Modern.az

“Qəzetlər internet mediası qarşısında aciz qalıb”

“Qəzetlər internet mediası qarşısında aciz qalıb”

19 Sentyabr 2016, 16:20

“Hazırda qəzet və jurnallar yox dərəcəsindədir. Daha heç kim qəzet və jurnal oxumur. İndi yazılı mətbuata fikir verilmir. Çünki biz bütün məlumatları internet saytlarından alırıq. Belə olan halda axı o qəzetlər nəyə lazımdır?..”.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, jurnalist Elmira Axundova deyib.

Deputat düşünür ki, 5-10 ildən sonra yazılı mətbuat tamamilə sıradan çıxacaq.

“Buna hazır olmaq lazımdır. Yaxşı ki, bütün qəzetlər internet versiyalarını təşkil ediblər. Oxucuları da çap versiyalarından qat-qat çoxdur. İndi nəinki bizdə, dünyanın bütün ölkələrində yazılı mətbuat yoxa çıxır. Artıq Fransada qəzetlər insanlara pulsuz paylanılır. Bu da o deməkdir ki, eyni proses təkcə bizdə yox, bütün dünyada gedir”.

Elmira Axundova Azərbaycanda reklam bazarının olmamağına da toxunub.

“Qəzetlər ancaq reklam hesabına yaşamalıdır. Amm reklam bazarı olmadığına görə, bizim yazılı mətbuatımız internet mediası qarşısında aciz qalıb”.

Deputat hesab edir ki, saytların da vəziyyəti qənaətbəxş deyil.

“Bizim operativ, yoxlanılmış və ciddi xəbərlər yayan, beynəlxalq aləmə çıxan saytlarımız var. Apa.az, Modern.az, AZƏRTAC kimi media orqanlarının fəaliyyəti yaxşıdır. Amma belələrinin sayı çox azdır. Ona görə də biz mətbuatımızı yenidən təşkil etməliyik. Modernləşdirməliyik. İndiki vəziyyət XXI əsrə uyğun deyil”.

 Elmira Axundova deyir ki, yerli televizyalar da XXI əsrin tələblərinə cavab verə bilmir.

“Müəyyən mənada televiziya sahəsində inkişaf var. Peyk vasitəsilə beynəlxalq aləmə çıxa biliblər. Mən AzTV-nin fəaliyyətini yüksək qiymətləndirirəm. O mənada ki, çox böyük maddi-texniki bazası var.
Televiziyalarımızda yayımlanan serial və bədii filmlərin səviyyəsini qənaətbəxş hesab etmirəm. Çünki seriallarımız cılız və çox aşağı səyiyyədə çəkilir. Aktual məsələlər olan kriminal vəziyyət, MDB-nin fəaliyyəti, milli təhlükəsizlik mövzularına aid bir kinomuz da yoxdur. Həmçinin, elmi-kütləvi verilişlər, sənədli filmlər demək olar ki, yox səviyyəsindədir. Çox zaman sovet vaxtı çəkilmiş filmlər göstərilir. Ona gorə də televizyalarımızın fəaliyyətini də qənaətbəxş hesab edə bilmərəm”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi