Modern.az

Məmməd Aslansız 1 il

Məmməd Aslansız 1 il

19 Sentyabr 2016, 13:25

Sentyabrın 23-də Məmməd Aslanın vəfatının bir ili tamam olur

 

Sentyabrın 23-ü bütün türk dünyasının bənzərsiz söz sahibi, Azərbaycanın görkəmli şairi, publisist  Məmməd Aslanın vəfatından 1 il ötür.

Bu 1 il Məmməd Aslansız necə keçdi görəsən?

Mərhumun dostu, xalq şairi  Sabir Rüstəmxanlı:

“Bu bir ilin necə gəlib keçdiyini doğurdan da təsəvvür etmək çətindir. Elə bilirəm ki, Məmməd heç ölməyib, onu yaxından tanıyanların xəyalında canlanır. Tez-tez onun haqqında maraqlı xatirələr danışılır. Məmməd Aslan xalq adət-ənənələrinə bağlı olan, ustad şairlərimizdən idi. O təkcə şair deyildi, çox görkəmli publisist , jurnalist, uşaq ədəbiyyatımızın parlaq simalarından idi. Məmməd hərtərəfli bilik sahibi idi. Eyni zamanda, o təbiət aşiqi idi, xalq təbabəti bilicisiydi və onunla uzun müddət “Azərbaycan təbiəti” jurnalında çalışmışıq.

 

Azərbaycan təbiətini incəliklərinə qədər bilirdi. Jurnalda işləyəndə Azərbaycanın rayonlarını gəzirdi, mən də bir sıra rayonları onunla bərabər gəzirdim. Hər gülün, çiçəyin, hər ağacın dilin bilirdi. Məmməd çox gözəl jurnalist idi, uşaq verlişlərinin aparıcısı olurdu.

 

Təəssüf ki, telekanallarımız onun qədrini bilmədi. Getdiyimiz bütün rayonlarda uşaqlar onu görən kimi tanıyırdılar və onun üstünə qaçışırdılar. Məmməd gözəl operator idi, fotoqraf idi. Mənim və ailəmin ən gözəl şəkillərinin müəllifi Məmməd idi.

 

Yardımlı dağlarında şair dostlarımla olan ən gözəl şəkilləri də o çəkirdi. Bununla yanaşı Məmməd gözəl tərcüməçi idi. Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə etdiyi bır sıra şeirləri, xüsusilə də Mövlanəni elə gözəl, ustalıqla tərcümə etmişdi ki...

 

Türk kitablarından tərcümə etdiyi şeirləri ayrıca bir kitab kimi nəşr elətdirmişdi. Onun  “Ərzuruma Varanda” kitabı Türkiyə ilə Azərbaycan arasındakı ilk körpülərdən bir idi. O kitab əl-əl gəzirdi və tək Azərbaycanda deyil, Türkiyədə də Məmmədə böyük şöhrət qazandırmışdı. Xocalı ilə bağlı Türkiyədə hər il keçirilən tədbirlərdə onun şeirləri səslənir. Xüsusən də “ Ağla qərənfil ağla” şeirini səsləndirilər. Bu şeir sanki bir himnə çevrilib. Harada 20 yanvar faciəsindən, Sovet Ordusunun Azərbaycan qarşı törətdiyi amansızlıqdan danışılırsa orada “Ağla qərənfil ağla” səslənir. Məmməd bizim həyatımızın bütün sahələrində öz gördüyü işlərlə, kitabları ilə, xatirələri ilə yaşayır. Məmməd son dərəcə istiqanlı, mehriban bir adam idi. 100-lə Azərbaycanlının evində qonaq olmuşdu, çörək kəsmişdi.”

 

Kəlbəcər onun yaralı yeri idi. Kəlbəcər əlindən çıxdığı üçün yay vaxtı Kəlbəcəri xatırladan yerlərə üz tuturdu. Bir də görürdün ki, səsi Hacıkənddən, Zaqataladan, İsmayıllıdan, Yardımlıdan gəlir.  Harada Kəlbəcər havasını xatırladan yer olurdusa Məmməd orada ilhamlı olurdu, yeni əsərlərini yazırdı.

 

Məmməd rəhmətə gedəndən sonra mən bir yazı yazdım. Düşünürəm ki, bu yetərli deyil. Məmməd Aslanın məndə son 2 cildlik kitabı var və hər zaman düşünürdüm ki, o cildlər haqqında yazılar yazmalıyam, ancaq çatdıra bilmədim.

 

Məmmədin əsərləri öz layiqli yerin almadı. Məmməd Azərbaycan dilinin böyük bilicisi idi, son dərəcə dəqiq redaktor idi. Onun əlindən çıxan məqalə qüsursuz olurdu. Biz tez-tez biri-birimizə şeirlər deyirdik. Ürəyi dolanda mənə zəng edirdi ki, şeirlərim çap olunub gir sayta onları oxu, ya da təzə şeiri olanda telefonda mənə oxuyurdu. Mən də vərdiş eləmişdim, təzə yazılarımı ona oxuyurdum. Məmmədin gözündən heç nə qaçmazdı. Dil qüsuru olanda hamıdan əvvəl görərdi və irad bildirərdi.

 

Məmməd Aslan gözəl insan idi, gözəl ziyalı idi. O təkcə Azərbaycan ziyalısı deyildi, eyni zamanda Türk dünyasının böyük aydını idi. Onu Azərbaycanda tanıdıqları qədər türk dünyasında da tanıyırdılar. Məmməd artıq bizim ədəbiyyatımızın əbədiyyət karvanına qoşulub.  O karvanda böyük  söz ustadlarımızla, klassiklərimizlə bir sırada Məmməd də əbədiyyət yolu ilə addımlayır”.

 

Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunda anadan olub. Rayonun Yanşaq, İstisu məktəblərində müəllim işləyib. Daha sonra rayonda nəşr olunan "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb. "Yazıçı" nəşriyyatında böyük redaktor, Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

 

2015-ci ilin sentyabrın 23-də xəstəlikdən dünyasını dəyişib.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır