Modern.az

"Alim nəzəriyyə ortaya qoyanda deyirlər ki, bu, Allahı təkzib edir" - MÜSAHİBƏ

"Alim nəzəriyyə ortaya qoyanda deyirlər ki, bu, Allahı təkzib edir" - MÜSAHİBƏ

16 Sentyabr 2016, 10:03

İlham Şahmuradov: “Canlıların ümumi mənşəyi birdir”

 

"Genlərin başlanğıcının axtarışı üzrə ən dəqiq komptüter metodlarını həmkarlarımla birgə mən yaratmışam"

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü İlham Şahmuradov Modern.az saytının suallarını cavablandırıb. Onunla elmi mövzuda olan müsahibəni təqdim edirik.

 

-İlham müəllim, təbiət, kainat rəngarəngdir. Bu əsrarəngizlik canlı aləmdə daha çox təzahür edir. Ancaq, bu canlı aləmin kökü ilə bağlı hələ də birmənalı fikir yoxdur. İstərdim ki, sırf bioloji prizmadan həmin sual ilə bağlı fikrinizi bildirəsiniz.

 

-Belə hesab olunur ki, bizim gördüyümüz və görmədiyimiz, hiss etdiyimiz və hiss etmədiyimiz canlı aləmin kökü onların genetik proqramlarına gedib çıxır. Bir az da sadə desək, irsiyyət proqramına. Orada canlının necə olması, necə fəaliyyət göstərməsi ilə bağlı kodlaşdırılmış yazılar var. Ancaq məsələ təkcə bu proqramla həll olunmur. Çünki qəbul olunmuş faktlar var ki, genetik proqramın bu və ya digər formada, məzmunda təzahür etməsinə ətraf mühitin də təsiri böyükdür. Yəni özümüzdə və ətrafımızdakı canlı aləmdə müşahidə etdiklərimiz irsi proqramın və ətraf mühitin birgə nəticəsidir.

 

-Bu, nəyə bənzəyir? Real və biz anladığımız həyatdan hansısa bir nümunə əsasında müqayisə aparın.

 

-Deyək ki, sizin bir planınız var və onu həyata keçirmək istəyirsiniz. Amma plan yerinə yetirilməyəndə o havada qalacaq. Ya da o dəyişikliyə uğrayacaq. Təbiətin rəngarəngliyinin ilkin səbəbi, mənbəyi  irsiyyətdir. Son 20 ildə biologiya elminin sürətli inkişafının nəticəsi olan yeni texnologiyalar viruslar, bakteriyalar, bitkilər, heyvanlar və ən ali hesab etdiyimiz insanın genetik proqramlarını oxumağa imkan verib. Bəzi viruslar istisna olmaqla, həmin proqramların ən ümumi cəhəti odur ki, 4 nukleotiddən (hərfdən; A, T, G və C) ibarət DNT (dezoksiribonuklein turşusu – A.K) dilində yazılıb. Yəni genetik material DNT, genetik dil isə 4 hərfli DNT dilidir. var. İrsi proqram uzunluğu bir neçə min nukleotiddən -hərfdən yüzlərlə milyon hərfə qədər dəyişən DNT polimerində yazılıb.

 

-“Hərf” məfhumunu bioloji mənada işlətdiniz. Yəqin ki, bu hərflərin olması biz başa düşdüyümüz mənada deyil. Bioloji mənada onun dilinin olması deməkdir.

 

-Təbii dildən fərqli olaraq, bu dilin qrammatikasını biz bilmirik. Burada böyük yaxud kiçik hərf, durğu işarələri yoxdur. Ancaq təsəvvür edin ki, bütün proqram bu 4 hərflə yazılır. Bu, çox uzun və oxunub başa düşülməsi çox mürəkkəb olan bir genetik mətndir.

 

-Genetik kodun məişət, xalq leksikonunda ekvivalenti alın yazısı ifadəsidir. Tibb və elmin digər sahələri sürətlə inkişaf edir. Bu genetik kodu nə zamansa tam oxumaq mümkün olacaqmı?

 

-Əksər hallarda “genetik kod”məfhumu düzgün anlaşılmır və bioloji baxımdan yanlış olan mənada işlədilir. Məsələn, çox insan genetik kodun açıldığını söyləyir. Halbuki bioloji mənada genetik kod fərqlidir. Hamımız zülallar, proteinlər haqqında bilirik. Proteinlərin ilkin quruluşu 20 hərfdən, bir az da dəqiq desək amin turşusundan ibarət başqa bir əlifba ilə yazılır. Lakin həmin hərflərin ardıcıllığı və zülalın ümumi uzunluğu 4 hərfli DNT dilində, DNT zəncirində yazılıb. Ötən əsrin 40-cı illərinə qədər belə düşünulürdü ki, genetik material məhz proteinlər olmalıdır. Çünki o 20 hərfdən ibarətdir, yəni onların vasitəsi ilə daha rəngarəng, mürəkkəb genetik mətnlər yazmaq olar.  Ancaq sonra sübut olundu ki, məhz daha sadə quruluşlu DNT polimeri irsi material rolunu oynayır.

 

Bəzi viruslar istisna olmaqla, canlı aləmdəki bütün zülalların quruluşu DNT-də yazılır. Necə? Müqayisə üçün öz dilimiz götürək – 32 hərflə minlərlə sözü, saysız-hesabsız cümlələri necə ifadə edirik? – Həmin hərflərin müxtəlif uzunluqlu, tərkibli kombinasiyası ilə! Əgər bir hərf yalnız bir sözə uyğun olsaydı, dilimizdə cəmi 32 söz olardı... Hüceyrələrimiz de analoji prinsiplə işləyir. Məsələn ,  DNT əlifbasının 4 hərfinin 2 hərfli kombinasiyalarının sayı 16-ya (20 amin turşusunu yazmaq üçün bəs etmir...), 3 hərfli kombinasiyalarının sayı isə 64-ə bərabərdir. Kodon adlanan üçlük kombinasiyaları 20 amin turşuları arasında bərabər “bölsək”, hər amin turşusuna orta hesabla təxminən 3 kombinasiya düşərdi. Lakin gerçəkdə belə bərabərlik yoxdur – yalnız bir kodonla yazılan amin turşusu da var, 6 kodonla da... “Terminator-kodon” adlanan 3 kodon isə heç bir amin turşusunu kodlaşdırmır – onlar genin kodlaşdıran hissəsinin sonunu göstərir. Həmin kodonlar ilə amin turşuları arasındakı əlaqə genetik kod adlanır. Müəllifləri 1968-ci ildə Nobel mükafatına layiq görülmüş bu kodda əsl “möcüzə’’ odur ki, bir neçə kiçik istisna olmaqla, bütün canlılar eyni genetik koddan istifadə edirlər. Bu fakt bütün canlıların eyni mənşəyinə dəlalət etmirmi?!

 

-Bu kombinasiya, balans nə zaman pozulur? Pozulanda hansı problemlər yaranır?

 

-Burada balans söhbəti yoxdur. Mexanizm elə qurulub ki, orada yanlışlıqlar ola bilər. Bu, çox mürəkkəb prosesdir. Bunlara genetik məlumatların özünü ifadə etməsi deyirlər. Biz fikrimizi ifadə etdiyimiz kimi, genetik material da hansısa molekulu (məsələn, zülal) yaxud idarəetmə elementini ifadə edir.

 

- Yer kürəsində canlı aləmin mənşəyinin suyun altında yaranan hansısa bakteriya olduğu elm aləmində az-çox qəbul edilir. Bizim ən qədim mənşəyimiz həqiqətən də o bakteriyadır? Bunu sübut edən elmi faktlar zəngindir?

 

-Belə fikirlər oradan qaynaqlanır ki, insan birdən-birə var olmasını ağlına sığışdıra bilmir. İnsanlar birinci əlifbanı öyrənir, sonra cümlə qurmağı. Ən sonda isə gəlib mütəxəssis olur. Bu, insanın əqli inkişaf mərhələsidir. Bunu görənlər sual edirlər ki,  bəs insan necə yaranıb?

Bunun dəqiq izahı yoxdur deyə, təsadüfən, tədrici yaranma prosesini əsas götürürlər. Yenə əlavə sual yaranır: Bəs bu prosesləri idarə edən, insanı və canlı aləmi yaradan kimdir? Bu ildırımı çaxdıran, temperaturu qaldıran qüvvə nədir, kimdir? Bunun kökünə gedib çıxmaq olmur. Ona görə də deyirlər ki, viruslar, bakteriyalar mənşədir. Bakteriyalardan  sonra göbələklər əmələ gəlir. Ondan sonra, bitki, heyvanlar və insanlar. Əslində  biologiyada insan heyvanlara aid olunur. Mən çox zaman “İnsan və heyvanlar” yazanda mənə irad tuturlar. Mən isə cavabımda bildirirəm ki, insanları heyvanlara aid edə bilmirəm...

 

Canlı aləmin təkamülünü öyrənən alimlər sübut ediblər ki, qeyri-üzvi maddələrdən üzvi maddələr yarana bilər.

 

-Yarana bilər. Ancaq necə? Öz-özünəmi ya hansısa bir proqramçının dizaynı ilə? Mexanizm maraqlıdır.

 

-Qeyri-üzvi maddələrlə üzvi maddələrin tərkibindəkilər eynidir. Onlar müxtəlif elementlərin kombinasiyalarıdır.  Bəzi alimlər deyir ki, təsadüfən bu kombinasiya alınıb. İndi düşünək ki, hər şey təsadüfən alınıb. Amma mürəkkəb genetik kodlar var ki, bu da adamda əlavə suallar yaradır. İndi gələk, siz dediyiniz ümumi mənşə məsələsinə. İndi o mənşə, Allahdır, ya başqa bir qüvvədir – bilinmir. Bir  şey maraqlıdır ki, həmin genetik kod virusda, bakteriyada, bitkidə, göbələkdə, insanda da eynidir. Deməli, canlı aləmin ümumi mənşəyi birdir. Bu mənşəni kimin adına yazsaq da, eynidir. Hamı başa düşməlidir ki, kök eyni yerə gedib çıxır. İndi o kök kimdir, nədir, bu, başqa məsələdir. Kim necə istəyir başa düşsün. Kim istəyir Allaha, kim də istəyir başqa bir qüvvəyə bağlasın.

 

 

-Mənşə məsələsi adamın ağlını qarışdırır, çünki biz lap ilkin vaxtları müzakirə etdik. Buna görə də qəfləti keçid edirəm, daha sonrakı mərhələlərə. İnsanın mənşəyi primatlardır?

 

-Gəlib, meymuna, primata çıxdıq. Onu deyim ki, siz “sonrakı mərhələ” ifadəsini işlədərkən təkamülü qəbul etdiyinizi ifadə edirsiniz. Biz hardan bilirik axı sonrakı mərhələnin olub-olmamasını?! Bütün hər şeyin eyni vaxtda ya da tədricən yaranmasını bilən yoxdur. Sadəcə insan özünə baxır.

 

-Yəni, siz təkamülü qəbul etmirsiniz?

 

-Mən inkişafı, təkamülü qəbul edirəm. Ancaq inkişafın gerçək mənbəyini, dəqiq mexanizmlərini bilmirəm, siz də bilmirsiniz, “bilirəm” deyənlər də bilmir! O qüvvə nədir? İzah edə bilmirik. Alim sadəcə müşahidələri əsasında müəyyən postulatlar ortaya atır. Hər şeydə səbəb axtarır. Təkamüllə bağlı 2 fikir var. Alim var ki, ancaq darvinizmi, təkamülü qəbul edir. Alim də var ki, darvinizmi qəbul etmir. Lakin elə bir nəzəriyyə yoxdur ki, hər şeyi izah etsin. Bu zaman deyirlər ki, dünyanı hansısa bir qüvvə yaradıb.

 

Bu, Quranda da yazılıb. Amma necə yaradıldığı yazılmayıb. Buna görə də biz Quranı oxuyanda ona məna verməyə başlayırıq. Alim nəzəriyyə ortaya qoyanda, fərziyyə səsləndirəndə deyirlər ki, bu, Allahı təkzib edir. Bəs siz niyə demirsiniz ki, din xadimləri Qurani-Kərimi oxuyub hərəsi bir məna verir?! Həmin din xadimlərini də qınayın da! Şəxsən mən din xadimlərini də qınamıram – bu çox dərin və çoxşaxəli kitabı tam anlamaq, məncə, mümkünsüzdür. Kkitabın müəllifindən də soruşmaq imkanımız yoxdur...

 

İnsanın mənşəyi ilə bağlı  məsələyə qayıdaq. Əvvəllər bu tip suallara cavab tapmaq üçün ancaq qazıntılara istinad edirdilər.Sonradan isə molekulyar səviyyədə genetik tədqiqatlar başladı.

 

Mən aspirant olanda Misirdəki mumiyaların birinin DNT-sini götürüb analiz etdilər. Həmin mumiyanın DNT-si ilə bağlı aparılan analizin nəticələrini özüm tədqiq etdim. Müqayisəli analizlər göstərdi ki, həmin mumiyalanmış insanla müasir insan DNT-si arasında fərqlər böyük deyil!

 

İndi insanın da, qoyunun da, itində , bir çox digər heyvanların da genomu oxunub və bu davam etdirilir. Hansısa oranizmin genomunu oxumaq hazırda mürəkkəb olmayan məsələdir. Həmin genom mətnlərinin məzmununu anlamaq müqayisə olunmaz dərəcədə daha mürəkkəb məsələdir. Oxunmuş genlərin və onların kodlaşdırdığı zülalların müqayisəsi göstərir ki, insan,  şimpanze, qorilla, it, inək və digər heyvanların, hətta bitkilərin əksər genləri, zülalları)  bir-birinə çox yaxındır. Bu baxımdam insana ən yaxın olan şimpanze ilə qorilladır . Təxminən 95-98 faiz. Məsələn,  toyuq insandan daha uzaqdır. Təxminən 60% oxşarlıq var. Bu və digər faktlar ona dəlalət edir ki, haradasa ümumi mənşə var.

 

Bundan başqa, mövcud faktlar göstərir ki, növlərin fərqi heç də yalnız genlərə görə deyil. Daha önəmli fərqlər həmin genlərin idarə olunma mexanizmləri ilə bağlıdır.

 

-İdarəetmədə hansı fərqlər mövcuddur ki, növlər müxtəlifdir?

 

- İnsanın bir dəst genomunun uzunluğu 3 milyarddan çox hərfdən ibarətdir. Genlər genomun, yəni bir hüceyrədəki DNT ardıcıllıqlarınını toplusunun çox kiçik hssisəsini, bir neçə faizini təşkil edirlər. Bəs genomun qalan hissəsi nə üçündür? Uzun müddət bir çox görkəmli alimlər belə hesab edirdi ki, həmin qalan hissə “artıq”, “lazımsız”, “xudpəsənd” DNT ardıcıllıqlarıdır… Son illərdə insan genomunun məzmununun araşdırılması bu təsəvvürləri əsaslı surətdə dəyişdi. İndi belə hesab olunur ki, genomumuzun, ən azı, əksər hissəsi müəyyən funksiyalarla, o cümlədən, ayrı-ayrı genlərin və bütöv genomun idarə olunmasında iştirak edir. Ümumiyyətlə, nəyinsə mənasını bilməyəndə ona “gərəksiz” demək, ən azı, tələsik qərardır...

 

Belə bir məqamı da yaddan çıxarmayaq ki, bəzi istisnalar olmaqla, əksər hüceyrələrin genetik proqramları eynidir! Bu o deməkdir ki, əksər hüceyrələrdən klonlaşdırma yolu ilə yeni orqanizm almaq olar - əgər yolunu biliriksə. Sadəcə olaraq, elə genlər var ki, bütün toxumalarda, hüceyrələrdə) ekspressiya olunur. Məsələn, onlara uyğun zülallar sintez olunur. Elə genlər də var ki, yalnız müəyyən toxumalarda məsələn, ürəkdə yaxud böyrəkdə, müəyyən şəraitdə məsələn, stress vaxtı, müəyyən dövrdə məsələn, gecə yaxud gündüz ekspressiya olunur. Bəs bu, necə baş verir?

 

Bir az sadələşdirək. Deyək ki, o genlərin əvvəlində bir idarə pultu var. O, heç nə kodlaşdırmır. Ancaq zülalın sintez olunub-olunmamasını bu pult müəyyən edir. O da özbaşına deyil. Ona da siqnallar gəlir. Ya ətraf mühitdən, ya da bioloji saatdan. Həmin siqnallar geni aktivləşdirir yaxud susdurur...

 

-Bioloji saat ifadəsi də çox maraqlıdır. Sualı belə verəcəyəm. Genlərin mühitə ya da vaxta, günün hansı saatına uyğun olaraq işləmə  tempi necədir? Bu, mexanizm bütün insanlarda eynidir?

 

-Maraqlı və geniş izah tələb edən sualdır. Ümumi fikir ondan ibarətdir ki, insanlar anadan olanda hansısa səbəbdən ciddi xromosom yaxud gen qüsuru yoxdursa, onlar əsasən eyni genetik proqrama malik olurlar. Sonradan isə mühitin təsiri artır. Misal üçün, stress, şüalanma və sair insana təsir edir. Bioloji saat insana deyir ki, gecə yatmalısan. Bununla bağlı beynimizdən müvafiq siqnallar gəlir. Misal üçün, yaradıcı insanlar  isə hansısa vasitələrlə həmin siqnala məhəl qoymur. Yəni, bioloji siqnalın məndən tələb etdiyi şeyə qarşı müqavimət göstərirəm. O bir neçə dəfə xəbərdarlıq edəndən sonra, sadə dildə desək, bezir və daha siqnal göndərmir...Son nəticədə də milyon illər formalaşmış bioloji saatı sıradan çıxardırıq...

 

Bizə verilmiş immun sistemi çox böyük potensiala malikdir. Lakin adekvat olmayan həyat tərzimizlə onu tədricən məhv edirik. Müəyyən yaşa çatandan sonra isə “vaxtı ilə canımızın qədrini bilmədik” deyirik...

 

Sizin məndən istədiyiniz cavab, yəni o mexanizmin izahı gedib molekulyar biologiyaya çıxır. Mən tələbələrimə 3 mühazirə ancaq bu mexanizmin əlifbası barədə danışıram...

 

-Klonlaşdırmadan danışdınız. Bilirik ki, heyvanı da klonlaşdırmaq olur, insanı da. Hansının yaşama müddəti daha çox olur?

 

-Dolli qoyunu normal yaşadı. Amma sonra məlum oldu ki, onun davranışında müəyyən kənara çıxmalar olub. Bu, uğurlu təcrübə idi. Amma alınmayanlar da var axı. Klon almağa prinsipial maneə yoxdur. Amma qadağalar var.

 

Klonlaşdırmada əsas mahiyyət odur ki, hansısa tam, 2 dəst genomu olan hüceyrə proqramlaşdırılmış surətdə, mayalanmış yumurta hüceyrəsi kimi bölünməyə başlasın. Belə bölünməni induksiya etmək etmək mümkündür. Lakin  induksiya edəndə 2 əsas problem ortaya çıxır: induksiya olunan hüceyrələrin çoxunda genetik proqramdan kənara çıxmalar olur ki, bu da normal olmayan, əcaib varlıqların yaranmasına gətirib çıxarda bilər. İkincisi isə klonlaşdırma üçün seçilmiş hüceyrələrin yalnız müəyyən hissəsini bölünməyə “məcbur etmək” olur. 

 

-Kitablarda və internet materiallarında insanın və heyvanın rüşeymdə inkişaf mərhələsini izləmişəm. Rüşeymdəki mərhələlərdə insanla deyək ki, balıq eyni canlıya oxşayır. Necə də diqqət çəkir!

 

-Rüşeymdəki mərhələdə canlılar bir-birinə oxşayır. Amma bu, təkamül deyil. Təkamül üçün yüz min, milyon illər lazımdır. Amma bunları edənin kim ya da nə olduğunu bilmirik. Biz deyirik ki, bunu edən Allahdır.

 

Gəlin, bir dini təsəvvürə diqqət edək. Deyirlər ki, Həvva Adəmin qabırğasından yaradılıb. Bir dəfə yazmışdım ki, bu, klonlaşdırma deyil. Klon identik olmalıdır. Adəmlə Həvva məsələsində isə eyni deyil. Qadında xromosom tipi XX, kişidə isə XY-dir. Deməli, bu, klon deyil. Bu sadəcə klonlaşdırmanın modifikasiyası ola bilərdi...

 

-Söhbətin axırına gəlirəm. Özünüz haqqında, əsas elmi  nailiyyətlərinizlə bağlı nə demək istərdiniz?

 

-1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red) tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. Akademik Cəlal Əliyevin dəvəti ilə Elmlər Akademiyasında onun yaratdığı və rəhbərliyik etdiyi şöbəyə təyinat almışam. Sonra o vaxtkı SSRİ Elmlər Akademiyasının Novosibirsk şəhərində yerləşən Sibir  bölməsində genetika ixtisası üzrə namizədlik dissertasiyasını, 2005-ci ildə isə AMEA Botanika İnstitutunda genetika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişəm. 1999-cu ildən başlayaraq İngiltərə, Yaponiya, Pakistan və Səudiyyə Ərəbistanında elmi tədqiqatlar aparmışam və aparıram. 

 

Mənim tədqiqat obyektlərim bakteriyalar, bitkilər, insan və heyvanlar daxil olmaqla ən müxtəlif canlı orqanizmləri əhatə edir. Tədqiqat üsulları isə riyazi metodlar və kompüter texnologiyalarıdır. Nailiyyətlərim haqqında danışmağı xoşlamıram. Qısaca onu deyə bilərəm ki, genlərin başlanğıc nahiyələrinin axtarışı üzrə ən dəqiq kompüter metodlarını həmkarlarımla birgə mən yaratmışam. Bundan başqa, yuxarıda qeyd olunan “gərəksiz DNT” nəzəriyyəsinin əksinə olaraq, 1980-ci illərdə genomların böyük hissəsinin müəyyən funksiya daşıması ilə bağlı elmi fərziyyə irəli sürmüşük. O elmi fərziyə 20 il sonra öz təsdiqini tapıb. 

 

-Bayaq Cəlal Əliyevdən danışdınız...

 

-Bu yaxınlarda dünyasını dəyişmiş Cəlal müəllimlə tələbə vaxtı - 1979-cu ildə tanış olmuşam. Cəlal Əliyev müntəzəm olaraq universitetə gəlirdi və harada potensialı olan tələbə var idisə, onları elmi tədqiqatlara cəlb edirdi. Onun əsas seçim prinsipi qabiliyyətli və elmə həvəsi olanlara dəstək vermək idi. Onun uzaqgörənliyi, dəstəyi və qayğısı sayəsində biologiyanın ən müasir sahələri üzrə onlarla alim formalaşıb. Allah ona rəhmət eləsin! Bu gün onun yetirmələri bu işləri Azərbaycanda və digər ölkələrdə uğurla davam etdirirlər.

 

Söhbəti apardı: Aqşin KƏRİMOV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi