Modern.az

Günün FOTOSU: Onlar atalarının məzarını ziyarət edərək məktəbə getdilər

Günün FOTOSU: Onlar atalarının məzarını ziyarət edərək məktəbə getdilər

Qarabağ

15 Sentyabr 2016, 18:55

Bu gün Azərbaycanda Bilik bayramı qeyd olundu.  Övladlarını məktəbə yola salan valideynlərin sevinci yerə-göyə sığmırdı desək, yanılmarıq. Bu gün – yeni dərs ilinin başlandığı tarixdə məktəbə yollanan 1 milyon  415 min  242  nəfər şagird arasında qəm-qüssəni kənara ata bilməyən uşaqlar da var idi. Şəhid Rahim Tağıyevin övladları kimi.

Modern.az saytı günün FOTOSUNU təqdim edir... Onlar bu gün atalarının məzarını ziyarət edərək məktəbə getdilər...  “Aprel döyüşləri”nin şəhidi Rahim Tağıyevin övladları atalarının ruhundan xeyir-dua aldılar.

Qeyd edək ki, Rahim Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. R.Tağıyev bu il aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, Bakıdakı Hərbi Hospitala yerləşdirilib. Həkimlər R.Tağıyevin sağ qalsa belə, baş nahiyəsindən ağır yaralandığı üçün komadan ayılmayacağını bildirmişdilər. Rahim aprel döyüşlərindən 10 iyul tarixinədək 3 dəfə cərrahiyyə əməliyyatına məruz qaldı, 3 ay 7 gün koma vəziyyətində yatdı.

Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən R.Tağıyev komadan ayıla bilməyərək şəhid oldu. Şəhidin nəşi ailəsinin istəyi ilə iyulun 10-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhid Rahim Qara oğlu Tağıyev üç uşaq atasıydı...

Allah rəhmət eləsin...

P.S. Şəkli jurnalist Aqil Aslan təqdim edib.


Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?