Modern.az

“Tanrı onun Şəhidlik arzularını eşitdi” - Sumqayıtlı şəhidin həyat HEKAYƏTİ

“Tanrı onun Şəhidlik arzularını eşitdi” - Sumqayıtlı şəhidin həyat HEKAYƏTİ

14 Sentyabr 2016, 17:33

Vətəni qibləgah edən şəhidlər - XXXIII

 

“İndi bu yazını sizə göz yaşlarımın yoldaşlığı ilə yazıram.Hüznün məni öz qoynuna alıb gəzdirdiyi və kədərlə qəmin mənə övlad olduğu halda yazıram. Gecələr onsuzluğa açarkən gözlərimi onsuzluqda axtarıram doya-doya sevmək üçün. Bilmirəm sizlərdə nə təsir qoyacaq və necə anlayacaqsınız. Lakin istəyirəm oğlum unudulmasın və mən onu unutmamanız üçün yazıram. Sadəcə oxumaq üçün deyil. Unutmamaq üçün yazıram. Sətirlər yenə aciz qalıb ondan danışmağa. Mən isə yazmaqda çətinlik çəkirəm, hər kəlməm, hər sətrim ağlayır onsuzluğun boş otağında. Sizlər öz həyatına davam edərkən, mən yaşamaq üçün çabalayıram o olmayan boşluqda . Siz hər gün təbəssümlə oyanarkən, yuxudan mən onsuzluğa açıram gözlərimi və sadəcə göz yaşlarım yoldaş olur dörd divarda. Onun yoxluğunu qəbullanmaq, o bir daha gəlməz demək, onu bir dəfəlik itirmək, mənim üçün diri halda boş bir məzara girməkdən belə, çətindir. İndi onun məsum olan baxışlarına həsrət qalarkən mən. Sizlər unutmaqdan danışırsınız nədən?”...

      
 Bu sətirləri 2-5 aprel günlərində Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş şəhidimiz, Azərbaycan Texniki Universitetinin məzunu, sumqayıtlı balası Əbdülməcid Axundovun anası Ceyran xanım Axundovanın  sosial şəbəkədəki hesabından götürmüşəm... Onu da bilirəm ki, aprelin 9-dan sonra , hər gün Sumqayıtdakı Şəhidlər Xiyabanındadır.  O şəhid məzarlarının başına dolandıqdan sonra,  heykələ, daşa dönmüş 23 yaşlı oğlu ilə danışır, söhbət edir. O isə daşa dönüb, danışmır ki, danışmır.  Yenə layla oxuyur, bəlkə oyana:


Bağçamızda miyana,
Gül sünbülə dayana.
Oxu bülbülüm, oxu,
Bəlkə balam oyana...
Laylay balam, a laylay...


Modern.az saytı aprel şəhidləri barədə növbəti yazını təqdim edir.

Həmin Əbdülməcid, həmin Məcid ki... ən dəcəl uşaq idi... Həmin Məcid ki, istər bağçada, istər məktəbdə, istərsə də həyətdə hamı əlindən “dad” edərdi. Hər gün Ceyran xanıma bir şikayəti gələrdi ki, yenə Məcid kiminləsə dalaşdı... Ancaq sevimli idi. Hələ körpəlikdən o qədər gözəl idi ki, qonum-qonşu, dost-tanış, onu sevməkdən-əzizləməkdən yorulmazdı. Bir də axşamlar var idi... bağçadan, ya dərsədən evə gələndən sonra, özündən 1 yaş yarım böyük qardaşı Elçinlə qatardılar aləmi bir-birinə, alt qatdakı qonşuya da aman verməzdilər. Dalaş ki, dalaşasan, vuruş ki, vuruşasan... Oynayıb-dalaşıb, taqətdən düşərdilər... Ancaq yatmazdılar, anaları gənc gəlin Ceyranın laylasını gözləyərdilər. Ceyran xanım bir cüt balasını  beşik laylalarına elə öyrətmişdi ki...

 Göydə ulduz qoşadı,
 Kim balamın yaşıdı.
 Elçin gözüm işığı,        
 Məcid ürək başıdı!
Laylay balam, a laylay,
 Körpə balam ,a laylay.

 

Laylası sərin balam,
Yuxusu dərin balam.
Tanrıdan əhdim budur,
Toyunu görüm balam.
Laylay balam, a laylay,
Körpə balam ,a laylay




Yalnız ananın həzin və qəmli səsindəki bu laylaları eşidəndən, qəhrəmanlıq nağıllarını dinləyəndən sonra, iki qardaş baş-başa verib, mışıl-mışıl yatardılar...

Heç yaddan çıxır ki,  Əbdülməcid... Heç unuda bilir ki... Hələ arada bir qonum-qonşu qınayıb deyir ki, hər gün getmə məzar üstünə. Amma getməyə bilmir,  Ceyran xanımı qınayan olmasa,  gecəni də o baş daşına sığınıb yatar ki, bəlkə  birdən oğlunun ruhu danışdı.


Ceyran xanımın Sumqayıtın 16-cı məhəlləsindəki o kasıb daxmasındayam.  Dəhlizdən otağa keçəndə Əbdülməcidin şəkilləri adamın üstünə yeriyir elə bil. Hamısında da gülür... Otaqda hər şey ondan danışır... Və bu danışan əşyaları, şəkilləri gördükcə, hər dəqiqə ölür Ceyran xanım, hər gün bur yarpaq solur... Hərdən adamın torpağa da acığı tutur. Belə gözəl balaları necə gizlədə bilir, necə unutdurur bəzən... Torpaq, sən necə qüvvətlisənmiş, sənin uğrunda həm də ölürük, həm də candan keçirik.

 
“Dava-dava oynaya-oynaya böyüyüb, davaya getdi qardaşım”


Ceyran xanım 1985-ci ildə ailə həyatı qurub. 7 il övlad  yolu gözləyib. Elçin də,  Əbdülməcid də  doğulanda adlarına qurban kəsmişdi. Quzulu-qurbanlı idi balaları. 1992-ci iıin aprel ayının 1-də Elçin, 1993-cü ilin oktyabr ayının 15-də isə Məcid doğulmuşdu.(onun adını evdə, həyətdə qısaldılmış formada “Məcid” çağırardılar).


Elçin Axundov, qardaşı: 


- Məcid çox nadinc idi. Hələ uşqlıqdan həmişə dalaşardıq. Mən taxtadan  avtomat düzəldirdim, o da gəlib əlimdən alırdı, oyuncağımız var idi. Ancaq biz uşaqlar nədənsə həmişə taxtadan olana daha çox üstünlük vermişik.  Evdə ikimiz tək qalanda divanın söykənəcəyinin başlarını çıxarıb, at sürürdük, dava-dava oynayırdıq. Sonrada oyuncaq üstündə dalaşırdıq. Ən çox mən döyürdüm onu. Cığal idi. Dalaşqan idi. Şuluq idi. Sözə baxmırdı. Televizorun kanallarını dəyişməyə görə, bağçada oyuncaqlara görə... dalaşardıq... Ancaq istəyirdi ki, öz dediyi olsun...Uşaqlıqdı da... hamı kimi biz də 90-cı illərdə, müharibə illərində doğulduq, dava-dava oynaya-oynaya, böyüyüb davaya getdi qardaşım.



Hələ nə yaşım var ki... Hələ mən də elə əslində onun yaşındayam... ancaq, çox çətindir, çox çətin oldu... Qardaş itkisi çox ağırdır, mənimçün çox ağırdır... Biz axı çox mehriban qardaş idik. Xəbrimiz var idi ki,  döyüş başlayıb. Biz bilirdik ki,  qardaşım Məcid qabaq cəbhədə deyil, arxa cəbhədə xidmət edir. Ona görə arxayın idik. Aprelin 1-i də danışdı mənimlə. Bizə heç nə demədi. Sən demə müharibəyə gedir.  Amma bizi narahat etməyib. O  belə oğlan idi. Həmişə özünü önə atardı. Kiməsə kömək lazım olsa, kimsə darda olsa, institutda da hamıdan qabaqda olardı. Xasiyyəti, halı belə idi. Ümumiyyətlə, 1990-dan sonra Sumqayıtda doğulan uşaqların əksəriyyəti belə formalaşdı. Biz Şəhidlər Xiyabanında böyüdük, biz qəhrəmanlıq mahnıları, şeirləri öyrəndik... Həmin o Sumqayıt uşaqları... dostlarım 4-ü mənə qoşulub, aprelin 6-da, səhər üzü saat 5-6-da  getdik ki, qardaşımın yerini bilək.  Bizim uşaqlar belədirlər. Həmişə-bir-birimizin harayına yetirik. Kimsəni tək qoymuruq. Ümumiyyətlə fikrimizdə “ölüm”, “yoxdur” adlı bir anlayış da yox idi. Çatdıq onun xidmət etdiyi hərbi hissəyə. 
Tərtərdə baxdım ki, onunla xidmət edən uşaqlar hamısı gəzir, dolanır. Soruşduq ki, Əbdülməcid Axundov hardadır, dedilər ki, o tapşırığa gedib. Sonra əsgər dostlarından birisi əlində qardaşımın saatını, 41 manat pulunu, bir dənə də  telefon çipini gətirib dedi ki, bunları Əbdülməcid verib, tapşırıb ki, qardaşı gələcək, ona versinlər. Əvvəl dostlarla birlikdə hamımız çaşdıq, sonra, elə bil ayıldım. Soruşdum ki, bəs özü hardadır... cavab yoxdur.  Ancaq ölməsi haqqında fikirləşə bilmirdim... adam öz qardaşı haqqında necə fikirləşər ki... ölüb...
Sonda məlum oldu ki, qardaşım və ondan başqa 17 nəfər neytral zonada qalıb, ancaq meyitlərini götürmək mükün deyil... Əlimizdən nə gəlir ki... Gəldim evə... anama dedim ki, onlar tapşırığa gedib, gözləyirlər hava dumanlansın ki,  geri qayıtsınlar. Ancaq yenə də ürəyimdə bir ümid var idi. Hələ sona qədər inanmırdım ki, qardaşıma nəsə ola bilər. O ölə bilməzdi... O çox həyatsevər birisi idi. Mən gözləyirdim... Ancaq aprelin 8-i axşam bildik ki, qardaşım artıq yoxdur. Və mən buna inanmalı oldum. Aprelin 8-i  9-na keçən gecə qardaşımı gətirdilər.

Aprelin 8-dən 9-u günortaya kimi  yaşadığımız məhəllə, sumqayıtın küçələri yolları dolub-boşaldı... Sumqayıt cavanları da, insanları da Məcidi adına layiq qarşıladılar...


“Fəxr edirdim ki, oğlum əsgərdir”


-Mən anayam,- deyir Ceyran xanım.  Sonra da davam edir:
- Tərtərdəki   hərbi hissəyə düşdüyünü bildiyim gündən canım yandı, narahat oldum. Hər zaman ürəyimdə onu itirmək qorxusdu var idi. Elçin haqqında heç narahat olmazdım. Məcid  evə 5 dəqiqə gec gələndə, hardasa ləngiyəndə elə bilirdim ki, nəsə pis hadisə baş verəcək.


Bir səs gəlir ellərdən,
Şirin şirin dillərdən,
Tanrı balamı saxla,
Ağır aylar illərdən...
Laylay balam, ay laylay...



... Bilmirəm bu nə təlaş, bu nə qorxu idi canımda.  Ayın 6-da oturmuşdum  bu divarın dibində, birdən bədənimə bir üşütmə gəldi. Titrədim... Bu yaşıma gəlmişdim, elə titrəyiş hiss etməmişdim.  İndi hadisələri çözələyəndə, fikirləşirəm ki, bəlkə də... yox əslində əminəm,  yüz faiz əminəm ki, o zaman balam canını tapşırıb. Mənə dedilər ki, yaralı olub, qalıb orda, hətta özü yaralanmazdan əvvəl  bir neçə yaralanmış əsgərə kömək edib çıxarıb, yenə kiməsə kömək  etmək istəyəndə, erməni əli qırılmışlar vurub balamı... Belə də deyirlər ki, mərmi partylayıb, qəlpəsi dəyib ona... Nə bilim, açmadılar tabutunu, qoymadılar balamı doyunca sevib-oxşayım. Dəfninə gələn, döyüşlərdə iştirak edən hərbçilər deyirdilər ki, oğlum sona qədər şücaətlə, qəhrəmanlıqla vuruşub, pulemyotçu idi. İşini gözəl öyrənmişdi. Deyirlər ki, sinəsindən qan axa-axa “Vətən!”, “Azərbaycan!” deyə qışqırıb! Bunu dostları da eşidib.
Məcid öz taleyini özü yazdı. Əvvəl vərəqlərə, sonra danışdığı arzularla. Tanrı onun gözəl arzularını yox, Şəhidlik arzularını eşitdi.  Dostu Beyrək dəfndən sonra bir əhvalat danışdı. 2012-ci ildə 15 noybr saat 17:56 radələrində sinif yoldaşı Beyrəyə bir şəkil göndərir. Şəkildəki təsvir belə olur: “...xain ermənilərlə döyüş başlanıb. Əsgər də də silaha sarılaraq döyüşür.  Sinəsindən və kürəyindən yaralıdır. Sinəsindən qan tökülür...”. Şəklin altından isə yazır: "Bu mənim gələcək taleyimdi və öz əl işimdir" yazır Məcid dostuna. . Necə olubsa, Beyrək o şəkli saxlayır.  Məcidin şəkdiyi şəkil  dörd il sonra reallaşdı...


Məcid bir başqa gənc idi. Onun sözü-söhbəti Vətən, Torpaq müharibə idi... Özüm öyrətdim onları belə. Hər ayda neçə dəfə əllərindən tutub Şəhidlər Xiyabanına aparardım... Bu da vətənpərvərliyimin  dəyəri.


Sonuncu dəfə  yanvar ayının 23-ü gəlmişdi məzuniyyətə. 10 gün qaldı. O 10 günü özümlə yatdı. Öpüb-qoxladım balamı, ancaq doymadım ki... Sonra martın 13-ü  bayram boxçasını tutub getdim əsgər oğlumun yanına. Fəxr edirdim ki, oğlum əsgərdir. Vətənə xidmət edir. Söhbətlərində əvvəllər də bir neçə dəfə demişdi ki, bir də görəcəksən ki... oğlunu bayrağa büküb gətiriblər. Axırda ağladım, ağzıının üstündən vurdum ki, bir də belə demə... Nə bilim vallah, Tanrı bunun  belə ayrılıq arzularını niyə belə tez eşitdi. Məəttələm. Mart ayının 20-dən sonra mənə  özünün bayrağa bükülmüş şəklini göndərdi. Dostlarına da belə bir mesaj yazıbmış: "Mənim əzizlərim, bəribaşdan sizdən üzr istəyirəm, ola bilsin xidmətim bitəndə sizi mən ayaq üstə yox, arxası üstdə qarşıladınız" .


Ay məktəb yolları...


- Məcid də, Elçin də 16 saylı Sumqayıt şəhər orta məktəbində oxuyublar. Elə oldu ki, onun tabutunu aparanda da məktəbin qarşısından keçəsi olduq. Evimizin yanından yol məktəbə, ordan da Şəhidlər Xiyabanına gedir. 16 saylı məktəbin direktoru Niyazi müəllim bütün protokol qaydalarını pozaraq, 16 saylı məktəbin qarşısında insan axınını və tabutu çiyinlərində aparanları dayandırdı. Direktor uşaq kimi ağlayırdı. Dedi ki, biz Məcid üçün bu məktəbdə ilk zəng çalmışdıq. Məktəbi 2011-ci ildə qurtaranda bu məktəbdəki məzunlar kimi onun da son zəngi çalınmışdı. O zəngin Əbdülməcidin gənc həyatının son zəngi olacağını heç ağlımıza belə, gətirməzdik. Ancaq, indi, icazə verin, məktəbimizə, şəhərimizə şərəf-şan gətirən Məcid doğma məktəbi ilə vidalaşsın...

Oğlum məktəbi ilə, vətəni ilə insanlarla vidalaşdı o gün. Oğlum  məktəbinə baxıb  getdi... Onun haqqında məktəb müəllimləri elə gözəl xatirələr danışırlar ki... Uşaq var ki, görməz-bilinməz olur, heç müəlliminin də yadında qalmır. Amma çox qəribədir ki, Məcid bütün məktəb kollektivinin sevimlisi idi. Hətta institutda oxumuşdu, 2015-ci ildə bitirmişdi. Ancaq 2011-ci ildən sonra da məktəbdə unudulmamışdı. Onun dəfnindən sonra müəllimləri haqqında maraqlı xatirələr yazdılar: 



Məcidin ibtidai sinif müəlliməsi Nuricət Zülfüqrova:

"O körpəlikdən qeyri-adi xarakterə, zəngin təfəkkürə malik uşaq idi. Bayrağımızı çox sevirdi. Həmişə partasının üstündə kiçik bayraq olardı Əbdülməcidin. İmkan verməzdi kimsə ona toxunsun. Vətən, doğma yurdumuz haqqında çoxlu şeirlər bilirdi. Hətta IV sinifdə hazırladığımız tədbirdə xalq şairi Səməd Vurğunun "Vaqif” dramındakı Vaqif rolunu milli geyimdə çox gözəl oynamışdı" .

Ruxsarə Süleymanova, Sumqayıtdakı 16 nömrəli tam orta məktəbin müəllimi:

“Doğrudan da, yuxarı siniflərdə oxuyanda Məcid digər sinif yoldaşlarından fərqli xarakterə malik idi. Hiperaktiv uşaq və sinifdə həmişə lider olub.Yaxşı mənada demək olar heç kəsin xətrinə dəyməzdi. İstəyirdi ətrafındakı adamlar həmişə mehriban olsunlar. Sinifdə, məktəbdə olan cuzi bir problemi tez bir zamanda həll etməyə çalışardı. Çox zəngin bir dünya görüşünə malik uşaq olmaqla, hamımızın sevimlisi idi.Valideynləri çox məsuliyyətli idilər. Anası demək olar ki, bizimlə bərabər işləyirdi. Məcid dərslərinə həmişə hazır gələrdi. Tarix fənnini çox sevərdi. Hələ orta məktəbdə oxuyanda onun tarix müəllimi Babalı müəllim həmişə fəxrlə danışardı ki, Məcid çox vətənpərvər uşaqdı.Vətən məhəbbəti,vətənpərvərlik mövzusunda söhbət düşəndə Məcid həmişə köksünü ötürərdi və uca səslə deyərdi: "Müəllim, mən də Vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan, qanımdan da keçməyə hazıram! Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Baxarsınız, mən də şəhid olacam.Vətən müqəddəsdir, Vətən əzizdir. Bir də ki, Şəhidlər ölmürlər, onlar xalqımızın vüqarıdır, qürurudur!"”


Ruhu anasına xəbərlər göndərir

     
“Təxminən bir-iki ay olar ki, həyatımda qəribə hadisələr baş verir” – deyir Ceyran xanım.  
“Bir gün işdə oturmuşdum. Tanımadığım bir qadın yanında da 3 cavan övladı  ilə gəldilər ki, biz Məciddən sənə söz gətirmişik. Az qaldım dəli olam. Sonra qız başladı danışmağa. Dedir ki, “xala, əvəlcə yuxumda iki nəfər gördüm. Yuxuda oğlanların biri dedi ki, “mən Əbdülməcidəm”. Yanında bir oğlan da var idi. Mənə dedi ki, “anamı sənə tapşırıram”. Və beləcə bir neçə gün bu yuxularım davam etdi.Elə hey deyirdi ki, “get bizə”. Bir neçə gün sonra evimizin yanındakı dükanda, yuxumda gördüyüm oğlanlardan birinə oxşayan bir gənc  gördüm. Yaxınlaşdım, soruşdum ki, sən Əbdülməcidi tanıyırsan? Dedi “şəhid Məcidi deyirsənsə, onunla birlikdə oxumuşam”. Özüm də qorxdum. Yuxumda gördüyüm adam qarşımda idi. Ona yuxumu danışdım. Sizin ünvanınızı verdi...”.

Bu minvalla həmin  ailə ilə tanış oldum. İndi  bu qız tez-tez mənə zəng edib, Məcidin  yuxuda ona dediklərini  danışır. Hər zaman da Məcid ona tapşırıqlar verir. Deyir ki, “get anama dəy, anamı sənə tapşırıram”.  Keçən dəfə də deyib ki, “anama deyin ki, plov bişirsin”. Qız deyir ki, bir- iki dəfə səsini eşidib. Əksər vaxtlarda isə işarələrlə danışır. Qız yuxusunda anlayır ki, Məcid çox yuxarıdadır. Arada bir dərə və ya sədd var, qız neyləyirsə o səddi keçə bilmir. Bir dəfə də Məcid yuxusunda qıza deyib ki, “anama denən, dostlarımla burda yerim çox yaxşıdır, narahat olmasın”. Mənə xəbərlər göndərir.  Bax belə möcüzələr edir, oğlumun ruhu bizimlə. Bəzən hiss edirəm. Hiss edirəm nəfəsini, elə bilirəm ki, gəzir yanımda.

Şəhid anası Ceyran xanımı heç nə ilə ovundurmaq olmur. Sonuncu dəfə onu Şəhidlər Xiyabanında görəndə də daş heykələ bənzətmişdim. Özünə sığınıb yazıq-yazıq dayanmışdı. Dünyanın  müharibələri, siyasi oyunları, anaları, övladları yazıq edir. Elə gücsüz, elə əlacsız görsənirdi ki, o zaman yaxınlaşıb, qucaqladım, könlünü aldım. Ancaq, başqa nə edə bilərdim ki...  Yəqin ki, Məcid məni eşitsəydi, mən də ona deyəcəkdim ki,

Sənə nolubdu bala,
Rəngin solubdu bala.
Oyan bir gül yuxudan,
Anan dolubdu bala.
Laylay balam, a laylay...
Oyan balam , a laylay.

 

 Şəhidlərimiz dəfn olunandan sonra bir qrup azərbaycanlı gənc fəal, Şahdağın ən uca zirvəsinə yürüş etdilər. Oraya  2-5 aprel şəhidlərinin adları yazılmış lövhələr yerləşdirdilər. Dostları da Məcidi unutmur. Türkiyədə əllərində Əbdülməcid Axundovun şəkilləri, çiyinlərində Azərbaycan bayraqları ilə  “Vətən uğrunda şəhid oldu!” adlı yürüş ediblər. Oktyabrın 5-də isə  Əbdülməcidə layiq olduğu adın verilməsi üçün Stavrapol azərbaycanalı gəncləri yürüş edəcək  və imzatoplama  kampaniyası keçirəcəklər.

 

Aida Eyvazlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi