Modern.az

Nazirlik işğal altındakı abidələrin taleyindən XƏBƏRSİZDİR

Nazirlik işğal altındakı abidələrin taleyindən XƏBƏRSİZDİR

Mədəni̇yyət

14 Sentyabr 2016, 13:43

Ermənilərin vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərimizdə mədəni irsimiz məhv edilir. Beynəlxalq konvensiyalara zidd olmasına baxmayaraq, düşmən tərəfi mədəni -tarixi abidlərimizlə vəhşicəsinə davranır.

 

Bəs tarixi abidələrimizin siyahıya alınması ətrafında vəziyyət necədir?

Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, deyib ki, mədəni irsimizə sahib çıxmaq üçün öncə, torpaqlar işğaldan azad edilməlidir.

 

“Tarixi abidələr müxtəlif dövrlərin tikililəridir. Düşmən də torpaqlarımızı işğal etdiyi gündən bəri tarixi-mədəni abidələrimizi dağıdıb məhv etməklə məşğul olub. Bu barədə, Azərbaycan bütün beynəlxalq təşkilatlara məlumatlar da verib, bəyanatlar da səsləndirib. Amma düşmən tərəfi öz bildiyini edir. Elə tarixi abidələrimiz var ki, ermənilər məkrli, çirkin planlarını abidələrimizə də tətbiq edib. İslam dünyasına, qədim türklərə, bizə məxsus olan yazılar, işarələr pozularaq yerində erməni dilində nəsə yazılıb və xaç işarəsi çəkilib. Onlar bizə məxsus olanların bir qismini  erməniləşdirməyə, digər qisminin isə izini itirməyə çalışıblar. Deyərdim ki, müəyyən qədər buna nail olublar. Əlbəttə, tarixi abidələrimizə görə narahatlıq keçiririk, amma onlar işğal altındakı torpaqlardadır. Abidələrin xilas olması üçün torpaqlar işğaldan azad olmalıdır. O zaman torpaqların üzərində, altında nə varsa hamısı xilas olacaq”.

 

Deputatın sözlərinə görə Azərbaycan tərəfinin müraciətinə beynəlxalq təşkilatlar “humanist” yanaşma sərgiləyib.

 

“Təbii ki, həmin abidələrin siyahısı var. Üstəlik, Azərbaycanda olan bütün mənbələr tərəfindən  ən yüksək səviyyədə BMT, YUNESKO, ATƏT və digər saxtakar qurumlara dəfələrlə məlumatlar verilib. Azərbaycan tələb və xahiş edib ki, “siz beynəlxalq təşkilat kimi tarixi abidələrin düşmən tərəfindən dağıdılmasının qarşısını almağa çalışın”. Amma onlar çalışmırlar. Düşmən tərəfi işğal altındakı torpaqlardan bir növ türk, müsəlman izini silməyi qarşısına məqsəd qoyub. Bunu da həyata keçirməyə çalışırlar”.

 

Milli Məclisin üzvü, bəzi tarixi abidələrimizin düşmən işğalından azad edilməsi məsələsinə toxunaraq deyib ki, bu, heç də bütün tarixi abidələrə şamil oluna bilməz.

 

“Şuşada Natəvanın, Üzeyir Hacıbəyovun bizə məxsus olan abidələri vardı ki, güllələnmişdi. Heç bir beynəlxalq təşkilat bu işə qarışmadan qarışmadan Azərbaycan dövləti öz təşəbbüsü, bacarığı ilə müxtəlif yollarla üçüncü dövlət tərəfindən müəyyən vəsaitlər hesabına həmin abidələri geri aldı və bu gün onlar Azərbaycandadır. Elə abidələr də var ki, onların 99%-dən çoxu tarixi tikililər olan günbəzlər,məscidlərdir.Onları nə cür götürüb gətirmək olar? Ona görə də Azərbaycan tərəfi beynəlxalq təşkilatlar qarşısında bu abidələrin məhv edilməsi ilə bağlı işğalçıların cəzalandırılması və onlara qarşı hər hansı bir sanksiya tətbiq olunması ilə bağlı tələblər qoyur.

 

Bu illər ərzində yalandan demokratiyadan, hüquqdan danışan beynəlxalq təşkilatlar işğalçı dövlətə qarşı tarixi abidələrimizin, milli sərvətlərimizin dağıdılmasına,  torpaqlarımızın işğalına görə heç olmasa, cəza tədbiri görüblərmi, sanksiya tətbiq ediblərmi?! Təəssüf ki, etməyiblər. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu hətta, prezident İlham Əliyev tərəfindən bu istiqamətdə işlər görülür. Sadəcə, detalları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi daha yaxşı məlumat verə bilər”.

 

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İntiqam Hümbətov Modern.az-a açıqlamasında abidələrin taleyindən xəbərsiz olduqlarını deyib.

 

“Torpaqlar işğal altında olduğundan tarixi abidələrimizin taleyindən xəbərimiz yoxdur. Təbii ki, abidələrin siyahısı bəllidir. Amma talelərindən xəbərsizik. Eyni zamanda, abidələrlə bağlı hər hansı xəbər ala bilmirik. Çünki ora getmək imkanımız yoxdur. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumlar bu məsələni beynəlxalq səviyyədə qaldırıblar. Nə qədər ki, torpaqlar işğal altındadır, bu o deməkdir ki, abidələrin real vəziyyətindən xəbərimiz yoxdur”.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı