Modern.az

Bilik günü biliyə həsrət qalan UŞAQLAR

Bilik günü biliyə həsrət qalan UŞAQLAR

15 Sentyabr 2016, 17:26

Bu gün Azərbaycanda bilik günü qeyd olunur. İlk dəfə övladını məktəbə yola salan valideynlərin sevinci yerə-göyə sığmır. Bu sevinc hissi ilə yanaşı, həm də ağır bir məsuliyyət hissi çökür çiyinlərinə... Amma bunu bütün valideynlər üçün demək olmur...

Yeni tədris ilində ölkə üzrə I sinfə gedən 164 033 nəfər şagirddən 43 397 nəfəri Bakı şəhərindəki məktəblərdə təhsil alacaq.

Amma elə Bakının özündə məktəbə uzaqdan baxıb, təhsil almağı yalnız xəyalında canlandıran, bəlkə də ağlının ucundan keçirməyən uşaqlar var... Küçə uşaqları... Dilənçiliklə əldə etdiyi pulu belə, doyunca xərcləyə bilməyən kimsəsiz uşaqlar... Kənardan söz deyən olanda sığınacaq kimsəsi olmayan, soyuqdan donanda sığınacağı olmayan yetimlər...

 
Hər gün metro keçidlərində, yeraltı tunellərin çıxışlarında rastlaşdığımız bu uşaqlar bizim gələcəyimizin parçasıdır. Elə “qaraçı” deyib etinasız yanaşdıqlarımız da. Bəlkə də etinasızlığımız onların valideynləri tərəfindən bu işlərə cəlb olunmalarıdır. Əslində hər gün rastlaşdığımız dilənçi uşaqlar da bu ölkənin vətəndaşlarıdır. Onlar məktəb yaşına çatsa da, əlində dəftər, kitab tutmalı vaxtında avaraçılıq və dilənçiliklə məşğuldurlar. Bəs səbəb nədir?

Modern.az-ın bu qəbildən olan suallarını Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev cavablandırıb. O, saytımızın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda 445 məktəb yaşlı uşaq təhsildən yayınıb.

P.Əliyev deyib ki, həmin uşaqların təhsilə cəlb olunması ilə yerli icra hakimiyyəti orqanlarındakı komissiyalar məşğuldur:

“Məcburi şəkildə təhsilə cəlb olunan 445 nəfər əsasən 13-14 yaşlarında uşaqlardır. Aparılan araşdırmalar zamanı onların avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanıb.

Təəssüf ki, onlar müvafiq qurumlar tərəfindən təhsilə cəlb olunsalar da, bəzən nəticəsi olmur. Çünki, həmin uşaqlar əksər vaxt yenidən küçə həyatına qaçır, təhsildən yayınırlar. Ötən il ərzində aşkar olunan 445 avaraçılıqla məşğul olan uşağın hamısının təhsilə cəlb edildiyini əminliklə söyləmək olmur”.


Komitə rəsmisi deyib ki, uşaqların təhsildən yayınmasında ailələrinin risk qrupunda olması əsas amildir:

“Bunlar əsasən tək valideynli uşaqlardır.  Valideyn işləyir, uşağın tərbiyəsilə məşğul ola bilmir, nəzarətsiz qoyur. Bəzilərinin atası türmədədir, yaxud narkomandır və s. Yəni, risk qrupu deyəndə məhz bu ailələr nəzərdə tutulur.


Tək-tük halda valideyn uşağın tərbiyəsilə məşğul ola bilmədiyi üçün bizə müraciət edib. Biz də aidiyyatı üzrə yönləndiririk.

Təhsildən yayınma sırf valideyn məsuliyyətsizliyinin nəticəsidir. Uşaq avara həyat tərzi keçirirsə, bu valideynin günahıdır. Ata-ananın məsuliyyəti olsa idi, özü bu halları aradan qaldırardı, komitəyə də ehtiyac qalmazdı”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?