Modern.az

Heç zaman ölməyəcək Üzeyir Hacıbəyli kimi!

Heç zaman ölməyəcək Üzeyir Hacıbəyli kimi!

19 Sentyabr 2016, 13:07

Aida Eyvazlı


Bəlkə də  dünyada az- az millətlər və dövlətlər var ki, onların  təqvimlərində “Musiqi günü” adlı bayramları var.  Elə bayramlarımız var ki, elə təqvim tarixi naminə qeyd edilir. Ancaq 18 sentyabr Milli Musiqi günü bayramı Azərbaycan var olduqca, durduqca yaşayacaq. Çünki o bayramın səbəkarı dahi Üzeyir Hacıbəylidir!  Yaratdıqları ilə 100 ildən artıqdır ki, planetin bütün insanlarını mat qoyur, valeh edir. Üzeyir Hacıbəylini dəyərini zaman verib.  Mən isə bu gün düz 106 ildir ki, səhnəmizdən və dünya səhnələrindən düşməyən “Leyli və Məcnun” operasından, həmin operanın dün gecə bizə yaşatdığı eşqdən, sevgidən danışmaq istəyirəm.

O böyük mütəfəkkir, o böyük insan, musiqi xadimi  XII əsrdə Nizami Gəncəvi, XVI əsrdə Məhəmməd Füzulinin ərəb insanının həyat tərzinə , onun məişəti və məişətinin içərisində doğan  iki gəncin nakam məhəbbətinə yazdıqları  poemanı, 20-ci əsrdə türk  dilində, bu qədər məşhur edən və bu qədər ucaldan Üzeyir Hacıbəyli oldu. Elə bir əsər yaratdı ki, orada ruhanilikdən, dindarlıqdan bir epizod belə olmadı. Çünki  Vətən övladını  bütün əsərləri ilə, ətrafındakı əqidədaşları ilə hər zaman aydın və hürr görmək istədi. Qarabağın bəylərbəyindən olan bu şəxsiyyət harada yaşadısa, harada oxudusa, nə yaxşı gördüsə, onu Vətənində yaymaq, tətbiq etmək, vətəndaşlarına çatdırmaq eşqində çabaladı. Öz gücü çatanda asan həll olundu, gücü çatmayanda çətinə düşdü.  İtaliyanın ilk opera musiqilərinı heyranlıqla dinləyən gənc Üzeyir bilirdi ki, nənəsinin, anasının mahnıları, elinin obasının toy havaları, matəm günlərində səslənən musiqilər eşitdiklərindən daha gözəldir. Və Tanrı da ondan etmək istədiklərini əsirgəmədi.  1908-ci ilin  yanvar ayında müsəlman Şərqində ilk operettasını  yazıb səhnəyə qoydu.  Əgər bu gün fəxr etməyə heç nəyimiz qalmasaydı, belə Üzeyir Hacıbəylinin bir “Arazbarı”sı, “Heyratı”sı bəs edərdi ki, hamıdan varlı , və qürurlu görünək.

“Lelyi və Məcnun” səhnəyə qoyulduğu gündən Leylilərimiz-  Həqiqət, Rzayeva,  Gülxar Həsənova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, sonralar isə onlardan dəsr alan gənc nəsil  Nəzakət Teymurova, Aygün Bayramova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, gənc solistlər Vüsalə Musayeva və Arzu Əliyeva; “Leyli və Məcnun” sevildiyi gündən  Məcnunlarımız: Hüseynqulu Sarabskı, Qulu Əsgərov, Bəkir Haşimov, Arif Babayev, Canəli Əkbərov, Əlövsət Sadıqov, Baba Mamudoğlu, Alim Qasımov, səhnədə 100 dəfədən artıq Məcnun olmuş Mənsum İbrahimov  yetişdilər.

İki ərəbin eşq hekayətini  gözəl  muğamlar və böyük söz sahibi möhtərəm Məhəmməd Füzulinin sözləri ilə elə ülvi və ölməz bir sənət əsəri yaratdı. Üzeyir Hazıbəyli məqalələrinin birində yazırdı: «Mən xalq yaradıcılığının klassik  nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi».

Ancaq , heç  bəlkə də özünün də gözləmədiyi halda bütün qəlbi ilə, varlığı ilə Füzuli əsərlərindən damla-damla yığıb muğamlarımızın , laylalarımızın üzərində opera qurdu.  Burada uvertura, proloq, ariya, xor, duet, trio, orkestr epizodları, rəqs musiqiləri...   --  nəticə olaraq sevdiyimiz , beşik laylarımızdan bu yana eşitdiyimiz ən gözəl musiqilərin toplusu yarandı.

Dünən yenə 18 sentyabr 2016-cı ildə Opera və balet Teatrının özü də  yaranışına görə minnətdar olduğu Üzeyir Hacıbəylinin oğum gününə gələnlərə açmışdı qapılarını.  Əmkdar incəsənət xadimi ,  quruluşçu rejissor Hafiz Quliyevin səhnəyə qoyduğu  “Leyli və Məcnun” tamaşası bu sərin  payız günlərində yenə ürəkləri riqqətə gətirdi.   

Əməkdar incəsənət xadimi,  istedadlı xanım dirijorunuz Sevil Hacıyevanın müşaiyəti ilə “Simayı şəms” muğamının sədalarından sonra  Azərbaycanın xalq artisti Mənsum İbrahimov və  səhnəmizin təzə Leylisi Arzu Əliyeva  öz ifalarına başladılar.  Mənsum İbrahimov  canındakı Vətən eşqi yanğısını bu səhnədə söndürümək istəyirdi, eşq naləsi çəkirdi, eşq harayında idi.  Akademik Opera və balet Teatrının divarları yuxarıda adlarını saydığım sayqılı sənətkarlarımızın səslərinin ruhunu saxlayır burada.  Onların hərəsi bu eşqi müxtəlif şövqlə, başqa bir tərzdə oxudular. Onların oxuduqları zamanla, bu gün  Məcnunun  eşqini oxuyan  ifaçının həyatında və dərdində və zamanında  fərq avr. Ola bilir ki, onlar ancaq Məcnun və Leyli obrazına girib yanırdılar eşq atəşinə. Mənsub İbrahimovun eşqində isə həm də bir Vətən ağrısı, Qarabağ dərdi var axı.  Bu axşam elə bildim ki, Üzeyir Hacıbəyli də bəlkə Vətən övladlarının dərbədər olacağını hiss edibmiş,  doğulduğu Qarabağ  ellərinin isə nə zamansa , düşmən tapdağına keçəcəyi ürəyinə damıbmış. Yoxsa ki, “Heyratı” və “Arazbarı”nə niyə belə ürək yanğısı  ilə yazmalıydı ki...

Bu axşam yenə Mənsum İbrahimov Məcnuna dönüb, bizi ilahi eşqin göylərinə qaldırdı. “Şur” ilə oxudu:

Yarəb, bəlayi-eşq ilə qıl aşina məni
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətiniəhli-dərddən, 
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
Olduqca mən götürmə bəladan iradətim!
Mən istərəm bəlanı, çün istər bəla məni.

Opera səhnəsində artıq püxtələşməyə başlayan Arzu Əliyeva isə  elə “Şikəsteyi fars” üzərində

Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki,ona böylə giriftar olubam, 
Qüdrətim yox ki,qılam kimsəyə şərhi-qəmi-dil, 
Öylə kim arizeyi-hicrlə bimar olubam    -- oxuyanda,  səhnəyə yeni nəfəslə, yeni səslə gəldiyini duydurdu. Bir də ki, Mənsum İbrahimov çəkidə bir sənətkarla Leylini oxuyan ancaq  Arzu xanım ürəklisi olmalı idi. Arzu xanım liyeva  möhtəşəm idi.

“Simayı-şəms”də Aytən Məhərrəmova  olub –keçən, bu səhnədə Leyliyə analıq edən xanım sənətkarlarımızı xatırlatdı.  Əhsən, min kərə əhsən, səbatı, səsi, oturuşu-duruşu yernində. Qızı Leyliyə təpindi:

Oldum bu xəbərlə mən pərişan, 
Rüsvayçılığa dözərmi insan?
Övlad bu imiş, nolaydı, ey kaş,
Leyli yerinə olaydı bir daş.
 Ümumi səhnələrdə  oxuyan bütün sənətkarlarımız səs bəhsində idilər elə bil. Hər səsdə bir gözəllik, bir dünya var idi. Hər çalğıda, hər çalarda, hər simdə , hər rəngdə bu misiqilərin insan tərəfindən ifasına inanmaq istəmirdin.

 Uzun illər Opera səhnəmizdə bir durğunluq oldu. Nə yaxşı ki, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva həmin o durğunluğu coşğun bir nehrə çevirməyi bacardı. Elə bu Opera teatrını səhnəsində divarları, sütunları lərzəyə gətirən qocaman sənətkarların muğam ustalarının iştirakı ilə çox gözəl bir ənənənin əsasını qoydu.  “Muğam “ festivalı  adlı yeni beynəlxalq layihəmiz kontinentləri adladı.Hər il bölgələrimizdən  muğam oxuya biləcək neçə  tələbə seçildi. O festivallarda seçilən gənclərimiz dünyanın hər yerində keçirilən musiqi və muğam festivallarında, bayramlarında, konfranslarında Üzeyir Havıbəylinin musiqilərini səsləndirdilər. Uzeyir bəyi unudulmağa  qoymadılar. Bu gün Üzeyir Hacıbəyli və onun musiqiləri sərhəd tanımır. Bu gün Opera və Balet teatrının səhnəsində Muğam festivallarında uğur qazanan,bir  dəfə belə özünün sınayan ifaçılarımız həm dünyada yaşayan azərbaycanlıların, tür dünyasının  , insanların sevimlisinə çevriliblər. Və nə gözəl idi ki,  Üzeyir Hacıbəylinin Musiqi bayramı günündə o Muğam festivallarından çıxan uşaqlar, gənclər artıq mahir ifaçı kimi tamaşaçı qarşısına çıxr,insanların musiqi  zövqünü oxşayır və təzələyirlər.

Payızın ilk günündə bir ülvi və nakam  eşq heyakətini tamaşaçılara çatdıran, insanlara eşqli bir axşam yaşadan  Azərbaycanın xalq artisti Mənsum İbrahimov , Arzu Əliyeva,  Aytən Məhərrəmova, Afaq Ağayeva, Taleh Yəhyayev, Elnur Zeynalov, Cahangir Qurbanov, Təyyar Bayramov, Nəzər Bəylərov, Sabir Əliyev, Vüqar Əliyev , trioda Elxan Mansurov, Elçin Həşimov, Elnur Əhmədov – kimi  mahir ifaçıları dinlədikcə, sevinirsən ki, Azərbaycan durduqca “Lelyli və Məcnun” da olacaq, genetik kodumuz, ana südü ilə damarlarımıza işləyən muğamlarımız ölməyəcək!  Heç zaman ölməyəcək Üzeyir Hacıbəyli kimi!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir