Modern.az

Bakının azad edilməsinin tarixi əhəmiyyəti

Bakının azad edilməsinin tarixi əhəmiyyəti

15 Sentyabr 2016, 11:49

(Türkiyənin Azərbaycana qardaşlıq yardımı)

 


Nəsiman Yaqublu

Tarix elmləri doktoru

 

 

1917-ci ci ilin sonlarına doğru  Azərbaycanın si­yasi hə­yatında böyük yüksəliş dövrü idi. Artıq mil­li hərəkatda üç cərəyan seçilirdi: milli de­mok­­rat­­lar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli de­mok­­rat­lar Azərbaycanın inkişafını milli dövlətçilikdə gö­rür­dü­lər.

Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliy­yəti güc­lən­­dirdilər. 1917-ci ilin noyabr ayında Tiflisdə Za­qafqaziyadakı siyasi təş­­kilatların yığıncağı keçirildi və Za­qa­f­qaziya komissarlığı yaradılması qə­­ra­­ra alındı. Həmin ilin no­yabr ayının 14-də yaradılmış yeni hökumətin tər­­k­i­bi elan edil­di.

1918-ci ilin fevralından Zaqafqaziya Seyminin ilk icla­sın­­dan isə Azər­baycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğ­­rundakı mübari­zə­si­nin yeni mərhələsi başlandı. Həmin ilin fev­­ralın 23-də Tiflisdə Za­qaf­qa­zi­ya­nın qanunverici orqanı – Za­qafqaziya Seyminin açılışı oldu. Sey­m­də­ki Azərbaycan frak­siyası 44 millət vəkilindən ibarət olub. “Mü­savat”, “İt­ti­­hat”, “Hümmət” və “Müsəlman Sosialist bloku”nu təm­sil edir­di­lər. 1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh Konfran­­sında da Tür­ki­yə nümayəndələri artıq Zaqafqaziya nü­ma­yən­də­lərindən res­pub­li­ka­la­rın siyasi quruluşları haqqında qət­namə tələb edirdilər.

Bundan əlavə 1918-ci ilin mart hadisələri də Za­qaf­qa­zi­ya Sey­min­dəki mü­na­sibətləri gərginləşdirdi və Azərbaycanın mil­li müs­təqilliyi uğ­run­da­kı mübarizədə həlledici mərhələ sa­yıl­dı. Qeyd edək ki, on mi­nə yaxın gü­nah­sız adamın ölümünə sə­bəb olmuş 1918-ci ilin mart ha­di­sələri Azər­bay­can tarixinin ən faciəli səhnələrindən idi.

Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azər­bay­can­lılar, gürcülər və ermənilərin Seymdə birgə fəaliyyəti get­dikcə mümkün olmur, mü­nasibətlərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və ermənilər Tür­kiyə ilə münasibətdə cid­di siyasi ziddiyyətdə idilər. Gürcülər Batum və Acarıstanın sax­la­nılması cəhdində olsalar da, buna nail olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin isə Seym da­xi­lindəki ziddiyyətlərdən məlumatları var idi. Odur ki, Za­qaf­qaziya hö­ku­mətinin Türkiyə ilə apardığı müharibə 8 gün­dən artıq çəkmədi. Türklər apre­lin 15-də Batumu tutdular, eyni za­man­da Qarsı mühasirəyə aldılar.

Belə vəziyyətdə aprelin 19-da Seymə daxil olan Azər­bay­can nü­ma­­yən­­dələrinin birgə yığıncağında onlar Za­qaf­qa­zi­ya­nın müstəqil­li­yi­ni tələb et­dilər. Azərbaycanlı nümayəndələr bil­dir­dilər ki, əks halda, on­lar Azər­bay­canın müstəqilliyi is­ti­qa­mə­tində hərəkət edəcəklər.

Tezliklə gürcülər və ermənilər türklərin əsas tələbinin ye­ri­nə ye­tiril­­mə­sinin – yəni Brest-Litovsk Müqaviləsi şərt­lə­ri­nin və Zaqaf­qazi­yanın müs­təqilliyinin elanının vacibliyini dərk edib, müharibənin da­yan­­dırıl­ma­sı zərurəti qarşısında qaldılar. 1918-ci ilin aprelin 22-də Zaq­af­qa­zi­yanın müs­təqilliyi elan edil­di.

Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azal­mır, get­dik­cə gər­­ginləşirdi. Xüsusən, Almaniyanın da Za­qaf­qa­zi­ya­da təsirinin art­ma­­sı, gür­cülərin onlara meylini artırırdı.

Bakı məsələsi ilə bağlı Almaniyanın da mövqeyi m­a­raq­lı idi. Al­ma­­ni­ya Bakı məsələsinə görə “Rusiyanın yenidən it­ti­faq dövlətlərinə qar­­şı mü­haribəyə girməsinin öz mənafeyi ba­xı­mından təhlükəli ola­ca­ğını dü­şü­nür­dü. Çünki Rusiya Bak­ı­nın Osmanlı ordusu tərəfindən alın­masını mü­ha­ribə səbəbi sa­yır­dı”. Anlaşılacağı kimi, Ba­kı Qafqaz prob­le­minin zir­və nöqtəsi halına gəlmişdi. Bir tərəfdən, cə­nub­dan Bakıya tə­rəf irəliləyən ingilis əsgərləri qarşısında Bakının bir an əvvəl İt­ti­faq döv­lət­ləri tərəfindən işğalı məcburiyyəti, digər tərəf­dən, Ba­kı­nın Osmanlı döv­ləti tərəfindən alınmasını müharibə sə­bə­­bi sayan Rusiya və Qafqazda Ba­kını almaq üçün kifayət qədər əs­gə­ri olmayan Almaniya.

Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gür­cüs­ta­nın Qafqaz bir­­li­yindən çıxıb Almaniya himayəsinə keçmək is­tə­yi artıq bu mil­lət­lə­rin birlə­şib bir orqanda fəaliyyət gös­tər­mə­yi­ni sual altına qoymuşdu.

Qeyd edək ki, ermənilərin “Daşnaksütyun” partiyasının Seym­dəki de­pu­tatları müsəlman burjuaziyasına belə bir siyasi tək­lif də etmiş­di­lər: “Bakıda gələcək hökumətin sırf müsəlman de­yil, beynəlmiləl xa­rak­terdə ol­ması və erməni hissələrinin Ba­kıda qalması”. Bunun mü­qa­bi­lində onlar tək­lif edirdilər ki, Ba­kı Sovetini buraxmağı öz öhdələrinə gö­türürlər. La­kin Sey­min müsəlman nümayəndələri bu həyasız şərtləri qə­tiy­yətlə rədd edib, Bakı şəhərində hakimiyyətin bölünməzliyini bil­dir­­miş­dilər.

Mayın 25-də gürcülər Seymin buraxılması və Gür­cüs­ta­nın Müs­tə­qilli­yini elan etməsi qərarına gəldilər.

1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası ke­çi­ril­di və onun fəaliy­yəti dayandırıldı. Seymin fəaliyyəti da­yan­dı­rıl­dıqdan sonra 1918-ci ilin mayın  27-də Zaqafqaziya Sey­mi­nin buraxılması ilə bağlı buraya da­xil olan Azərbaycan nü­ma­yən­dələrinin fövqəladə iclası keçirildi və iclas Azər­baycanın ida­rə olunması vəzifəsini öz üzərinə götürərək, Azər­bay­can Mü­vəqqəti Milli Şurasını elan etdi. Sonra Milli Şuranın sədri seç­ki­si­nə başlanıldı. Müsavat Partiyası M. Ə. Rəsul­za­də­nin sədr­liyini irəli sürdü. “İt­tihad” partiyası istisna olmaq­la, qa­lan təşkilatların səsverməsi nə­ti­cəsində M. Ə. Rəsulzadə Mil­li Şu­ra­nın sədri seçildi. H. Ağayev və M.Se­yidov Milli Şu­ra sədrinin müa­vinləri seçildilər. Elə həmin iclas­da Milli Şu­ranın doqquz nə­fər­dən ibarət icraiyyə orqanı yaradıldı.  F.Xoys­ki icraiyyə or­qa­nın­ın sədri seçildi.

Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iş­ti­­rakı ilə) aşa­­ğı­da­kı məsələlər müzakirə edildi: 1. H. Ağayevin Yeli­zavetpoldakı (Gən­­cədəki) son hadisələr barədə məlumatı; 2. M. Ə. Rəsulzadənin Ba­tum­­dan teleq­ramının və məktubunun oxun­ması; 3. Seymin bura­xıl­ması və Gür­cüs­tanın müstəqil­li­yi­ni elan etməsi ilə əlaqədar Azər­bay­can­ın vəziy­yəti.

Qeyd edək ki, Azərbaycan İstiqlalının elan olunması gü­nündə M. Ə. Rə­sul­zadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərə­fəsində onun Ba­tu­­ma gön­dərilərək, orada türklərlə da­nı­şıq­lar aparması idi. Çünki Müstəqil Qaf­­qazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə.Rə­sulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin bir­ləş­miş iclasında” Nə­­sib bəy Yusifbəyli “Osmanlı dövlətindən yardım istə­mək zəru­rə­ti­ni” bil­­dir­mişdi.

Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hö­ku­mə­tinin Ba­tumdakı sülh danışıqları aparan heyəti par­ça­lan­dı. Azər­baycan Milli Şura­sının sədri M. Ə. Rəsulzadə müs­tə­qil Azərbaycan Cüm­hu­riy­yəti adın­dan M. H. Hacınski (o, Xa­rici İşlər naziri idi) ilə birlikdə Tür­ki­yə nü­ma­yəndəliyi ilə iyu­nun 4-də dostluq haqqında müqavilə imzaladı.



1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hö­kuməti ilə Azər­­baycan Respublikası arasındakı dostluq mü­qaviləsi”ni  Tür­ki­yə döv­ləti adından Ədliyyə naziri Xə­lil Menteşə, Qafqaz cəb­hə­si­nin Baş ko­mandanı Vəhib Paşa, Azər­baycan hökuməti adından isə Xa­ri­ci İş­lər naziri M. H. Ha­cınski və Milli Şuranın sədri M. Ə. Rə­sul­zadə im­­za­la­­dı­lar. Azərbaycan Respublikası nüma­yən­də­lə­ri­nin xarici öl­kə­lər­lə imza atdığı ilk sənəddə hər iki dövlətin – Os­man­lı im­periyası və Azər­­baycan hökuməti arasında “Siyasi, hü­qu­qi, iqtisadi və intel­lek­tual zəmində mehriban dostluq mü­nasi­bət­ləri bərqərar etməkdə qar­şı­lıq­lı surətdə razılığa gə­lin­diyi” bil­diril­di.

İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı im­­pera­tor­lu­ğu hö­ku­məti ilə, Azərbaycan Respublikası höku­mə­ti  arasında daima sülh və möh­kəm dostluq olacaqdır”.

Sənədin 4-cü maddəsində isə yazılmışdı: “Dinclik və asa­yişi möh­­kəm­ləndirmək, ölkənin təhlükəsizliyini təmin et­mək üçün, əgər eh­ti­yac olarsa, Osmanlı hökuməti Azər­bay­can Respubli­ka­sı­na hərbi yar­dım göstərməyi öz üzərinə gö­türür”.

Azərbaycan hökuməti ən ağır və çətin şəraitdə məhz hə­min mü­qa­vilə əsa­sında türk qoşunlarını Azərbaycana dəvət et­miş­di. M. Ə. Rə­su­l­za­də ya­zırdı: “Bütün Azərbaycan xalqının çar-çeşmlə bəklədiyi ümidə tər­cü­man olan bu müraciətimizdə Tür­kiyə heyəti-mütəxəssisi həmən mü­va­fi­qət cavabını verdi”.

Qeyd edək ki, Bakıdakı xəyanətkar qüvvələr bu mü­hüm şə­hə­ri əl­­dən verməmək üçün ciddi müqavimət gös­tə­rirdilər. S. Şaum­ya­nın Le­ninə göndərdiyi teleqramların məz­munundan aydın olurdu ki, Ba­kı­nı əldən verməmək üçün hər xəyanətə əl atılırdı. Azər­bay­ca­­nın müs­tə­qilliyi elan olun­duqdan sonra da Bakı Soveti və onun İcraiyyə orqa­nı olan Ba­kı Xalq Komissarları Soveti bütün vasitələrlə milli hö­ku­mə­­tə qar­şı mübarizə aparırdı. Bakı Xalq Komissarları So­veti ta­be­li­yin­də­ki or­du­nun köməyi ilə Azərbaycan hökumətinin yer­ləş­­di­yi Gəncəyə hü­cum et­miş, lakin Göyçay vuruşmasında kom­mu­na qo­ş­unlarının hücumu dəf edil­mişdi. Sovet Rusiyasının kö­məyindən məh­rum olan, Türkiyə qo­şun­la­rının Bakıya ya­xın­laş­dığını görən Bakı Xalq Komissarları Soveti vəziy­yə­tin gər­gin­liyini başa düşürdü. Nə­ti­cə­də ingilislərin Bakıya dəvət olun­ması haqqında qətnamə qəbul edil­di və iyul-avqust ay­la­rın­da eser-daş­nak-menşevik ittifaqı əsasında “Sentro­kaspi və So­vetin Müvəqqəti İc­raiy­yə Komitəsinin Rəyasət He­yə­ti dik­taturası” adlı mürtəce hökumət təş­kil olundu. Bakının taleyi ol­duq­ca təhlükəli xarakter aldı.

Bununla əlaqədar olaraq M. Ə. Rəsulzadə Şaumyanın mövqeyini kəs­­kin tənqid edirdi. 1918-ci ilin mart hadisələri za­manı “Bakının və ətraf ra­yonların İnqilabi Müdafiə Ko­mi­tə­si­nə başçılıq edən Şaumyan qırğında bila­vasitə məsuliyyət da­şı­yır­dı.

S. Şaumyan “Bakinski Raboçi” qəzetinin 1918-ci ilin 17 fev­ra­lın­­dakı “Vətəndaş Rəsulzadəyə cavab” yazısında öz xəyanətkar möv­­qe­yini açıqlayırdı. Hələ o zaman irəli sü­rü­lən Azərbaycan Mux­tariy­yəti ide­yasına  qarşı barışmazlıq gös­tərən Şaumyan 1917-ci ilin de­kab­­rında Le­ninin imzaladığı Tür­kiyə ərazisində Ermənistana mux­ta­riy­yət veril­məsi dek­re­ti­nə nail olmuşdu. M. Ə. Rəsulzadənin təbirincə be­lə bir sənə­di ci­bində gəzdirirdi.

M. Ə. Rəsulzadəyə hücumunu davam etdirən Şaumyan bil­dirir­di: “Tu­taq ki, Rəsulzadənin özü inqilabi qayda-qanunun bər­pası naminə milli polkların təşkilində şəxsən iştirak etsin, tu­taq ki, onun obyektiv niy­yətləri büllur kimi safdır, lakin ob­yek­tiv surətdə onun fəaliyyəti əks nəti­cə verəcəkdir, ona görə ki, sinfin siyasəti bu və ya digər şəxsiyyətin yaxşı niy­­yət­lə­rin­dən deyil, sinfi niyyətlərindən irəli gəlir.

Şaumyanın davam etdirdiyi qorxulu siyasəti V. İ. Lenin 1918-ci il­də ona göndərdiyi teleqramda belə ifadə edirdi: “Si­zin möhkəm və qə­ti siya­sətiniz bizi sevindirir” .

Qeyd edək ki, Sovet Rusiyası hökuməti və onun rəh­bəri V. İ. Le­nin 1918-ci ilin martında Kremldə Qırmızı Xaçın Ru­siyadakı Amerika mis­­siya­sının rəisi polkovnik R. Ro­bin­sonla keçirdiyi söhbətində qeyd edir­di: “Ba­kının Rusiya Sovet Res­publikası üçün iqtisadi əhəmiyyəti nə­dən iba­rət­dir? Bu – neft, işıq, enerjidir”. Həmin dövrdə isə Bakı Xalq Ko­missarları Soveti Bakı quberniyasını RSFSR-in tər­kib his­sə­si elan etmişdi. Bolşevik hökuməti bununla yanaşı regiona xü­­su­si önəm ve­rir, strateji cəhətdən mühüm Həştərxanın mü­da­fiə qa­biliy­yətinin möh­kəm­ləndirilməsi və eləcə də Xə­zər­də­ki hərbi donan­ma­sı­nın döyüş qa­bi­liy­­yətinin gücləndirilməsi yo­lunda bir sıra ciddi addımlar atıl­mışdı .

Əlavə edək ki, Türklərin Bakıya hücumunun qar­şı­sı­nı almaq üçün bolşeviklər hətta düşmən münasibətdə ol­duq­ları ingilislərlə də əla­­qə qurmağa çalışırdılar. Bununla əla­qədar bolşeviklərin Ən­zə­li­də­ki komitələrinin sədri Çel­ya­bin Bakıdakı sovet hökumətinə in­gilis­lə­rin silah və av­to­mo­billə kömək göstərməsini xahiş etmişdi.

Bu ərəfədə iyulun 17-də Azərbaycan Respublikası nü­ma­yən­də­lə­ri­nin İstan­bul Beynəlxalq Konfransına (orada Mər­kəz – Almaniya, Avstri­­ya, Maca­rıstan, Türkiyə, Bolqarıstan və Qaf­qaz – Gürcüstan, Azər­­bay­can, Er­mə­nistan və Dağlılar İtti­fa­qı) göndərilməsi müəy­yən­ləş­di. Konfransda işti­rak etmək üçün M. Ə. Rəsulzadə X. Xas­məm­mə­dov və A. Səfi­kür­­ds­ki­dən ibarət nümayəndə heyəti təsdiq edildi. (Bu­ra­ya əlavə dörd nə­­fər məs­ləhətçi və texniki heyət də daxil idi). Nü­ma­yən­də he­yə­tinə konfrans iştirak­çıları ilə siyasi, iqtisadi, maliyyə və hər­­bi məslələrlə bağlı da­nışıq­lar aparmaq və müqavilələr bağ­la­maq sə­la­hiy­yəti verilmişdi.

M. Ə. Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyu­nun 24-də İstanbula gəldi. İstanbulda nümayəndə heyəti çox gərgin vəziy­yət­də işləməli oldu. Bu vəziyyət M. Ə. Rə­sul­za­dənin göndərdiyi məlu­mat­lar­da daha dəqiq ifadə olun­muşdur. M. Ə. Rəsulzadənin 1918-ci ilin av­qus­tun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici İş­lər naziri cə­nab Məm­məd Həsən Hacınskiyə. Mən bir daha Tələt Pa­şa və Ən­vər Pa­şa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, on­lar mə­nə ümid verdilər. Mən alman səfiri Bernsdor­folm­la görüşdüm. Ba­kı­nın neytral olması xəbərini qə­zetə məlumat ve­rən Tiflis nü­ma­yən­­dəliyindəki bir mə­mur­dan öyrəndim... Hər eh­timala qarşı Bakı mə­­sələsi əhə­miy­yət kəsb edir. Azərbaycanın sə­la­hiyyətli nü­ma­yən­də­li­yi­­­nin sədri – Məhəmməd Əmin Rəsul­za­də.

M. Ə. Rəsulzadə İstanbuldan yazdığı məktublarda na­ra­hatlıqla bil­dirir­di: “Nəyin bahasına olursa-olsun Bakını tut­maq lazımdır”.

Qeyd edək ki,  M. Ə. Rəsulzadə hələ İstanbulda olar­kən Alma­ni­ya ilə sovet Rusiyasının arasında Brest-Litovsk mü­qaviləsinə əlavə sazişə (27 avqust) cavab olaraq (həmin sazi­şə görə Almaniya Bakı neftinin bir his­səsini almaqla, Azər­baycanın bütün zəngin neft yataqlarının Kür sa­hi­li­nə qə­dər Rusiyaya verilməsinə razı olurdu) Azərbaycan hö­ku­məti adın­dan Almaniyanın səlahiyyətli nümayəndəsi qraf Valdbur­qa bəyanat təq­dim etmişdi.

M. Ə. Rəsulzadənin təqdim etdiyi bəyanatda deyilirdi: “Axi­rən Al­ma­­niya ilə Rusiya arasında bağlanmış müqavilənin Ba­kıya aid mad­də­lə­rindən son dərəcə təəccüb və heyrətə düçar olan hökumətindən al­dı­ğım təlimata əsasən aşağıdakı mad­də­ləri ali nəzərinizə çatdırmağa tə­lə­­sirəm: - Azərbaycan əhalisi rus inqilabında elan edilən və Brest-Li­tovskda rus rus höku­mə­ti tərəfindən təkid edilən “hər millətin öz mü­qəd­­dəratını özü­nün təyin etməsi hüququndan” istifadə etməklə Dörd­lər İttifa­qı döv­lətlərinin dostluq duyğularına istinad edərək əsrlərdən bə­ri al­tın­­da əyildiyi rus boyunduruğunu üstündən ataraq istiqlalını elan etsə də, adı çəkilən müqaviləyə əlavə olaraq bağlanmış mü­qa­vilələrlə Bakı şəhə­ri­nin rus hakimiyyəti altında qal­ma­sı­na yardım et­di­yi­ni xəbər verməklə çox mütəəssir və kə­dər­li­dir”.

M. Ə. Rəsulzadə bu problemlə bağlı qəti və kəskin möv­qeyini “İq­dam” qəzetindəki yazılarında da bildirirdi. Bun­dan əlavə, ona mü­ra­ciət edən qəzetlərin müxbirlərinə demişdi: “Ba­kısız Azərbaycan – baş­­sız bədəndir”.

Göstərilən cidd-cəhdlər nəticəsində 1918-ci il sentyab­rın 23-də Tə­lət Paşa ilə Almaniya arasında gizli protokol im­za­lan­dı və həmin pro­to­­kola əsasən Türkiyə qoşunları Azər­bay­can­dan çıxır, Almaniya isə Azər­­baycanın istiqlalının Rusiya tə­rə­findən tanınmasını təmin edirdi.

Lakin sonrakı vəziyyət Almaniyanın bu prosesi təmin et­mə­yinə im­kan yaratmadı. Məlum oldu ki, müharibədə Al­ma­ni­ya, Avstriya-Ma­­ca­rıs­tan və Osmanlı dövləti ilə Bolqarıstan məğ­lub olmuş, hadisə­lə­rin isti­qa­məti dəyişmiş və Azərbaycan üçün yeni bir imtahan dövrü baş­lamışdı. Be­lə ki, Almaniya ar­tıq məğlub dövlətə çevrilmişdi və 1918-ci ilin oktyab­rın 30-da Lemnos adasının Mudros limanında, in­gi­lis­lərin “Aqa­mem­­non” gəmisində imzalanan sülhə əsasən Bakı, Batu­mi və digər yer­lər müttəfiqlərin nəzarəti altına keçirdi.

Türk qoşunlarının Bakıdan çıxarılmasından sonra şə­hə­rə girən in­gi­lis­lər Azərbaycanı müstəqil dövlət olaraq qəbul et­mir­dilər. Lakin ge­ne­­ral Tomsonla aparılan uğurlu danışıqlar get­dikcə real nəticələr ve­rir­di.

Beləliklə, Türk qoşunlarının,başda Nuru Paşa və”Qafqaz İslam Ordusu” olmaqla  1918-ci ilin sentyabrında Bakını azad etməsi ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun əsası qoyuldu.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir