Modern.az

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - VII YAZI

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - VII YAZI

Ədəbi̇yyat

17 Sentyabr 2016, 10:51

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Qacarlardan Ağa Məhəmməd şah Qacarın (1779-1797), eyni zamanda Fətəli şah Qacarın hakimiyyətinin ilk dövrlərində (1797-1812-ci illər) din ya da dini məzhəbçilik hisləri dövlət idarəçiliyində ciddi bir təsirə malik deyildi. Əlbəttə, bu heç də o demək deyil ki, hər iki Qacarlar hökmdarı İslam dini məsələsinə bütünlükdə önəm verməyiblər. Hər halda Əfşarlarla, o cümlədən Nadir şah Əfşarla müqayisədə özlərini Səfəvilərə nisbətən doğma hesab edən ilk Qacarlar hökmdarları Qızılbaşlıq  məsələsinə daha ehtiyatlı yanaşmış, onun təbliğatçısı olmasalar da əleyhdarı da olmayıblar. Özəlliklə, Qacarlardan Ağa Məhəmməd şah Qacarla vəlihəd Abbas Mirzənin əsasən, Fətəli şah Qacarın isə müəyyən bir dövrdə (1797-1812) Qızılbaşlıq ideologiyasına həlledici faktor kimi yanaşmadığı qənaətindəyik. Ən azı ona görə ki, Qacarlar 1812-ci ilə qədər apardığı daxili və xarici müharibələrdə şiə yönlü Qızılbaşlıq ideologiyasından, o cümlədən ruhani başçılarının fətvalarından demək olar ki, istifadə etməmişdilər.

Şübhəsiz, Səfəvi qızılbaşlığıyla onun təbliğatçısı olan din başçılarının bir müddət kölgədə qalmasında vaxtilə Nadir şah Əfşarın apardığı radikal dini islahatlar mühüm rol oynamışdır. Hər halda Nadir şah Əfşar vaxtilə on minlərlə qızılbaş ruhanilərin İslam dinində təfriq salmaq adı altında qətlinə fərman vermiş üstəlik, şiə-sünni ayrımı salmağı qadağan etmişdir. Digər tərəfdən Nadir şah Əfşarın ölümündən sonra əski Səfəvilər ya da Əfşarlar torpaqlarında ən azından yarım əsr hökm sürən hərc-mərclik dövründə şiə-sünni məsələsi gündəmdən çıxmış, o cümlədən Qızılbaşlıq ideologiyasının təsiri azalmışdır.

Beləliklə, 18-ci əsrin sonlarına doğru əski Səfəvilər ya da Əfşarlar imperiyasının ərazisində yeni dövlət quran Qacarlar üçün ilk başlarda Qızılbaşlıq ikinci dərəcəli məsələ idi. Özəlliklə, Qacarların qurucusu Ağa Məhəmməd şah Qacar elmli, dünyagörüşlü bir insan kimi yeni dövlətdə dini ideologiyaya ya da din başçılarına ehtiyatla yanaşmış, bir tərəfdən onlarla dil taparaq problem yaratmamağa, digər tərəfdən də mümkün qədər dövlətdən uzaq tutmağa çalışmışdır. Bizcə, o, yaxşı blirdi ki, dövlət idarəçiliyində dini ideologiya türklərdən çox farsların işini yaramaqdadır. Bunu, Ağa Məhəmməd şah Qacar bir məktubunda belə ifadə etmişdir: “Ölkədəki türklər və moğallar birləşməlidirlər ki, farsların iqtidara dırmanışlarını önləyə bilsinlər”. Bunu nəzərə alaraq o, Çingiz xanın yasalarını, Əmir Teymurun vəsiyyətlərini yeni dövlətdə həyata keçirərək hətta, Qacarlar dövlətinin hökmdarlarının (ata və ana tərəfdən) yalnız Türk soyundan olmasını uyğun görmüşdür. Bu anlamda Ağa Məhəmməd şah Qacarın yeni imperiyada şiəçiliyi deyil, Türk-Moğol ruhlu “Qacar yasası”nı uyğuladığını açıq şəkildə ifadə edə bilərik. Qaldı ki, Ağa Məhəmməd şah Qacarın rəsmən hökmdar taxtına oturduqdan sonra Səfəvilərə aid çutqabağı və şah qılıncını qəbul etməsinə bu, Qızılbaşlıq ideologiyasını qəbul etmək üçün deyil, Qacarların Səfəvilər dövlətinin qanuni varisi olması üçün lazım idi.

Ağa Məhəmməd şah Qacar özündən sonra Qacarların şahı kimi gördüyü Fətəli xan Qacarla Abbas Mirzəninin də əsasən, dövlətin idarəçiliyi məsələsində onun yolunu davam etdirəcəyinə, yəni dövlətdə Qacar yasasının uyğulanaraq şiəçi ruhanilərin ön plana keçməyəcəyinə inanmışdır. Hesab edirik ki, Qacarlar dövlətinin qurucusunun bu ümidlərini Abbas Mirzə əsasən, Fətəli şah Qacar isə qismən doğrultmuşdur. Belə ki, Fətəli şah Qacar zaman-zaman ingilislərin təsiri altında, vətən və millət ideyalarından uzaqlaşıb dini məzhəbçiliklə dövləti idarə etməyə başlamışdır. Fətəli şah Qacarın dini məzhəbçiliyi yenidən dirçəlməsinə qol qoyması isə, Qacarlar dövlətinin qurucusu olan türklərdən çox farsların işinə yaramışdır. Bizcə, ingilislərin də istəyi məhz bu idi: dövlətin başında dayanan türklər yalnız onun vuran qolu olaraq qaldığı halda, ancaq dövlətin düşünən və idarəedən beyini farslar olsun. Deməli, Qacarların dünyəvi-yenilkçi bir dövlət deyil, dini-məzhəbçi dövlət olmasında ingilislər mühüm rol oynamış, bu zaman dünyəvi-yenilkçi türklərə qarşı da zərdüşti-şiəçi farsları qoymuşlar. Beləliklə, şiə-sünni məsələsi  Qacarların ya da onların hökmdarlarının deyil, ingilislərin böyük əməyi nəticəsində Fəqəli şah Qacarın dövründə yenidən baş qaldırmışdı.

Ancaq Abbas Mirzə əmisi Ağa Məhəmməd şah Qacar kimi daima dini dövlətdən ayrı tutub Şimali Azərbaycanın Qacarlarla birləşməsinə də vətən, millət çərçivəsindən yanaşmışdır. Hətta, bəzi müəlliflərə görə, “Abbas Mirzə üçün şiə-sünni deyə bir problem heç olmadı, kimsə ondan bu haqda bir tərs davranışa da şahid olmadı. Abbas Mirzənin əsas məqsədi vətən və millət olduğu üçün, dinə inanc məsələsi kimi baxır, bu anlamda da din başçılarına çox önəm vermirdi. Şübhəsiz, şiəçilik kimliyinə bürünmüş farsdilli zümrə üçün Abbas Mirzənin yenilikçi-dünəyvi ruhlu biri olması qətiyyən qane etmirdi. Ona görə də, ruhani başçıları şahın əliylə onu Azərbaycandan uzaqlaşdırmaq, bununla da reformaların qarşısını almaq istəyirdilər.

Bunu, 100 il bundan öncə əsasən doğru dəyərləndirən milli ideoloqumuz M.Ə.Rəsulzadəyə görə, Qacarlar arasında ilk dəfə Abbas Mirzə Avropa mədəniyyətini yaymağa çalışaraq ordu və təhsildə ciddi yeniliklər etmiş, ilk mətbəəni qurmuşdur ki, bu Qacarlar üçün ən doğru olan idi. O, yazırdı: “O arada İrana (Qacarlara-F.Q.) savaş açmış Rusların ancaq 2 il uğraşdıqdan, çox ağır çarpışmalarla sarsıdıqdan sonra iranlıları (Qacarları-F.Q.) yenməsi uyqarlıqsevər Abbas Mirzənin yenidənqurmasının, yurdsevərliyinin sonucu idi. Bu Rus savaşının yenilmə sonucu olmasaydı, yenilmə koşulu olaraq Abbas Mirzənin başladığı girişimçilik kəsilməsydi, İranın (Qacarların-F.Q.) siyasi oluşumu başqa bir yolla yürür, İran (Qacarlar-F.Q.) bugünkü durumuna düşməzdi”.  Deməli, Qacarlar 19-cu əsrin başlarında dünyəvi-yenilikçi ya da dini-məzhəbçi dövlət olma yolunda seçim qarşısında qalmış, ancaq nəticədə şiə qılığına girmiş məzhəbçilər qalib gəlmişdir. Yəni bunu obyektiv şəkildə ifadə etmək lazımdır ki, Qacarlar heç də ilk başda şiəçi-məzhəbçi dövlət olmamışdır. Hər halda Ağa Məhəmməd şah Qacara sui-qəsd olmasaydı, yaxud da dünyəvi-yenilkçi Abbas Mirzə şah olub ideyaları qalib gəlsəydi, o zaman həm Rus-Qacar müharibəsi fərqli bitər, həm də Qacarların sonrakı taleyi tamamilə fərqli olardı. Abbas Mirzəyə xüsusi kitab həsr etmiş  Əminə Pakrəvan yazır: “1. Tehranda din adamları Abbas Mirzənin kafir ölkələrə meyillənməsindən, avropalılar kimi davranmasından rahatsız idilər. Daima bu haqda Fətəli Şahı uyarırdılar. Ölkədə mənəvi otoritəni və fətva haqlarını əllərində bulunduran din adamları ilə Fətəli Şah hesablaşırdı. Abbas Mirzə düşünürdü ki, Azərbaycanda dini reformlara başlarsa mərkəzin etiraz səsi yüksələcək və rəqib qardaşları da bu fürsətdən yararlanıb onun yetkilərinin daralması üçün əllərindən gələni edəcəklər. Abbas Mirzə Tehran mollalarına qarşı öncə Azərbaycan mollalarını öz yanında bulundurub və onlardan yardım almaq istəyirdi. Ancaq bütün bunların hamısı dərin bir gizlilik içində edilməli idi, çünkü bu qədər ciddi bir iş ifşa olunsaydı Şahın şübhələnməsinə səbəb ola bilərdi. 2. Bu cəhalət sadəcə Azərbaycanla sınırlı deyil, Səfəvi imperatorluğunun hakim olduğu coğrafiyanın bir çox yerlərində yayğın idi. Bu üzdən də daha geniş bir yetki və səlahiyətlə bu xurafatla mübarizə aparmaq lazım idi. Bu qədər geniş miqyaslı reformlar üçün Şahzadə deyil, Şah olmaq gərəkirdi. Abbas Mirzə bu amac uğrunda Nadir Şahın yapdığı işləri və məzhəbi reformları haqda bilgi əldə etmişdi. Bu səbəbdən də bu sahədə görmək istədiklərini ağlında gizli saxlayaraq padşah olacağı zamana ertələdi”.

Bu baxımdan hesab edirik ki, Abbas Mirzə müəyyən anlamda Nadir şah Əfşarın islahatlarını davam etdirmişdir. Ancaq bütün zamanlarda ikiüzlü siyasət yürüdən ingilisələr yeniləşmə məsələsində Abbas Mirzəyə yardım etdiklərindən qat-qat çox Qacarların dini mühafizəkar dövlətə çevrilməsinə çalışmışlar. Çünki inglislər yaxşı bilirdilər ki yenlikçi-dünyəvi ruhlu türklər modern bir dövlətə sahib olacaqları təqdirdə yalnız yanı başındakı işğalçı Rusiyaya deyil, Böyük Britaniya müstəmləkəçiliyinə qarşı da mübarizə aparacaqlar. Bu anlamda Qacarlar daha çox doğmalıq, qanunlik açılarından özlərini Səfəvilərin davamçısı kimi gördükləri halda, ingilislər Səfəvi şiəçiliyindən ustalıqla yararlanaraq Fətəli şah Qacardan başlayaraq onları dini-məzhəbçi dövlətçiliyə yönəltdilər.

Hətta, yuxarıda da qeyd etdiyimiz kimi, Rus-Qacar müharibəsinin dini xarakter daşıması da ingilislərin beyninin məhsul idi. Əslində ingilislərin burada əsas məqsədi Qacarların din adı altında güclənib Rusiyani məğlub etməsi deyil, daha çox dini mühafizəkarlığın Farsyönlü şiəçi qanadının Qacarlarda dirçəlməsi və əsas söz sahibi olması idi. Bu anlamda  ingilislər üçün, Rus-Qacar müharibəsindən ideal variant ola bilməzdi ki, bununla da  1812-ci ildə Fətəli şah Qacar dini ruhanilərin müharibəylə bağlı fətva verməsini istədiyi halda, 1826-cı ildə artıq ciddi nüfuz qazanmış ruhanilər (ingilislərin göstərişiylə) müharibənin olub olmaması haqqında son söz demək hüququna qədər irəliləmişdilər. “Fətəli şah 1826-cı il iyun ayının 26-da Tehrandan Sultaniyyəyə getdi. Cəfər Əstərabadi, Məhəmməd Tağı Bərəqani kimi bir qrup molla da Sultaniyyəyə gəldi. Bu arada Çar Nikolay da Rusiyada yenicə taxta çıxmışdı. Onun səfiri də Fətəliyə səfirlik bəlgəsini sunmaq üçün Sultaniyəyə gəldi. Mollalar Fətəlinin savaşdan vaz keçməsindən qorxurdular. Bu sırada baş mollalar mollası Əhməd Nəraqi və molla Abdulvahab Qəzvini kəfən geyinərək şahın hüzuruna gəlib Rusiya ilə savaşa və cihada hazır olduqlarını bildirdilər. Baş mollalar cihad fətvası verdilər. Bəzi mollalar isə cihada qarşı idilər. Bir başqa fətva da verildi ki, Rusiya ilə savaş fətvasına qarşı çıxan, imam Mehdi qarşıtıdır. Bu da digər mollaları susdurdu, çünkü Mehdiyə qarşı çıxmanın cəzası ölümdür. Bu fətvanı verən Seyid Məhəmməd Müctəhid Sultaniyədə böyük törənlə qarşılandı... Fətəli şah bu xəbəri duyduqdan sonra ağlamağa başladı və Seyid Məhəmməd Müctəhiddən rica etdi ki, o fətva kağızını möhürləyib birini mənə ver ki, öldüyümdə yanımda aparım və o dünyada hesab günündə göstərim”.

Beləliklə, Fətəli şah Qacarın hökmdarlığının müəyyən dövründən (1812-ci ildən) sonra Qacarlar hakimiyyəti yavaş-yavaş farsyönlü şiəçi ruhanilərlə bölüşmək məcburiyyətində qaldı. Bununla da Qacarlar yalnız əski Türk torpaqlarının bir hissəsinin ruslar tərəfindən işğalıyla deyil,  eyni zamanda dövlətdə əslində ingilis-fars aparatını təmsil edən dini ruhanilərin hakimiyyətiylə barışmalı olmadı. Belə olduğu təqdirdə, Türksoylu Qacarların dövründə yeni imperiya ingilislərin oyuncağına çevrilən farsyönlü şiəçilərin təsiri altında nə yeniləşə, nə də türk dövlətçiliyini doğru-dürüst ortaya qoya bildi. Üstəlik, Qacarların siyasi hakimiyyəti zaman-zaman ingilis-fars apparatının dini hakimiyyəti qarşısında daha da yenilməyə üz qoyaraq hətta, 1890-1891-ci illərdə tənbəki inhisarına qarşı dini hərəkatla özünün pik nöqtəsinə çatdı.

Bizcə, bütün bunları nəzərə almadan Qacarları Səfəvilərin davamçısı kimi suçlayaraq, bunun əvəzində də çar Rusiyasını mütərəqqi göstərib Şimali Azərbaycan Türk Xanlıqlarını işğal etməsinə haqq qazandırmaq məntiqsizlikdir. Özəlliklə,  “mütərəqqi və qabaqcıl çar Rusiyası”nın Şimali Azərbaycan türklərinin milli dil və milli kimliyinin formalaşmasında mühüm rol oynadığını iddia edib, Qacarlarınm tərkibində qalan Cənubi Azərbaycan türklərini isə milli dilindən və milli kimliyindən uzaq qalmış bədbəxt, gerilikçi kimi qələmə vermək ya düşmənlərmizin, ya da düşmənlərimizin təsiri altına düşmüşlərin düşüncəsinin məhsuludur. Bu cür düşüncələrə görə də, Azərbaycan türkləri Qacarlar dövründə iki yerə parçalanmasını milli faciə deyil də, bayram kimi qəbul etməli imiş?! Çünki Şimali Azərbaycan Türkləri çar Rusiyasının və Sovet Rusiyasının işğal altında olduğu müddətdə bir sıra zərərlər çəksə də, Cənubi Azərbaycan Türkləriylə müqayisədə çox irəlidədirlər!!! Başqa sözlə, milli dövlət sərhədlərimizi qoruya bilməməyimizin, üstəlik şiəçilik təsiri altında farslara-ingilislərə yenilməyimizin təskinliyini Rus köləliyində tərəqiyyə  çatmağımızla tapmalymışıq!? Əlbəttə, bu cür düşüncələr Türk düşüncəsinə yad və düşmən mülahizələr olmaqla yanaşı, 1925-ci ilə qədər bu bölgədə pis-yaxşı sözü keçən Azərbaycan Türklərinin yenidən toparlanmasına qarşı yönəlmişdir. Eyni zamanda 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələriylə başlanan Milli yenilməni sürdürməyə xidmət edir. Bu anlamda Milli yenilməmizin başlanğıcı olan Gülüstan və Türkmənçay sülh müqavilələrinin mahiyyətinə qısa da olsa, nəzər salmaq da yarar vardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!