Modern.az

Məleykə Abbaszadə: "Bilik olimpiadalarının qalibləri bizim ali məktəbləri seçmirlər"

Məleykə Abbaszadə: "Bilik olimpiadalarının qalibləri bizim ali məktəbləri seçmirlər"

Reportaj

10 Fevral 2011, 20:33


Parlament Jurnalistləri Birliyinin (PJB) bir müddət öncə başladığı yeni layihə çərçivəsində parlament jurnalistlərinin Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü keçirilir.
Modern.az-ın məlumatına görə, bu sıradan olan növbəti görüş fevralın 10-da Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə keçirilib. Görüşdə Parlament Jurnalistləri Birliyinin 12-dək üzvü iştirak edib.
Media nümayəndələri əsasən tələbə qəbulu ilə bağlı onları maraqlandıran müxtəlif sualları komitə sədrinə ünvanlayıblar.
TQDK sədri də bütün sualları cavablandırıb.
M.Abbaszadə bildirib ki, 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olunandan sonra onun tələbə qəbuluna müəyyən təsirləri olub. Sədrin sözlərinə görə, qanuna müvafiq olaraq ötən il ali təhsil müəssisələrinə qəbul zamanı  300-ə qədər məzunun attestat balı nəzərə alınıb və bu, onların ali təhsil ocaqlarına daxil olmalarına kömək edib.
M.Abbaszadə həmçinin bilik olimpiadalarının qalibləri barədə də danışıb. Deyib ki, olimpiada birinciləri də istədikləri ali məktəbi seçə və imtahansız ora daxil ola bilərlər.
“Amma indiyə qədər olimpiada qaliblərindən bizə müraciət edən olmayıb” deyə M.Abbaszadə söyləyib. TQDK sədrinin fikrincə, bu onunla əlaqədardı ki, bilik yarışlarının qalibləri Azərbaycandakı ali təhsil ocaqlarına deyil, dünyanın daha qabaqcıl universitetlərinə üstünlük verirlər.
Komitə sədri deyib ki, ötən il idman sahəsində beynəlxalq yarışlarda  birincilik qazanan 50-yə yaxın idmançı TQDK-ya müraciət edib və onlar ali təhsil müəssisələrinə yerləşdiriliblər. Bu qaliblər təkcə 2009-2010-cu ilin qalibləri deyil, son 4-5 ildə uğur qazanan idmançılardı.
TQDK sədri tələbə qəbulunda ediləcək dəyikliklərin yaxın həftələrdə açıqlanacağını söyləyib. M.Abbaszadə onu da vurğulayıb ki, ötən il tələbə qəbulu prosesi Naxçıvanda, Gəncədə, Sumqayıtda, Bakıda keçirilibsə, artıq magistraturaya qəbulla bağlı Lənkəranda ilkin təcrübə tətbiq olunacaq. Əgər bu təcrübə özünü doğrultsa, bu il Lənkəranda bakalavr pilləsinin imtahanı keçirilə bilər.

Qeyd edək ki, bu görüşün stenoqramı və fotoşəkilləri bütünlüklə Modern.az saytında yerləşdiriləcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?