Modern.az

Mübarəkin getmək istəməməsi dünya liderlərini də hiddətləndirib

Mübarəkin getmək istəməməsi dünya liderlərini də hiddətləndirib

Dünya

11 Fevral 2011, 10:46

Misir prezidenti Hüsnü Mübarək gözlənilənlərin əksinə olaraq hakimiyyətdən getməyəcəyini bəyan edib. Televiziya ilə çıxışında prezident israrla deyib ki, sentyabrda keçiriləcək yeni seçkilərə qədər hakimiyyətdə qalacaq.
"Mən Konstitusiyanın və millətin qorunması üzrə məsuliyyətin yükünü hakimiyyət azad və ədalətli seçkilərdə seçicilərin seçdiyi şəxsə ötürülənə qədər çiyinlərimdə daşıyacağam"-deyə o televiziya ilə çıxışında qeyd edib. 

Bununla da Mübarək istefaya gedəcəyi barədə xəbərlərin əksinə çıxıb. Mübarək deyib ki, bəzi səlahiyyətlərini vitse-prezident və kəşfiyyat xidmətinin rəhbəri Ömər Süleymana ötürəcək. Lakin təfərrüatlar aydın deyil. Misirin Vaşinqtondakı səfirliyi deyib ki, dəyişikliklər Süleymanın de-fakto prezident olması deməkdir.

Vitse-prezident Ö.Süleymanın özü bildirib ki, prezident Mübarək ona ölkədə təhlükəsizlik və sabitliyi qorumaq səlahiyyətini həvalə edib. O deyib ki, hakimiyyətin Konstitusiyaya uyğun olaraq dinc yolla ötürülməsini təmin etmək və təbirincə, xalq inqilabını qorumaq üçün əlindən gələni etməyə hazırdır.

BBC-nin məlumatına görə, Ö.Süleyman etiraz edənləri təbliğata qulaq asmamağa və vətənpərvərlik nümayiş etdirməyə səsləyib:

"Misir gəncləri və onun qəhrəmanları. Evinizə qayıdın, işinizə qayıdın. Xalq sizin qollarınızın gücünə və yaradıcılığına arxalanır. Peyk kanallarının tendensiyalı verilişlərinə qulaq asmayın. Onların yeganə məqsədi Misiri zəiflətmək və onun imicini məhv etməkdir. Yalnız öz vicdanınızın səsinə qulaq asın, ətrafdakı təhlükələrdən agah olun".

Mübarəkin çıxışına reaksiya verən prezident Obama deyib ki, elan edilmiş islahatların dərhal baş verəcəyi, mənalı və qənaətbəxş olacağı məlum olmadı. O deyib ki, Misir hökuməti hələ demokratiyaya aparan etibarlı, konkret və birmənalı yolu müəyyən etməyib.

İsrailin müdafiə naziri Ehud Barak deyib ki, Misir xalqı öz taleyini özü həll etməlidir.

Fransa prezidenti Nikola Sarkozi bildirib ki, Misir diktaturanın başqa bir formasından yan keçməlidir. O deyib ki, prezident Mübarəkin hakimiyyətdən getməsi labüddür.

Təhrir meydanının özündə prezident Mübarəkin nitqi böyük qəzəbə səbəb olub. Etiraz edənlər "Rədd olsun Mübarək" şüarı deyərək, ayaqqabılarını nifrətlə yelləyiblər. Bundan əvvəl mitinqdə bayram əhval-ruhiyyəsi var idi. Çoxları prezidentin istefa verəcəyini gözləyirdi. Beləki ordu rəhbərlərindən biri onlara tələblərinin yerinə yetirildiyini xəbər vermişdi. Müxalifət liderlərindən biri Məhəmməd əl Baradey ordunu xalqı xilas etməyə səsləyib. O xəbərdarlıq edib ki, Misir partlamaq üzrədir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!