Modern.az

Ənvər Paşanın nəvəsi: “Babalarım Azərbaycan xalqını ermənilərin əlinə vermədilər”

Ənvər Paşanın nəvəsi: “Babalarım Azərbaycan xalqını ermənilərin əlinə vermədilər”

14 Sentyabr 2016, 16:31

“Osmanlı İmperiyasının son dönəmlərində Türkiyədən Azərbaycan xalqını xilas etmək üçün Qafqaz İslam Ordusunun göndərilməsi böyük fədakarlıq idi. Ulu babalarım Ənvər və Nuru paşaların bu ordulara o zaman rəhbərlik etməsi məni daim qürurlandıracaq”.

Bu sözləri Modern.az-a  1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı olmuş Nuru paşanın qardaşı nəvəsi Osman Mayatepek deyib.

Osman Mayatepek Türkiyənin o zamankı hərbi naziri Ənvər Paşanın nəvəsidir.

 

“Babalarım Azərbaycan xalqını ermənilərin əlinə vermədi”

 

Osman Mayatepek bildirib ki, türklərin Bakını xilas etməsi dünya tarixinə damğa vurdu:

“Paşalar Azərbaycanın əhəmiyyətini və iki xalq arasındakı qardaşlığın qiymətini bilən şəxsiyyətlər olublar. Nuru və Ənvər Paşaların Bakını daşnaklardan xilas etməsi dünya tarixinə damğa vuran bir təşəbbüs idi.

Çünki Osmanlı İmperiyası o zaman 1-ci Dünya Müharibəsində uduzmasına baxmayaraq, canı bir-qanı bir olan azərbaycanlı qardaşlarını ermənilərin əlinə vermədi.

Azərbaycan xalqı Nuru və Ənvər paşaların, Türkiyə tarixinin bu qəhrəmanlıq səhifəsini çox yaxşı və dəqiq bilir. Amma təəssüf ki, Türkiyədə bu haqda daha az bilirlər”.

 

“Azərbaycanlılar Ənvər paşanın fəaliyyətini türklərdən yaxşı bilirlər”

 

Ənvər Paşanın nəvəsi bu gün Türkiyədə babalarına göstərilən münasibətdən şikayət edib:

“Türkiyədə çox zaman Ənvər Paşanın həyat və fəaliyyətini yanlış işıqlandırıblar. Son zamanlara qədər Ənvər Paşa haqqında çoxlu sayda məlumatlar yaymışdılar.

Yalnız Murat Bardakçı, Nevcat Koçoğlu kimi araşdırmaçılar çox sağ olsunlar ki, Ənvər Paşanın fəaliyyətinə və həyatına düzgün işıq sala biliblər.

Mən əvvəllər də Bakıda olmuşam. Hər zaman Azərbaycanı yüksək qiymətləndirmişəm və qiymətləndirəcəm də. Çünki bu millət mənim ulu babalarım olan Ənvər və Nuru Paşaları  unutmur. Azərbaycanda çox yaxın dostlarım, qardaşlarım var.

Kaş ki, Türkiyədə də belə olardı. Təəssüflər olsun ki, hələ də Nuru, Ənvər paşaların  həyat və fəaliyyətinə 1920-ci illərdə olan ədalətsiz münasibət qalmaqdadır”.

 

“Fəxr edirəm ki, Azərbaycan xalqı babalarımın qəhrəmanlıqlarını unutmur”

 

Osman Mayatepek Azərbaycan xalqından babalarına verilən qiymətə görə çox razı olduğunu söyləyib:

“Mən fəxr edirəm ki, ulu babalarım olan Ənvər və Nuru paşalar məhz Azərbaycan xalqının xilası uğrunda döyüşüblər . Buna görə qürur duyuram. Çox şadam ki, Azərbaycan xalqı, azərbaycanlılar ulu babalarımı bu işini yüksək qiymətləndirirlər və unutmurlar.

Hər zaman sevinirəm ki, Azərbaycan xalqı Ənvər Paşanın qəhrəmanlıq salnaməsini və tarixini yaşadır”.

 

“Ənvər Paşanın həyat yoldaşı, nənəm Naciyyə Sultana dedi ki, o məktubları saxla...”

 

Ənvər Paşanın varisi söyləyib ki, nənəsi ilə babasının məktubları qalmasaydı, bəlkə də bu gün bir çox tarixi faktları sübut etmək olmazdı:

“Murat Bardakçı Ənvər Paşa haqqında kitab yazdı. Bu kitabda Ənvər Paşa İlə Naciyyə Sultan arasındakı münasibətlər də yer alıb.

Onlar hələ gənc olarkən bir-birilərini çox seviblər. Kitabda ulu nənəm sayılan Naciyyə Sultanla babam Ənvər Paşanın məktublaşması da əks olunub. Amma həmin məktublarda yalnız iki sevən insan arasındakı münasibətlərdən bəhs olunmur. Məktublarda o dövrün siyasi hadisələri, baş verən proseslər də yer alıb.

Ənvər Paşa bir məktubunda Naciyyə Sultana deyir ki, “ölümümdən sonra mənim haqqımda çox şey danışacaqlar, amma hamısı yaxşı söhbətlər olmayacaq. Ona görə də bu məktubları saxla. Vaxt gələcək, bu məktubları lazım olanda ortaya çıxaracaqsan. Qoy, Ənvər Paşa kim olub, hamı bilsin””.

 

“Azərbaycan səfirliyindən mənə “sizi tanımırıq” cavabı gəldi”

 

Osman Mayatepek Ankaradakı Azərbaycan səfirindən heç də normal münasibət görmədiyini deyib:

“Bu günə qədər Ankaradakı Azərbaycan səfirliyində və Konsulluğunda məni heç Nuru və Ənvər paşalara, Bakının xilas edilməsinə həsr olunmuş tədbirlərə dəvət etməyiblər.

Hətta dəfələrlə məni niyə görə tədbirlərə dəvət etmədikərinin səbəbini öyrənmək üçün Ankaradakı Azərbaycan səfirliyinə və Konsulluğuna məktublar yazdım. Amma mənə cavab vermirdilər.

3-cü dəfə yazdığım məktuba isə belə cavab gəldi: “Biz sizi tanımırıq”. Düzdür, bu cavaba görə çox üzüldüm. Amma edəcək bir şey yox ki..

Azərbaycandakı Türkiyə səfirliyi məni Bakıya dəvət etməyə borclu deyil. Çünki ulu babalarım Azərbaycan xalqına görə döyüşdülər.  Buna görə də Ankaradakı Azərbaycan səfirinin məni tədbirlərdən kənara qoyması heç də normal bir hal deyil.

Amma yenə də üzülmürəm. Çünki elə bu gün də Azərbaycan xalqı və milləti Ənvər və Nuru paşalara layiq olan qiyməti verir və onları daim gözəl yad edirlər”.

 

“Nə yaxşı ki, babalarım Azərbaycan xalqı uğrunda döyüşdülər”

 

Ənvər Paşanın varisi ömrünün sonuna qədər Azərbaycan xalqına minnətdar olacağını söyləyib:

“Ənvər Paşaya aid Atilla Oral da kitab yazıb. Ənvər nə Nuru paşalar, hər ikisi idealist insanlar olublar. Nuru Paşa Qafqaz İslam Ordusunda əsl döyüşçü idi. Son günlərə qədər Nuru Paşanın məzarının yeri belə bəlli deyildi. Hörmətli millət vəkili Qənirə Paşayevə və Atilla Oral bəyin səyləri nəticəsində Nuru Paşaya heç olmasa bir abidə qoyuldu.

Bütün bunlara görə Azərbaycan xalqının qarşısında baş əyirəm. Nə yaxşı ki, bu xalq və millət var. Nə gözəl ki, ulu babalarım Ənvər və Nuru paşalar bu böyük millət uğrunda döyüşərək onları xilas ediblər. Canımda can, bədənimdə ruhum durduqca, Azərbaycan xalqına və millətinə təşəkkür edəcəm.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı