Modern.az

Şahbaz Xuduoğlu: “Axı oxucuların zövqünü nə ilə korlamışıq..?” (MÜSAHİBƏ)

Şahbaz Xuduoğlu: “Axı oxucuların zövqünü nə ilə korlamışıq..?” (MÜSAHİBƏ)

11 Fevral 2011, 14:50

Modern.az saytı tanınmış naşir, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə müsahibəni təqdim edir.


- Şahbaz bəy, sovet dönəmi ilə indinin müqayisəsində kitab oxuyanların sayını necə qiymətləndirmək olar?

- Məncə keçmiş SSRİ vaxtında vəziyyət bu qədər acınacaqlı deyildi. Çünki, o zaman Azərbaycan dilində çıxan kitabların orta tirajı 5 min olurdu. Bu tirajların hardasa 70 %-i kitabxanalara yayılırdı. Qalan tiraj isə çoxsaylı kitab dükanları və kitab kioskalarına satışa çıxarılırdı. Rayonlarda olan oxucular əsasən kitabxana şəbəkəsi vasitəsilə kitab alırdı, Azərbaycan dilində oxuyanların əsas hissəsini də rayonlardakı oxucular təşkil edirdi. İndi nə o şəbəkələr var, nə də o vaxtkı oxucular. Bakıda isə 80% kitab oxuyucuları rus dillilərdir. Bu, kitab bazarında, kitab dükanlarında aparılan sorğunun nəticəsidir. Baxmayaraq ki, Azərbaycan dili dövlət dilidir, baxmayaraq ki, bütün dövlət yazışmaları Azərbaycan dilində aparılır, bütün dövlət təhsil ocaqları bu dildə təhsil verir, amma, bu dildə kitab oxuyanlar yoxdur. Nə qədər acınacaqlı olsada bu faktdır.

- Bunu intellektual səviyyə ilə əlaqələndirmək olar, yoxsa siz dediyiniz kimi, yalnız bölgə məsələsi burda əsas rol oynayır?

- Oxumaq təhsillə bağlı bir məsələdir. Azərbaycan məktəblərində, Azərbaycan dilli məktəblərdə ümumiyyətlə təhsil verilmir. İndi türk məktəblərində təhsilin səviyyəsi daha yüksəkdir, bir də rus məktəblərində. Ona görə də türk dilində olan kitabların da oxunaqlıq səviyyəsi artmaqdadır. Azərbaycan dilində təhsilin səviyyəsi aşağı olduğu üçün kitab oxuyan da yoxdur.
Sovet dövründə olduğu kimi, Azərbaycan dilində kitaba tələbat əsasən regionlardadır, ora da kitab getmir. Yəni rayonlarda kitab dükanları olmadığına görə, ora kitab göndərilmir.

- Bu məsələlərdə bəlkə oxucuların zövqlərini korlamışıq? Bu da kitab oxunmamasında bir amil ola bilərmi?

- Axı oxucuların zövqünü nə ilə korlamışıq..? Həm də onların zövqünü korlayan kitab da yoxdur. Televiziyalar mügənnilər hesabına musiqi zövqünü korlayıblar. Kitab sahəsində isə belə hal yoxdur. Əgər bilsəydik ki, bizdə sarı ədəbiyyat oxunur, onda carə bulunardı, məsələnin mürəkkəbliyi ondadır ki, bizimkilər heç sarı ədəbiyyatı da oxumur.
Mən doğrusu bunun diaqnozunu müəyyən edə bilməmişəm ki, hansı səbəbdən Azərbaycan dillilər kitablardan imtina etdilər. Məncə, ümidsizlik, etimadsızlıq onları kitabdan imtina etdirdi. Həm də o insanlar kitabda da həqiqəti tapa bilmədilər. Rus dilində oxuyanlar yerli müəllifləri deyil, əsasən xarici müəllifləri oxuyurlar. Bəlkə, doğma dildə yazan inanılası, etibar olunası müəllif qalmayıb? Əvvəllər əsərləri əl-əl gəzən yazarlar var idi. Onların imici tamam dağıdıldı. Demək yazıçı kultu dağıdılsa da, heç olmasa onda maraqlı və cəsarətli mətn olmalıdır. Görünür Azərbaycan oxucusu Azərbaycan dilli yazarların əsərlərində maraqlı mətn axtarışında da pessimizmə uğrayıb. Amma hər halda deyə bilmərəm  ki, bu proses sıfır nöqtəsindədir. Artıq sıfır nöqtəsindən tərpənib, inkişaf edir. İnsanlar arasında müəyyən qədər maraq oyanıb. Amma bu da kifayət qədər deyil. Bizim sayımıza görə, bu rəqəmlər çox gülməlidir.

- Maraqlı bir məqam var. Azərbaycanda son illər belə bir proses başlayıb, hər hansı debat olanda hər kəs özü danışmaq istəyir, kiməsəyə qulaq asmaq istəmir. Həm də hər kəs kitab yazmaq istəyir, amma heç kim başqasının kitabını oxumaq istəmir. Bu məqamı necə qiymətləndirirsiniz?

- Mən deməzdim ki, hər kəs kitab yazmaq istəyir. Amma bir-birinin kitabını oxumamaq faktı düzdür. Kitab müzakirə olunmur. Əgər kitab müzakirə olunursa, onda onu hər kəs oxumaq məcburiyyətində qalar. Çünki onun haqqında nəsə demək məqamı gələndə gərək fikir bildirsin. Məncə, çox yazanlardan şikayətlənmək lazım deyil. Qoy hər kim nə qədər bacarırsa, yazsın. Ən pis yazıçı ən yaxşı oxucudur. Yəni yazmaqdan kiməsə ziyan olmaz, əksinə, həm özünə, həm ətrafına, həm də cəmiyyətə xeyri var.

- Son illər Azərbaycan mühitində hər hansı hadisə yaradacaq kitaba rast gəlmisinizmi?

- Doğrusu, belə bir kitab görməmişəm ki, hadisə olsun, hər kəs gedib onu axtarıb tapsın. Məsələn, Turqut Ərin kitabı kimi... O miqyasda Azərbaycanda rezonans yaradan kitab yoxdur. Təbii ki, mən “Ən yeni ədəbiyyat” seriasından çıxan kitabları uğurlu hesab edirəm. Bu kitablar mətbuatda kifayət qədər müzakirə olunur.

- Siz aktiv jurnalistika ilə məşğul olurdunuz, indi isə ara-sıra fikirlərinizi görürük.  Jurnalistikanın indiki  durumunu necə qiymətləndirirsiniz?

- İndi jurnalistika zəif, küncə sıxılmış vəziyyətdədir. Ola bilər ki, jurnalistlər üçün təzə bina tikilsin, onlara ev verilsin. Ola bilər ki, müəyyən qəzetlərə daha yaxşı şərait yaradılsın və orada işləyən jurnalistlər özlərinin sosial təlabatlarını ödəyə bilsinlər. Azad mətbuatın həqiqi dəyərini bilməyənlər üçün bu tədbirlər mətbuata qayğıdır.  
Məncə bu, Azərbaycan mediasının inkişafına səmimi xidmət deyil. Azad mətbuat üçün əvvəlcə mühit yaradılmalıdır. O mühit yoxdur.  
Gərək azad mətbuat  hakimiyyətin bütün qanadlarını qorxmadan tənqid edə bilsin, ictimai maraq kəsb edən gizli məqamları üzə çıxarsın, istədiyi bir məlumatı istənilən yerdən əldə edə bilsin, Azərbaycanın istənilən nöqtəsinə yayıla bilsin.

- Siz son zamanlar Azərbaycanda hansı telekanallara baxırsız və hansı proqramları izləyirsiniz?

- Bu gün (iki gün öncə-red) səhər-səhər mən AzTV-yə baxdım. Orada heyvanlardan danışırdılar. Digər kanala - “Space”yə baxdım, orada da konsert gedirdi. ATV-də də konsert gedirdi. ANS-də cizgi filmi gedirdi. Daha sonra İTV-yə çevirdim, orada da mahnı oxuyurdular. Bax, Azərbaycan televiziyalarının ümumi mənzərəsi budur. Bu mənzərə ilə sən günün istənilən vaxtı rastlaşa bilərsən. Təbii ki, bir axşam xəbərlərindən başqa. Bu mənada bizim kanallara baxmaq olmur. Məcbur olursan ki, Türkiyə və Avropa kanallarına baxasan. Məncə, hər hansı mətbautın - bu istər çap, istər elektron olsun, gücü cəmiyyətdədir. Mətbuat cəmiyyətdən o zaman güc ala bilir ki, cəmiyyətdə olan məlumatları dərhal yaya bilsin. Amma bizdə mətbuat cəmiyyətdən ayrıdır. Hadisələri olduğu kimi işıqlandıra  bilmirlər.

- O zaman 10 il öncəki mətbuatımız üçün darıxdığınız vaxtlar olubmu?

- Mətbuat cəmiyyətin ritmini diktə etməlidir. Mətbuat demokratik cəmiyyətin şah damarıdır. Azad olmayan mətbuatla irəli getmək olmaz. Rejim demokratikləşmə, açıq cəmiyyyət kimi ifadələrə ikrahla baxır. Bu mənada biz köhnə mətbuat üçün yox, ümumiyyətlə azad mətbuat üçün darıxmalıyıq. Söhbət müstəqil, qorxmayan, həqiqəti yazan, cəmiyyətin maraqlarına xidmət edən mətbuatın olmasından gedir.

- Jurnalist dostlarınızla əlaqə saxlayırsınızmı?

- Mən özümü onlardan heç də kənarda hiss etmirəm. Kiçik bir bloqum var. İmkan olanda orda yazıram. Sonra siz bilirsiz ki, mənim əsas işim kitab nəşr etmək, kitab bazarına yeni kitablar gətirmək, yeni yazarlar axtarmaq, onları cəmiyyətə tanıtmaq və ümumiyyətlə kitabı gündəmə gətirməkdən ibarətdir. Məncə, yazı sənətinin adamları hamısı birdir, istər jurnalistika, istər nasirlikdə olsun, bunları birləşdirən bir fəaliyyət növü var. Bu da yazmaqdır. Bu mənada mən bu çevrədən ayrı deyiləm.

- Dediniz ki, kitabçılığın və jurnalistikanın əsas göstərici yazıdır. Sizcə, bunun oxşar və fərqli cəhətləri nədən ibarətdir?

- Qəzet jurnalistikası cəmiyyətin gündəlik döyünən qəlbidir. Bu cəmiyyət gündəlik nə ilə nəfəs alır, hansı qayğıları var, hansı problemləri var, bax, qəzet jurnalistikasının işi bunları yazıya almaq və cəmiyyətə çatdırmaqdır. Amma kitab elədir ki, orda da informasiya var, ancaq orda məlumat daha çox təhlil xarakreti ilə seçilir. Bu daha çox əsaslandırılmış və köklü bir təhlildir. Məncə, bunlar bir-birinin ardıdır. Bunlar bir-birini tamalayır. Yaxşı qəzet oxuyan, elə həm də yaxşı kitab oxuyan deməkdir və əksinə yaxşı kitab oxuyan elə yaxşı qəzet oxuyan deməkdir. Yaxud yaxşı qəzet yazan elə yaxşı kitab yazan deməkdir. Amma indiki halda qəzetlərin imkansızlığı ilə barışmamaq üçün kitab yazmaq önə gəlməkdədir. Biz insanların kitaba olan etimadını qaytarmalıyıq. Daha maraqlı kitabları və oxunaqlı kitabları oxuculara təqdim etməliyik. İnanıram kitab Azərbaycanda əvvəlki gücünə qayıdacaq.

- Sizin rəhbərlik etdiyiniz nəşriyyat kitabla bağlı hansı yeniliklər etmək planlaşdırır? Nələr etmək fikrindəsiniz?

- Bizim bir çox seriya nəşrlərimiz var. Bunlar davam etdiriləcək. “Ən yeni ədəbiyyat” seriyası və “Bir inçi kitab” seriyası- yəni yeni başlayan yazarlar üçün onların ilk kitabları, bu seriya davam edəcək. Bu il iki Nobelçinin əsəri çap olunub və bunlar hamısı müəllif hüququ alınmaqla Azərbaycan dilinə tərcümə olunub. İndi ingilis dilindən, fransız, alman və başqa dillərdən tərcümə kitablarımız var.  Bu işlərimiz də davam edəcək. Eyni zamanda biz artıq uşaq kitablarının nəşrinə də başlamışıq. “Əli və Nino” nəşriyyatı ilə bu istiqamətdə əməkdaşlığımız var. Bu müxtəlif yaş qruplarını əhatə edən uşaq nəşrləridir. Bundan savayı biz dünya klassiklərinin əsərlərini nəşr etmək niyyətindəyik. Müasir yazıçılarımızın əsərləri də çap olunur. Həmçinin bu yaxınlarda Sabir Rüstəmxanlının və Seyran Səxavətin kitabı çap olundu. Əkrəm Əylisli yeni kitabını nəşriyyata verməyi planlaşdırır. Çingiz Abdullayevin kitabları Azərbaycanda pirat yolla nəşr olunurdu. Hazırda onun əsərlərinin azərbaycanca nəşri və yayım hüquqlarının alınması barədə danışıqlarımız gedir.

- Qarşılaşdığınız ən böyük problemlər nədən ibarətdir?

- Kitab Kollektoru deyilən bir təşkilat var. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bizdən kitab alıblar, haradasa 13-14 min manat bizə borcları var, ödəmirlər. Yəni bu ən böyük dövlət kitab yayım qurumudur.
“Mertoservis” qurumu var ki, metrolarda kitab satır, amma bizim kitablarımızı almır. Yalnız qanunları yayır, bədii ədəbiyyatı yaymır.
Sanki dövlət strukturları istəmirlər ki, Azərbaycan dilli  kitablar artsın, yayılsın və insanlar tərəfindən oxunsun. Qanunvericilik səviyyəsində də kitaba güzəşt olmalıdır. Kitabdan vergi tutulmamalıdır, kitab kağızından vergi tutulmamalıdır. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə çıxan kitabları bir nəşriyyat buraxmamalıdır. Söhbət əgər kitaba dəstəkdən gedirsə, niyə tenderlərdə bütün nəşriyyatlar iştirak etməsin? Dərslikləri, prezidentin fərmanı ilə çıxan kitabları yalnız bir nəşriyyat buraxır. Bunlara heç ictimai nəzarət də yoxdur. Bizim bəzən heç məlumatımız da olmur ki, həqiqətən bu kitablar fərmanda nəzərdə tutulan sayda çıxır, yoxsa yox.

- Kitabla bağlı qanunvericilikdə çatışmamazlıqlar varmı?

- Əlbəttə, mən dedim ki, qanunda müəyyən olunmayıb. Məsələ burasındadır ki, kitabxanaların inkişafı ilə bağlı dövlət proqramı var. Bu proqramda göstərilir ki, Azərbaycan kitabxanalarının 0.7%-i müasir standartlara cavab verir. Həqiqətən də 5 min kitabxanadan 3 mini qalıb ki, bunların da yalnız 70-80-i işlək vəziyyətdədir. Qalanı heç işləmir də. Ümumiyyətlə, mən hesab edirəm ki, kitab sahəsinin ciddi dəstəyə ehtiyacı var. Bunu Mədəniyyət və Turizm Nazirliyinin tərkibində etmək mümkün deyil. Bu nazirlik əsasən adının ikinci hissəsinə xidmət edir, bəzən özüdə bir nəşriyyat funksiyasını yerinə yetirir. Azərbaycanı turistlərə tanıtmaq baxımından kitablar nəşr edir. Hamısı yüksək keyfiyyətlə və böyük xərc tələb edir. Amma hara paylanır, harda satılır bilinmir. Azərbaycan kitabı dünya kitab yarmarkalarında zəif işrtirak edir. Əslində Mədəniyyət və Turizm Nazirliyi şərait yaratmalıdır ki,  nəşriyyatlar getsinlər. Nə üçün imkansız Gürcüstan Frankfurt kitab yarmarkasında özünə 120 kv.m, Ermənistan 220 kv.m, amma Azərbaycan yalnız 8 kv.m yerdə öz kitablarını nümayiş etdirir?  Əgər nazirlik səviyyəsində təmsil olunursa, heç olmasa böyük yer alınsın.
Maraqlıdır, hər il nazirliyin işçiləri dövlət büdcəsi hesabına  müxtəlif yarmarkalarda iştirak edirlər. Görəsən onlar bu vaxta qədər hansı xarici yazıçının əsərlərinin bizdə nəşri üçün müəllif hüquqlarını alıblar? Yaxud əksinə, hansı yazıçımızın xarici ölkələrə əsərlərini satıblar?

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub