Modern.az

Kəlbəcər təhsili Cəfər müəllimin, “Qara Bəhmən”in adı ilə bağı idi” - MÜSAHİBƏ

“Kəlbəcər təhsili Cəfər müəllimin, “Qara Bəhmən”in adı ilə bağı idi” - MÜSAHİBƏ

19 Sentyabr 2016, 15:27

“İndi əsl müəllim çox azdır” ifadəsini az qala hər kəs işlədir. Hətta sovet dövrünü görməyənlər belə, az qala o illərin müəllimlərinin intizarındadırlar.

Bütövlükdə cəmiyyət az qala yaxşı müəllim axtarışına çıxıb.

Müsahibimiz məhz axtarışında olduğumuz o müəllimlərdən biri, uzun illər Kəlbəcər rayonunda təhsilə rəhbərlik etmiş, indi kəlbəcərlilərin təpədən dırnağadək hər birinin böyük ehtiramla yanaşdığı Əli Kazımovdur.

O Əli Kazımov ki, müəllim işlədiyi müddətdə rayon rəhbərlərinin uşaqlarını belə,  ən ağır metodlarla cəzalandırmaqdan çəkinməyib, məktəblilərə kimin övldı olduğuna görə heç bir fərq qoymayıb.

O Əli Kazımov ki, uşaqlıq illəri üçün qəribsəyənlər, orta məktəb illəri üçün burunlarının ucu göynəyənlərin, Kəlbəcər barədə bilmədiklərini eşitmək istəyənlərin rahatlıq tapacağı ünvandır. Kəsəsi, Kəlbəcərin canlı ensiklopediyasıdır bu KİŞİ!

Modern.az saytı Əli Kazımovla söhbəti təqdim edir: 

 

- Əli müəllim, öncə ondan başlayaq ki, 50 il əvvəlki müəllimlərlə indiki müəllimlər arasında hansı oxşarlıq, fərq görürsünüz?

- Əvvəla onu deyim ki, əvvəllər müəllimlərin sayı çox az idi. Elə müəllimlər var idi ki, kadr çatışmazlığına görə bir neçə fənni tədris edirdi. Amma onlarda olan həvəs, müəllim sənətinə ürək yanğısı, müəllimliyə maraq indiki müəllimlərin 99 faizində yoxdur. Çünki əvvəlki müəllimlər sinif otağına hazırlıqsız daxil olduğu halda valideyn də, rəhbərlik də işə qarışırdı. Buna görə, o müəllim hazırlıqsız heç zaman sinfə girməzdi. Müəllimlər düşünürdü ki, millət üçün, xalq üçün təhsilin keyfiyyətini artırmaq lazımdır. Həmçinin, bu məqamda müəllimlərin yaşayış səviyyəsini də nəzərə almaq lazımdır. O zaman ən yaxşı yaşayanlar rəhbər vəzifədə olanlar – kolxoz sədrləri, sovet sədrləri, idarə rəhbərlərivə müəllimlər idi. Çünki müəllimlər həm əmək haqqı alırdı, həm də təsərrüfatla məşğul ola bilirdi. Kənd və ya rayon şəraitində yaşamasından asılı olmayaraq, ən yaxşı yaşayanlar müəllimlər idi. Bunag örə də əhali arasında müəllimlərin hörməti də yüksək idi. Oxumağa gəldikdə o zamankı uşaqların oxumaq istəyi, bilik qavramaq qabiliyyəti indikilərdən yaxşı idi. Çünki indiki uşaqlar kimi onların beynləri lazımsız informasiyalarla yüklənmirdi. Uşaqlar televiziya, kompüter, mobil telefondan informasiya yığmırdı. Onlar müəllimlərin verdiyi informasiyaya ehtiyac duyurdu və ondan bəhrələnirdi. İndi isə müəllim danışanda uşaq qulaq asmır və deyir ki, bunu televiziyadan, internetdən eşidib. İndiki məktəblilərin çoxu elə bilir ki, hər şeyi bilirlər. Təəssüf ki, bu, doğru yanaşma deyil. O zaman elə bil verilən bilik uşaqların beyninə möhürlənirdi.

 

- Həm də sanki Kəlbəcərdə əhalinin müəllimlərə olan münasibəti, müəllimlərin hörməti ölkənin digər ərazilərində olduğundan fərqli idi…


- O zamanlar aran rayonlarında və şəhərlərdə müəllimlərin sayı çox idi. Aranda elə kənd var idi ki, orada 5-6 müəllim çalışırdı. Amma Kəlbəcərdə hər kənddə 1-2 müəllim olurdu. Sayı az olduğuna görə onların hörməti çox idi. Müəllimlər qəzet alıb oxuyur, əhalinin informasiya təminatını ödəyirdi. Hətta başqa rayonlardan təyinatla Kəlbəcərə gələn müəllimlərə əhali öz evində yer verir, bacardıqları köməyi edirdilər ki, onlar da bunun qarşılığında uşaqlara təhsil versinlər. Sonradan müəllimlərin sayı artdıqca Kəlbəcərdə də bu sahədə müəyyən soyuqluq yaranırdı. Birinci Yanşaq, Qılınclı, Başlıbel, Çaykənd kəndlərində və Kəlbəcərin rayon mərkəzində orta məktəb olub. Hətta elə kəndlər var idi ki, insanlar öz uşaqlarına o müəllimlərin adını verirdi. Həmçinin müəllimin araq içdiyini, toyda oynadığın görməzdik. Müəllimlər də özlərini müəllim kimi aparardı. İndi müəllimlər şagirdi göndərir ki, get, mənə bir araq al gətir.

 

- Maraqlıdır, Kəlbəcərdə müəllim simvolu kimi qəbul edilən Əli Kazımov ilk müəllimini necə xatırlayır?

- İbtidai sinifdə ilk müəllimim Kazımov Seyfəli Muxtar oğlu olub, O, həm də əmim oğlu idi. Amma ona bir dəfə olsun əmioğlu kimi baxa bilmədim, müəllim kimi hörmət edirdim. Sonra Səfiyar müəllim gəldi. O, riyaziyyatçı idi və mənə riyaziyyatı sevdirənlərdən biri də o idi. Sonradan mən Qaraçanlı kəndindən Kəlbəcər şəhərinə gələrək 1 saylı məktəbdə oxudum. Məktəbin direktoru rəhmətlik Cəfər müəllim idi. Əslən Laçından olan Cəfər müəllimin Kəlbəcərin ziyalılaşmasında müstəsna xidməti olub. O əvvəl Yanşaq kəndində işləyib, özü də Ədil bəyin evini məktəbə çevirərərk orada dərs deyib. Daha sonra Seyidlər kəndinə gedərək məktəb tikdirib. Oradan Zar kəndinə gedərək 7 illik məktəb təşkil edib. Sonradan onu da orta məktəbə çevirib gəlib Kəlbəcərə. Mən Kəlbəcər məktəbinə gələndə Cəfər müəllim direktor idi. Onun atası çox varlı olmuşdu. Cəfər müəllimin Koroğlunun bığları kimi eşmə bığları var idi. XVII -XVIII əsr ədəbiyyatın da gözəl bilirdi. İllər keçdi, Cəfər müəllim qocaldı, amma şagirdlərə bilik vermək sevgisi azalmadı. Daha sonra Bəhmən (Cəfərov) müəllim direktor oldu. O zaman Azərbaycan Pedaqoji İnstitutunda “Qara Bəhrəm” adlı bir müəllim var idi. Deyirdilər ki, Bakıda “Qara Bəhrəm”dir, Kəlbəcərdə “Qara Bəhmən”. Bəhmən müəllim o zaman 5 illik ali məktəbi 2 ilə bitirmişdi. Həddindən artıq savadlı idi. Onun zəhmindən şagirdin dərsi öyrənməməsi mümkün deyildi. Məktəbi qurtaranların əksəriyyəti Bəhmən müəllimin tədrisi hesabına texniki sahələrə gedərək ali təhsil alırdılar.

Kəlbəcərdə də ən güclü, savadlı uşaqlar Başlıbel, Yanşaq, Ağcakənd, Çaykənd məktəbindən çıxırdı. Sonra isə digər məktəblər gəlirdi.  Özü də o kəndlərdə insanlar rəqabətdə idi. Filankəsin uşağı ali məktəbə girdi, gərək mən də girəm və s.

O dövrdə müəllim savadlı, bilikli insan demək idi. Uşaqlar valideynlərini necə sevirdisə, müəllimlərini də elə sevirdi. Cəfər müəllimin öz oğlu da bizimlə bir sinifdə oxuyurdu. İnanın Cəfər müəllim öz uşağından çox digər şagirdlərə diqqət yetirirdi. Bunun nəticəsi idi ki, bizim sinifdən 9 nəfərə qızıl medal verdilər. Onların arasında Məmməd Aslan, Ənvər Rza da var idi. Medal alan şəxslərdən biri də Məmməd Aslan idi. Amma Məmməd Aslanın medalın əvvəlcə vermək istəmirdilər. Buna görə Məmməd Aslan gəldi o zamankı təhsil naziri Mehdi müəllimin qəbuluna. Mehdi müəllim də əsl pedaqoq idi. Amma onun medalın təsdiq etmir. Məmməd otaqdan çıxıb katibədən bir kağız alıb nəsə yazmağa başlayır. Bir qədər sonra nazirin yanında onun cavabın müzakirə edirlər və nazir katibəni çağırıb soruşur ki, içəridən çıxan oğlan hara getdi? Katibə də cavab verir ki,  qələm- kağız götürüb nəsə yazır. Deyirlər ki, onu bir də çağırın içəri. Məmməd Aslan isə cavab verir ki, əlindəki yazını bitirib gəlir. İçəri keçəndə Məmmədə deyirlər ki, nə yazıb-pozursan, cavan oğlansan, nə demaqoqluğa başlayırsan? Məmməd də cavab verir ki, demaqoqluq etmir, dərdini şeirlə yazıb. Məmməd özü həmin vaxt yazdığı seiri unutmuşdu. Sonradan mən yadına salanda dedi kitabların birinə salacaq bunu.

Nəsə, nazir şeiri eşidəndən sonra Məmmədə deyir ki, bunun üzün köçür ver bizə. Məmməd də həmin şeirin surətini çıxarıb verir onlara. Ondan sonra Məmmədin də medalını verirlər. Amma sonradan institutun birinci smestrində medal alanlardan bəziləri aşağı qiymət almışdı. O zaman məqalə yazılmışdı ki, medallar layiq olanlara verilsin. Məni də misal çəkmişdilər ki, rus dilindən “3” qiymət alan adam ali məktəbə qəbul imtananında “5” alıb. Çünki o zamanlar da mən yay vaxtlarında Tolik adlı bir rus sürücü vardı, onun yanında işləyib həm əmək haqqı alırdım, həm də dil öyrənirdim. Mən 7-ci sinfi bitirəndə ali məktəbə gedən uşaqlardan bəziləri institutdan kəsilmişdi və deyirdilər ki imtahanlar çətindir. Fikirləşdim ki, yəqin mən də instituta girə bilməyəcəm. Elə yaxşısı budur məktəbdən çıxıb Tolikdən sürücülük öyrənim. Artıq yay bitmiş, dərslər başlamışdı. Mən də məktəbə getmirdim, elə sürücülük edirdim. Bir dəfə maşınla keçəndə gördüm ki, Cəfər müəllim əlində zənbil bazardan gəlir. Maşını saxladım ki, gəlin, sizi evinizə aparım. Maşınla Cəfər müəllimi evinə gətirəndən sonra qapıda məni saxladı ki, sənin yaxşı gələcəyin var, gəl, oxu. Mən əvvəl etiraz etsəm də, sonra müəllimimlə razılaşdım. Səhərisi Tolikə dedim ki, daha işə gəlməyəcəm, məktəbə gedəcəm. Axşam gördüm ki, Tolik bir məktəbli çantası, içərisində kitablar, yemək-içmək alıb gəlib. O vaxtdan başladım oxumağa.

 

- Kəlbəcərdə ilk məktəb nə zaman açılıb, bunun tarixini bilirsinizmi?

- Kəlbəcərdə ilk dəfə rus-tatar məktəbi fəaliyyət göstərib. Orada ilk təhsil alanlardan biri “Qara Bəhmən”in atası idi. O da hardasa 1915-1920-ci illərə təsadüf edir. Mirzə Nəsir də orada oxuyub. Sonradan o Beriya ilə də birlikdə təhsil almışdı. Kəlbəcərdə ilk orta məktəb 1936-cı ildə tikilib. Məktəbin binası üçün ağaclar, daşlar öküzlə, atla gətirilib.

 

- Kəlbəcərlilər həm də kənardan gələn müəllimlərə daha çox hörmət edirdi. Bu, kəlbəcərlilərin yaxşı əlaməti idi, ya pis?

- Əlbəttə, yaxşı əlamətidi. Onlara edilən hörmət həm də kəlbəcərlilərin öz övladlarına hörməti idi. O müəllimlər getsə, uşaqlar təhsilsiz qalardı. Sovet dönəmində Kəlbəcərə həm də pedaqoji texnikumu bitirən xeyli rus qızları göndərmişdilər. O dövrdə Rusiyada müharibədə kişilərin çoxu qırılmışdı. Qadınların sayı kişilərdən dəfələrlə çox idi. Bu qızlar elə bilərəkdən göndərilirdilər ki, kəndlərdə ailə qurub orada qalsınlar. Onların çoxu elə kəlbəcərli oğlanlarla evləndilər. Sonradan öyrəndik ki, bu, ruslaşma siyasətidir.

 

Necə oldu ki, ali məktəbdə müəllim ixtisası üzrə təhsil aldınız? Kəlbəcərdə müəllimlərə olan hörmət sizi bu sahəyə gətirdi?

- Mən orta məktəbi yaxşı qiymətlərlə bitirmişdim. Müəllimlərə hörmət böyük idi. Həmçinin, görürdük ki, o biri sahələrdə işləyənlər daha çox işləyir. Amma müəllimlər yayda işləmirdilər, öz təsərrüfatları ilə məşğül olurdular. Digər tərəfdən o zaman Kəlbəcərin Bakı ilə əlaqəsi o qədər sıx deyildi. Bakıda 1-2 kəlbəcərli ailəsi olsa böyük iş idi. Bizlərin çoxunun paytaxtla tanışlığı yox idi. Mən də ali məktəbə sənədlərimi hazırlamışdım və instituta getmək istəyirdim. O zaman Bakıya gedən yeznəmiz Alıdan xahiş etdik ki, mən də Bakıya gedəcəm, gedəndə məni də aparsın. O da mühasib işləyirdi və idarələri dənizin kənarında idi. Mən də Bakını tanımırdım. Məni hansı institutun qarşısına gətirsələr sənədlərimi ora verib oxuyası idim. O zaman bilmədim hansı küçədənsə keçirdik, gördüm ki, yazılıb Lenin adına Azərbaycan Pedaqoji İnstitutu. Adı da gözəl səslənirdi. Alıdan xahiş etdim ki, məni elə burada düşürsün. Orada soruşdum ki, riyaziyyat fakültəsi var? Dedilər - bəli. Sənədlərimi verdim. Yataqxanadan mənə yer də verdilər. Orada Xəlil Xəlilov adlı bir naxçıvanlı oğlanla qalırdıq. Sonradan ədəbiyyat imtahanında mən Cəfər Cabbarlının “Almaz” əsərindən yazırdım, o, “Sevil”dən. Mən bir cümlə özüm yazırdım, birini də ona deyirdim. Amma onun xətti daha yaxşı idi. Sonradan imtahandan mən “4” aldım, o isə “5”.  Çıxanda Xəlil dedi ki, buna etiraz edir. Dedim gör, mən necə yaxşı yoldaşam ki, yaxşısını sənə verirəm, pisini özümə götürürəm.

İmtahanı verib Kəlbəcərə qayıdandan sonra Cəfər müəllim instituta girənlərlə şagirdlərin görüşünü təşkil edirdi. Orada çıxış etdim. Amma  mənə aşağı qiymət yazıb medal almağıma mane olan heç kimi pisləmədim. Cəfər müəllim mənim qoluma girib öz otağına apardı. Orada dedi ki, sag ol ki, yenə heç kimi pisləmədin.

Ali məktəbi bitirəndən sonra Kəlbəcərə qayıtdim. Çünki ata-anam yaşlı idi. Həm də atam kolxoz sədri işləyəndə borcu çıxmışdı və bütün heyvanlarımızı satıb onları ödəmişdilər.  Halbuki mən  3 və 4-cü kursda elmi iş işləyirdim. Bu işə görə çıxış edib mükafat da aldım. Sonra o işi davam etdirmədim və bu işi başqa bir xanıma verdilər. Mən də azad təyinat alıb gəldim Kəlbəcərə. O zaman Şamil Əsgərov məktəb direktoru idi. Mən tələbə ikən dərs deyəndə Şamil müəllim görmüşdü. O, maarif şöbəsinin müdirinə demişdi ki, məktəbə Əli müəllimi göndərsəniz götürəcəm. Başqa müəllimi göndərsəniz götürməyəcəm. Beləliklə, məni o məktəbə müəllim göndərdilər və orada işlədim. Sonradan tədris hissə müdiri işlədim. Müəllimlərin dərsinə girib qulaq asər, sonra təhlil edirdik. Müəllimə bütün səhvləri bağışlamaq olar, elmi səhvi bağışlamaq olmaz. Çünki müəllim şagirdlərə səhv nəsə öyrətsə, bu ciddi problemlər yaradacaqdı. Müəllim üçün qaranlıq olan bir şey şagird üçün zülmətdir. Gərək müəllim hər şeyi elə dəqiq bilə ki, şagirdə də hər şeyi dəqiq öyrədə bilə.

 

Tədris hissə müdirindən sonra direktor oldunuz?

- Bir xeyli tədris hissə müdiri işlədim. 1971-ci ildə Şamil müəllim “ispalkom”a gedəndə Qənbər Qurbanov məktəbə direktor gəldi və bir il onunla işlədik. Sonradan Qənbər müəllim ikinci katib vəzifəsinə getdi. Mənim də məktəb direktoru olmaq məsələm vardı. Amma sonradan mən məzuniyyətə gedib qayıdanda gördüm ki, Azay müəllimi direktor qoyublar. Mən Azay müəllimə dedim ki, mənə tədris hissə müdiri kimi dərs nəzərdə tutmayın, dərs demək istəyirəm. O da gördü ki, mən narazıyam. Elə həmin ərəfədə Şamil müəllim maarif müdiri təyin olunmuşdu. Bir gün Qənbər müəllim məni çağırdı ki, səni maarifə inspektor göndərmək istəyirik.  Sonradan məni birinci katib Murtuzayev də yanına dəvət etdi. O da məni maarifə inspektor göndərmək istədiklərini bildirdi. O zaman bildirdim ki, mənim qoca ata-anam var. Müəllimlikdən 200 manat alıram. İnspektorun maası isə 80 manatdır. O pulla dolana bilmərəm. Sonradan mənə 12 saat dərs də verdilər. Bir il dərsləri də apardım. Amma sonra gördüm ki, dərslə birlikdə inspektorluq alınmır. Daha dərs demədim. Beləliklə, 1971-ci ildən başladim Şamil müəllimlə inspektor kimi işləməyə. Hamı deyirdi ki, Şamil müəllim çətin adamdır, sən onunla necə işləyirsən. Deyirdim ki, harda işləyirsən işlə, düzgün adam olsan, işin gedəcək. Mən çox adamla işləmişəm, amma Şamil müəllim qədər beyni güclü olan savadlı adam görməmişəm. O adam riyaziyyatı bitirmişdi. Kürd dilindən də müdafiə etmişdi. Kürd dilindən əsərlər tərcümə edirdi. İstənilən bir mövzuda nəsə soruşsan qısa zamandan sonra sənə o mövzuda dərin məlumat verə bilərdi. Qısa zaman lazım idi ki, kitablara baxsın. Özü də Şamil müəllimdə göz yaddaşı çox güclü idi. Kitabı bizim kimi sətr-sətr oxumurdu, bir dəfə baxanda bir səhifəni oxuya bilirdi. Həm də millətinə, xalqına, Kəlbəcərə vurğun idi.

 

- Sizi də uşaq olanda yəqin müəllimləriniz döyüblər, özünüz müəllim olanda uşaq döyürdünüzmü?

- Məni də müəllimlərim döydüyü vaxtlar olub. Mən də müəllim olandan sonra dərs üstündə uşaqları döymüşəm. Kəlbəcərin məşhur insanlarının övladlarına dərs demişəm və onları döymüşəm də. Əvəz Şükürovun uşaqlarını, indiki millət vəkili Cavid Qurbanovu dəfələrlə cəzalandırmışam. Bir dəfə də məktəbdə növbətçi idim. İkinci mərtəbədə idim, gördüm ki, Mehdiyev Hacıbabanın qardaşı oğlu Zakir şuluqluq edir. Onu cubuqla vurmuşdum. Onun da dərisi yumşaq olduğundan çubuğun izi dərisində qalmışdı. Səhər müəllimlər otağına gedəndə gördüm ki, valideyni ilə gəlib məktəbə. Zakirin atası dedi ki, müharibə veteranıyam, polisə şikayət edərəm, uşağı niyə bu şəkildə döymüsüz? O zaman direktor Bağırov Həsən idi. Həsən müəllim, həmin valideyni bir təhər yola gətirdi. Razılaşdılar ki, Zakirin sinfi dəyişdiriləcək. Sabah gəldim ki, Zakir mənim sinfimdə yoxdur. Soruşdum, uşaqlar dedi başqa sinfə gedib. Gedib Zakirə dedim ki, iki seçimin var: ya qayıt öz sinfinə, ya da məktəbini dəyiş. Sonra gəldim ki, Zakir artıq qayıdıb mənim sinfimə. İnstitutu bitirəndən sonra gəldi ki, Əli müəllim, yaxşı ki, o zaman məni öz sinfinə gətirdin.

Kəlbəcər işğal olunandna sonra Bakıda, Yasamalda iməktəb direktoru işlədim və ciddi yanaşma nəticəsində iki ildə qəbul faizi 46-ya yüksəldi. “Sovetski”nin uşaqları əməlli-başlı oxuyurdular. Uşaq o müəllimdən narazı qalmır ki, müəllim uşaqlara bilik verir. Amma mən uşaqları nadinclik etdiyinə görə yox, oxumağına görə döymüşəm. Nadinclik etmək uşağın adətidir. Amma həm nadinclik etmək, həm də oxumamaq olurdusa, bu zaman vəziyyət pisləşirdi. 

 

- İndi bir uşağı güldən ağır söz deyəndə gizlincə videosunu çəkib qoyacaqlar “Youtube”a  və aləm dəyəcək bir-birinə.
Xaricdə dərsdə stolun ustündə oturub leksiya dinləyən şagirdlər də olur. Amma orada təhsilin səviyyəsi bizdən heç də aşağı deyil. Demək, təkcə intizam təhsilin keyfiyyətinə təsir etmir, razısınızmı bununla?


- Bir misal deyim. Şəhər sovetində işləyəndə küçənin kənarı ilə ağaclar, gül-çiçək əkmişdik. Onun kənarlarına qorumaq üçün 1.5 metrlik dəmir barmaqlıq vurdurmuşdum. Bir gün kimsə gedib birinci katib İnqilab Nadirova deyib ki, Əli müəllim, o dəmir barmaqlıqları düzəltdirib, amma çox hündürdür. Nadirov məni yanına çağırıb dedi ki, bunu çox hündür eləmisən. Dedim ki, İnqilab müəllim, bizim adamlar hələ öyrənməyib, bir az vərdiş eləsinlər, onu ortadan kəsib o biri küçəyə çəkəcəyik. İndi onu hündür qoymuşam ki, iki dəfə xərcə düşməyək. Adamlar öyrənəndən sonra onu kəsib normal vəziyyətə saldıq. İndi hər dövrün öz xüsusiyyəti var. Gərək zamanın tələbinə də uyğunlaşasan. Amma gərək uşaqların üzərində nəzarətin olsun ki, oxusunlar.

 

- Bəs, Kəlbəcər təhsilinə rəhbər təyin olunmağınız necə baş verdi?

- Səhər sovetində işlədiyimiz dövrdə rayonda stadion tikdirdik. Aradan bir müddət keçəndən sonra Şamil müəllim həbsdən buraxıldı. Ondan sonra Kəlbəcərdə Muzey binası tikdirdik. Qərara aldıq ki, köhnə klubun yerində Muzey tikək. Layihəni Şamil müəllimlə ikimiz dizimizin üstündə çəkdik. Mən isə dedim ki, nə qədər pul lazımdır mən şəhər sovetindən ayıracam. Sonra layihəni bir qədər də nizama saldıq və təsdiqlətdik. Amma istər stadion, istər muzey, istər məktəb binasının tikintisi “raykom” və “ispolkom”dan asılı idi. İnqilab Nadirovla Qənbər Qurbanovun zamanında bu işləri rahat görürdük. Şəhər sovetində işlədiyim dövrdə dolanışıq da yaxşı idi. Həmçinin, şəhərdə yaxşı işlər görürdük. Bir gün məni İnqilab Nadirov çağırdı ki, Kəlbəcərin adı maariflə bağlı tədbirlərdə yaxşı hallanmır, səni təhsilə rəhbər təyin etmək istəyirik. Mən isə dedim ki, ailəmlə məsləhətləşim sonra. Amma məqsədim o idi ki, Şamil müəllimlə məsləhətləşim. Onun başının üstündən iş görmək istəmirdim. Şamil müəllimə dedim ki, gedin məsləhətləşin, alınsa, səni maarif şöbəsinin müdiri təyin etdirək. O, həbsdən çıxdığından vəzifəyə təyin edilməsi çətin idi. Şamil müəllim Bakıya gedib gəldi və dedi ki, alınmadı. Gələndən sonra mənə dedi ki, əgər istəyirsənsə, sən maarif şöbəsinə müdir get. 1984-cü il yanvarın 6-dan maarif şöbəsinə müdir kimi təsdiq olundum. Həmin dövrdən 1992-ci il avqustun 22-dək maarif şöbəsinin müdiri işlədim. Xalq Cəbhəsinin dövründə də bir müddət işlədim.

 

- O dövrdə həm də Kəlbəcərin müdafiəsi üçün çalışırdınız.

- Həmin dövrdə bütün qüvvəmizlə Kəlbəcərin müdafiəsi üçün çalışırdıq. Sahib Əkbərov icra başçısı olanda Xızıda da icra başçısı Maksim Musayev idi. Bir gün gəldim Maksim müəllimin yanına. Kəlbəcərdən danışanda dedim ki, ağdamlılar patronun birini bizə 2 manata satır. O isə bildirdi ki, bir maşın gətirsəm, bizə bir maşın patron verər. Həmin dövrdə hələ Yaşmada sovet ordusunun hissələri var idi. Mən də zəng edib Sahib müəllimdən iki maşın alıb qayıtdım Xızıya. Axşam zəng edəndə Maksim müəllim soruşdu ki, maşınların üstü çadırdırmı? Dedim çadılı deyil. Dedi ki, cadırsız maşını hərbi hissəyə salmaq olmaz. Onda mən hərbi hissənin öz maşını ilə silahları çıxardıracam, sız kənarda öz maşınınıza yüklədərsiniz. Silahları yükləyib bitirəndən sonra zəng etdim ki, Maksim müəllim silahları yüklədik, amma indi bunu necə aparaq Kəlbəcərə? Bir ünvan verib dedi ki, tapşırmışam gedin o dəyirmana, özləri həll edəcək. Gəldik həmin dəyirmana, maşınların hərəsinin üstünə 1-2 ton mal yemi tökdülər. Sonra da qaimə yazdılar ki, bu maşınlardakı yem Kəlbəcərə aparılır.

Beləliklə, Kəlbəcərə 60 min patron apardıq. Xalq Cəbhəsinin hakimiyyəti  dövründə isə 1200 müəllim, 600-ə yaxın  texniki işçinin bir aylıq əmək haqqını toplayıb silah almaq üçün təhvil verdik. İki kisə pul toplanmışdı. Onun təhvil verilməsinə 2 gün vaxt getdi. Sonradan gedib həmin pula bir neçə BTR və digır silah-sursat aldılar. Həmin silah-sursatı təhvil verdik Zaur Rzayevə. Onun rəhbərliyi ilə böyük bir batalyon yaratdılar. Onlar üçün yatmaq yeri düzəltdik. Həftədə bir dəfə aparırdıq İstisuya hamama. Amma sonradan onları apardılar Laçına. Halbuki, silah-sursatın hamısını biz öz pulumuzla almışdıq. Tez-tez gedib onlara baş çəkirdik. Bütün əsgərləri yara basmışdı.

Sonra Kəlbəcər də işğal olundu. İşğaldan sonra gedib bir müddət Yasamal rayonunda inspektor işlədim.

 

-  Kəlbəcərin tanınmış şəxslərindən kimlərə dərs demisiniz?

- Mən Cavid Qurbanova, İsgəndər Həmidova və başqalarına dərs demişəm. Cavid yaxşı oxuyurdu, yaxşı da şeir deyirdi. Amma İsgəndərin elə dərin biliyi yox idi. Eldar Həsənovun isə çox dərin biliyi var idi.

 

Kəlbəcərin bu gün üzdə olan, tanınmış şəxslərinin əksəriyyətinə dərs demisiniz. Onların bəzilərini hətta oxumağa görə döymüsünüz də. Sonradan həmin etdiklərinizin qarşılığını gördünüzmü?

- Bu gün həmin uşaqlardan vəzifədə işləyənlər də, iş adamları da, adi adamlar da var. Bu gün onların hansına nə desəm, “baş üstə” deyib, icra edəcəklər. Şagirdlərimin heç birindən “yox” sözü eşitməmişəm. Adamlarda özünə qarşı normal münasibət yaratmaq üçün,gərək səmimi, obyektiv olasan və insanların əməyinə düzgün qiymət verəsən. Əgər insanların əməyinə düzgün qiymət versən, insanlar bunu dəyərləndirəcək. Bir şeyi deyim ki, müəllim işlədiyim dövrdə bir adamdan bir qəpik rüşvət almamışam. Ola bilər ki, kimsə, öz həyətindən, təsərrüfatından nəsə bir hədiyyə versin, amma heç kimdən nəsə tələb etməmişəm. 

 

Kəlbəcər məktəblərinin məzunları 1998-ci ilə qədər məcburi köçkün rayonları arasında birinci olub. Amma sonrakı illərdə bu nəticə pisə doğru dəyişdi. Bunun səbəbləri nə idi?


-  İşğaldan sonraki ilk illərdə Kəlbəcərdəki təhsilin əlamətləri var idi. Sonradan isə nəzarət sistemi zəiflədi. Tək Kəlbəcərdə yox, bütün ölkə ərazisində rəhbərlik müəllimin əmək haqqına göz dikməyə başladı. Mən neçə il maarif şöbəsində inspektor, maarif müdiri, məktəb direktoru işlədim, bir dəfə də olsun müəllimin əmək haqqına göz dikmədim. Çünki bu onun zəhmət haqqıdır. O müəllimlər bunu öz zəhmətləri ilə qazanır. Hansisa müəllim Kəlbəcərdə öz təsərrüfatından verdiyi hədiyyəni demirəm, ola bilər ki, kimsə kiçik hədiyyə verərdi, bu normaldır. İndi məktəb direktoru olanların bir çoxu mənim şagirdim olub. Onlara da deyirəm ki, mən nə cür direktor olmuşamsa, siz də o şəkildə rəhbər olun. Bir də mən heç zaman imkan verməzdim ki, müəllimə haqsız təsirlər, yersiz zərbələr olsun. Müəllimlərə görə, prokuror Seyidovla dəfələrlə mübahisə etmişdim. Müəllim də görürdü ki, ona qayğı göstərən bir yoldaş, bir rəhbər var. Amma indi o münasibət də dəyişib. Nəinki polis, prokror, inspektor, adi jurnalist də müəllimin üstünə elə gedir ki, elə bil onlar qatı cinayətkardır.

 

Xalid Vahidoğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı