyətinə inamın nümunəsiydi. Xəstə xəstəxanaya yox, inandığı, etibar etdiyi həkimin yanına gedir. Həkimin harada işləməsi isə vacib deyil. Amma Qabilin və ailəmizin seçimində hər ikisi üst-üstə düşmüşdü.

 

 

RAMİL USUBOV VƏ HOSPİTAL

 

İstənilən rəhbər işçisindən iş tələb edir. Bu təbiidir. Bunu hamımız bilir, bunu hamımız görürük. Bəs işçinin qeydinə qalmaq? Nəinki işçinin, onun ailə üzvlərinin də... Bunu hər  rəhbər edirmi? Düzdür,  2 poliklinika, 2 hospital saxlamaq hər nazirliyə müvəffəq olmur. Mən razı. Bəs onda öz işçilərini tibbi sığortalayan müəssisələr, rəhbər şəxslər necə, çoxdurmu? Axı “sağlam bədəndə sağlam ruh olar” deyimi var. Özü də çox düzgün deyimdir.

Mən hospitala 28 ildir ki, gedib-gəlirəm. Ərazisi genişlənib. Köhnə bina sökülüb, yeni, müasir bina tikilib. Yox. Səhv etdim. Təzə, müasir bina tikiləndən sonra, köhnə bina söküldü. Yəni ki, hospital 1 dəqiqə də olsa fəaliyyətini dayandırmadı. Ərazidə yeni poliklinika binası da inşa edildi. Bu öz yerində. Bina çox gözəldir, yaraşıqlıdır. Amma bununla iş bitmirdi. Səhiyyə ocağının üzünü ağ edən professional həkimlərdir. Bunu hamı bilir. Amma yeni, müasir texnologiyalarsız da indiki səhiyyəmizi təsəvvür etmək mümkün deyil. Yeni yox, ən müasir aparatlar alınaraq hospitalda quraşdırıldı. Və dünya səhiyyəsinin yeni nailiyyətləri üzə çıxdıqca alınıb hospitala gətirilir. Onu işlətməyi öyrənmək üçün həkimlər, tibb işçiləri  xaricə ezam olunurlar. O aparatlar ki, kənarda onun xidmətinə düşmək mənim kimi sıravi vətəndaşlara  “od qiymətinə” başa gəlir. Xarici tibb ocaqlarıyla əlaqələr yaradılır. Hospitalın personalı təcrübə keçməyə göndərilir. Növbəti belə müqavilə Türkiyənin məşhur Gülhanə Tibb Akademiyasıyla bağlanıb. Bu, Azərbaycan polisinin sağlamlığına göstərilən diqqətdir. Və bu xidmət həm də polisdən tərxis olunan zabitlərə də şamil edilir.

Jurnalistikada belə bir qayda var. Vəzifəli şəxsi tərifləmə. Onun gördüyü işləri sadala. Bu özü qiymət, tərif deməkdir. Mən Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun fəaliyyətinin bu istiqamətinin yalnız xırda bir hissəsini sadaladım. Və bu diqqət 20 ildir ki, mütəmadi şəkildə davam edir.  (Hospitalın saytına girsəniz, hər şey yazılıb orda.)  Özümə borc bilim qələmə aldım. Çünki nazir olan şəxsin fəaliyyətinin bu qolu – öz işçilərinin sağlamlığına göstərdiyi diqqət və ümumiyyətlə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfə – bir vətəndaş, bir publisist kimi  nəzərimdən qaça, məni sevindirməyə bilməzdi.

 

HAŞİYƏ: Anam insult keçirmişdi. Hospitalın həkimi İspi doktoru onda tanıdım. Yataq xəstəsinə çevrilən anam, artıq iki həftədən sonra əlini və ayağını tərpədirdi. (SON)

 

Bu yaxınlarda hospitala getmişdim. Uroloji şöbənin rəisi, tibb elmləri namizədi, polkovnik-leytenant Nahid Zairovun yanına. Öz otağıyla üzbəüz qapını açdı. İçəri girdim. Böyük bir aparat quraşdırılmışdı. Aparat üçün xüsusi mini-korpus tikilmişdi.  Soruşdum ki, bu nədi? Dedi ki, bəs cənab nazirin göstərişiylə İtaliyadan alınıb gətirilib. Böyrəkdə daşı əməliyyatsız parçalayıb salmağa hesablanıb. Sevindim. Bilirsinizmi nəyə görə? Əlbəttə ki, hər bir yeniliyə hər bir normal vətəndaş sevinməlidir. Bu təbiidir. Bayaq qeyd etdiyim kimi, bədənimdə duz mübadiləsi çoxdan pozulub. Bilirəm ki, əvvəl-axır bu duzlar birləşib daş əmələ gətirəcəklər. Amma artıq qorxum yoxdur. Digər xəstəliklər kimi açıq əməliyyatsız bu xəstəliyin də çarəsi tapılıb. Özü də xaricdə deyil, lap qulağımızın dibində – DİN Arif Heydərov adına  hospitalda. 

 



HOSPİTALIN RƏİSİ RAMİZ ƏKBƏROV

 

Artıq iki ildir ki, hospitala polkovnik, tibb və filologiya elmləri namizədi Ramiz Əkbərov başçılıq edir. 60 illik həyatının 30 ili burayla bağlıdır. Yaxşı işçidir. Pis olsaydı adi həkimlikdən hospital rəisinə qədər şərəfli bir yol keçməzdi.  Prezidentimizin sərəncamıyla “Əməkdar həkim” fəxri adına layiq görülüb. O vaxt Qabil əmisinin xeyir-duasıyla ədəbiyyata gələn, 10 bədii kitabı çap edilən Ramiz Əkbər yazı-pozudan uzaqlaşsa da, Abbas Səhhət, Nəriman Nərimanov kimi həkim-yazıçıların prinsipindən kənara çıxmayıb. Həkim kimi qapısı ona ehtiyacı olanların üzünə açıqdır. Bacardığı köməkliyi göstərir. Öz sahəsi olmayanda düzgün məsləhətlər verir. Necə deyərlər bir əlində qələmdir, o birində skalper. Düzünü desəm “qılıncı” da var. Axı  polkovnik paqonu daşıyır?!

Qohumlarını çox istəyir. Hamısı da ona ərk edir. Ondan kömək umur. Şəxsən mən və ailə üzvlərim bu günə qədər heç bir poliklinikada qeydiyyatda deyirlər. Bizim həkimimiz Ramizdir. Amma onun kiməsə ərk etməsini, kömək istəməsini görməmişəm. Şəxsən biz qohumlar ondan razıyıq.

Elmi fəaliiyətini də davam etdirir. İki sahə üzrə namizədlik dissertasiyası müdafiə edib. Elmi kitabların, dərs vəsaitinin  müəllifidir. Dörd nəvənin babasıdır. Nəhayət, 60 yaşına vida edir. İndi soruşacaqsınız ki, axı niyə yazının adını “Ramiz, 60 yaşın mübarək” qoymadım. Çünki, qaynım mənim yazdıqlarımı bəyənmir. Bəlkə ondan zəif yazıram, ona görə. Bəlkə də açıq-saçıq fikirlərimə görə ehtiyat edir, qınayır məni. Axı, ağıl verənlərim çoxdan rəhmətə gedib. Nə atam var, nə də qaynatam. Bu yazını da oxuyandan sonra nələr eşidəcəyimi yaxşı təsəvvür edirəm. Yox, bəlkə  yazımın adına görə keçər “günahımdan”. Mən də çoxbilmişəm a... Çünki Ramizi 30 il çalışdığı hospitalsız, Hospitalı da 60 yaşlı Ramizsiz çətin təsəvvür edirəm. Həm də ki, bu yazım ona yubiley hədiyyəmdir. Bəy verən atın isə dişinə baxmazlar.

Ramiz Əkbər, 60 YAŞIN MÜBARƏK!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!