Modern.az

Şəxsi sənədləri bu il arxivə verilən tanınmışların adları açıqlandı

Şəxsi sənədləri bu il arxivə verilən tanınmışların adları açıqlandı

15 Sentyabr 2016, 15:45

“Bu il ərzində bir sıra tanınmış ictimai-siyasi xadimlər, ədəbiyyatşünas və mədəniyyət-incəsənət adamlarının şəxsi mənşəli sənədləri, fotoları, video materialları və səs yazıları Milli Arxiv İdarəsinə daxil olub”.

Bu barədə Modern.az-a açıqlamasında Milli Arxiv İdarəsinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov bildirib.

Şöbə müdiri bu il ilk dəfə arxivi idarəyə təqdim olunmuş tanınmış, məşhur şəxslərin adlarını da açıqlayıb.

Qurum rəsmisi söyləyib ki, 2016-cı ildə ilk dəfə arxivini idarəyə təqdim edən ictimai xadimlərdən biri deputat Nizami Cəfərovdur:

“Bu il ilk dəfə olaraq Milli Məclisinin deputatı, əməkdar elm xadimi Nizami Cəfərovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub. Qəbul edilən sənədlərin sırasında Nizami Cəfərovun əlyazmaları, məktubları və s. vardır. Arxivə qəbul edilən sənədlərin hazırda Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada kodlaşdırma və rəsmiləşdirmə işləri aparılır”.


Həsən Həsənov bildirib ki, 2016-cı ildə ilk dəfə arxivi idarəyə təqdim olunmuş tanınmışlardan biri də akademik, ədəbiyyatşünas Bəkir Nəbiyevdir:

“Bu il ilk dəfə arxivi bizə təqdim olunmuş məşhurlardan biri də akademik Bəkir Nəbiyevdir. Ədəbiyyatşünas, əməkdar elm xadiminin şəxsi sənədləri də Milli Arxiv İdarəsinin Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsinə təhvil verilib.
Təhvil verilən sənədlər arasında alimin əlyazmaları, müxtəlif illərdə dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri, dövlət və ictimai tədbirlərdəki məruzə və çıxışları yer alıb.
Eyni zamanda müxtəlif müəlliflərin Bəkir Nəbiyevin yaradıcılığı, digər mövzularda yazdıqları məqalələr, həmçinin, akademikin həyat və ictimai fəaliyyətini əhatə edən digər sənədlər toplanıb.

Sənədlərdə görkəmli ədəbiyyatşünasın Nəsimi, Xaqani, Cəlil Məmmədquluzadə, Əhməd Cavad və digər klassiklərin həyat və yaradıcılığını əks etdirən tədqiqat əsərləri, alimin sonuncu fundamental tədqiqat əsəri olan və ölümündən sonra işıq üzü görmüş “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabı üçün topladığı arxiv materialları da var”.


Şöbə müdiri söyləyib ki, şəxsi və yaradıcılıq arxivini bu il ilk dəfə idarəyə təqdim edənlər arasında aktyor Ramiz Əzizbəyli də var:

“Azərbaycanın xalq artisti, kinorejissor və aktyor, professor,  "Hacı Zeynalabdin Tağıyev" və Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəylinin şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub.
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilimiş sənədlər sırasında Ramiz Əzizbəylinin şəxsi sənədləri, əlyazmaları, təsviri sənədlər, yaradıcılığına aid sənədlər, afişalar və s. var.
Hazırda Ramiz Əzizbəylinin də arxivə qəbul edilən sənədlərinin  Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılmaqdadır”.

 Şöbə müdiri ilk dəfə arxivi quruma bu il  təqdim olunan şəxslər sırasında Qara Namazovun da adını çəkib.

“Professor Qara Namazovun şəxsi sənədləri də bu il ilk dəfə olaraq Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub.
Sənədlərin sırasında Qara Namazovun əlyazmaları, təsviri sənədlər, məktublar, onun haqqında yazılmış, özünün topladığı sənədlər və s. var. Hazırda bu sənədlər də kodlaşdırılaraq rəsmiləşdirilir.
İlin sonuna qədər hələ bir neçə tanınmış, məşhurların da arxivlərinin idarəyə təqdim olunacağı istisna edilmir”-deyə Həsən Həsənov bildirib.


Ağa Akifoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir